
XANIN SƏS MÖCÜZƏSİ
Görkəmli Qarabağ xanəndəsinin təkrarolunmaz səsinin sirri nədədir?
Müəllif: Arif HÜSEYNOV Bakı
İnsan dünyaya göz açandan musiqi ilə dostlaşır. Musiqi onu bütün həyatıboyu müşayiət edir. İnsan körpəlikdən ana laylasını eşidir və onda oxumaq istəyi də həmin dövrdə başlayır. O, anasının layla təranələri altında rahatlıq tapır və yuxuya gedir. Bəzən də elə olur ki, körpə anasının laylasını özünün körpə zümzüməsi ilə müşayiət edir. Onda oxumaq həvəsi yaranır və bu həvəs körpəni özünün musiqi dünyasına aparır. Körpə böyüyəndən sonra da oxumaq həvəsini itirmir.
Elə bir adam tapmaq olmaz ki, oxumağa meyilli olmasın. Səsi olan da, olmayan da oxuya bilməsə də, zümzümə etməyi xoşlayır. Və bu oxumaq həvəsi onu, hətta müğənniliyə də aparır. Hamı nə vaxtsa səs tellərinin açılacağı xəyalı ilə yaşayır, müxtəlif "səsaçan vasitələrin" tətbiqinə çalışır. Səsi olan xanəndələr qida rasionlarında səsə ziyanlı yeməklərdən boyun qaçırırlar. Deyilənlərə görə, sənət aləmində səsinin gözəlliyinə, diapazon genişlyinə görə tayı-bərabəri olmayan Xan Şuşinski düyü xörəyi yemirmiş. Deyirmiş ki, düyü səs tellərini qurudur, oxumağa əngəl törədir. Xan əmi rütubətli havada müəyyən muğamları oxumaqdan vaz keçirmiş. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinski danışırdı k, günlərin birində Tərtər raonunda çal-çağır şənlik məclislərinin birində Xan əmidən "Çahargah muğamı oxumasını xahiş edibmiş. Firudinin sözünə həmişə hörmətlə yanaşan Xan əmi bu dəfə Firudinin təklifinə əməl etməyib, deyib ki, "Firi bala, rütubətli hava həmin muğamın oxunması üçün məsləhət deyil. Ona görə ki, səs telləri rütubətli havada çevikliyini itirir və xanəndənin "sözünə baxmır". Xan əmininn səs dərmanı ətirli Azərbaycan çayı idi. O, oxumağa başlamazdan qabaq stəkan?ndakı təzədəm ətirli çayı qoxulamaqla səsini kökləyərdi. Xan əmi, radioya canlı konsert verməyə gələndə də özü ilə gətirdiyi kəmşirin çayın "dadına baxandan" sonra oxumağa başlardı.
Ötən əsrin 50-ci illərində radio ilə verilən konsertlərdə xanəndələr indikindən fərqli olaraq canlı ifa dəbdə idi. Müğənnilər öz səslərinə arxayın olduqdan sonra oxuyardılar. Xan əminin səsi ilahidən gələn səs idi. Oxuyanda bəzi müasir xanəndələr kimi qışqırıq qoparmazdı. Məlahətli səsi dinləyənləri heyran qoyardı. Tarın zil pərdələrində oxuyanda da ağzını elə açardı ki, badamcıqları yox, cəmi 4-5 qabaq dişi görünərdi. Onun bal səsi öz mənbəyini sanki kosmik fəzadan götürürdü. Ona görə də özü kimi yaraşıqlı bənzərsiz səsi qəlbləri riqqətə gətirirdi.
Yaşlı qohumlarım danışırdılar ki, Xan Şuşinski Mircəfər Bağırovun göstərişi ilə Bakıya köçəndən sonra ilk konsertinə insan axını çox güclü olduğundan növbədə dayanaların sırasına atlı milisionerlər nəzarət edirmiş. Onun saysız-hesabsız fanatları səhər çağı Xan əmini hətta kənardan görmək üçün filarmonyaya gedən yol boyu düzülüb böyük xanəndənin gəlib-keçməsini gözləyirdilər.
Ötən əsrin ortalarında Moskvanın konsert salonlarının birindən televiziya ilə yayımlanan konsertdən qabaq ifaçılara paylanan not kağızlarında oxunan əsərin not klavirlərində kişi və qadın səsləri üçün nəzərdə tutulmuş tonallıqlarqarışıq salındığından Xan əmi qadın səsləri tonallığında oxumalı olmuşdu. Bundan xəbər tutan təşkilatçılar çox dərin narahatlıqlar keçirsələr də, konkret tədbir görə bilməmişdilər. Konsert başlamışdı. Həmin konsertin efirə yayımlanan lent yazısına indi də baxa bilirik. Söhbət Şövkt Ələkbərova, Sara Qədimova və Xan Şuşinski kimi mahir sənətkarların iştirak etdiyi konsertdən gedir. Səid Rüstəmovun diricorluq etdiyi xalq çalğı alətləri orkestrinin müşayiəti ilə "Qarabağ Şikəstəsi yuxarı tonallıqda ifa olunurdu. Xan əmi heç bir şey olmayıbmış kimi qadın səs tonallığında çox rahat və çətinlik çəkmədən oxuyurdu. Həmin konsertin şahidi olan böyük bəstəkar Tofiq Quliyev bu hadisəni heyranlıq hissi ilə nağıl edirdi. O deyirdi: "Həmin konsertdə Xan əmi özünə xas arxayınlıqla və çox gözəl oxudu. Səsi yüksək registirlərdə insanı heyrətə gətirən çalarlara bürünmüşdü. Əsasən, ruslardan və xarici ölkə vətəndaşlarının dinləyici auditoriyası Şövkət Ələkbərovanın, Sara Qədimovanın və ən başlıcası, Xan Şuşinskinin tamaşaçıları heyran qoyan səs tembrinin bənzərsizliyindən vəcdə gələrək Azərbaycanın mahir ifaçılarının ifa mədəniyyətini sürəkli alqışlarla dəyərləndirmişdilər. Hamını Xan əminin İlahidən gələn səsi məftun qoymuşdu. Xan əmi gənc ifaçılara səslərini soyuqdan qorumağın vacibliyini başa salmağı özünə borc bilirdi
Qarabağda çox baməzə musiqiçi yaşayırmış. Bəy nəslindən olan həmin kişinin adı Abbasqulu ağa imiş. Özünü bolşeviklərin təqiblərindən qorumaq üçün tarzənlik edirmiş. Səsinin açılması üçün çıxış yolunu daim yumurta içməkdə görən ortabab xanəndənin rəvan səslə oxuya bilməməsinin səbəbini soruşanda həmin xanəndə demişdi: "Evimizdə təzə yumurta olmadığına görə, yumurta içə bilmədiyim üçün səsim yaxşı işləmir". Qeyzini güclə saxlayan Abasqulu ağa belə deyibmiş: " Ə, adamsan, adam oğlusan, bir şeyi bil ki, çiy yumurta içməklə səs düzəlmir". Sən demə, Abasqulu ağa səsin yaxşı çıxmasının səbəbini yumurtada görməməklə özünün vokal sahəsindəki biliyini nümayiş etdirirmiş. Çaykovski adına Moskva Dövlət Konservatioriyasının vokal fakultəsinin dekanı Rusiyanın xalq artisti tenor Pyotr Skuçenko deyir ki, hər bir tenor, istər lirik tenor, istər dramatik tenor olsun, yuxarı oktavanın yuxarı registrində "do" notunu götürə bilməlidir. Belə ifaçılar barmaqla sayılan qədərdir. Səsin başlıca tərkib hissəsi onun tembral bəzəyidir. Bu, təbiətdən gələn bir şeydir. Çiy yumurtanın səsə xeyrini düşünmək mənasızlıqdır. Yumurtanın sarısı və ağı böğazın selikli qişasını qurudur və ifaçınının normal oxumasıına imkan vermir.
Səs mütəxəssislərinin fikrinə görə, müğənni tamaşadan bir neçə əvvəl heç nə yeməməlidir ki, qarın presi rahat olsun.
Amma pəhriz gözləmək hallarından istisnalar da məlumdur. Məsələn Azərbaycan muğam operasının bənzərsiz solisti Əlövsət Sadıqov üç boşqab yağlı bozbaş, üstündən də 1 kq dondurma yeməmiş səhnəyə çıxmazmış. Müğənninin oğlu Nadir Sadıqov danışırdı ki, "Atam bir gün tamaşadan çox qanıqara qayıtmışdı. Səbəbini soruşanda demişdi ki, "tamaşadan qabaq üç yox, iki boşqab bozbaş yediyimə görə, yaxşı oxuya bilmədim". Yeri gəlmişkən, onu da deyim ki, çox zil muğam notlarıi ilə zəngin olan Şah İsmayıl partiyasını Əlövsət kimi nöqsansız oxuyan müğənni olmamışdı, yəqin ki, olmayacaq da. O, Şah İsmayılın partiyasını böyük cəsarətlə oxuyurdu. Şaqraq zən-gulələri adamları vəcdə gətirirdi. Respubliukanın xalq artisti, bənzərsiz Həqiqət Rzayeva - Ərəbzəngi ilə tərəf-müqabil səhnəsində Əlövsətin şaqraq zəngulələri, qaltanlı səs xüsusiyyətləri ilə xüsusi bir musiqi aləmi yaradırdı. Sadıqovun yuxarı registrlərdə asanlıqla oxuması tamaşaçılara xüsusi zövq verirdi. Səsi çox dolğun və nüfuzedici idi. Çox təəssüf ki, onun ifaçılıq irsi öyrənilmir, ifa xüsusiyyətləri tədqiq olunmur.
Deyəndə ki, ifaçı səsini qorumalıdır, adamda belə bir fikir yaranır: g?rək səs olsun ki, onu qorusun. Səs olmayanda onun çxarılmasına heç nə kömək etmir. Orta nəslin nümayəndələri, yəqin ki, ötən əsrin ortalarında Dunayevskinin musiqisi əsasında "Mosfilm" kinostudiyasında istehsal olunmuş "Şən uşaqlar" (Vesyolıye rebyata) musiqili komediyasındakı meşşan qadının öz səsini yumurta içməklə düzəltməsi kadrlarını yaxşı xatırlayırlar. Filmdəki meşşan qadının piano arxasına keçib bir tas çiy yumurtanı tədricən içməklə səsini düzəltməsi məqamlarına baxıb xeyli gülüblər. Ona görə ki, hər dəfə çiy yumurtanı yanındakı büstün burnuna vurub sındırmaqla içəndən sonra, "səstənzimləmə" məşqini davam etdirən həmin qadının sonda səsi qalınlaşaraq kişi bariton səsinə çevrilir.
Deyilənlərə görə, bassəsli müğənnilərdən biri tamaşa günü ayaqlarını 3-4 saat buzlu suda saxlamaqla çox bəm notlarda səsinin yaxşı gurlamasına çalışır. Əgər başqa birisi ayaqlarını buzlu suda bir saat saxlasa, yəqin ki, ən azı, sətəlcəm xəstəliyinə düçar olar. Deməli, səsin yaxşı səslənməsi üçün mütləq bir resept yoxdur.
MƏSLƏHƏT GÖR: