
QARŞILIQLI ƏSASLARLA
A. Sterlinq: "Amerika və Azərbaycanın ümumi prioritetləri var"
Müəllif: Almaz NƏSİB Bakı
ABŞ-dakı erməni diasporu bəzi Amerika senatorlarının vasitəsilə bu ölkənin Azərbaycana səfir təyinatını nə qədər əngəlləməyə çalışsa da, Bakı ilə Vaşinqton arasında münasibətlər artan xətt üzrə inkişaf edir; özü də səfirin hələ də təyin olunmadığı bir vaxtda. ABŞ-ın müdafiə naziri Robert Geyts və dövlət katibi Hillari Klintonun bir-birinin ardınca ölkəmizə səfərləri, eləcə də prezidentlər Barak Obama və İlham Əliyevin Nyu-Yorkdakı görüşü, tərəflərin qarşılıqlı münasibətlərdəki «yay tətili»nə son qoymaqda maraqlı olduqlarını nümayiş etdirdi. Beləliklə, ən yüksək səviyyədə aparılan danışıqlar münasibətlərin keyfiyyətinə necə təsir edib, hansı məsələlərə xüsusi əhəmiyyət verilir, Bakı və Vaşinqtonun yaxın perspektiv üçün prioritetləri nədər ibarətdir? Bu suallara cavab tapmaqda bizə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq kömək edib.
- Cənab Sterlinq, sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın görüşü oldu. Bu görüşü iki ölkə arasındakı münasibətlər baxımından necə qiymətləndirirsiniz?
- Amerika-Azərbaycan münasibətləri hazırda çox yaxşı vəziyyətdədir. Barak Obamanın İlham Əliyevlə Nyu-Yorkdakı görüşü bunu bir daha sübut etdi. Bu onu göstərdi ki, doğrudan da bu əlaqələr yaxşı inkişaf edir. Mən onu da qeyd edə bilərəm ki, son vaxtlar ABŞ-ın yüksəkçinli hökumət nümayəndələrinin - dövlət katibi Hillari Klintonun və müdafiə naziri Roberts Geytsin səfərləri bu münasibətlərin müsbət göstəricisinə sübutdur. Amerika ilə Azərbaycan arasında bir sıra sahələrdə prioritetlər var. Xüsusilə də bu yüksək səviyyələrdə aparılan görüşlər bir daha hər iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsinə təkan verəcək. Yəni bu istiqamətdə keçirilən bütün görüşlərdə də məqsəd o idi ki, həmin əlaqələri daha da gücləndirsinlər.
- Bəziləri hesab edirlər ki, dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinə kimi münasibətlərdə bir soyuqluq var idi. O zaman, bu səfər konkret nəyi dəyişdi?
- Ümumiyyətlə, mən deyərdim ki, bizim əvvəldən yaxşı münasibətlərimiz var. Yəni yüksəkçinli rəsmilərin səfərlərindən də əvvəl. Bu görüşlərin əsas dəyərlərindən biri odur ki, rəsmilər görüşlərdə bir-birlərini daha yaxşı anlamağa çalışırlar. Məsələn, dövlət katibi Hillari Klinton Azərbaycana səfər edərkən onu daha yaxından tanımaq imkanı əldə etdi. Həmçinin, İlham Əliyevlə Barak Obama arasındakı görüşlər hər iki ölkə arasında prinsiplərin dərinləşməsi və onların daha da anlaşılmasına köməklik etdi. Bütün bu görüşlər gələcək münasibətlərə də təkan verəcək. Ən azından, bizim qarşılıqlı maraqlarımız var.
- ABŞ-ın Azərbaycana səfir təyinatı niyə bu qədər uzandı? Doğrudanmı məsələ prosedurların mürəkkəb olmasındadır, yoxsa başqa səbəblər var?
- ABŞ Konstitusiyasına görə, prezident səfirin namizədliyini irəli sürür və bundan sonra ABŞ Senatı həmin namizədi təsdiq edir. İndiki vəziyyətə gəldikdə, prezident Obama Metyu Brayzanın namizədliyini may ayında irəli sürmüşdü. Ondan sonra Senatın Xarici Əlaqələr Komitəsinə göndərilmişdi. Bu yaxınlarda Xarici Əlaqələr Komitəsi Brayzanın müsahibəsini keçirdi, onun haqqında olan məlumatları araşdırdı. Daha sonra öz tövsiyələrini Senata göndərdi. İndi isə biz Senatın təsdiqini gözləyirik. Qeyd etmək istəyirəm ki, bu heç də qeyri-adi bir hadisə deyil. Nəinki prezidentin seçilməsi və təsdiq olunması, eləcə də digər yüksək səviyyəli şəxslərin təsdiqi məhz belə prosedur əsasında həyata keçirilir. Barak Obama adminstrasiyaya yeni seçiləndən bu vaxta kimi 100-dən çox namizəd bu prosesdən keçib və hal-hazırda belə təxirəsalmalar, gözləmə halları baş verir. Onu da demək istəyirəm ki, biz də Azərbaycanda tezliklə səfir təyin olunmasını istəyirik. Ancaq deyərdim ki, iki ölkə arasında əməkdaşlıq aparılır.
Bəli, bu regionda səfirlərin təyinatı ilə bağlı gecikmə halları baş verir. Analoji hal Ermənistanla da bağlı olmuşdu. Hazırda Amerikanın Türkiyəyə təyin olunacaq səfiri də proseduru gözləyir. Ümumiyyətlə onu vurğulamaq istəyirəm ki, bu gecikmə halı düzgün anlaşılmaya da bilər. Senat müstəqil bir qurumdur və onun xüsusi bir cədvəli yoxdur. Yəni hansısa bir rəsmi qaydada tələb qoyulmur ki, bu məslə müəyyən dövr ərzində həll olunmalıdır. Müstəqil qurum oluduğu üçün Senatın öz qaydaları, cədvəli var. Bundan başqa, senatorlar rəy baxımından da təxirə salmalar edə bilər.
- Qafqazda sabitliyin vacibliyi haqqında çox deyilir. Amma konkret işə gəldikdə, bunun heç də elə də asan olmadığı gö-rünür...
- Qafqazda sabitliyin təmin olunması ABŞ üçün ən yüksək prioritet məsələdir. Barak Obama Prezident İlham Əliyevlə görüşündə də bunu xüsusi vurğulardı. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini xatırlatdı. Barak Obama başda olmaqla Robets Geyts, Hillari Klinton Azərbaycan hökumətinə çatdırılarb ki, ABŞ münaqişəsinin həllində maraqlıdır. Hətta ATƏT-in Minsk qrupunda da təmsil olunur. ABŞ höküməti inanır ki, demokratik inkişaf və azad iqtisadiyyat regionun sabitliyinə xidmət edəcək.
- Bu ilin noyabr ayının 7-də Azərbaycanda növbəti parlament seçkiləri olacaq. Seçkiərəfəsi vəziyyəti necə qiymətləndirirsiniz?
- Dövlət katibi Klintonun səfəri zamanı, hətta prezidentlər arasındakı görüşdə də seçkilərin demokratik keçirilməsi və demokratiyanın inkişafı kimi bir çox mövzular müzakirə edilib. Obama BMT Baş Assambleyasındakı çıxışında da söyləmişdi ki, demokratik inkişaf insan kapitalının inkişafıdır.
Mən bu yaxınlarda MSK sədri Məzahir Pənahovla görüşümdə də vurğuladım ki, səfirlik seçki kampaniyaları, seçki dairələri, seçki strukturları ilə daha yaxından əməkdaşlıq edəcək. Bu sahədə biz birgə əməkdaşlığa hazırıq. Onu da qeyd etmək istəyirəm ki, bu seçkilərdə yəqin ki, açıq mühitin formalaşması istiqamətində biz öz səylərimizi əsirgəməyəcəyik. Beynəlxalq qurumlar, digər ölkələr bu seçkilərdə iştrak edəcək və biz də müşahidələr aparacağıq. Sonra həmin qurumlarla öz müşahidələrimizi bölüşəcəyik.
- Şəxsən Adam Sterlinq üçün Azərbaycan necə ölkədir?
- Azərbaycan öz müstəqillyini yenidən əldə etdikdən sonra ABŞ-ın əsas prioriteti Azərbaycanın müstəqilliyinin gücləndirməsinə dəstək vermək idi. Demək olar ki, bizim təhlükəsizlikdən tutmuş enerji, demokratiya və azad cəmiyyətin inikşafına qədər bütün səylərimiz bu istiqamətə yönəlmişdi. Azərbaycan müstəqillikdən sonra bir çox naliyyətlər əldə edib. Ancaq belə deyək, Azərbaycan hələ gənc ölkədir, və hətta Barak Obama da İlham Əliyevlə görüşündə vurğuladı ki, bundan sonrakı demiokratik islahatların həyata keçirilməsində onu daha da dəstəkləyəcək. Bir daha təkrar edirəm, Azərbaycan gənc və demokratik ölkədir. Görüləcək işlər hələ qabaqdadır.
- Siz üç il Ağ Evdə Milli Təhlükəsizlik Şurasinin heyətində Mərkəzi və Şərqi Avropa məsələləri üzrə direktor kimi çalişmisiniz. Ağ Evdən Azərbaycan necə görünürdü?
- Mən Ağ Evdə daha çox Buş administrasiyası dövründə olmuşam. Obama ilə çox az işləmişəm. Baxmayaraq ki, mənim işlədiyim ofis məhz Azərbaycanla bağlı işlərə cavabdeh idi, mən həmin vəzifədə Azərbaycanla bağlı məsul deyildim. Ancaq deyərdim ki, ABŞ hökumətinin Azərbaycan üçün qoyduğu prioritetlər də heç dəyişməyib. Azərbaycan ABŞ hökuməti üçün mühüm və strateji tərəfdaşdır. Bir çox məsələlərdə, xüsusilə də təhlükəsizlik məsələsində biz çox yaxından əməkdaşlıq edirik. Hətta Barak Obama öz görüşündə də İlham Əliyevə Azərbaycanın Əfqanıstandakı dəstəyinə görə bir daha təşəkkür etdi. Ümumiyyətlə, ekstremizmin qarşısının alınmasında da hər iki ölkə üçün əməkdaşlıq vacibdir. Enerji təhlükəsizliyi ilə bağlı isə Azərbaycan Avropa və region üçün çox əhəmiyyətli ölkədir.
- Siz Azərbaycan dilini nə zaman və necə öyrənmisiniz?
- Dövlət Departamentinin Dil institutu var, orda diplomatlar gedəcəkləri ölkənin dilini öyrənirlər.
Bakıya gəlməmişdən əvvəl Vaşinqtonda Azərbaycan dilini öyrənmişəm. Mən iki azərbaycanlı müəllimdən təhsil aldım. Azərbaycanın tarixini, ədəbiyyatını oxudum, amma bizim üçün danışmaq vacibdir. Şübhəsiz, bizim Azərbaycan dilində danışmağımız diplomatik jesdir. Amma nəinki jest, həm də çox faydalı vəzifədir. Bu ölkədə Azərbaycan dili rəsmi dildir. Əhalinin əksəriyyəti Azərbaycan dilində danışır. Mənə elə gəlir ki, bir-birmizi yaxşı anlamaq üçün Azərbaycan dilində danışmalıyıq.
MƏSLƏHƏT GÖR: