Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Onun "Ailədə məhkəmə", "Məhəbbət, şeytan və lambada", "Məşuqələr", "Ah, qadınlar, qadınlar", "Qısqanc ürəklər", "Məhəbbət əzabları", "Amerikalı kürəkən" və başqa pyesləri müxtəlif teatrlarda - Akademik Milli Dram Teatrında və digər teatrlarımızda səhnələşdirilib. Marat Haqverdiyev yalnız komediya janrında əsərlər yazmayıb. Tamaşaçılar tərəfindən maraqla qarşılanan "Səninlə və sənsiz", "Səni gözləyirəm" və "Jiquli əməliyyatı" bədii televiziya filmləri də onun ssenarisi əsasında çəkilib. "Qarabağ şikəstəsi", "Fədakarlıq" və "Üç dəniz əfsanəsi" əsərlərində isə Azərbaycanın ən yeni tarixində baş verən mühüm hadisələr təcəssümünü tapıb.
- Marat müəllim, iki sənətkarın ailəsində böyüdünüz. Yəqin ki, uşaqlıq illəriniz çox maraqlı keçib...
- Mən 1938-ci ilin 21 iyulunda Bakıda dünyaya göz açmışam. Atam Xanlar Haqverdiyev Azərbaycanın və Türkmənistanın Əməkdar artisti, Opera və Balet Teatrının solistiydi.
Anam Cahan Əfruz (Dilanova) isə şairə-dramaturq idi. Onun "İki ana", "Sevgi sətirləri", "Şeirlər", "Dağlar", "İki bayram" kitabları rus, ispan, türkmən, hind dillərinə tərcümə olunub. Hindistanda baş verən hadisələrdən bəhs edən "Qanqın böyük dalğası", "Tahirin aqibəti" və digər əsərləri 1970-ci illərdə Moskvada səhnələşdirildi və böyük uğur qazandı. "Gəldim ki, deyəm, sevirəm", "İlham pərisi" əsərləri Azərbaycanda və keçmiş SSRİ-nin başqa respublikalarında tamaşaya qoyuldu.
Ailədə iki uşaq idik. Mən də, məndən üç yaş kiçik qardaşım Zaur da çox maraqlı uşaqlıq illəri yaşadıq. Ata-anamızın dostları da sənət adamları idi. Bizə gələnlər kimlər idi? Şairlər, yazıçılar, aktyorlar, rejissorlar... Əlbəttə, belə ailədə böyüyüb ədəbiyyatı, teatrı, incəsənəti sevməmək mümkünsüz idi.
- Siz də uşaqlıqdan rəssamlığa maraq göstərdiniz. Bəs sənət seçərkən memar olmaq qərarını verməyinizə səbəb nə oldu?
- Bakıdakı 74 nömrəli orta məktəbi 1956-cı ildə bitirdim. O zaman Azərbaycanda Rəssamlıq İnstitutu yox idi. Bu sahədə ali təhsil almaq üçün Moskvaya, ya da Leninqrada (indiki Sankt-Peterburq şəhəri - Z.F.) getmək lazım idi. Ancaq atam-anam dedilər, səni gözümüzdən uzağa buraxa bilmərik. Elə memarlıq da rəssamlığa yaxın sənətdir. Ona görə də sənədlərimi Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti - Z.F.) verdim. İnstitutun memarlıq fakültəsinə daxil oldum. Tələbəlik illərində incəsənətə olan sevgim, marağım daha da artdı. İnstitutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi keçmiş Sovet respublikalarında qastrol səfərlərində oldum.
- Uzun illər memarlıq sahəsində çalışdınız...
- Bəli. İnstitutu bitirdikdən sonra on il tikinti sahəsində işlədim. Baş mühəndis oldum. Ömrümün otuz beş ilini memarlığa sərf etdim. O vaxtlar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tarix Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə çalışdım. Respublikada 1000-ə yaxın abidənin bərpası ilə məşğul oldum. Onların arasında tarix və mədəniyyət abidələrimiz, eləcə də Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələr var idi.
- Belə demək olar ki, bədii yaradıcılıq istedadı sizə ananızdan keçib?
- Bəli. Ümumiyyətlə, mən lap balacalıqdan Opera Teatrına tez-tez gedirdim. Atam uzun illər çalışdığı, solisti olduğu Opera və Balet Teatrının səhnəsində "Şah İsmayıl"da Şah İsmayıl, "Leyli və Məcnun"da Məcnun, "Əsli və Kərəm"də Kərəm, "Aşıq Qərib"də Qərib kimi baş rolları ifa edirdi. Mən də həmin tamaşalara baxırdım. Anam isə əsərlər yazırdı. Biz - qardaşım Zaur və mən belə bir mühitin içərisində idik. Ona görə də belə olmalı idi. Qardaşım Zaur sonralar mühəndis oldu. Ancaq o da ədəbiyyatı, teatrı ürəkdən sevirdi.
- Əsərlər yazırdınız. Amma ədəbiyyata tərcüməçi kimi gəldiniz...
- 1970-ci illərdə anamın şeirlərini, poemalarını rus dilinə çevirdim.
- Bədii yaradıcılıqla məşğul olduğunuzdan ananızın xəbəri var idi?
- Anam həmişə deyirdi ki, sən də əsərlər yaz. Mən yazırdım, ancaq anama deməyə utanırdım.
- O, bunu heç vaxt bilmədi?
- Yox, bilmədi... Ümumiyyətlə, valideynlərimiz bizə heç nəyi qadağan etmirdilər. Ancaq onların sayəsində biz kiçik yaşlarımızdan sənətin dəyərini, məsuliyyətini anlayırdıq. Ona görə həmişə deyirəm ki, atamın yanında oxumağa, anamın yanında yazmağa utanırdım. Onların sənətə sevgiləri kimi, tələbləri də çox yüksək idi.
Anam 1984-cü ildə dünyasını dəyişdi. Atam da ondan dörd il qabaq vəfat etmişdi. Anamdan sonra onun yolunu davam etdirirəm.
- Əsərləriniz 1990-cı illərin əvvəllərində səhnələşdirildi, dramaturq kimi tanındınız...
- Əməkdar incəsənət xadimi, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Baba Rzayev həmin teatrda anamın iki əsərini səhnələşdirdi. Tamaşaya hazırlıq zamanı o mənə dedi ki, görürəm, sən çox xəbərdarsan, niyə özün yazmırsan? O qədər israr etdi ki, mən bədii yaradıcılıqla məşğul olduğumu ona söylədim. Onun təklifi ilə bir pyes yazdım. İlk dram əsərim - "Ailədə məhkəmə" komediyası Baba Rzayevin quruluşunda tamaşaya qoyuldu və uğur qazandı. Dedi ki, sən yazmalısan. "Məhəbbət, şeytan və lambada" əsərini qələmə aldım. Səhnələşdirildi və çox popluyar oldu. Bundan sonra bir çox teatrlarımız mənimlə yaradıcılıq əlaqələri saxlamağa başladılar.
Akademik Milli Dram Teatrının o vaxtkı direktoru Həsənağa Turabov tamaşaya baxdı, tanış olduq. O, mənə dedi ki, siz istedadlı adamsınız, niyə bizə də pyes yazmırsınız? 1992-ci ildə "Ah, qadınlar, qadınlar" komediyasını yazıb Həsənağa Turabovun özünə təqdim etdim, çox bəyəndi. Həsənağa Turabov yalnız sənətkar deyildi, həm də böyük şəxsiyyət idi. O, rejissor Mərahim Fərzəlibəyovu çağırdı. Dedi ki, bu əsəri oxumuşam, apar oxu. Akademik Milli Dram Teatrının səhnəsində Mərahim Fərzəlibəyov "Ah, qadınlar, qadınlar" əsərini tamaşaya qoydu. Baş rolda Siyavuş Aslan və Firəngiz Mütəllimova oynadılar. Tamaşa maraqla qarşılandı. Bir ildən sonra "Qısqanc ürəklər" komediyam yenə də bu teatrda Mərahim Fərzəlibəyovun quruluşunda tamaşaçılara təqdim olundu. Yaşar Nuri və Arif Quliyev tamaşada elə oynadılar ki, səsi hər yandan gəldi.
- Bu komediyanızın sorağı Türkiyədən də gəldi...
- Bəli, "Qısqanc ürəklər" komediyam Türkiyənin İstanbul şəhərindəki Sarıyer bələdiyyə teatrının yaradıcı heyəti tərəfindən tamaşaya qoyuldu. 2000-ci ildə məni İstanbula tamaşanın premyerasına dəvət etdilər. Premyera hörmət əlaməti olaraq, adətən, dövlət tədbirlərinin keçirildiyi "Çırağan" sarayında təqdim edildi və yüksək səviyyədə keçdi. Orada məndən başqa əsər istədilər, "Ah, qadınlar, qadınlar" pyesini verdim. Hər iki əsər Türkiyənin bir çox teatrlarında - İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnələşdirildi.
- Dram əsərləri ilə yanaşı, maraqlı ssenarilərin də müəllifisiniz...
- Rejissor Lütfi Məmmədbəyov mənim ssenarim əsasında "Səninlə və sənsiz" bədii televiziya filmini çəkdi. Film Azərbaycan Dövlət Televiziyası ilə dəfələrlə göstərildi. "Səni gözləyirəm" əsərimi Lütfi Məmmədbəyov ekranlaşdırdı.
- Yaradıcılığının sonrakı mərhələsində ölkəmizin ictimai-siyasi həyatını əks etdirən əsərlər yazmağa başladınız. "Qarabağ şikəstəsi", "Fədakarlıq", "Üç dəniz əfsanəsi" əsərləri ən yaxın tariximizdə baş verən hadisələri əks etdirir...
- 1993-cü ildə vəziyyət hələ də çox ağır idi. Müharibə gedirdi. Həmin dövrü xatırladıqca, yaşadığımız mürəkkəb ictimai-siyasi vəziyyətlərdən daim qalib kimi ayrılan bir şəxsiyyətin parlaq obrazı gözlərimin önündə canlanır. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Elə buna görə də mənim yaradıcılığımın böyük bir hissəsi ümummilli prezidentimizə həsr olunub.
O çətin günlərdə Heydər Əliyev xalqı Vətəni qorumağa çağırdı. Onun bu çağırışı mənə böyük təsir etdi. "Qarabağ şikəstəsi" əsərini yazdım. 1993-cü ildə yazdığım bu əsərdə böyük siyasətçinin Azərbaycanın ağır günündə hakimiyyətə qayıdışından, ölkənin xilası naminə tarixi xidmətlərindən bəhs edir. Bu ssenari əsasında Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkdi. Film Azərbaycan Dövlət Televiziyası ilə nümayiş etdirildi və səs-səda saldı. Ümummilli Lider haqqında ikinci əsərim "Fədakarlıq" adlanır. Həmin əsərin ssenarisi əsasında "Fədakarlıq" bədii televiziya filmi çəkildi. Sonra bu ssenarinin pyes variantını yazdım. Əsər Sumqayıt Dövlət Musiqili Dram Teatrında səhnələşdirildi, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirildi.
- Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisindən bəhs edən "Üç dəniz əfsanəsi" pyesinizi yaradıcılığınızın zirvəsi adlandırırsınız...
- Azərbaycanın yeni tarixində çox mühüm hadisələr baş verib. Bakı-Tiflis-Ceyhan neft kəməri belə nəhəng layihələrdən biridir. Bu möhtəşəm layihə Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirən, bugünkü və gələcək inkişafı üçün vacib olan layihədir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisindən bəhs edən "Üç dəniz əfsanəsi" pyesini yazarkən müxtəlif sənədlərlə, rəsmi materiallarla tanış oldum. Sənədlər üzərində çalışdım və Heydər Əliyevin necə böyük siyasətçi, dövlət xadimi olduğunu bir daha gördüm. Azərbaycan dövlətçiliyini istəməyən qüvvələr Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilişinin qarşısını almağa çalışdılar. Onların məkrli planlarının qarşısını yalnız Heydər Əliyev kimi müdrik, qətiyyətli siyasətçi ala bildi. Ona görə də üçüncü dəfə bu dahi şəxsiyyətlə bağlı mövzuya müraciət etdim.
- "Üç dəniz əfsanəsi"nin səhnəyə gəlişi niyə bu qədər uzun çəkdi?
- Mən qəti mövqeyi olan bir ziyalı, bir vətəndaş kimi hesab edirəm ki, ulu öndərimiz Heydər Əliyevin, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin respublikanın inkişafı və xoşbəxt gələcəyi naminə gördükləri işlər, həyata keçirdikləri irimiqyaslı, qlobal layihələr mədəniyyət sahəsində də layincə işıqlandırılmalıdır. Bu baxımdan ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Azərbaycan neft strategiyasından, ölkəmizin tarixində misilsiz nailiyyət olan kəmərinin tikintisindən bəhs edən "Üç dəniz əfsanəsi" dramını və bədii film ssenarisini yazdım. Bu əsər üzərində çox işlədim. "Üç dəniz əfsanəsi" dramını beş ilə yazdım. Pyes müvafiq şöbələrdə oxunub bəyənildikdən sonra, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məktubu əsasında Mədəniyyət və Turizm Nazirliyinə göndərildi və nazirliyin 2013-cü il üçün təsdiq etdiyi repertuar planına əsasən, Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyuldu. Gəncə Teatrının kollektivindən çox razıyam. Quruluşçu rejissor, Əməkdar artist Ramiz Vəliyev başda olmaqla bütün yaradıcı və texniki heyət tamaşa üzərində ürəklə çalışdı. Amma teatrın maddi bazası zəif, kadrları az idi. Ona görə də əsər tam şəkildə səhnədə əks olunmadı. Mənim ən böyük arzumdur ki, Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə "Üç dəniz əfsanəsi" pyesi Akademik Milli Dram Teatrında və ya texniki imkanları geniş olan paytaxt teatrlarının başqa birində yenidən tamaşaya qoyulsun.
MƏSLƏHƏT GÖR: