
GİMNASTIMIZ ŞƏXSİ REKORDUNU TƏZƏLƏDİ
Aliyə Qarayevanin ən yaxşi bürüncü və komanda hesabinda bir bürüncün qazanilmasi Azərbaycan gimnastikasinin tarixinə parlaq səhifə yazdı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Moskvada təşkil edilən bədii gimnastika üzrə Çempionatında medal gözləməyə imkan verirdi. Təsadüfi deyil ki, çempionat ərəfəsində yarışın favoritləri əsas rəqib kimi məhz Azərbaycan komandasının adını çəkirdi.
Yığmamızın Dünya Çempionatında uğurlu çıxış etməsində əsas pay sahibi Aliyə Qarayeva oldu. Son illər mötəbər yarışlarda özündən bəhs etdirən gənc xanım ilk dəfə Dünya Çempionatının finalında müxtəlif növlərdə 3 dəfə fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. Halqa ilə uğurlu proqramdan sonra təmsilçimiz lent və topla çıxışda da münsiflər heyətini valeh etdi.
Son aylar müxtəlif turnirlərdə Qarayevanı seyr edərkən onun topla kompozisiyanı xüsusi məharətlə yerinə yetirdiyi aydın görünür. Ötən il Dünya Çempionatında məhz topla çıxışda gümüş medal qazanan gimnast cari mövsümdə də medalsız qalmadı. Onun qazandığı ikinci bürünc medal məhz topla kompozisiyaya görə təqdim edildi. Bədii gimnastikada Rusiya kimi favorit komandanın həmişə iddiasıyla seçildiyini nəzərə alsaq, Qarayevanın qazandığı bürünc medal çox dəyərlidi. Çünki yekunda qızıl və gümüş medallar Olimpiya çempionu Yevgeniya Kanayeva ilə Darya Dmitriyevaya qismət oldu. Qazanılan 2 medaldan sonra Qarayeva uğurun davamını lentlə kompozisiyada gətirdi. Gözəl musiqi seçimi, incə hərəkətlər və dinamik çıxış münsifləri təmsilçimizə səs verməyə məcbur etdi. Bu növdə də Aliyə Qarayeva bürünc medal əldə etdi. İlk 2 pillədə Darya Dmitreyeva və Darya Kondakova qərarlaşdı.
Dünya Çempionatı Aliyə Qarayevanın karyerasının yüksəlişdə olduğunu göstərdi. Son aylar bütün yarışlardan Azərbaycana medalla qayıdan gimnast stabil çıxışı və uğurlu nəticələri ilə öyünə bilər. Dünya Çempionatında Rusiya idmançılarının qələbəsi gözlənilən olsa da, Aliyə Qarayevanın 3 bürünc medalı yaxşı mənada hamını təəccübləndirdi. Məhz Qarayevanın uğurlu çıxışı komanda hesabında da millimizi 3-cü pilləyə yüksəltdi. Anna Qurbanova və Samirə Mustafayevanın da bu nailiyyətdə payı az deyil. Beləliklə, Aliyə Qarayevanın ən şəxsi bürüncü və komanda hesabında bir bürüncün qazanılması Azərbaycan gimnastikasının tarixinə parlaq səhifə yazdı. Yığmamızın güclü Ukraynanı arxada qoyması da xüsusi vurğulanmalıdır. Qızıl medal Rusiya, bürünc isə Belarusa qismət oldu.
Son illərin dünya çempionatlarına nəzər yetirdikdə maraqlı tendensiya ilə qarşılaşırıq. Azərbaycan gimnastları bir qayda olaraq, komanda hesabında ilk üçlükdə qərarlaşır. Son 3 dünya çempionatında millimiz üçlükdən kənarda qalmayıb. Bu nəticə indiyədək Azərbaycanda o qədər də böyük ənənələri olmayan bədii gimnastikanın dinamik inkişaf edən bir idman növünə çevrildiyini göstərir.
Çoxnövçülükdə Aliyə Qarayeva yaxşı çıxış etməsinə rəğmən medal qazana bilmədi. Halqa ilə kompozisiyaya görə 27.300 xal toplayan təmsilçimiz topla hərəkətlərdə 27.750 xal qazandı. Yekun mərhələdə də inamlı görünən Aliyə Qarayeva əsas rəqiblərinə cüzi xal ehtiyatı ilə uduzdu. Yevgeniya Kanayeva qızıl, Rusiya komandasının digər təmsilçisi Darya Kondakova gümüş, Belarus gimnastı Melitina Stanyuta isə bürünc medal əldə etdi.
Nigar Əbdülsəlimova, Ceyla Quliyeva, Aelita Xələfova, Anastasiya Prasolova, Stefaniya Trayanova və Yevgeniya Cidkovadan ibarət qrup hərəkətləri üzrə yığmamız da qarşıya qoyulan məqsədə çatdı. Sayca 30-cu dəfə keçirilən Dünya Çempionatında komandamız 7-ci yerə layiq görülməklə ayrı-ayrı növlərdə finalda çıxış etmək imkanı qazandı. Qeyd edək ki, qrup hərəkətləri üzrə yarışlar güclü rəqabət şəraitində keçir. Hətta Rusiya kimi komanda bu mübarizədə bürünc medalla kifayətlənməli oldu. Ona görə gənc komandamızın 7-ci olması yaxşı nəticə sayılmalıdır. Ümumiyyətlə, qrup hərəkətləri üzrə komandamızın 2 növdə final mərhələsinə vəsiqə alması sevindirici məqamdır. Bolqarıstan kimi komandanın finaldan kənarda qaldığını xatırlatsaq, azarkeşlər fikrimizi aydın başa düşər.
Beləliklə, Moskvadakı Dünya Çempionatı gimnastlarımız üçün xoş nəticəylə yekunlaşdı. Gələn il çempionat Fransada olacaq. Həmin yarışda 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda daha gərgin mübarizənin şahidi olacağıq.
MƏSLƏHƏT GÖR: