
ŞOPEN İLİ DAVAM EDİR…
Azərbaycan böyük Polşa bəstəkarının yubileyi qeyd edilən ölkələrin sırasına qoşulub
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Polşa Seyminin qərarı ilə 2010-cu il Frederik Şopen ili elan edilib. Bununla bağlı bütün dünya üzrə böyük polyak bəstəkarının həyat və yaradıcılığına həsr olunmuş bir sıra mədəni tədbirlər keçirilir. Azərbaycan da Şopen İlinin bayram edilməsinə qoşulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Polşa səfirliyi, Azərbaycan Dövlət Filarmoniyası və Bakı Musiqi Akademiyası bizim ölkədə Şopen İlinin keçirilməsi ideyasının birbaşa gerçəkləşdiriciləridir. Bakıda tanınmış polyak pianoçu Stanislav Dea tərəfindən verilmiş konsert və master-klass, musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə uğurla keçirilən pianoçular müsabiqəsi, bu önəmli tarixlə bağlı keçirilən geniş tədbirlər böyük maraq doğuran yaradıcılıq hadisəsinə çevrildi və Polşanın böyük oğlunun dühasına hörmət və ehtiram nümayişi oldu.
Konsertlər, simpoziumlar, konfranslar, sərgilər, müsabiqələr, Şopen və onun yaradıcılığı haqqında filmin hazırlanması, bəstəkarın əsərlərinin və ona həsr edilmiş monoqrafiyaların təkrar nəşri, həmçinin yeni araşdırmaların çapı heç də bu il üçün hesablanmış tədbirlərin tam siyahısı deyil.
"Polşa Motsartı"
Böyük Polşa bəstəkarı Friderik Şopen rəsmi sənədlərə görə, 22 fevral 1810-cu ildə Jelyazovoy Voledə anadan olub. Amma bəstəkar özü martın 1-də doğulduğunu deyirmiş və bunu anası da təsdiq edirmiş. Şopen Varşavada anası tərəfindən kübarəsilli uşaqlar üçün açılmış pansionda tərbiyə alıb. Atası Mikolay Şopen mənşəcə fransız idi və şərabçı vogez kəndlisinin bu savadlı oğlu Napoleon ordusunda qulluqdan yaxa qurtarmaq üçün Lotaringiyadan gəlmişdi və Polşada qalmışdı. Anası Yustına Kşijanovska Jelyazova Volya malikanəsində qrafinya Skarbekin müsahibi olub. Şopenin gəncliyi konservatoriya rektoru Yuzef Elsnerin kompozisiyasının sirlərini dərk etməklə keçib. Bunlar özünü fortepiano çalmaqda qazanılmış sürətli uğurlar, Varşava rautları, dəbdəbəli salonlarda konsertlər və pansion yoldaşlarının malikanələrində yay tətilləri ilə müşayiyət olunub. Şopenin musiqi istedadı özünü yetərincə erkən göstərib: artıq səkkiz yaşında onu "Polşa Motsartı" adlandırırdılar. 24 fevral 1818-ci il tarixdə kiçik Frederik ilk kütləvi konsertini verib və bütün Varşava onun haqqında danışmağa başlayıb. Şopen onu əhatə edən həyatı diqqətlə müşahidə edib: hər şeydən öncə incəsənət aləmində baş verən dəb və üslub dəyişmələrini, Varşavada klassizm və romantizm ardıcılları arasında baş verən mübahisələri izləyib. Eyni vaxtda Şopenin bir pianoçu kimi formalaşması baş verib. Onun çıxışları əvvəl Varşavada, sonra da Vyanada publikanın və mətbuatın diqqətini cəlb edib.
Varşavada 1830-cu ildə baş vermiş üsyan xəbərini də Şopen Vyanada alıb və bu, bəstəkarın ağır ruhi böhranına səbəb olub. Çünki dostlarının çoxu üsyan iştirakçıları olublar. Həmin çağların ağır yaşantıları az sonra yaratdığı etüdlərdə özünü göstərib. Xüsusi dramatik xarakterli olduğundan üç etudə "İnqilabi" adını verib. Polşanın taleyi barədə düşüncələr və vətənpərvərlik ruhu daha sonra Şopenin qəhrəmanlıq polonezlərində də səslənirdi, Malork və Noanda yazılmış bir sıra mazurkalarda isə Polşa ilə bağlı kədərin təsiri duyulurdu.
1831-ci ilin payızında Şopen Parisə gəlir. Parisdə verdiyi ilk konsert ona böyük populyarlıq gətirir. Şopen öz parlaq yumoru və imporvizasiya dühası ilə Paris salonlarını çox sürətlə fəth edir və seçmə incəsənət adamlarının çevrəsinə daxil olur. Burada o, List, Mendelson, Meyerber, Qalevi, Heyne ilə yaxınlaşır, Mitskeviçlə görüşərək uğursuz şəkildə onu vətənpərvər opera yazmaq üçün dilə tutur. Şopenin həyatının Paris dövründə böyük rolu Jorj Sand təxəllüsü ilə yazan tanınmış yazıçı Avrora Düdevan oynayıb. Şopen onun Noandakı yay iqamətgahında qonaq olub və xanım Sand artıq o vaxtdan ağır xəstə olan bəstəkarı Malork səfərində müşaiyət edib.
Həmin illərdə Şopenin ən yaxşı əsərləri - balladalar, skertso, fa minor fantaziyası, si-bemol minor və si minor sonataları, barkarola, bir sıra valslar və mazurkalar, həmçinin fa-diez minor, lya-bemol major və fantaziya polonezləri yazılıb. Noanda onun yaradıcılığı başa çatıb. Jorj Sanddan ayrıldıqdan sonra bəstəkar bir neçə aylığa İngiltərəyə və Şotlandiyaya yola düşüb. 1849-cu ilin oktyabr ayında Frederik Şopen vərəmdən ölüb. Bəstəkar Parisin Per-Laşez qəbristanlığında dəfn edilib. Böyük musiqiçinin dəfnində Motsartın "Rekviem"i və onun öz minor marşı ifa edilib.
Sonradan bu marşı bütün matəm mərasimlərində ifa etməyə başlayıblar. Ölümündən qabaq Şopen xahiş edib ki, onun ürəyi vətəni Polşaya göndərilsin. İndiyə kimi böyük Frederikin ürəyi spirtə salınmış halda Varşavada Müqəddəs Xaç kilsəsinin sütunlarından birində saxlanılır. Sütunda üzərində aşağıdakı yazılar olan löhhə asılıb: "Friderik Şopenə həmvətənlərindən". Bir neçə il qabaq Polşa hakimiyyəti Frederik Şopeninin ürəyini DTN testi keçirmək istəyən alimlərə verməkdən imtina edib. Alimlər Şopenin ürəyinin hüceyrələrinin analizinin yardımı ilə onun ölüm səbəbi kimi göstərilən vərəmdən deyil, kistoz fibrozdan ölüb-ölməməsini dəqiqləşdirmək istəyirdilər.
Şopen yalnız musiqidə deyil, həm də dünya mədəniyyəti tarixində ən parlaq yaradıcı fərdlərdən biri idi. O, bilərəkdən özünü yalnız fortepiano yaradıcılığına həsr etmişdi, heç bir simfoniya və opera yazmamışdı. O, ilk dəfə olaraq musiqisini bu cür güclü və müstəqil bədii sənətə çevirə bilmişdi.
Şopen bizimlədir
Polşa bəstəkarı Frederik Şopenin anadan olmasının 200 illiyinin Azərbaycanda bayram edilməsinə tanınmış Polşa pianoçusu Stanislav Dea və Azərbaycan musiqiçilərinin birgə konsertindən başlanılıb. Tədbir Heydər Əliyev Fondunun və Azərbaycan Dövlət Filarmoniyasının dəstəyi ilə keçirilib. Stanislav Dea həmçinin Qəbələ və Lənkəranda da çıxış edib, yerli musiqi məktəblərində master-klasslar keçirib. Şopenin əsərlərinin ifası ilə yanaşı o, gənc musiqi həvəskarlarına korifeyin yaradıcılığından da danışıb.
Sonra bayram tədbirləri yenidən paytaxta keçirilib. Bu ilin yayında Azərbacan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda böyük bəstəkara həsr olunmuş musiqili-poetik axşam baş tutub. İdeya müəllifi və axşamın quruluşçusu ölkənin xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə olub. Öz açılış çıxışında Firəngiz xanım qeyd edib: "Bütün dünyada elə bir insan yoxdur ki, Şopenin yaradıcılığını tanıyıb sevməsin. Bu, qanuna uyğundur, çünki Şopeninin musiqisi ən yaxşı insani hissləri və düşüncələri ifadə edir".
O, zalı doldurmuş qonaqlara böyük musiqiçinin həyat və yaradıcılıq yolunun pillələrindən kiçik bir hekayə təqdim edib, daha sonra musiqi səslənib. Azərbaycanın əməkdar artisti Murad Hüseynov royalda Polşa bəstəkarının ən parlaq əsərlərini ifa edib. Bu kiçik layihənin müəllifinin orjinal təxəyyülü nəticəsində musiqi əsərlərini şeir mətnləri müşaiyət edib. Səslənən şeirlər sırasında böyük Boris Pasternakın "Məşhur olmaq yaxşı deyil" və "Hər şeyin məğzinə qədər getmək istəyirəm" şeirləri, R.M.Rilkenin bəstəkara həsr etdiyi "Bu vergidir!" şeiri, S. Norvidin "F.Şopenin ölümünə" epitafiya poemasından hissələr olub. Həmçinin Frederik Şopenin doğmalarına, atasına və bacısı Lüdviqə yazdığı, bəstəkarın məhrəm duyğularını bölüşdüyü, öz ruhi halını və yaradıcılıq düşüncələrini qohumlarına etibar etdiyi məktublarından parçalar da səsləndirilib.
Avqustun əvllində isə Niyazinin evmuzeyində böyük polyak bəstəkarı və pianoçusu Frederik Şopenin anadan olmasınını 200 illiyinə həsr edilmiş və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təşkil olunan musiqili gecə keçirilib. Eyni zamanda muzeyin nəzdində qeyri-adi "Şopenin həyat və yaradıcılığı illüstrasiyalarda" sərgisi də təşkil edilib. Sərginin ekspozisiyasına muzey kolleksiyasından nadir eksponatlar - afişalar, konsert proqramları, Şopenin əsərlərinin tanınmış ifaçılarının fotoşəkilləri və plastinkalar daxil olub.
Sərgi və bəstəkarın ölümsüz əsərlərindən ibarət konsert proqramı ilə yanaşı həm də illüstrasiyalardan qurulan slayd-şou da təqdi edilib və bu, bir növ Şopenin həyatına virtual ekskursiya olub. Bir neçə dəqiqə ərzində tamaşaçıların gözü önündən onun uşaqlığı, yeniyetməliyi və gəncliyi keçib. İzləyicilər bəstəkarının həyatının son ilində çəkilmiş tək foto şəkili ilə də tanış olublar. Sərginin ekspozisiyasından Frederik Şopenin musiqisinin həvəskarları onun haqqında yeni çox şey öyrəniblər. Sən demə, o, ilk dəfə fortepiano arxasına üç yaşında keçibmiş, karikatura çəkməklə maraqlanırmış və özünün şarjlarını çəkməyi çox sevirmiş.
Şopen ili davam edir. Növbədə yeni layihələr, konsertlər və tanınmış musiqiçilərin master klassları, həmçinin səgilər və musiqi axşamları var.
MƏSLƏHƏT GÖR: