14 Mart 2025

Cümə, 21:45

ERMƏNİSTAN "GÖZLƏMƏ REJİMİ"ndə

ABŞ-da Erməni mafiyası ilə bağlı aparılan araşdırmanın nəticəsi dünyanın Ermənistana və Erməni lobbisinə münasibətinə ciddi təsir göstərə bilər

Müəllif:

01.11.2010

Oktyabrın ikinci yarısında dünya ABŞ-da ermənilərdən ibarət cinayətkar qrupun misli görünməmiş dələduzluğundan xəbər tutdu. Bu dələduzluq nəticəsində Birləşmiş Ştatların vergiödəyicilərinə külli miqdarda zərər dəydiyi məlum oldu. 

Federal Təhqiqatlar Bürosu (FTB) artıq bu sindikatın 70 üzvünü həbs edib. Onun özəyini Ermənistandan olan immiqrantlar və bu ölkənin vətəndaşları təşkil edir. Qruplaşmanın rəhbəri isə "Pzo" ləqəbli "qanuni oğru" Armen Kazaryandır. Məlumata görə, cinayətkar qrup qanunsuz silah, qiymətli daş-qaş və nadir metalların alveri, narkotik qaçaqmalçılığı, insan oğurluğu və şantajla da məşğul olurmuş. Artıq Los-Anceles məhkəməsi qruplaşmanın 3 üzvünün girov müqabilində azadlığa buraxılması istəyinə rədd cavabı verib. Armen Kazaryan ("Pzo"), Vardan Boyacyan və Qrayr Baqumyanın azadlığa buraxılmasından imtina bu şəxslərin cəmiyyət üçün böyük təhlükə yaratması ilə əsaslandırılıb. İttiham sənədlərində bildirilir ki, cinayətkarlar ABŞ-ın mühacirlərin işi ilə məşğul olan orqanlarını aldadıb, "xarici hökumət üzvlərinin köməyi ilə elə edib ki, həmin hökumət ABŞ-dan deportasiya olunan şəxsləri qəbuldan boyun qaçırıb; beləliklə, Amerika hökumətinin belə şəxsləri deportasiyasına imkan verməyib". Qrupun bir müddət əvvəl ABŞ-da həbs olunmuş Ermənistanın Los-Ancelesdəki sabiq konsulu Norayr Qalumyanla əlaqələri araşdırılır. Qeyd edək ki, N.Qalumyan 4 yoldaşı ilə birlikdə Ermənistan hökuməti adından maraqlı şəxslərə saxta məktublar verib. Sənəddə Ermənistanın immiqrantlara səfər sənədləri verə bilməyəcəyi bildirilirdi. Bununla da həmin şəxslərin vətənlərinə göndərilməsinin qarşısı alınıb. Belə sənədlərin sifarişçilərinin əksəriyyəti isə qətldə, soyğunçuluqda və digər cinayətlərdə ittiham olunan şəxslər olub.

Hətta səthi analiz belə göstərir ki, söhbət erməni kriminal aləmini, terroru və Ermənistan dövlətini birləşdirən yaxşı oturuşmuş sistemdən gedir. "Pzo"nun Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlunun toyunda fəxri qonaq kimi iştirakı da təsadüf olmayıb. O, toya çox bahalı hədiyyələrlə qatılıb. "Pzo"nun Ermənistanın hazırkı rəhbəri, onun yaxın ətrafı və xüsusilə qardaşı Aleksandr Sarqsyanla sıx əlaqələri haqqında da məlumatlar var. Hər halda, Kazaryanın İrəvanda həbsdən təəccüblü şəkildə buraxılmasını başqa nə ilə izah etmək olar?

Ermənistan və Rusiyanın bir sıra informasiya agentliklərinin məlumatına görə, Ermənistan prezidenti Serj Sarqsyanın klanı ABŞ və Rusiyada cinayətkar sindikatın yaradılması ilə bağlı unikal sxem yaradıb. Məlum olub ki, Ermənistanın siyasi və biznes elitasının 32 üzvünun adı Rusiya hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işlərində keçir. Söhbət xüsusilə trafikinq, narkotik daşımaları və "çirkli pullar"ın yuyulmasından gedir. Rusiya bu şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları məsələsini də qaldırıb. Belə şəxslər arasında isə Ermənistan prezidentinin qardaşı A.Sarqsyan, parlamentin spikeri Ovik Abramyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Qagik Xaçatryan, parlamentin deputatları Ruben Ayrapetyan, Samvel Aleksanyan, Levon Sarkisyan və Qagik Sarukyan da var. Rusiyanın danılması mümkün olmayan sübutları və tələblərinə baxmayaraq, Ermənistan Baş Prokurorluğu və Milli Təhlükəsizlik Xidməti bu şəxslərə qarşı cinayət işi açmağa cəsarət etmir, daha doğrusu, bunu istəmir. Bu qurumlar belə addım atmaqla yalnız hakimiyyətin imicini korlamaqdan deyil, ermənilik və Ermənistan dövlətinin əsl simasını üzə çıxartmaqdan da ehtiyatlanır.

Ermənistan prezidentinin qardaşı isə zəhlətökən jurnalistlərdən. tualetə qaçmaqla canını qurtarır. Bir müddət əvvəl "Aykakan Jamanak" qəzetinin müxbiri ondan "Pzo" ilə əlaqələri haqqında soruşmaq istəsə də, A. Sarkisyan ayaqyoluna tələsdiyini bildirib. Daha sonra isə o, jurnalistləri təhqir edərək, parlament binasından çıxıb.

Belə görünür ki, ayaqyolu "taktikası" Ermənistan rəhbərliyinin beynəlxalq münasibətlərdə yararlandıqları ənənəvi "nou-hau"ya çevrilib. Xatırladaq ki, bu "taktika"nın əsasını ölkənin sabiq prezidenti Robert Köçəryan qoyub. Hələ 2006-cı ilin fevralında Azərbaycan prezidenti İlham Əliyevlə Rambuyedə keçirdiyi görüşdə R.Köçəryan gözlənilmədən danışıqların aparıldığı otağı tərk etmiş, sonradan bu qaçışını tualetə tələsməsi ilə əsaslandırmışdı.

Amma görünən odur ki, bu dəfə  "qaçaqlıq" işə yaramadı. ABŞ-ın hüquq-mühafizə orqanları məsələyə ciddi girişib. Onlar Vaşinqtonu "sağmal inək"ə çevirmiş "yazıq" və "iztirablı" xalqın nümayəndələrinin arxasında kimin dayandığını üzə çıxarmaq qərarına gəlib. ABŞ hökuməti Ermənistan rəhbərliyindən təmsilçilərinin Ermənistan banklarının yoxlanılması üçün ölkəyə buraxılmasını istəyib. Amerikanın xüsusi xidmət orqanlarının bildirdiyinə görə, cinayətkar qrupun oğurladığı məbləğin bir hissəsi banklar vasitəsilə məhz Ermənistana göndərilib. FTB güman edir ki, Ermənistanda bu pullar daşınmaz əmlak alveri ilə yuyulub. Qurum Ermənistan mərkəzi bankının məlumatlarına inanmayaraq, ölkədəki hər bir bankı şəxsən yoxlamaq qərarına gəlib.

Araşdırma nəticəsində ermənilik və Ermənistan rəhbərliyinin bir çox cinayətinin üstünün açılacağına şübhə yoxdur. Bu ilin fevralında Ermənistanın baş naziri Tiqran Sarkisyanın gözlənilmədən qalxmış hərarəti əsas gətirərək, İsrail səfərini təxirə salmasını xatırladaq. Əslində isə o, İsrail xüsusi xidmət orqanları tərəfindən həbs oluna biləcəyindən ehtiyatlanmışdı. Buna isə kifayət qədər əsas var idi. Çünki Sarksiyan Mərkəzi Bankın rəhbəri olan zaman "çirkli pullar"ın yuyulması ilə məşğul olub, həmçinin, bəzi ərəb dövlətlərinə qeyri-leqal maliyyə göndərib. İsrail xüsusi xidmət orqanları həmin pulların bir hissəsinin terror təşkilatlarının dəstəyinə yönəldiyini üzə çıxarıb. İsraildə T.Sarkisyanın bu cinayətlərindən xəbərdar olduqlarından, Ermənistanın bir neçə yüksək rütbəli məmuru ona  səfərdən imtina etməyi məsləhət görüb.

FTB Ermənistanın bütün banklarını yoxlamaqla yanaşı, notariat kontorunda da ciddi təhqiqatlar aparmağı düşünür - bu yolla, amerikalılar erməni cinayətkar dəstəsinin Ermənistanda aldığı bahalı mənzillər, ofislər, villaların siyahısını tutmaq niyyətindədir. Bu, əlbəttə ki, R.Köçəryanı və Ermənistanın hazırkı hakimiyyətini  narahat etməyə bilməz. Onlar dərhal şəriklərindən imtina etməyə başlayıb, hətta qurbanlıq qoyunlar da tapıblar. Hələlik qurbanlıq qoyun kimi,  Dövlət Gəlirləri Komitəsinin rəhbəri Q.Xaçatryan seçilib. Ermənistanın narkotrafik və silah daşımalarında tranzitə çevrilməsinə görə məsuliyyəti onun üzərinə qoymağa çalışırlar. Üstəlik, onun "Pzo" ilə sıx əlaqələrinin olduğunu göstərən danılmaz faktlar da var. Amma Q. Xaçatryan, güman ki, bu işdə "qanuni oğru" ilə hakimiyyət arasında etibarlı vasitəçi qismində çıxış edib. İndi biz ermənilik və Ermənistanın adını xilas etməyə yönəlmiş ciddi-cəhd görürük. Əsas məqsəd isə Qərbdən, həmçinin, ABŞ-dan gələn böyük maliyyə kütləsinin kəsilməsinə imkan verməməkdir. Axı bu pullar Ermənistanın və Dağlıq Qarabağ separatçılarının silahlanmasına, həmçinin, Ermənistanın terror təşkilatlarının tələbatlarının ödənilməsinə xərclənir.

Hələ ötən ilin iyununda Amerikanın "Minilliyin çağırışı" korporasiyası yol tikintisinin maliyyələşdirilməsini dayandırmaq qərarı verib. Buna Ermənistan hakimiyyətinin addımlarının korporasiyanın 3 meyarından birinə cavab verməməsi idi. Söhbət ədalətli idarəetmədən gedir. Bundan sonra Yerevan hələ də "operational hold" (yəni, gözləmə rejimi) statusundadır. Ötən il ərzində korporasiya Ermənistanın irəli sürülmüş tələblərə necə əməl etdiyini yoxlamalı idi. Nəticə müsbət olacağı təqdirdə, Ermənistan proqramın rəsmən başa çatacağı 2011-ci ilin sentyabrına qədər yol tikintisinə 68 milyon dollar ayrılacaqdı. İndi isə "Minilliyin çağırışı" korporasiyasının ofisindəki mənbə maliyyələşmənin olmayacağını bildirir. ABŞ-da həbs edilmiş ermənilərdən ibarət cinayəkar qrupun fəaliyyəti, xüsusilə onun oğurladığı pulların bir hissəsinin Ermənistandakı daşınmaz əmlak biznesinə yatırılması rəsmi Vaşinqton üçün belə qərarın verilməsində ciddi arqumentə çevrilib. Tezliklə korporasiyanın idarə heyətinin toplantısı keçiriləcək və toplantıda maliyyələşmənin dayandırılmasına dair rəsmi qərar çıxarılacaq.

Bu günlərdə ermənilərə aid növbəti kriminal qalmaqal Rusiyada baş verib. Oktyabrın sonlarında İrəvan, axır ki, Novqorodun cinayətkar aləminin liderlərindən olan Telman Mxitaryanı Rusiyaya təhvil verməyə razılaşıb. Qeyd edək ki, o, uzun illər idi Ermənistanda gizlənirdi. Bu kriminal avtoritet "Novqorod şüşə lif zavodu" səhmdar cəmiyyətinin, "Proyektstroy"un və bir sıra digər müəssisələrin rəhbəridir. O, iqtisadi sahənin böyük bir hissəsinə nəzarət edirdi. Vilayətin sabiq qubernatoru Mixail Prusakın dövründə o, qubernatorun siyasi məsələlər üzrə məsləhətçisi kimi çalışıb. Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, 11 il ərzində regionun xaç atası, daha dəqiqi, əsl sahibi olub.

2007-ci ildə Rusiya hüquq-mühafizə orqanlarının ona qarşı qanunsuz sahibkarlıqla bağlı ittiham irəli sürməsindən sonra, Mxitaryan Ermənistanda gizlənməyə müvəffəq olub. 

Yeri gəlmişkən, 2000-ci ildə Mxitryanın adı "Novqorod torpağının yüz lideri" kitabına salınıb. O, bu şərəfə "uzun illər vicdanlı əməyi, xalqlar arasında əməkdaşlıq və dostluğun möhkəmlənməsi, şəhər təsərrüfatının inkişafı, ictimai fəaliyyətində yüksək nailiyyətlərinə görə" layiq görülüb. 2001-ci ildə Veliki Novqorod administrasiyasının rəhbərliyi mer Aleksandr Korsunovun simasında T.Mxitaryana Veliki Novqorodun fəxri vətəndaşı adı verilib. 2002-ci ildə ona Dostluq Ordeni (Rusiya Prezidentinin 2002-ci il aprelin 27-də imzaladığı 426 saylı sərəncamı ilə) verilib. Bu, Telman Akopoviçin 55 illiyində baş verib. O zaman vilayət qəzetlərindən biri yazırdı: "Hər şeyi olan insana başqa nə hədiyyə etmək olardı?".

Həyatda hər şeyə nail olduqdan sonra, Mxitaryan artıq özünü hamıdan qüdrətli saymağa başlayıb. Bəlkə də buna görə o, bir dəfə qubernator M.Prusakı "bomj" adlandırmışdı; müsahibələrinin birində isə Veliki Novqorod şəhərini nəvələrinə "hədiyyə edəcəyini" bildirmişdi.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal-Demokrat Partiyası (RLDP) fraksiyasının üzvü Aşot Yegiazaryanın fəaliyyətinə də diqqət yetirməyə dəyər. Söhbət vaxtilə Rusiyanın baş prokuroru Yuri Skuratovun vəzifəsindən uzaqlaşdırılmasında böyük rol oynamış Yegiazaryandan gedir. 

Bir müddət əvvəl isə Dövlət Duması Rusiya Baş Prokurorluğu yanında təhqiqat komitəsi Yegiazaryanın deputat toxunulmazlığını ləğv edib, ona qarşı cinayət işinin açılmasına razılıq verib. O, 2 biznesmendən, təxminən, 2 milyard rubl oğurlamaqda günahlandırılır. 

Bundan hiddətlənən Yegiazaryan Rusiyanı tərk edib. Maraqlıdır ki, Dövlət Dumasının vitse-spikeri, RLDP-nin lideri Vladimir Jirinovski öz deputatını var qüvvəsi ilə müdafiə edərək, onu ədalətli cəzadan qurtarmağa çalışır. Amma bu zaman Rusiya parlamentinə keçirilmiş 2 seçkinin kampaniyası zamanı Yegiazaryanın RLDP-nin xəzinəsinə nə qədər pul köçürdüyünü açıqlamağı unudur. 

Yeri gəlmişkən, bu, Rusiya Federal Məclisinin erməniəsilli üzvünün cinayət məsuliyyətinə cəlb olunduğu ikinci haldır. Bir neçə il əvvəl Kalmıkiyadan olan senator Levon Çaxmaxçyan xüsusilə böyük məbləğdə dələduzluğa görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Miabanutyun" erməni milli klubunun rəhbəri Smbat Karaxanyanın sözlərinə görə, Ermənistanda əsl dövlət sistemi formalaşmayıb, hakimiyyət isə saxtakarlıq və güc yolu ilə oliqarxlar, kriminal aləmin təmsilçiləri və onların xaricdəki əlaltılarından yaradılıb.

Kriminal aləmə aidiyyəti olan keçmiş və hazırkı erməni məmurların qeydinə yalnız Ermənistan hakimiyyəti deyil, bəzi xarici dövlətlər də qalmaqdadır. Şəxsən prezident S.Sarqsyanın "layihəsi" olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan Britaniya səfirliyinin (bəzi məlumatlara görə isə Britaniya kəşfiyyatının təmsilçiləri ilə) nümayəndələri ilə qalmaqalın mərkəzinə düşdükdən sonra, ozamankı prezident R.Köçəryan tərəfindən vətən xaini adlandırılmışdı. Köçəryan o zaman Baqdasaryanı açıq şəkildə Ermənistana qarşı casusluqda da ittiham etmişdi. Lakin bir neçə ay sonra Baqdasaryan qəflətən ölkənin Təhlükəsizlik Şurasına katib təyin olundu. Ermənistandakı mənbələrin bildirdiyinə görə, Baqdasaryan Ermənistanda hakimiyyət elitasına yalnız vəzifəli şəxslər və biznes dairələrinin deyil, həm də xarici qüvvələrin (Fransa) dəstəyi ilə girmiş ilk siyasətçidir. O, Fransa, Avstriya, Qazaxıstanda ordenlərlə, həmçinin, Kalininqrad vilayəti qubernatorunun 2009-cu il 3 noyabr tarixli sərəncamı ilə "Kalininqrad vilayəti qarşısındakı xidmətlərinə görə" (?!) medalı ilə təltif olunub.

Bu mənada, Ermənistan İctimai Televiziya (N1 telekanalı) Şurasının rəhbəri A. Arutyunyanın şəxsiyyətinə də diqqət yetirmək yerinə düşər. O, 1999-cu ildə ölkə parlamentində baş vermiş terrordan sonra, bu qətliamın təşkilində günahlandırılaraq həbs olunmuşdu. Bunadək isə Arutunyanın terrorçuların rəhbəri N.Unanyanla sıx əlaqələrinin olduğu bəlli idi. Bir neçə aylıq həbsxana həyatından sonra - 2000-ci ilin aprelində Arutunyan azadlığa çıxdı və bunda prezident R.Köçəryanın zəhməti az deyildi. Bu işdə Fransa səfirliyi də böyük fəallıq göstərmişdi.

Rusiyanın güc strukturlarının məlumatına görə, erməni mafiyasının xaç ataları 90-cı ildən etibarən Rusiya hökuməti ilə sıx əlaqələr vasitəsilə norma, lisenziya, kredit proseslərində iştirak edirlər. Cinayətkarlıq yolu ilə əldə edilmiş vəsaitlərin bir hissəsi siyasətçilərin ələ alınmasına, həmçinin, məhkəmələrdə, prokurorluq və milis orqanlarında "özününkülər"in maddi təminatına xərclənir. Qruplaşma iqtisadiyyat sahəsində ixtisaslaşır, Rusiyadan Ermənistana bahalı metalların və daş-qaşların daşınması üçün qeyri-leqal kanallar yaradılır, burada onların hazırlanması, daha sonra xaricə satılması həyata keçirilir. Bu dəstə yollarda qarət, narkotika alveri kimi cinayətlərdən də çəkinmir. Sverdlovsk vilayətinin Dövlət Daxili İşlər İdarəsi və Federal Təhlükəsizlik Xidməti İdarəsi ekspertləri tərəfindən bu vilayətdəkit kriminal vəziyyətə aid hazırlanmış analitik məktubda maraqlı məqama rast gəlinir: "Uralda Qafqaz kriminal qruplarının genişlənməsi davam edir. Bu məsələdə erməni diasporunun nümayəndələri daha uzağa gedib. Erməni diasporunun bəzi nümayəndələrinin yaxşıca ad çıxardığı meşə biznesindən sonra indi də onlar tikinti aparılması və ya satılması mümkün olan torpaq sahələrinin ələ keçirilməsinə girişib. Ermənilər digər etnik qrupları basıb-əzir. Parlaq nümunələrdən biri Atiqdəki (Sverdlovsk vilayətinin Nijneserginsk rayonu) torpaqların zəbtidir. Atiq və ətrafda 2 zavod açmaq istəyən çinlilər öz bizneslərini müstəqil şəkildə qura bilməyib. Erməni diasporunun təmsilçiləri çinliləri nəzarətə götürüb, indi onlara himayədarlıq etməklə, bu işdə böyük faizə sahib çıxıblar. Bundan başqa, nüfuzlu ermənilər hüquq-mühafizə orqanları ilə yaxşı əlaqələrinə istinad edir. Erməni diasporu "Taqanski ryad" bazarındakı ticarəti də nəzarətinə götürür. Artıq bu bazarda çinlilərin monopoliyasına son qoyulub: indi ermənilər də ayaqqabı satışından paya malikdir. Növbəti hədəf ev bazarıdır. Erməni diasporunun nümayəndələri asanlıqla etibar qazanır və kommersiya strukturlarında rəhbər postlar tutur. Bundan sonra saxta sənədlər vasitəsilə korrupsiyalaşmış məmurlardan, erməni yerlilərindən istifadə etməklə şirkət mülkiyyətlərini ələ keçirirlər. Daha sonra şantaj və hədə siyasətinə başlayır, sifarişli cinayət işləri və kobud fiziki qüvvə həyata keçirir. Bina və mənzillər qeyri-qanuni yollarla əldə saxlanılır və istismar olunur, onların qanuni sahibləri isə yaxına buraxılmır. Zəbt olunmuş binalarda oğru toplantıları keçirilir, fahişəxanalar açılır, narkotik qəbul olunur, açıq şəkildə silahdan istifadə edilir. Bununla yanaşı, urallı sahibkarların şikayətlərinə ədalətli baxılması şansı sadəcə yoxdur. Çünki diaspora hər şeyi ört-basdır edir. Bu azğınlığın nadir şahidlərinə qarşı isə ov, hədə başlanır".

Arayışdan göründüyü kimi, bütün bu kriminal fəaliyyətin əsas koordinatoru faktik olaraq, Rusiyadakı erməni diasporunun rəhbərləridir.

Amma Rusiyanın akademik dairələrinə sığınmış ermənilər də quldur yerlilərindən geri qalmır. Bir neçə il əvvəl Rusiyada "bazara keçidin atalarından sayılan" akademik Abel Aqanbekyana qarşı cinayət işinin qaldırılması böyük əks-səda doğurmuşdu. O, Rusiya CM-nin iki maddəsi - 285 və 289 ilə (vəzifəsindən sui-istifadə və qanunsuz sahibkarlıqla məşğul olmaq) ittiham olunurdu. Akademik rəhbərlik etdiyi Xalq Təsərrüfatı Akademiyasının daşınmaz əmlakla bağlı əməliyyatlarında 4,8 milyon rublu mənimsəməkdə günahlandırılırdı.

Son hadisələr sübut edir ki, erməni lobbisi qarşısında ciddi sınaqlar var. Erməni diasporu, kriminal aləm və Ermənistan hakimiyyəti ABŞ və Rusiyanın hüquq-mühafizə orqanlarının ciddi təzyiqi ilə üzləşib. Yeri gəlmişkən, bu məsələdə qeyd olunan strukturların mövqeyinin sərtləşməsinə daha bir faktorun təsir göstərdiyini istisna etmək olmaz. Moskva, Ermənistanın kriminal aləmlə sıx əlaqələri olan xüsusi xidməti orqanlarının yalnız canilərə deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarına da məlumat ötürməsindən şübhələnib. Bir neçə ay əvvəl ABŞ-da Rusiya casuslarının həbsi ilə bağlı ciddi qalmaqalda bu məqam ortaya çıxmışdı. Məsələ ondadır ki, rus casuslar Ermənistan milli təhlükəsizlik xidmətinin kadrlar şöbəsinin sabiq rəhbəri Vardan Yegiazaryanın verdiyi məlumatlar əsasında saxlanılmışdılar. Məhz bu şəxsin adı ABŞ-da Rusiya casuslarının tutulması işində daha çox hallanır. Ermənistan və Rusiyanın bir çıra KİV-ində iddia olunur ki, ABŞ-dakı Rusiya casuslar şəbəkəsi haqqında məlumatlı olan V.Yegizaryan, sadəcə, Birləşmiş Ştatlarda yaşamaq hüququ qarşılığında onların adlarını bu ölkənin xüsusi xidmət orqanlarına təqdim edib. 

Düşünmək olar ki, ABŞ və Rusiya xüsusi xidmət orqanlarının "atəşi" altında qalmış ermənilik və Ermənistan hakimiyyəti özləri üçün mənfi fəsadları minimuma endirmək üçün bacardığını edəcək. Əks halda, onlar kənardan gələn külli miqdarda maliyyə dəstəyindən məhrum ola bilər.



MƏSLƏHƏT GÖR:

600