Müəllif: Sənan NADİROĞLU Bakı
Bu il Azərbaycan şahmatçıları üçün karyera baxımından çox vacib mövsüm olacaq. İlin əvvəlində millimizin liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE Qran-Pri turnirinin Gürcüstan mərhələsində iştirak edəcək. Ardınca bir sıra turnirlərə qatılacaq şahmatçılar Avropa Kuboku, eləcə də qitə birinciliyində mübarizə aparacaq.
İlin ən böyük şahmat yarışlarından biri - Dünya Kuboku Bakıda təşkil ediləcək. Doğma paytaxtımızda keçiriləcək turnirdə şahmatçılarımızın məsuliyyəti daha çox olacaq. Çünki Bakıda şahmatsevərlərin qarşısında uğur qazanmaq həm çətin, həm də şərəflidir. Dünya Kubokunda finala vəsiqə qazanan şahmatçılar dünya çempionluğuna iddiaçıların yarışına vəsiqə əldə edəcək. Buna görə də sentyabrda baş tutacaq Dünya Kubokunda gərgin mübarizə proqnozlaşdırılır.
Dünya Kubokunda iştirak edəcək Rusiya yığmasının üzvü, əslən ukraynalı Sergey Karyakin bu günlərdə Bakıda səfərdə olub. Qısamüddətli səfər zamanı "R+"un suallarına cavab verən Karyakin Bakı səfərindən, mərhum Vüqar Həşimovla dostluq münasibətindən, eləcə də Levon Aronyanın Dünya Kubokunda iştirakından danışıb.
- İlk olaraq Bakıya səfəriniz haqqında danışaq. Vüqar Həşimovun vəfatından 1 il keçməsi ilə əlaqədar səfəriniz gözlənilməz oldu...
- Vüqar mənim üçün gözəl insan və əvəzolunmaz dost olub. Vüqarın qardaşı ilə daim əlaqə saxlayıram. Bu mənada, yanvarın 11-də Bakıya gəlmək istədim. Bu çətin günü birgə xatırlamağı vacib saydım. Bir il sanki bir gözqırpımında keçdi. Yaxşı yadımdadır, 2014-cü ilin bu günləri Veyk-An-Zee turnirində iştirak edirdim. Gözlənilmədən Vüqarın vəfatı hamı üçün şok oldu. Bu mənim üçün çox böyük itkidir. Yanvarın 12-də ad günümdür. Belə çətin hadisəni xatırlayandan sonra heç ad günüm haqda düşünmürəm.
- Artıq 1 ildir ki, Vüqar vəfat edib. Bu müddətdə daha çox hansı hadisəni xatırladınız?
- Bu müddətdə Vüqar mənim yuxuma da girib. Eyni zamanda, onu hər zaman düşünmüşəm. Bəzən Boris Gelfandla birgə olanda onun partiyaları haqqında danışırıq. Gedişlərini müzakirə edirik. Yadımdadır, son dəfə telefonla danışan Vüqara tezliklə sağalmasını arzuladım. Çünki yarışlara birgə hazırlaşmalıydıq. Bizim birgə çox maraqlı günlərimiz olurdu. O isə dedi ki, ona nəsə olsa, bundan sonra şahmatı həm özüm üçün, həm də onun yerinə oynayım. Bu sözlər mənə toxundu.
- Bir qədər şahmatdan danışaq. Çempionluq matçında Maqnus Karlsen qələbə qazandı. Vişvanatan Anandın yenə məğlub olması gözlənilən idi?
- Anand bu dəfə çempionluq görüşündə daha yaxşı oynadı. Hətta uğur qazanmaq üçün şanslı idi. Məğlub olduğu partiyalarda səhvlərə yol verdi. Əks halda, ardıcıl oyunlar fərqli nəticə ilə başa çatacaqdı. İstənilən halda Karlsen layiqli qələbə qazandı.
- 2015-ci ildə hansı planlarınız var?
- Hər zaman olduğu kimi, reytinqimi yüksəltməliyəm. FİDE reytinqində daha yüksək yerlərdə olmaq istəyirəm. Bakıda Dünya Kuboku keçiriləcək. Bu yarışda, eyni zamanda, Qran-Pridə çıxış edəcəyəm. Əsas hədəf iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. İddiaçılar turnirində iştirakla ən böyük titul - dünya çempionluğu uğrunda yarışa qoşulursan.
- Dünya Kubokunda ermənistanlı şahmatçı Levon Aronyanın iştirakı hələ dəqiqləşməyib. Sizcə, Aronyan olmasa, bu, yarışdakı mübarizəyə necə təsir edəcək?
- Levon Aronyan güclü şahmatçılardan biridir. Fikrimcə, siyasət idmandan kənardır. Ona görə, Dünya Kubokunda iştirak etməkdə heç bir problem olmayacaq. Əlbəttə, son qərarı özü qəbul edir. Amma onun Dünya Kubokunda iştirak etməsini istərdim.
- Müxtəlif yarışlarda görüşürsünüz. Bu barədə Aronyanla söhbətiniz olub?
- Son dəfə danışdığımız zaman Aronyan Dünya Kubokunda iştirak edəcəyini bildirdi. Ona görə qərarını dəyişəcəyinə inanmıram. Dünya Kubokuna ən güclü şahmatçılar dəvət alır. Bu məqamda Aronyanın olması rəqabəti daha da artıracaq.
- Dünya Kubokunda əsas rəqib kimi hansı şahmatçının adını çəkə bilərsiniz?
- Son illər şahmat bütün ölkələrdə sürətlə inkişaf edib. Bütün rəqiblər Bakıya finala çıxmaq üçün gələcəklər. Rəqabət çox güclü olacaq. İlk olaraq yerli şahmatçılar Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun oyununu qeyd edərdim. Hər iki qrossmeyster yüksək səviyyəyə malikdir. Buna görə də onlarla ehtiyatlı olmaq lazımdır. Konkret favorit olmayacaq. Ilk mərhələlərdə hətta sürpriz nəticə də ola bilər.
- Şahmatla əlaqədar Bakıda tez-tez olursunuz. Bəlkə bir qədər şəhərimizdən danışaq?
- Bakıda çox olmuşam. Hər dəfə paytaxta böyük ümidlərlə gəlirəm. Yaşadığım Moskva şəhərindən Bakıya gün ərzində 4 dəfə təyyarə uçur. Ona görə Azərbaycana gəlmək çətin deyil. Həyat yoldaşım Qaliya Bakını çox sevir. Ən çox İçərişəhər və Milli Parkı. Xəzərin sahilində olan Bakı çox ecazkardır. Təkcə Bakı yox, Şəmkirdə də olmuşam. Ora çox gözəldir. Mətbəxiniz çox dadlıdır desəm, yəqin, təəccüblənməzsiniz. Hər dəfə Bakıdan qayıdanda çəkim artır.
MƏSLƏHƏT GÖR: