
TUNELİN SONUNDAKI ZƏİF İŞIQ
Müəllif: Redaksiya
Azərbaycanla Ermənistan arasında danışıqlar artıq 16 ildir davam edir; amma nəticəsiz. Hər dəfə sülh prosesinin həlledici mərhələyə qədəm qoyduğu vaxt proses Ermənistan tərəfindən pozulur. Ya bu ölkədə prezident devrilir, ya parlamentdə terror aktı törədilir, ya da Yerevan diplomatların bir neçə il ərzində apardıqları ciddi işlər nəticəsində diplomatlar tərəfindən irəli sürülərək razılaşdırılmış təklifləri qəbul etməkdən boyun qaçırır.
Son illər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində təşəbbüsü Rusiya Prezidenti Dmitri Medvedev üzərinə götürüb. O, 2 il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin 7 görüşünü təşkil edib. Nəticədə, tərəflər həlledici olmasa da, 2 son dərəcə əhəmiyyətli nəticə əldə ediblər. Onlardan birincisi, 2008-ci il noyabrın 2-də imzalanmış Mayndfor Bəyannəməsidir. İkinci razılaşmaya isə tərəflər 2010-cu il oktyabrın 27-də Həştərxanda gəlib.
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşü bir neçə saat davam edib. "Bu görüşlər asan keçmir və hərdən sərt mübahisə olur. Amma istənilən halda bu, münaqişənin fəal mərhələsindən yaxşıdır", - deyə D. Medvedev danışıqların yekununda bildirib və görüşdə müəyyən razılaşmanın əldə olunduğunu söyləyib.
Prezidentlər hərbi əsirlərin təcili olaraq dəyişdirilməsi və cəsədlərin qaytarılmasına dair birgə Bəyanat imzalayıblar. Bunun ATƏT-in Minsk qrupu və Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilməsi nəzərdə tutulub. Rusiya Prezidentinin sözlərinə görə, tərəflər dekabrın 1-2-də ATƏT-in Astanada keçiriləcək sammitində "münaqişənin nizamlanması üçün ümumi prinsiplərin razılaşdırılmış variantını qəbul etmək" istiqamətində addımlar atacağına söz veriblər.
Rusiya Prezidenti onu da bildirib ki, tərəflər arasında hələ də xeyli razılaşdırılmamış məsələ qalır: "Amma mətnə uyğun olaraq, fikir ayrılıqlarının aradan qaldırılmasına cəhdlər var".
Bu cəhdlərin nə ilə nəticələnəcəyi bu ilin sonunda bəlli olacaq. Hələliksə, aydın olan odur ki, vaxt Ermənistanın xeyrinə işləmir. Yerevanın bu faktı etiraf etməsi nizamlama prosesinin sürətlənməsinə kömək edərdi. Bunu erməni ekspertlərin Həştərxan görüşünün yekunlarına reaksiyası da təsdiqləyir. Erməni siyasətçi və politoloqlarının bu görüşlə bağlı şərhləri daha çox təsəlliyə köklənib: Həştərxan danışıqları qarşılıqlı inam atmosferinin bərpasına kömək edəcək, müharibə ehtimalını azaldacaq və s.
Yəni Ermənistanda Yerevana çoxdan xəbərdarlıqların olduğu reallıqla barışmağa başlayıblar. Xatırladaq ki, oktyabrda növbəti belə xəbərdarlıqla Amerikanın nüfuzlu "Foreign Policy" jurnalı çıxış edib. Jurnal bildirir ki, Dağlıq Qarabağda müharibə bərpa olunarsa, üstünlük Azərbaycanın tərəfində olacaq.
Məqalədə 1988-1994-cü illər aralığında baş vermiş müharibədə Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik rayonların Ermənistan tərəfindən işğal edildiyi, həmin ərazilərdən etnik azərbaycanlıların qovulduğu, boşaldılmış rayonlara ermənilərin köçürüldüyü bildirilir. "Amma bu hadisələr Sovet İttifaqı dağılan zaman baş verib. Bu gün müharibə bərpa olunarsa, hər şey fərqli ola bilər", - deyə jurnal yazır. Məqalədə Azərbaycanda ümumi daxili məhsulun 46,13, Ermənistanda isə cəmi 11,92 milyard dollar təşkil etdiyi xatırladılır.
Bundan başqa, rəsmi Bakı yalnız qonşuları olan Rusiya, İran, Gürcüstan və Türkiyə ilə deyil, ABŞ və Çin kimi fövqəldövlətlərlə də yaxşı münasibət yaradıb: "Ermənistana isə simpatiya azdır. Ərazisində Rusiyanın hərbi bazası olan Ermənistan Gürcüstana etinasız münasibət göstərir, Türkiyə ilə isə ümumiyyətlə əlaqəsi yoxdur".
Öz tərəfimizdən əlavə edək ki, 2011-ci ildə Azərbaycanın hərbi xərcləri 3 milyard dolları ötəcək. Ermənistanın ümumi dövlət büdcəsi isə 2 milyard dollardan bir qədər artıqdır. İllər keçdikcə, bu fərq daha da artacaq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Ermənistandan fərqli olaraq, biz bunu heç bir ölkədən asılı olmayaraq edirik. Heç bir ölkəyə borclu deyilik və heç kimə yalvarmırıq".
Ermənistan isə həm beynəlxalq ictimaiyyətin etibarından, həm də erməni cinayətkar qruplarla bağlı nəhəng korrupsiya qalmaqalları ilə əlaqədar olaraq, kənardan aldığı maliyyə dəstəyindən də məhrum ola bilər.
"Avropanın yüksəkrütbəli məmurları ilə görüşlərim göstərir ki, beynəlxalq strukturların səbri tükənmək üzrədir və Ermənistan hakimiyyəti ilə hesablaşma vaxtı yaxınlaşır", - deyə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan jurnalistlbərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya, ABŞ və Malayziyadakı son korrupsiya qalmaqalları Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqin artdığından xəbər verir. Qeyd edək ki, bu qalmaqallarda Ermənistanın adı narkotrafik mərkəzi və digər beynəlxalq miqyaslı cinayətlərin iştirakçısı kimi çəkilir.
Daha bir vacib faktor demoqrafik vəziyyətdir. "Bu gün Azərbaycan əhalisinin sayı 9 milyon nəfəri ötüb. Ermənistanda isə insanlar ölkəni kütləvi şəkildə tərk edir. Çünki insanlar oradakı dözülməz şəraitdən bezib", - deyə İlham Əliyev hökumətin iclasında bildirib.
Yeri gəlmişkən, Ermənistan Mərkəzi Seçki Komissiyasının üzvü Zoya Tadevosyan tərəfindən açıqlanmış statistikaya görə, 2010-cu ildə ölkəni 25 000 ailə tərk edib. Tadevosyan buna "ümidsiz sosial-iqtisadi vəziyyət, iflasa uğramış xarici siyasət və hazırkı hakim rejimin səbəb olduğunu" bildirir.
Prezidentlərin Həştərxan görüşünü şərh edən bəzi KİV daha bir məqama diqqət çəkib. "Amerikanın səsi" radiosunun reportajında bildirilir ki, Həştərxan görüşü bu şəhərdə Heydər Əliyevin abidəsinin açılışı ilə üst-üstə düşüb: "Bəzi ekspertlər bunda Azərbaycan diplomatiyasının uğurunu görür".
Bu məsələyə Ermənistanın LRAGIR portalı da diqqət çəkib. Portal qeyd edir ki, Həştərxan görüşündə D.Medvedev Ermənistanın deyil, bu zəif və zərif oyunun favoriti olan Azərbaycanın xeyrinə çalışıb.
LRAGIR yazır ki, Həştərxan görüşünü Ermənistan üçün lap əvvəldən diplomatik nöqteyi-nəzərindən zərərli saymaq olardı: "Belə çıxır ki, İlham Əliyevi atasının abidəsinin açılışına çağırıblar, sonradan isə fikirləşiblər ki, bəlkə, elə Sarqsyanı da dəvət edək?.. Serj Sarqsyan isə əlbəttə ki, Dmitri Medvedevin dəvətindən imtina etməyib. Çünki onun özünün də etiraf etdiyi kimi, Rusiya Prezidenti ilə danışmaq elə də asan deyil. O da olsun imtina etmək".
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. ATƏT-in Qazaxıstanda keçiriləcək sammitini gözləmək qalır.
Ola bilsin, məhz orada uzun Dağlıq Qarabağ tunelinin sonunda zəif işıq görünsün.
MƏSLƏHƏT GÖR: