26 Noyabr 2024

Çərşənbə axşamı, 00:33

"XÜSUSİ DİQQƏTDƏN" KƏNARDA

"FATF" Azərbaycanı pul yuyulması ilə bağlı mübarizədə boşluqları olan ölkələr siyahısından çıxarır

Müəllif:

01.10.2010

Pulların yuyulmasına qarşı maliyyə tədbirlərinin işlənməsi qrupu olan "FATF"  Azərbaycanı da "xüsusi diqqət" tələb edən ölkələr siyahısına salanda çoxları inanmırdı ki, bu beynəlxalq təşkilat belə tezliklə rəyini dəyişəcək və ölkə bu arzuolunmaz siyahıdan çıxacaq. Doğrudur, bununla yanaşı, onda "FATF" tərəfindən xüsusi qeyd kimi göstərilirdi ki, Azərbaycanda pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində müəyyən boşluqlar var, amma ölkə hökuməti siyasi iradəyə və onların ləğv edilməsi üçün xüsusi fəaliyyət planına malikdir. Nəticə özünü çox gözlətmədi. Artıq bu ay Azərbaycan "xüsusi diqqət" tələb edən ölkələr siyahısından çıxarıla bilər. Ən azından, Azərbaycan Mərkəzi Bankının (AMB) başçısı Elman Rüstəmov belə bir optimizmə sahibdir. 

Azərbaycanın fəaliyyət planının gerçəkləşdirilməsində əldə etdiyi uğurlar, eyni zamanda, milli qanunvericiliyin təkmilləşdirilməsi və Maliyyə Monitorinqi Xidmətinin funksionallığının artırılması "FATF"ın artıq 2010-cu ilin iyun ayında keçirilmiş plenar sessiyasında qeyd edilib. Bununla bağlı, Azərbaycanın üçüncü qrup ölkələr siyahısından çıxarılması prosedurlarına başlanmasının vacibliyi etiraf edilib. Məsələnin müzakirəsi oktyabrın 18-də Parisdə "FATF"ın plenar iclasında olacaq. 

Cinayət gəlirlərinin leqallaşmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan hökumətinin hansı öhdəliklərə və gələcək fəaliyyət planına malik olması barədə jurnalımıza AMB yanında maliyyə monitorinqi xidmətnin başçısı Adışirin Qasımov danışır. 

- "FATF"ın Azərbaycanı xüsusi diqqət tələb edən ölkələr siyahısından çıxarması üçün hansı tədbirlər görülməlidir? Əgər bu qərar "FATF"ın oktyabr sessiyasında qəbul olunmasa, onda məsələ ilə bağlı növbəti dinləmələri nə vaxta  gözləmək olar? 

- "Böyük İyirmilər"in 2009-cu ildə Londonda keçirilmiş sammitində qəbul olunmuş qərar əsasında "FATF" 140-a yaxın ölkədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin, ya da  başqa əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi sahəsində mövcud durumun qiymətləndirilməsini aparıb. 

Sonra oktyabr ayında "FATF"ın plenar iclasında pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi əleyhinə sistemin inkişafı sahəsində cari durum müzakirə edilib.  Bildirmək gərəkdir ki, müzakirəyə əsas kimi Avropa Şurasının "Moneyval" ekspertlər komitəsi tərəfindən 2008-ci ildə  keçirilmiş qiymətləndirmənin nəticələri götürülüb. Amma iki il qabaq Azərbaycanda hələ PY/TMM ilə bağlı əsas qanun qəbul edilməmişdi və maliyyə montorinqi orqanı yaradılmamışdı. Bununla bağlı "Moneyval" Azərbaycanda "kirli pul"ların ağardılması və terrorun maliyyələşdirilməsi əleyhinə mübarizə sisteminin təkmilləşdirilməsi üzrə bir sıra tövsiyələr irəli sürüb. Bu tövsiyələr uyğun qanunvericilik bazasının formalaşması və maliyyə monitorinqi orqanının yaradılması ilə bağlı olub. 

Məhz bu hesabatın nəzərə alınması ilə "FATF"ın keçənilki oktyabr iclasında 24 ölkə ilə yanaşı, Azərbaycanın da "xüsusi diqqət" tələb olunan  ölkələr siyahısına salınması barədə qərar qəbul edilib. Artıq 2010-cu ilin fevral ayında "FATF"ın plenar iclasında PY/TMM ilə bağlı mövcud risklər üzrə üç qrupa bölünüb: 

- PY/TMM sahəsində  böyük çatışmazlıqları olan və barələrindən sanksiyalar qəbul edilmiş ölkələr;

- PY/TMM sahəsində boşluqlara malik olan, amma bu barədə "FATF"la əməkdaşlıq etməyən ölkələr; 

- PY/TMM sahəsində boşluqları olan, amma onların ləğvi üçün siyasi iradəyə və xüsusi fəaliyyət planına malik ölkələr. 

Qiymətləndirmənin yekununa görə, Azərbaycan üçüncü ölkələr qrupuna aid edilib. "FATF"ın 2010-cu ilin fevral ayında açıqlanmış bəyanatında Azərbaycanda  PY/TMM sisteminin inkişafınqda müsbət meyillərin olması qeyd edilib. Bu sahənin  inkişaf etdirilməsi ilə bağlı yüksək siyasi iradənin olması xüsusi vurğulanıb. "FATF", həmçinin, ölkədə PY/TMM sisteminin inkişafı məqsədi ilə ümum fəaliyyət planının gerçəkləşdirilməsinin başlanğıcını da müsbət hadisə sayıb. 

Bununla yanaşı, Azərbaycana "FATF" və "Moneyval"la əməkdaşlığı davam etdirərək, PY/TMM sistemini beynəlxalq standartlara uyğun şəkilə qaldırmaq tövsiyə edilib. Milli qanunvericiliyin "FATF"ın tələblərinə uyğun şəkilə gətirmək üçün  5 mart 2010-cu il tarixdə PY/TMM üzrə yeni qanun qəbul edilib, martın 17-də isə onun tətbiqi ilə bağlı Azərbaycan prezidenti xüsusi fərman verib. Həmçinin Maliyyə Motnitorinqi Xidmətinin tamqiymətli fəaliyyəti təmin edilib. 

PY/TMM üzrə qanunvericilik əsasında bütün lazımi normativ aktlar qəbul olunub ki, bu da Maliyyə Monitorinqi Xidmətinin praktiki fəaliyyətinin tam təmin edilməsi üçün mexanizm formalaşdırmağa imkan verib. Hazırda orada monitorinq subyektlərindən göstərici yığım sistemi yaradılıb. 

PY/TMM sisteminin inkişafı üzrə Azərbaycan tərəfindən göstərilən səylər  "FATF"ın 2010-cu ilin iyun ayında keçirilmiş növbəti plenar iclasında yüksək qiymətləndirilib.  Həmin iclasda Azərbaycanın "FATF"ın bu siyahısından çıxarılması üçün uyğun prosedurların başlanması barədə qərar qəbul edilib. Qeyd edək ki, 25 ölkə arasında bu qərar yalnız Azərbaycan və Qətər haqqında verilib. Bu qərarın yerinə yetirilməsi üçün "FATF" Azərbaycana yüksək çinli şəxslərdən ibarət qiymətləndirmə missiyası da göndərib. Missiyanın səfəri 2010-cu ilin 7-8 sentyabr günlərində baş verib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın PY/TMM sahəsində uğurları ilə tanış olublar. Bir sözlə, növbəti plenar iclasda Azərbaycanın "xüsusi diqqət" tələb elən ölkələr siyahısından çıxarılması gözləniləndir. 

- Bu siyahıdan çıxmaq Azərbaycana nə verəcək və ölkəni "FATF"da öz mövqeyini gücləndirmək üçün sonrakı addımlar nə olacaq?

- Hətta Azərbaycanın bu siyahıya salınması nəticəsində ölkənin nə maliyyə sistemi, nə maliyyə institutları ayrılıqda heç bir sanksiya və ya məhdudlaşdırıcı tədbirlə üzləşmədilər. Hətta "FATF"ın qərarında da bu cür tədbirlərin tətbiqi nəzərdə tutulmamışdı. Qurumun açıqlamasında bildirilmişdi ki, Azərbaycan PY/TMM sahəsində dünya ictimaiyyəti ilə tam əməkdaşlıq edir. Eyni zamanda, ölkə milli qanunvericilikdə müəyyən məqamların aradan qaldırılması üçün yüksək siyasi iradəyə malikdir. 

Buna görə də Azərbaycanın bu siyahıdan çıxarılması ölkənin etibarlı maliyyə sisteminə malik olması üzrə beynəlxalq imicinin daha da möhkəmlənməsinə imkan verir. Bütün xarici maliyyə institutlarında, investorlarda, bütövlükdə dünya birliyində Azərbaycanın maliyyə sisteminin PY/TMM baxımından şəffalığı və etibarlılığına daha böyük inam yaranacaq. 

Qeyd etmək lazımdır ki, ölkədə PY/TMM sisteminin effektivliyinin uyğun beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsi daimi xarakter daşıyır. Və Azərbaycan bunu nəzərə alır. Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi əleyhinə möhkəm bünövrə üzərində qurulmuş mübarizə strategiyası çərçivəsində daim lazımi islahatlar aparılır. 

Məsələn, Maliyyə Monitorinqi Xidməti PY/TMM sisteminin inkişafı ilə bağlı 2010-2013-cü illəri əhatə edən strategiya işləyib və qəbul edib. O, yalnız "FATF" və "Moneyval"ın deyil, başqa beynəlxalq qurumların da rəyi nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, qəbul edilmiş strategiyanın gerçəkləşdirilməsi üçün  Maliyyə Monitorinqi Xidmətinin illik fəaliyyət  planı hazırlanıb və hazırda o gerçəkləşdirilir. 

- PY/TMM sahəsində əməkdaşlıq etməyən dövlətlər siyahısına edilən dəyişikliklər "FATF"ın qərarlarından nə dərəcədə asılıdır?

-  PY/TMM sahəsində əməkdaşlıq etməyən dövlətlərin siyahısı həmin ölkələrin nazirlər kabinetlərinin təsdiq etdiyi qaydalar əsasında hazırlanıb. Bu qaydalar, əsasən,  bü cür dövlətlərin siyahısı müəyyən meyarların nəzərə alınması ilə hazırlanır və xarici işlər nazirlikləri ilə razılaşdırılır. Onun tutulmasında BMT, Avropa Şurası, ATƏT, İqtisadi Əəmkdaşlıq və İnkişaf Təşkilatı (OECD), BVF, "FATF", "Moneyval" və başqa beynəlxalq institutların qərar və açıqlamaları da nəzərə alınır. 

Bu siyahıdan bir sıra ölkələrin çıxarılması "FATF" və başqa beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin yerinə yetirilməsi, həmçinin uyğun tədbirlərin gerçəkləşdirilməsi nəticəsində mümükün olur. 

- Azərbaycan "Moneyval" tərəfindən  növbəti qiymətləndirməyə nə səviyyədə hazırdır?

- Azərbaycan cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi əleyhinə möhkəm bünövrə üzərində qurulmuş mübarizə strategiyasına malikdir. Azərbaycanda PY/TMM sisteminin inkişafı üzrə beynəlxalq tələblərə uyğun gerçəkləşdirilən tədbirlər sistemli və ardıcıl xarakterlidir. 

Bu tədbirlər ölkənin beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə imkan verir. Buna görə də PY/TMM sisteminin istənilən beynəlxalq təşkilat tərəfindən qiymətləndirməyə hazırdır və istənilən beynəlxalq qiymətləndirmə müsbət nəticələr verə bilər. Ölkənin "Moneyval" tərəfindən növbəti qiymətləndirilməsi 2012-ci ildə və ya 2013-cü ildə keçirilə bilər. 

Yeri gəlmişkən, indən belə PY/TMM sisteminin inkişafının qiymətləndirilməsi üzrə hesabatların hazırlanması yalnız "FATF" və ya "Moneyval" tərəfindən aparılmır. Məsələn, bu ilin avqust ayında ABŞ Dövlət Departamenti tərəfindən açıqlanmış 2009-cu il ərzində ölkələrdə terrorizm üzrə hesabatda Azərbaycan tərəfindən terrorizmə və terrorizmin maliyyələşdirilməsinə qarşı uğurla mübarizə aparılması qeyd edilir. Hesabatda Azərbaycanın PY/TMM sisteminin inkişafı uğurları xüsusi göstərilib (http://www.state.gov/documents/organization/141114.pdf).

- Xidmət fəaliyyətə  başlayandan  bu yana Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vasitələrinin və ya əmlakın leqallaşdırılması, eləcə də terrorizmin maliyyələşdirilməsi hallarına rast gəlinibmi?

- İstənilən maliyyə monitorinqi orqanının əsas funksiyası monitorinq subyektləri tərəfindən təqdim edilmiş göstəricilərin təhlili əsasında maliyyə əməliyyatlarında pulların yuyulması və terrorizmin maliyyələşdirlməsi üzrə elementlərinin olmasını aşkarlamaqdır. Mən əvvəlcə qeyd etdiyim kimi, artıq tamamilə monitorinq subyektlərinin müvafiq göstəriciləri bizim xidmətə təqdim etməsi üçün sistem formalaşdırılıb. İndiyə kimi bütövlükdə 20 min bu cür göstərici təqdim olunub. 

Dünya praktikası göstərir ki, istənilən yeni yaradılmış maliyyə monitorinqi orqanı ən azı bir-iki il ərzində formalaşmış məlumat bazası əsasında uyğun nəticələr əldə edə bilər. Bu baxımdan Maliyyə Monitorinqi Xidmətinin məlumat bazası indii-indi formalaşmağa başlayır. 

Bununla yanaşı, bir sıra maliyyə əməliyyatlarının mövcud baza əsasında aparılmış tədqiqatı xidmətdə terrorizmin maliyyələşdirilməsi ilə bağlı şübhələr yaradıb. Bu məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qurumlara təqdim edilib. 

- Maliyyə Monitorinqi Xidmətinin əhatəsinə düşən fəaliyyət sahələrinin genişləndirilməsi planlaşdırılırmı? 

-  Azərbaycanda hazırda PY/TMM sahəsində mövcud olan qanunvericilik beynəlxalq standartların və qabaqcıl dünya təcrübəsinin nəzərə alınması ilə hazırlanıb, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində ən son meyillərin tətbiqini nəzərdə tutur. 

Buna görə də mövcud qanunvericilik cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə lazım olan bütün fəaliyyət sahələrini əhatə edir. Yeni işlək qanunvericilikdə bütün monitorinq subyektləri və PY/TMM-də iştirak etməli olan bütün nəzarət qurumları müəyyənlişdirilib. Bu istiqamətdə siyahının genişləndirilməsi nəzərdə tutulmur.


MƏSLƏHƏT GÖR:

478