25 Dekabr 2024

Çərşənbə, 17:05

ÜSYANKAR ŞAİR: "DÜNƏNƏM! BU GÜNƏM! GƏLƏCƏYƏM MƏN!"

"Xalq Bank"ın baş ofisində yerləşən incəsənət qalereyasında XX əsrin görkəmli Azərbaycan şairi Xəlil Rza Ulutürkün seçilmiş əsərlərinin təqdimatı keçirilib

Müəllif:

20.01.2015

Fəxri sırada

"Xalq Bank"ın təşəbbüsü ilə 2010-cu ildə start götürən və "Xalq Əmanəti" adını daşıyan xeyriyyə layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli nümayəndələrinin bədii əsərləri, elmi işləri, reproduksiya albomları yaradılır və nəşr edilir. "Xalq Əmanəti" silsiləsindən olan yüksək poliqrafik səviyyədə tərtib və nəşr edilmiş albom və kitablar bank tərəfindən ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici dövlətlərin Azərbaycanda, ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlara, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Bu layihə çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Gəncə şəhərində Xalidə Səfərova, Rza Məmmədov, Gennadi Brijatyuk, Fazil Əliyev və heykəltəraş Qorxmaz Sücəddinovun yaradıcılığına həsr olunmuş "Gəncə rəssamları" albomu təqdim edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif və Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı nəşr olunub. 

"Xalq Əmanəti" layihəsi çərçivəsində işıq üzü görmüş növbəti nəşr Xəlil Rza Ulutürkün əsərlərinin toplusudur və artıq sənətkarın yaradıcılığına dəyər verən hər kəs onu pulsuz əldə edə bilər. Bunun üçün sadəcə "Xalq Bank"ın baş ofisinə müraciət etmək kifayətdir. 

 

Azadlıq carçısı

Xəlil Rza Ulutürk gənc yaşlarından carçı şair, humanist ədib və Azərbaycanın müstəqilliyi uğrunda vuruşan mübariz insan olub. Onun həyat və yaradıcılıq əqidəsini özündə əks etdirən ən erkən əsərlərindən biri, 60-cı illərdə yazdığı "Afrikanın səsi" şeiridir. İlk baxışda bu, ötən əsrin ortalarında Sovet ideologiyasına xas olan bütün dünyada məşhur kolonializmin dağılması mövzusunda yaranıb. Lakin bu şeirin əsl mənası daha da genişdir - şair ümumiləşdirilmiş formada insanın azadlığa meylini ifadə edə bilib: 

 

Azadlığı istəmirəm zərrə-zərrə, 

qram-qram,

Qolumdakı zəncirləri qıram gərək, 

qıram! 

Qıram!

 

Şeirin ahəngi sanki mübarizəyə qalxmış insanın hiddətli nəbzi kimi vurur. "Qram" və "qıram" sözlərinin alliterasiyası - sanki döyüşə səsləyən təbillərin harayıdır... Bu şeir yaranandan dərhal sonra, Azərbaycanda ona qaradərili Afrika insanının azadlıq mücadiləsindən daha geniş anlam verildi. Şairin ifadə etdiyi ideyaları oxucu Azərbaycan xalqının çoxdankı siyasi probleminə - Arazın böldüyü "iki sahil"in ayrılığına da şamil edərdi. Lakin zaman keçdikcə, tarixin gedişi bu şeirin fəlsəfəsində yeni siyasi qatlar açmış oldu: Sovet İmperiyasının qandallarında istiqlaliyyətə doğru cəhdlər... 

Bu arada usanmaz şairin poetik irsinə artıq yeni "proqram" şeirləri daxil olmuşdu ki, onlar da topluda yer alıb. Kitaba təkcə fərqli illərin müəllif əsərləri deyil, həm də bədii tərcümələr daxildir. Axı Xalq Şairi Xəlil Rza Ulutürk milli mədəniyyət tarixinə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi düşüb. Onun qələmindən 36 bədii nəşr və 15 tərcümə toplusu, 13 elmi iş və 7 memuar kitabı çıxıb. Şairin həyat yoldaşı Firəngiz xanım təqdimatda qeyd etdiyi kimi, dövlətin daimi dəstəyi sayəsində o, X. R. Ulutürkün əsərlərindən ibarət əllidən çox bədii toplu nəşr etdirib. "Xalq Bank"ın dərc etdirdiyi hazırkı toplu da onun sözlərinə görə, Xəlil Rza Ulutürk yaradıcılığına qiymət verənlər üçün çox böyük hədiyyə olacaq. 

 

"Ən yaxşı çiçəklər dağlar qoynunda"

Kitabı hazırlayan heyət Xəlil Rzanın vətəndaş və məhəbbət lirikasını əks etdirən əsərlərindən, habelə uşaqlar üçün şeir və tərcümələrdən nümunələr seçməklə həqiqətən də böyük əmək zərf edib. Qeyd edək ki, topluya daxil olan tərcümələrin təkcə sayı deyil, eləcə də rəngarəngliyi də Ulutürkün tərcüməçi kimi maraq dairəsinin genişliyini göstərir. Buraya Avropa, rus, türk, İran, özbək və Anqola poeziyasından olan əsərlərin tərcüməsi daxildir. Bütün bunlar barədə təqdimat mərasimində toplunun tərtibçisi və redaktoru, alim və telejurnalist, Xəlil Rza yaradıcılığının bilicisi və pərəstişkarı, uzun illər onunla dostluq etmiş filologiya üzrə fəlsəfə doktoru Yusif Günaydın belə deyib:

- Şairin yaradıcılıq irsindən ən görkəmli nümunələri seçmək asan iş olmadı. Axı Xəlil Rza ötən əsrin ən məhsuldar qələm sahiblərindən olub. Onun elmi və bədii irsi son dərəcə zəngin, dərin və çoxşaxəlidir. Onun digər dillərdən tərcümə etdiyi əsərlərin həcmi 1120 səhifə təşkil edir. Rəqəmə baxın! Bu, hələ işıq üzü görmüş tərcümələrdir, görün, nə qədər əlyazma özünün nəşr olunacağı vaxtı gözləyir! Toplunu tərtib edərkən, biz "yaxşıların yaxşısı" prinsipini əsas götürmüşük. Xəlil Rza özü deyərdi ki, ən yaxşı mirvarilər dənizin dərinliyində olar, ən yaxşı çiçəklər isə dağlar qoynunda... 

Millət vəkili, akademik Nizami Cəfərov Xəlil Rza Ulutürkün "Xalq Əmanəti" layihəsi çərçivəsində nəşr edilmiş əsərlərini əsl vətəndaş poeziyasının təzahürü adlandırıb. "Xalq Əmanəti" layihəsinin icrasına böyük həcmdə vəsait yatıran bank, ədəbiyyat və incəsənətin möhtəşəm nümunələrini təbliğ edir, xalqının mənəvi sərvətlərini etibarlı şəkildə qoruyur və onu ilkin formada xalqın özünə qaytarır.

"Xəlil Rza müasir Azərbaycan ədəbiyyatının günəşidir", - deyə Nizami Cəfərov qeyd edib. - "Şair bütün məhrumiyyət və çətinliklərə sinə gərərək, özünün ali ideallarını qoruyub, onun ram olmayan ruhunu əzə bilməyən DTK zindanlarında belə onlara sadiq qalıb. Xəlil Rza poeziyası onun təmizliyi uğrunda tam səmimiyyətilə mübarizə apardığı Azərbaycan dili üçün bir hadisədir. Onda dahi Nəsimidən nəsə vardı, onun bədii təfəkkürü qlobal xarakteri, miqyası, pafosu və yüksək hissləri ilə fərqlənirdi. Nə yazmasından, hansı mövzuda yazmasından asılı olmayaraq, Xəlil Rzanın yaradıcılığı daim poetik olub, yüksək keyfiyyət və nadir əyarı ilə seçilib. 

 

"Xəlil" - "dost" deməkdir

Azərbaycanın istiqlaliyyəti naminə usanmaz mübarizin xatirəsini yad etmək, onun vulkan kimi coşan poeziya və mübarizə dünyasına yenidən toxunmaq üçün incəsənət və elm xadimləri, millət vəkiləri və ictimai xadimlər, işgüzar dairələrin nümayəndələri toplaşmışdı. Qonaqlar onu xalq qəhrəmanları və dünya ədəbiyyatının dahiləri ilə müqayisə edərək, şair haqda xatirələrini böyük sevgi və həyəcanla bölüşürdülər. 

AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Xəlil Rza poeziyasını onun yaşadığı dövrün özü formalaşdırıb: 

- "Xəlil" "dost" deməkdir. Xəlil Rza xalqının dostu idi, lakin düşmənlərinə qarşı amansız və barışmaz qaldı. O, bütün ömrünü xalqına təkcə şair kimi deyil, həm də Azərbaycançılıq ideyasını təbliğ edən ictimai xadim kimi həsr edib. Bu dəyərlər naminə o, ən dəyərli olanları - azadlığını, oğlunu və həyatını qurban verib. Azərbaycanın düşmənləri mövcud olduqca, torpaqlarımız onların tapdağı altında qaldıqca, Xəlil Rza ideyaları və yaradıcılığı aktuallığını qoruyacaq və ona tələbat olacaq. Bəlkə də o, daha bir Füzuli və ya Virgili olmaq üçün doğulmuşdu. Amma zaman onu üsyankar şairə çevirdi. 

Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqub Xəlil Rza poeziyasının ümumdünya əhəmiyyətindən danışıb:

- Xəlil Rza Ulutürk poeziyası Azərbaycanda öz Vətəninin azadlığı naminə şəhadət ideyalarına ibadət edən qəhrəmanlar nəslini yaratdı. O, türkçülük ideyalarıyla alışıb-yanırdı, böyük və vahid Azərbaycan haqqında düşünürdü. O, öz xalqının sədaqətli oğlu olmaqla yanaşı, bütün azadlıqsevər və müstəqil millətlərə mənsubdur. Onun üçün Azərbaycan xalqı başının üzərinə yüksək tutduğu bayraq idi. Bu gün də Azərbaycan xalqı Xəlil Rzanı bir bayraq kimi başı üzərinə qaldırır, şairi unutmur və onun yaradıcılığını qoruyur.

Üzeyir Hacıbəyov adına BMA-nın professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov Xəlil Rzanı təkcə gözəl şair kimi deyil, həm də dönməz vətəndaş mövqeyi olan insan kimi xatırladı: 

- Hamımız vətənpərvərik və torpağımızı sevirik, amma Xəlil Rzanın sevgisi başqa idi. O, coşan, daşan, parlaq vulkana bənzəyirdi. Zaman və sonrakı hadisələr onun barışmazlığını göstərdi. Xəlil Rza, sözsüz ki, dövrümüzün dahi şəxsiyyətidir. O, torpağımızın üstü açılmış siniri, millətin vicdanıdır... Əsl xatirə gecəsinə çevrilən təqdimat mərasimində təkcə şairi yaxşı tanıyanlar danışmadı, onun öz səsi də eşidildi. Tədbir iştirakçıları 1990-cı ilin "Qanlı Yanvar"ından sonra Milli Azadlıq Hərəkatının fəal iştirakçısı kimi Lefortovo zindanına atılmış böyük şairin yazdığı "Mən yenə dönəcəm Azərbaycana" şeirinin audioyazısını dinləmək imkanı qazandı. Bundan başqa, "Xalq Bank"ın incəsənət qalereyasında tanınmış bəstəkar və pianoçu Salman Qəmbərovun ifa etdiyi musiqi sədaları altında şairin müxtəlif illərə aid fotoşəkilləri və əlyazmaları nümayiş etdirilib.



MƏSLƏHƏT GÖR:

729