14 Mart 2025

Cümə, 21:49

BU, KİNO DEYİL

Müəllif:

15.10.2010

Azərbaycanlı, gürcü və erməni birlikdə kəşfiyyata gedirlər. Cəbhə xəttini keçəndə, onlardan biri tikanlı məftilə toxunur və orada asılmış dəmir qutular bir-birinə dəyərək sükunəti pozur. Alman qarovulçusu dərhal "Dayan, kimdir?!" deyə qışqırır. Erməni cəld tərpənərək, "myau uu-myauu" deyə, pişik kimi səs çıxarıb, almanı aldadır və kəşfiyyatçılar sərhədi keçirlər. Geri qayıdanda, yenə kimsə tikanlı məftilə toxunur. Almanın "Dayan, kimdir!" qışqırtısı yenə səslənir. "Bu bizik, pişiklər, geri qayıdırıq", - deyə özünü itirmiş erməni qışqırır və bununla da bütün əməliyyatı pozur. 

Bu günlərdə ABŞ-da ifşa olunmuş erməni fırıldaqçıları, bu köhnə sovet lətifəsindəki erməni kimi, öz axmaqlıqlarının qurbanı olublar.  Yəni, erməni fırıldaqçılarının qondarma patoloqanatomları diri xəstələrin qəbuluna görə hesab istəyirmişlər, oftalmoloqlar isə, nə qədər qəribə səslənsə də, sidik kisəsinin müayinəsi üçün pul tələb edirmiş.

Tarixdə ermənilər taktiki uğur qazansalar da, sonda strateji məğlubiyyət almalarına dair faktlar çoxdur. Amma ABŞ-ın tarixində belə hadisələrə çoxdan idi, rast gəlinmirdi. 

Oktyabrın 13-də səhər tezdən Nyu-York və Los-Ancelesdə əsasını Ermənistandan olan mühacirlər və ya bu ölkənin vətəndaşlarının təşkil etdiyi cinayətkar sindikatın 40-dan çox üzvü həbs olunub. Onlara qarşı irəli sürülən ittihama görə, fırıldaqçılar minlərlə həkim və xəstənin şəxsi məlumatlarını oğurlayaraq, sonradan qocalara tibbi yardım üçün yaradılmış "Mediker" sistemindən milyonlarla dollar çıxarıblar. Sığorta ödənişləri əldə etmək üçün dələduzlar guya xəstələrin müalicə olunduğu, lakin əslində, mövcud olmayan tibbi klinikalar şəbəkəsi təsis ediblər.  Bu barədə Nyu-Yorkda keçirdiyi mətbuat konfransında federal prokuror Prit Bharara bildirib. Bundan başqa, Ohayo, Nyu-Meksiko və Corciya ştatında da bu fırıldaqda şübhəli bilinən şəxslərə ittiham irəli sürülüb.

Bhararın sözlərinə görə, söhbət qocalara tibbi yardıma dair federal proqramın tarixində görünməmiş fırıldaqdan gedir.  Həbs olunmuş şəxslər, oğurladıqları məlumatlardan istifadə edərək, ABŞ-ın 25 ştatında 118 saxta tibbi klinika təsis ediblər. Onlar "Mediker" sistemi vasitəsilə guya xəstələrin müalicə olunduğu, lakin əslində, mövcud olmayan klinikalar və göstərilməyən tibbi xidmətə görə 100 milyondan artıq vəsait alıblar.  Bhararın dediyi kimi, cinayətkarlar həbs olunana qədər, fırıldaqçılıqla 35 milyon dolları mənimsəyiblər.

Federal Təhqiqat Bürosunun Nyu-York şöbəsinin direktoru Cenis Fedarçik isə deyir ki, cinayətkarların nəzərində, "Mediker" sistemindən pul oğurlamaq  ona görə cəlbedici görünürdü ki, o, tam virtual idi. Yəni cinayətkarların tələb etdiyi vəsaitin arxasında nə real həkimlər, nə də real xəstələr olub.  Hər şey miraj, oğurlanmış şəxsi məlumatlar əsasında qurulub. 

Saxta klinikalar da yalnız kağız üzərində olub, onların ünvanları kimi isə, çox vaxt, poçt qutuları göstərilib.

Görünür, bu kriminal fəaliyyətin belə çox gəlir gətirməsi də məhz bununla bağlıdır: axı virtual fırıldaq üçün xərc tələb olunmur. Nyu-York polisinin rəhbəri Reymond Kelli bildirib ki, dəstəyə rəhbərlik balaca bir ofisdən edilirmiş.

Federal prokuror Bharara ifşa olunmuş dəstənin "beynəlxalq dəstə" olduğunu deyərək, ona rəhbərlik edənlərin Ermənistanla sıx əlaqədə olduqlarını, mütəmadi bu ölkəyə səfərlər etdiyini və ABŞ-da qeyri-qanuni yolla əldə olunmuş vəsait hesabına, orada mülklər aldıqlarını da bildirib. Bharara bu dəstəni "klassik Cosa Nostra" ilə müqayisə edib, amma vurğulayıb ki, "qeyri-qanuni gəlirlər, coğrafi əhatəsi və ambisiyalarına görə ənənəvi mafiya,  bu erməni-amerikan qruplaşmasına "həsəd apara bilər".

Qeyd edək ki, erməni mafiyasının başında "Pzo" ləqəbli "qanuni oğru" Armen Kazaryan dayanıb. "Kriminal Rusiya" İnternet-portalının məlumatına görə, 44 yaşlı Kazaryan ABŞ-dan Ermənistana qayıdandan sonra - 2009-cu il aprelin 7-də Yerevanda həbs olunubmuş. "Operativ məlumatlara görə, Pzo qaunsuz silah, qiymətli daşlar və metalların qanunsuz dövriyyəsi, narkotika qaçaqmalçılığı, həmçinin, insan oğurluğu və şantajla məşğul olan mütəşəkkil cinayətkar dəstənin rəhbəridir",  - məlumatda belə göstərilir.

Sənədlərdə göst?rilir ki, 46 yaşlı Armen Kazaryan 1996-cı ildə Ermənistandan ABŞ-a mühacirət edib və bu ölkədə qaçqın statusu alıb. Cenis Fedarçikin sözlərinə görə, Kazaryan 1995-ci ildə ABŞ-da Vyaçeslav İvankovun (bu il Moskvada qətlə yetirilib) həbsindən sonra Birləşmiş Ştatlarda yaxalanmış "ilk avrasiyalı qanuni oğrudur. 

Kazaryan Los-Ancelesdə yaşayıb və elə burada da həbs olunub.

İstintaqın məlumatına əsasən, erməni cinayətkar qrupuna Los-Ancelesdə David Mirzoyan, Nyu-Yorkda isə Robert Tercanyan başçılıq edib. "Mirzoyan-Tercanyan" dəstəsi (rəsmi ittiham sənədlərində qruplaşma belə adlanır) fırıldaqçılıq, reket, saxta kredit kartlarının hazırlanması, çirkli pulların yuyulması, narkotk, şantaj, qanunsuz siqaret və hətta saxta "viaqra"nın satışı ilə də  məşğul olub. 

İstintaq bir ilə yaxın çəkib, erməni mafiyasının isə 4 il əvvəl formalaşdığı məlum olub. Araşdırmaların başlanmasına, "Medikar" sistemi ilə müalicə olunan 2 900 nəfərin şəxsi məlumatlarının oğurlanması səbəb  olub. 

Prokuror Bharara etiraf edir ki, istintaqın əldə etdiyi faktlar, "əla bir film üçün ssenari ola bilərdi, amma bu, kino yox, üzləşdiyimiz reallıqdır". 

"Bu gün irəli sürülən ittihamlar Amerikanın səhiyyə sistemi hesabına qanunsuz varlanmaq istəyən və amerikalı vergiödəyicilərinin pullarını oğurlmaq istəyən hər bir kəs üçün örnək olmalıdır - siz öz cinayətlərinizə görə cəzanızı alacaqsınız!" - deyə prokuror bildirib.

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Prokurorun sözlərinə yalnız əlavə etmək olar ki, erməni mafiyasının misli görünməmiş fırıldaqları Amerkanın hüquq-mühafizə orqanları üçün ciddi siqnal olmalıdır. Yəqin ki, ABŞ-da yaşayan ermənilərin gəlir mənbələri daha ciddi araşdırılmalıdır.

Çünki birincisi, böyük maliyyə imkanlarına malik olan erməni diasporunun ABŞ-ın həm qanunverici, həm də icraedici hakimiyyətinə güclü təsir imkanları var. 

Yaxşı məlumdur ki, çox vaxt bu təsir altında olanlar ABŞ-ın strateji və milli maraqlarına uyğun gələn bir sıra qərarların qəbuluna imkan vermirlər, Özü də, belə görünür ki, elə amerikalı vergiödəyicilərinin öz pulları hesabına.

İkincisi, məlumdur ki, ABŞ-a köçən ermənilər buraya heç də keflərindən gəlməyiblər və əsasən, sosial yardım hesabına yaşayırlar. Özü də bu yardımı yalnız erməni lobbisi və kilsəsindən yox, digər dini cərəyanlar və xeyriyyə fondlarından da alırlar. Odur ki, həmin təşkilatları da ermənisayağı "təşəkkür" gözləyə bilər. 

Və sonda. İttihamnamədə qeyd olunur ki, cinayətkarlar ABŞ-ın immiqrasiya xidmətini aldadaraq, "xarici hökumətin nümayəndələrinin köməyi ilə elə bir şərait yaradırdılar ki, hökumət ABŞ-dan deportasiya olunmuş şəxsləri qəbul etməkdən imtina edirdi. Nəticədə, Amerika hakimiyyəti bu şəxsləri ölkədən çıxara bilmirdi".

Bu isə artıq o deməkdir ki, mafiyanın Ermənistan rəhbərliyi ilə əlaqələri daha dərindən araşdırılmalıdır.


MƏSLƏHƏT GÖR:

374