14 Mart 2025

Cümə, 20:58

"GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR"

Türkdilli dövlətlərin inteqrasiyasının dərinləşdirilməsi kursu davam etdiriləcək

Müəllif:

01.10.2010

Sentyabrın 16-da İstanbulda tükdilli dövlət başçılarının yubiley - X Sammiti keçirilib. Sammitdə Türkiyə prezidenti Abdullah Gül, Azərbaycanın dövlət başçısı İlham Əliyev, Qazaxıstan rəhbəri Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəm-mədov, Qırğızıstana keçid dövründə rəhbərlik edən Roza Otunbayeva, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rahimi iştirak ediblər. Sammitə yalnız Özbəkistan prezidenti İslam Kərimov qatılmamışdı ki, onun da istər GUAM, istər KTMT, istərsə də türkdilli dövlətlərin sammiti olsun - inteqrasiya proseslərinə qeyri-sabit və skeptik münasibəti bəllidir.

Amma İranın yüksək rütbəli təmsilçisinin toplantıya qatılması hər kəs üçün xoş sürpriz sayıla bilər. Çünki bu ölkənin rəhbərliyi türk inteqrasiyası ideyası və təşəbbüsünə həmişə mənfi yanaşıb, müsəlman həmrəyliyi və birliyi ideyasını buna qarşı qoyub.

Xatırladaq ki, türkdilli dövlət başçılarının ilk Sammiti 1992-ci ildə Türkiyənin ozamankı mərhum prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilmişdi. O dövr-dən türkdilli dövlətlər arasında inteqrasiya prosesi gah ləngiyib, gah sürətlənib, ümumilikdə isə irəliləyib. İstanbul sammiti də bu baxımdan əlamətdar hadisədir. Toplantı göstərib ki, türkdilli dövlətlər inteqrasiya prosesini, əvvəllər olduğu kimi, yalnız təhsil və mədəniyyət sahələri ilə məhdudlaşdırmaq fikrində deyil.

Sammitin açılışında çıxış edən A.Gül bu dövlətlərin əməkdaşlığı çərçivəsində inteqrasiya prosesini yüksək qiymətləndirib. "Ölkələrimizin coğrafiyası əməkdaşlıq üçün böyük imkanlar açsa da, regionumuzda problemlər də var və onların həlli vacibdir. Odur ki, ölkələrimiz arasında əməkdaşlıq regionumuzda sülh və sabitliyin bərqərar olması baxımından da vacibdir", - deyə Türkiyə prezidenti bildirib. O, hesab edir ki, türkdilli dövlətlərin inteqrasiya və əməkdaşlığı Avrasiyada sülh və sabitlik baxımından vacib faktordur.

Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində türkdilli dövlətlərin inteqrasiyası prosesinə tam dəstək nümayiş etdirib və deyib: "Gücümüz birliyimizdədir". İ.Əliyev bildirib ki, bu dövlətlərtin onlar üçün vacib məsələlərdə beynəlxalq qurumlar çərçivəsində bir-birini dəstəkləməsi də zəruridir.

X Sammitin siyasi nəticəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqda razılaşmanın imzalanmasıdır. Bu, mənzil-qərargahı İstanbulda yerləşən yeni beynəlxalq qurumdur. Qeyd edək ki, şuranın yaradılması haqda qərar hələ Naxçıvanda ötən il keçirilmiş sammitdə qəbul edilmişdi. İndi isə razılaşma reallaşdırılıb. TDƏŞ-in nizamnamə layihəsinə görə, o, prezidentlər, xarici işlər nazirləri, ekspertlər, ağsaqqallar şuralarından və katiblikdən ibarət olacaq. Türkiyənin Rusiyadakı sabiq səfiri Xəlil Akıncı isə qurumun baş katibi təyin olunub.

TDƏŞ yeni regional ümumtürk birliyinin yaradılması üçün baza olacaq. Məqsəd isə oxşar dilə və mədəniyyətə sahib xalqlar arasında birliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi-ticari əlaqələrin gücləndirilməsidir. Bu, TÜRKSOY, həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi mövcud ümumtürk inteqrasiya təşkilatlarına yeni əlavədir.

Bundan başqa, toplantıda Türk İşgüzar Şurasının yaradılması qərarı da qəbul olunub. Sammit iştirakçıları oktyabrın 3-nü - Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü elan edib.

Türkdilli dövlət başçılarının növbəti sammiti 2011-ci ildə Qazaxıstanda, ondan sonrakı isə 2012-ci ildə Qırğızıstanda keçiriləcək. Türkdilli dövlətlərin inteqrasiyasında siyasi və iqtisadi sahələrə diqqət ayrılması birgə təhsil və mədəniyyət layihələrinin reallaşdırılmasına marağın azalması anlamına gəlmir. TÜRKSOY-un qərarı ilə 2012-ci il üçün Astana türk dünyasının mədəniyyət mərkəzi elan olunub. Qazaxıstan Akademiyasının tərkibində isə tarixi tədqiqatlar fondu və muzey yaradılacaq. Türk mədəni irsinin qorunub-saxlanılması, həmçinin, birgə tədqiqatların stimullaşdırılması üçün Bakıdakı universitetlərdə xüsusi fond (vəkf) yaradılacaq. Bundan başqa, Türkmənistanda türk mədəniyyətinin böyük festivalı keçiriləcək.

Mədəniyyət, elm və təhsil sahələrində inteqrasiya, türk dövlətləri və xalqlarının dil lüğətinin daha da yaxşılaşdırılması son dərəcə vacibdir və onun ciddi geosiyasi nəticələri olacaq.

Tarixdə Almaniyanın "dəmir" kansleri olan Bismarkın məşhur bir kəlamı qalıb: 19-cu əsrdə baş vermiş, amma bütün dünya tarixində iz qoymuş hadisə haqda suala cavabında o, demişdi ki, bu olay, ingilis dilinin ABŞ-da dövlət dili elan olunmasının təsdiqidir. Xatırladaq ki, o vaxtlar ABŞ-da bu məsələnin müzakirəsi zamanı nümayəndələr ingilis dililə yanaşı, alman dilini də nəzərdən keçirirdi. ABŞ-da ingilis yox, alman dilinin dövlət dili elan olunacağı təqdirdə, dünya tarixinin necə olacağını, birinci və ikinci dünya müharibələri zamanı ABŞ-ın İngiltərənin, yoxsa Almaniyanın tərəfini tutacağını kim bilir? 

Televiziya və İnternetin gündəlik həyatın rəmzinə çevrildiyi müasir dövrdə böyük ümumtürk dil, mədəniyyət və təhsil arealının yaradılması mühüm zərurətdir.

Türkdilli dövlətlər arasındakı inteqrasiya prosesləri fövqəldövlətlər və qonşu ölkələr tərəfindən birmənalı qarşılanmır. Buna nisbətən xoş münasibəti Vaşinqton göstərir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sözlərinə görə, türkdilli dövlətlər arasında yaxınlaşma Ankaranın strateji tərəfdaşı olan ABŞ tərəfindən dəstəklənir. Rusiya və Çin məsələyə müəyyən ehtiyatla yanaşır. Yunanıstanda, xüsusilə Ermənistanda isə prosesi heç də xüsusi heyranlıqla izləmirlər.

Türklərə tarixi düşmənçilik aşılayan, Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış Ermənistan türkdilli dövlətlər və xalqların nəhəng birliyi qarşısında özünü heç də rahat hiss etmir. Axı ermənilərin arxalandığı KTMT-yə heç də yalnız Yerevana himayədarlıq edən Rusiya daxil deyil. Qazaxıstan, Qırğızıstan və Özbəkistan da bu birliyin üzvləridir. Onlar isə ermənilərin beynəlxalq hüquqa zidd olan iddialarını dəstəkləmir.

Dağlıq Qarabağ münaqişəsinə İlham Əliyevin sammitdəki çıxışında da toxunulub. O, "ermənilərlə Dağlıq Qarabağa dönəcək azərbaycanlıların vahid Azərbaycan dövlətində yüksək özünüidarəetmə hüququ prinsipi əsasında yaşamalı olduqlarını" bildirib. "Xalqların öz müqəddəratını təyinetmə arzusu ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Yəni bu iki anlayış arasında ziddiyət olmamalıdır. Beynəlxalq təcrübə və beynəlxalq hüquq məhz bu mövqeni dəstəkləyir", - deyə İ.Əliyev vurğulayıb.

İstanbul sammiti yalnız çoxsaylı müzakirələr və çoxtərəfli əməkdaşlıq qərarları ilə məhtudlaşmayıb. Orada ayrı-ayrı türkdilli dövlətlər arasında mövcud olan bəzi fikir ayrılıqları haqda da danışılıb. Məsələn, Qurbanqulu Berdiməhəmmədov sammitin yekununda keçirilən mətbuat konfransında bildirib ki, Türkmənistan qardaş Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil. "Türkmənistanla Azərbaycanın münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Azərbaycan bizim qədim qonşumuzdur", - deyə o, qeyd edib.

Xəzər dənizinin dibinin bölünməsi məsələsinə toxunan Berdımuhammedov azərbaycanlı həmkarı İlham Əliyev ilə bu məsələni müzakirə etdiklərini söyləyib. Türkmənistan prezidenti bildirib ki, Xəzərin statusunun müəyyənləşdirilməsilə bağlı müəyyən fikir ayrılıqları olsa da, "biz bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərimizə təsir göstərməsinə imkan verməyəcəyik".

İ.Əliyev də öz növbəsində iki ölkə arasında münasibətlərin həqiqətən də yüksək inkişaf səviyyəsində olduğunu söyləyib: "Həm Türkmənistan, həm də Azərbaycan müstəqil dövlətlərdir. Bu gün Xəzərin milli sektorlara bölünməsi iki ölkənin gündəliyindəki ilk yox, son məsələdir. Çünki hələ bizim uzun illərdir razılaşdıra bilmədiyimiz digər məsələlər var. Türkmənistanla Azərbaycan arasında əksər məsələlər əməkdaşlıq səviyyəsində çözülüb".

İstanbul sammitində əldə edilmiş konkret razılaşmalarla yanaşı, bir məqam da qeyd olunmalıdır ki, toplantı özü dünyaya türkdilli dövlətlər arasındakı böyük həmrəylik və birliyin nümayişi sayıla bilər. Bu dövlətlər bundan sonra da inkişaf yolu ilə irəliləmək, bir-birini dəstəkləmək niyyətlərini ortaya qoyub. Türk dövlətlərinin əməkdaşlığı və yaxınlaşması heç kəsə qarşı yönəlməyib, kimisə zəiflətmək məqsədi daşımır. Əksinə, müasir dünyada gedən inteqrasiya proseslərinin tərkib hissəsidir.



MƏSLƏHƏT GÖR:

637