14 Mart 2025

Cümə, 21:51

QADINLAR KİŞİLƏRƏ NÜMUNƏ OLDU

Azərbaycanın qadın şahmatçıları öz tarixinin ən yaxşı nəticələrindən birinə imza atdılar

Müəllif:

15.10.2010

Xantı-Mansiyskdə təşkil edilən şahmat üzrə olimpiada kişi şahmatçılarımız üçün uğursuz, qadın komandamız üçün isə fantastik nəticəylə əlamətdar oldu. Yarış ərəfəsində böyük ümidlər bəslənilməyən qadın şahmatçılardan ibarət yığma hamını əla nəticəylə sevindirdi. Zeynəb Məmmədyarovanın lideri olduğu komanda boyundan hündürə tullandı desək, yanılmarıq. Hər tur maksimum nəticəyə oynayan zərif cinsin nümayəndələrinə bürünc medal qazanmaq üçün cüzi xal ehtiyatı çatmadı.

 

Qadınlar at belində

Bəs qadın şahmatçılarımızın uğurunun sirri nədədir? İlk olaraq komandanın oyuna rahat çıxması qeyd olunmalıdır. Çünki böyük ümidlər bəslənilən kişi şahmatçılardan fərqli olaraq, qızların üzərində psixoloji təzyiq daha az idi. Bununla belə qadın şahmatçılarımızın ustalığı, qətiyyəti və əzmkarlığı da qeyd olunmalıdır. Güclü rəqibləri sıradan çıxaran komandamız sonda tarixinin ən yaxşı nəticələrindən birini rəsmiləşdirdi. Son turda Vetnamla görüş dramatikliyi ilə yadda qaldı. Türkan Məmmədyarovanın məğlubiyyətindən sonra hesabda geri düşsəkdə, Zeynəb Məmmədyarova ilə Gülnar Məmmədovanın qara fiqurlarla qələbə qazanması görüşün taleyini həll etdi. Yığmadan ilk 15-liyə düşmək tələb olunurdusa, xanımlarımız 3-8-ci yerləri bölüşdürməklə tarix yazdı. Üstəlik, Zeynəb Məmmədyarova fərdi göstəricilərə görə birinci lövhədə gümüş medala layiq görüldü. Uğurda kapitan Fikrət Sideyifzadənin də adı çəkilməlidi. Uzun müddət Azərbaycan şahmatının inkişafı uğrunda çalışan təjrübəli kapitan olimpiada zamanı komandaya yüksək səviyyədə rəhbərlik etdi. Vacib oyunlar ərəfəsində liderləri görüşə yaxşı hazırlayan Sideifzadə kapitan funksiyasını layiqincə yerinə yetirdi.

 

Kişilər "qurşaqdan aşağı" şah aldı

Kişi şahmatçılarımızın başlıca vəzifəsi medal qazanmaq idi. Hərçənd komandanı Avropa çempionatında qələbəyə daşıyan kapitan Zurab Azmayparaşvili ilk beşliyə daxil olmağı yetərli sayırdı. Komandanın ayrı-ayrı üzvlərinin oyununu təhlil etsək, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun liderliklərini sübut etdiyini görərik. Həm Şəhriyar, həm də Teymur öz reytinqini qaldırdı. Şəhriyarın Ukrayna ilə görüşdə Vasili İvançuk üzərində qələbəsini unutmaq olmaz. İvançuk məğlubedilməzlik seriyasına məhz həmyerlimizlə görüşdə son qoydu. 

Təəssüf ki, müxtəlif turlarda vajib xallar qazanan Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli həlledici anlarda toparlana bilmədi. Qədir Hüseynovun 10-cu turda italiyalı rəqibinə uduzması, Rauf Məmmədovun son partiyada Rublyovskiyə təslim olması dediyimizi sübut edir. Eltac Səfərli perspektivli şahmatçı olmasına  baxmayaraq, mötəbər turnirdə ilk dəfə çıxış etdiyinə görə təcrübəsi kifayət qədər deyildi. 

Kişi şahmatçılarımız ən gözəl oyununu prinsipial görüşdə Ermənistan komandasına qarşı göstərdi. Üç lövhədə heç-heçə qeydə alındığı zaman Qədir Hüseynov qələbə qazanmaqla ümumi uğurda əsas pay sahibi oldu. 

Komandanın medalsız qalmasında əsas səbəblərdən biri Vuqar Həşimovun olimpiadada olmaması idi. Digər başlıca problem kapitanla bağlı oldu. Olimpiada ali şahmat qurumu - FİDE-yə seçkilərlə üst-üstə düşdü. Zurab Azmayparaşvili 8 il icra etdiyi FİDE-nin vitse-prezidenti postuna yenidən iddiasını nümayiş etdirdi. Amma seçilmədi. İstənilən halda olimpiada zamanı vitse-prezident postuna seçkilərlə məşğul olan Azmayparaşvili milliyə lazımi vaxtını ayıra bilmədi. Bəlkə də buna görə Xantı-Mansiysk olimpiadası başa çatandan dərhal sonra kişi şahmatçılardan ibarət komandamızın kapitanı Zurab Azmayparaşvili istefa verdi. Hələlik Azərbaycan Şahmat Federasiyasının istefanı qəbul edib-etmədiyi açıqlanmır. 

Kişi şahmatçılarımızın gələn il keçiriləcək Avropa çempionatına qədər özünə gələcəyinə ümid etmək qalır. Qitə birinciliyinə Avropa çempionu kimi yollanacaq qrossmeysterlərimiz titulu qorumağa çalışacaq.


MƏSLƏHƏT GÖR:

455