
SOCAR BAŞLAYIR VƏ…
V. tukmakov: "çalışacağıq, bakıya medalla qayıdaq"
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Xantı-Mansiyskdə başa çatan Olimpiada Ukraynanın kişi şahmatçılardan ibarət yığmasının çempionluğu ilə yadda qaldı. Vladimir Tukmakovun kapitanı olduğu milli 11 tur ərzində əzmkar mübarizə aparmaqla qızıl medallara layiq olduğunu sübut etdi. Şahmat üzrə olimpiadadan sonra komanda istirahətə yollansa da, kapitan Vladimir Tukmakov növbəti sınaq qarşısındadır. Təcrübəli məşqçi Avropa çempionatında Azərbaycanda ilk dəfə yaradılan "SOCAR Azerbaican" klubuna başçılıq edir. Oktyabrın 17-də Bolqarıstanın Plovdiv şəhərində start götürən klubların Avropa çempionatına ümidlər böyükdür. Çünki komandamız qitə birinciliyinin reytinq favoritidir. "SOCAR Azerbaican" klubunun kapitanı Vladimir Tukmakov müsahibəsində komandamızın Avropa çempionatındakı hədəfindən, Xantı-Mansiyskdəki olimpiadadan və şahmatçılarımızın perspektivindən danışıb.
- Ukrayna komandasının çempionluğu münasibətilə sizi təbrik edirik. Olimpiada təəssüratlarınızı bizimlə bölüşərdiniz?
- Təbrikə görə çox sağ olun. Xantı-Mansiyskdəki olimpiada ən yaxşı sözlərə layiqdir. Təşkilatçılıq yüksək səviyyədə idi. Yarışa gəlincə, kişilərin mübarizəsində intriqa son tura qədər davam etdi. Ukrayna ilə Rusiya-1 komandası sona qədər mübarizə apardı.
- Sizin rəhbərliyiniz altında Ukrayna yığması 2004-cü ildə də olimpiadada birinci yeri tutdu. 2004 və 2010-cu illərdəki qələbənin nə fərqi var?
- 6 il əvvəl Ukrayna komandası ilk turdan liderliyi ələ aldı və sona qədər birinci pilləni itirmədi. İndi mübarizə daha gərgin alındı. Yığmanın əsas üzvləri dəyişməmişdi. Sadəjə olaraq, şahmatçılar daha təcrübəli olublar. Bu mənada, komandanın lideri Vasili İvançukun çıxışını xüsusi qeyd etməliyəm.
- Vasili İvançuk birinci lövhədə gözəl oyun nümayiş etdirdi. Amma Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarovla görüşə qədər...
- Vasili İvançukun yaşı 40-ı keçsə də, o, hər tur ustalıqla rəqibi məyus edirdi. Psixoloji cəhətdən olimpiadaya yaxşı hazırlaşmışdı. İvançuk şahmat oynamır, o, sanki şahmatla yaşayır. Əlbəttə, onun məğlubedilməz seriyası Şəhriyarla görüşdə qırıldı. Məmmədyarov layiqli qələbə qazandı.
- Sizcə, Məmmədyarova məğlubiyyətin səbəbi nədədir?
- Debütdə İvançuk yaxşı mövqe seçsə də, İvançuk çox yanlış gedişlər etdi. Məmmədyarov onun səhvindən maksimum istifadə etdi. Təbii, Şəhriyarın ustalığına heç kim şübhə ilə yanaşa bilməz. Amma İvançuk öz səhvinə görə uduzdu.
- Ümumiyyətlə, Azərbaycan yığmasının olimpiadada çıxışını necə qiymətləndirirsiniz?
- Azərbaycan şahmatçıları istənilən yarışın favoriti sayılır. Son Avropa çempionatının qalibi kimi, sizdən daha böyük nəticə gözlənilirdi. Amma heyətdə əsas şahmatçılardan birinin olmamasını nəzərə alsaq, nəticənizi normal adlandırmaq olar. Liderlər Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov inamlı və etibarlı çıxış etdi. Təəssüf ki, digər lövhələrdə problem var idi. Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli 3 və 4-cü lövhələrdə vacib xalları qazana bilmədi.
- "SOCAR Azerbaican" klubunun digər üzvləri haqqında nə deyə bilərsiniz?
- Aleksandr Qrişuk olimpiadada yaxşı oynadı. Reytinqə görə ona olan ümidləri doğrultdu. Aleksey Şirovun çıxışını qənaətbəxş saymaq olar. Hərçənd Şirov "Böyük Dəbilqə" turnirində də iştirak etdiyindən, Bolqarıstana, Avropa çempionatına yorğun gələcək (müsahibə çempionat başlanmazdan əvvəl alınıb - red). Fransız Vaşe-Laqrava Xantı-Mansiyskdə gözəl oyun göstərmədi. Amma birinci lövhədə liderlərə qarşı oynadığını nəzərə alsaq, onu bağışlamaq olar. Rüstəm Kasımcanova gəlincə, stabil oyunu ilə diqqəti cəlb edir.
- Aleksey Şirovun yorğunluğu komandanın uğurlu çıxışına mane ola bilər?
- Şirova ilk turlarda istirahət verməyi düşünürəm. Ona görə Rauf Məmmədovla Eltac Səfərlinin köməyindən istifadə edəcəyik. Şirov isə əsas güjlü rəqiblərlə oyunda bizimlə olacaq. Əsas, komandanın Avropa çempionatına mübariz əhval-ruhiyyədə getməsidi.
- "SOCAR Azerbaican" klubundan hansı nəticəni gözləyək?
- Reytinqə görə Azərbaycan klubu Avropa çempionatında birinci pillədədir. Amma reytinq həmişə özünü doğrultmur. Şahmatçıların potensialı böyükdür. Rəhbərlik bizdən ən yüksək nəticələr gözləyir. Ona görə əlimizdən gələni edəjəyik.
- Bir ay ərzində olimpiya çempionluğunun ardınja Avropa çempionu da ola bilərsiniz. Şanslarınız yüksəkdir.
- (Gülür) Azərbaycan komandasıyla uğurlu çıxış etməyi ürəkdən istəyirəm. Amma proqnoz verməyi sevməyən insanam. Əvvəlcədən hansı yeri tutacağımızı demək istəmirəm. Hər şeyi oyun göstərəcək. Avropa çempionatında güclü rəqiblərin olduğunu da unutmaq olmaz. İstənilən halda "SOCAR Azerbaijan" klub kimi debüt edəcək. Ona görə Bakıya medalla qayıtmağa çalışacağıq.
MƏSLƏHƏT GÖR: