14 Mart 2025

Cümə, 20:58

BÖYÜK ÜZEYİR

Bakıda dahi Azərbaycan bəstəkarına həsr olunmuş beynəlxalq musiqi festivalı keçirilib

Müəllif:

01.10.2010

Azərbaycanda dahi bəstəkar və ictimai xadim Üzeyir Hacı-bəyovun 125 illiyi qeyd edilib. Təntənəli tədbirlər bəstəkarın ad günü - sentyabrın 18-də Heydər Əliyev Sarayında başlayıb. Konsertin proqramına dahi Üzeyir bəyin əsərlərindən - "Koroğlu" operasından, "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarından, həmçinin ustadın təkrarsız gücə, milli koloritə və romantik cazibəyə malik başqa əsərlərindən parçalar daxil edilib. Festivalın açılış mərasimində SSRİ xalq artisti Fidan Qasımova, Azərbaycanın xalq artisti Xuraman Qasımova, həmçinin qonaqlar - Qazaxıstan Opera və Balet Teatrının solisti Gülzat Daurbayeva və Ankara Opera və Balet Teatrının solisti Şenol Talınlı çıxış ediblər. 

Heyranedici üverturanı və  "Çənlibel" xorunu, həmçinin "Koroğlu" operasından rəqsləri, qəhrəmanların ariyalarını və operetta səhnələrini Rauf Abdullayevin idarəsi ilə Uzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri, Gülbacı İmanovanın idarəsi ilə Dövlət Xor Kapellası, opera və balet, pantomima, musiqili komediya teatrının dirijorları, solistlər, artistlər ustalıqla ifa ediblər. Onlar son üç ildə ustadın tamaşaçıların çoxdan görmədiyi "O olmasın, bu olsun" və "Arşın mal alan" kimi operettelarının tamaşalarını  bərpa ediblər. 

Bir gün sonra isə Musiqili Komediya Teatrında "Arşın mal alan" operettasının tamaşası olub. Başqa teatrlar kimi, bu teatr da növbəti, 138-ci teatr mövsümünün açılışını Üzeyir Hacıbəyovun xatirəsinə, onun 125 illik yubileyinə həsr edib. Azərbaycan Opera və Balet Teatrı isə musiqili festival çərçivəsində "Koroğlu" operasını təqdim edib. Tamaşada baş rolları gənc artistlər - əməkdar artist, Bülbül adına vokalçıların I Beynəlxalq müsabiqəsinin laureatı Həsən Enami (Koroğlu) və İlahə Əfəndiyeva (Nigar) parlaq ifa ediblər. Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov olub. Kukla Teatrında Üzeyir Hacıbəyovun ad günündə "O olmasın, bu olsun" tamaşasının premyerası keçirilib. Qeyd edək ki, məşhur operettanın bu qeyri-adi versiyasında kukla personajları ilə yanaşı, canlı aktyorlar da oynayır, özü də Məşədi İbadı Yaşar Nuri ifa edib. Teatr üçün kuklalar teatrın sifarişi ilə tanınmış Rusiya rəssamı Tatyana Melnikova tərəfindən hazırlanıb. 

Görkəmli Azərbaycan bəstəkarının yubiley bayramına başqa ölkələrin də musiqiçiləri qatılıb. Belə ki, sentyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında MDB ölkələrinin Gənclər Simfonik Orkestri çıxış edib. Gənc musiqiçilərin ifasında C.Verdi, P.Çaykovski, K.Sen-Sans və J.Bizenin əsərləri, həmçinin Üzeyir Hacıbəyovun "Arazbarı" əsəri səslənib. Qeyd edək ki, bu kollektiv MDB ölkələrinin Hökumətlərarası Humanitar Əməkdaşlıq Şurasının təşəbbüsü ilə Moskva Dövlət Akademik Filarmoniyasının dəstəyi ilə üç il qabaq simfonik musiqi ifası ənənələrinin qorunması və inkişafı, həmçinin yaradıcı gənclər arasında qarşılıqlı anlaşma və ünsiyyət məqsədilə yaradılıb. 

Festivalın daha bir unudulmaz və parlaq hadisəsi Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilmiş fortepiano musiqisi axşamı olub. Əməkdar artist Murad Hüseynovun ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib. 

Yubiley təntənələri çərçivəsində xüsusi yeri Heydər Əliyev Fondunun himayəsi ilə buraxılmış çoxsaylı nəşr əsərlərinin - Üzeyir Hacıbəyovun və onun ardıcıllarının ölümsüz əsərlərinin, analitik araşdırmalarının və qeydlərinin təqdimatı olub. Təqdimatın ən yaddaqalan hadisəsi gerçəkdən əvəzsiz zəhmət nümunəsi - maestronun "Əsli və Kərəm" operasının partiturasının ilk nəşri olub. Çox illər ərzində Opera və Balet Teatrının orkestrinin artistləri bu əsəri müxtəlif və əllə köçürülmüş kopiyalar əsasında ifa ediblər. İndi isə qısa müddət ərzində musiqi kollektivi tərəfindən hazırlanmış partitura dahi Üzeyir bəyin xatirəsinə həsr edilmiş layiqli hədiyyə olub. 

Gerçək musiqi sərrafları üçün daha bir hədiyyə "Ləzginka" rəqsinin paritutrasının ilk nəşrinin təqdimatı idi. O, ilk dəfə 1932-ci ildə xalq çalğı alətləri orkestri (tar, kamança, balaban və dəf) üçün yazılıb. Həmin dövrdə bəstəkar xüsusi olaraq yeni yaradılmış ilk notlu xalq çalğı alətləri orkestri üçün "Çahargah" və "Şur" ladlarında musiqili fantaziyalar yazıb. Muzey bu əlyazmanı dirijor Əşrəf Həsənovun arxivindən alıb. Ehtimal edilir ki, əlyazma dirijora Üzeyir Hacıbəyovun özü tərəfindən verilib. Üzeyir Hacıbəyov tərəfindən 1943-cü ildə yazılmış "Ləzginka-sonatina" bəstəkarın ev-muzeyində saxlanır. Bu əsərin bəstəkarın sağlığında ifa edilib-edilməməsi bəlli deyil. 

Amma onun ölümündən sonra ilk dəfə Dövlət Musiqi Mədəniyyəti Muzeyinin təşəbbüsü ilə 2003-cü ildə, yazılmasından 60 il sonra "Sirlər və kəşflər" tədbiri çərçivəsində muzeydə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gülağa Zeynalovun rəhbərlik etdiyi xalq çalığı alətləri orkestrinin ifasında səslənib. Beynəlxalq "Üzeyir Hacıbəyov - 125" musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik  Opera və Balet Teatrında "Leyli və Məcnun" operası göstərilib. Şərqin birinci operası, 102 il teatrın repertuarında əsas yeri tutan əsər tamaşaçılara əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşu ilə təqdim edilib. 

Bu məşhur səhnə əsərinin quruluşçu rəssamı xalq rəssamı, Dövlət Mükafatı   laureatı Rafiz İsmayılov, xormeysteri Sevzixan Sərdarov, baletmeysteri əməkdar incəsənət xadimi Yuliana Əlikişizadədir. Əsas partiyaları əməkdar artist Gülyaz Məmmədova (Leyli) və teatrın gənc solisti Səbuhi İbayev (Məcnun) ifa ediblər. Tamaşaçılar həmişə olduğu kimi, "Leyli və Məcnun" tamaşasını böyük maraqla qarşılayıblar, yaradıcı heyəti gurultulu alqışlarla salamlayıblar. Musiqili festivalın çərçivəsində son tədbir Sinqapurdan olan "TANG" simli kvartetinin çıxışı olub, konsert sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində keçirilib. 


MƏSLƏHƏT GÖR:

539