14 Mart 2025

Cümə, 21:47

MOSKVA AZƏRBAYCAN GÜLƏŞÇİSİNƏ VALEH OLDU

Həsən Əliyev və Xetaq Qozyumov dünya çempionatında tarix yazdı

Müəllif:

15.09.2010

Rusiyanın paytaxtı Moskvada keçirilən güləş üzrə dünya çempionatı Azərbaycan komandası üçün 7 medalla əlamətdar oldu. Qonşu ölkəyə yollanan nümayəndə heyətimiz Həsən Əliyev (60 kq) və Xetaq Qozyumovun (96 kq) qızıl, Yuliya Radkeviç (55 kq) və Toğrul Əsgərovun (55 kq) gümüş, eləcə də Vitali Rəhimov (66 kq), Zəlimxan Hüseynov (60 kq) və Cəbrail Həsənovun (66 kq) bürünc medalına sevindi. Moskvadakı dünya çempionatı Azərbaycan güləşinə yeni çempionlar bəxş etdi. Həsən Əliyevlə Xetaq Qozyumov karyeralarında ilk dəfə dünyanın ən güclü güləşçisi olduğunu sübut etdi. Digər tərəfdən, komandamızda müəyyən çatışmazlıqlar da oldu. Xüsusən, qadın güləşində ciddi problemlərin olması aşkar şəkildə özünü göstərdi. 

Moskvadakı dünya çempionatında ilk olaraq "klassik"lər mübarizəyə qoşuldu. Rusiyada baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında özü kimi gənc komanda çıxış etdi. Ötənilki dünya çempionatında məhz Fərid Mansurovun sayəsində yeganə qızıl medalı qazanan yunan-Roma güləşi yığmamız bu dəfə yeni çempionun uğuruna sevindi. Mansurovun yerini Həsən Əliyev tutdu. İlin əvvəlində Bakıda Avropa çempionatının qızıl medalını qazanan Həsən ardınja Qızıl Qran-Pridə layiqli çıxış etdi. Moskvada isə güləşçi 60 kq-da ən güclü olduğunu göstərdi. İlk görüşdə Xorvatiya təmsilçisi Tonimir Sokolov, ardınca bolqar İvo Angelovu sıradan çıxaran pəhləvan 14 finalda Qırğızıstan idmançısı Ruslan Timenbaevaya qalib gəldi. Yarımfinalda qazax Almat Kepispayevə gücünü göstərən həmyerlimiz finada yapon Ryutar Maçumotaya Azərbaycan güləşindən dərs keçdi. Həlledici 3-cü hissədə qələbə qazanan Həsən Əliyev karyerasında ilk dəfə dünya çempionluğunun sevincini yaşadı. Onun yunan-Roma güləşi yığmamızın şəksiz liderinə çevrildiyini əminliklə söyləmək olar. Gənc pəhləvan Moskvadakı uğuru tezliklə unutmalı və 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunları barədə düşünməlidi. 

66 kq-da Azərbaycanı təmsil edən Vitali Rəhimov yenə stabil çıxış etdi. Ötən dünya çempionatında 60 kq-da bürünc medal qazanan pəhləvan yenə dünya üçüncüsü oldu. Amma bu dəfə özü üçün yeni sayılacaq 66 kq çəki dərəcəsində əldə edilən uğur daha qiymətlidir. Çünki Rəhimov karyerasını başa vuran Fərid Mansurovun çəkisində mübarizə aparıb. İdmançı üçün isə çəki dəyişəndə qələbə qazanmağın çətin olduğu hamıya məlumdu. Əzmkar mübarizəylə yadda qalan Rəhimovun erməni pəhləvan üzərində qələbəsi xüsusi qeyd olunmalıdır. Görüşün 3-cü hissəsində 5-0 hesablı qələbə qazanan Vitali güjünü bütövlüklü bu görüşə xərclədi. Onun qazandığı bürünc medal qarşıdakı turnirlərdə Vitaliyə güvənə biləcəyimizi göstərdi. 

Yunan-Roma güləşində ümidləri doğrultmayan Elçin Əliyev oldu. 60 kq-da çıxış edən Avropa çempionumuz özünə bənzəmədi. Qızıl medala favorit göstərilən gənj güləşçi arxayınçılığın qurbanı oldu. Elçin Əliyevin səhvlərdən nəticə çıxarması çox vacibdi. Əks halda, onun millidəki yerini itirməsi heç kimi təəccübləndirməyəcək. 

Ümumilikdə, 1 qızıl və 1 bürünc medal qazanan Fərid Mansurovun başçılıq etdiyi yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 3-cü yeri tutdu. Rusiya və Türkiyədən sonra 3-cü yeri tutmağımız Azərbaycan güləşinin dünyada lider ölkələr sırasında olduğunu sübut edir. Yunan-Roma güləşçilərimizin uğurlu çıxışı həm də gənc məşqçi Fərid Mansurovun özünü göstərməsiylə nəticələndi. İkiqat dünya və Olimpiya çempionumuz artıq baş məşqçi kimi vətənə yeni dünya çempionu bəxş etdi. Federasiyanın baş məşqçi postunu Mansurova həvalə etməklə çox düzgün qərar qəbul etdiyi çempionatda özünü təsdiqlədi.  

Qadın güləşçilərimiz gözlədiyimizi vermədi. Yalnız Yuliya Radkeviç səviyyəsini nümayiş etdirdi. 55 kq-da çıxış edən xanım pəhləvan yalnız finalda uduzdu. Radkeviçin həlledici görüşdə səkkizqat dünya çempionu Saori Yoşidaya qarşı şansları əvvəlcədən aşağı qiymətləndirilirdi. Ona görə Radkeviçin məğlubiyyətində sensassiya axmarmaq mənasızdı. Avropa çempionu Sona Əhmədlinin dünya çempionatında medal qazanacağına bütün məşqçilər korpusu inanırdı. Son illər karyerasında yüksəliş hiss olunan keçmiş cüdoçu Moskvada qalib gələn idmançılar sırasında olmadı. Onun uğursuz çıxışının səbəbini məşqçilər daha yaxşı bilməlidi. 

Qadın güləşi yığmamız Moskvada bir gümüş medalla yadda qaldı. Halbuki ötən çempionatda Mariya Stadnik və Yuliya Radkeviç fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Yığmanın lideri olan Stadnik yoxluğu da özünü göstərdi. İkiqat Avropa və dünya çempionu hazırda analıq məzuniyyətində olduğundan məşqləri gələn il bərpa edəcək. İstənilən halda, qadın güləşçilərin heyətində də dəyişiklik olacağını gözləmək lazımdı. Müəyyən çəkilərdə yeni idmançılar sınanmasa London Yay Olimpiya Oyunlarına güclü heyətlə getməyəcəyimiz dəqiqdi.  

Azərbaycan komandasına ikinci qızıl medalı sərbəst güləşçilərimiz qazandırdılar. Yığmanın kapitanı Xetaq Qozyumov çoxdan arzuladığı qələbəni əldə etdi. Avropa çempionumuz Moskvadakı çempionatda finala gedən yolu bir nəfəsə keçdi. Güclü rəqiblərinə asanlıqla qalib gələn Qozyumovun əsas gücünü finala qoruduğu hiss olunurdu. Çünki, mütəxəssislər finalda Qozyumovun rəqibinin 96 kq-ın aşkar favoriti Hacımurad Qatsalovun olajağını proqnozlaşdırırdı. Qozyumovla Qatsalov arasında görüşlərin statistikası idmançımızın xeyrinə deyildi. Qozyumov daim Qatsalova uduzub. Üstəlik, Rusiya yığmasının lideri olan osetin pəhləvan indiyə qədər iştirak etdiyi bütün dünya çempionatlarında qızıl medal qazanmışdı. Dördqat dünya və olimpiya çempionu bu dəfə sevinə bilmədi. Final gözlənildiyi kimi gərgin keçdi. İlk hissədə kəşfiyyata üstünlük verən tərəflər heç bir fənd işlətmədi. Püşk sayəsində Qatsalov ilk hissəni xeyrinə yazdı. İkinji hissədə əvvəlkinin təkrarı oldu. Bu dəfə Xetaq Qozyumov püşk sayəsində uğur əldə etdi. Ümumi hesab bərabər olduğundan qalib həlledici hissədə müəyyənləşdi. Burada bütün güjünü səfərbər edən güləşçimiz əla fənd sayəsində dünya çempionatında vacib qələbəni bayram etdi. Bununla Xetaq Azərbaycanın sərbəst güləşdə 7 illik həsrətinə son qoydu. Son dəfə 2003-cü ildə Arif Abdullayev dünya çempionatında qızıl medal qazanmışdı. 

55 kq-da çıxış edən Toğrul Əsgərov dünya çempionatının kəşfi oldu. 17 yaşlı pəhləvan yığmanın bir nömrəli güləşçisi cəzalı olduğundan Moskvada mübarizə aparmaq imkanı əldə etdi. Amma Toğrulun möhtəşəm çıxışından sonra məşqçilər hələ uzun müddət ona etimad göstərə bilər. İlk dəfə böyüklər arasında mötəbər yarışa qatılan Əsgərov finala qədər irəlilədi. Onu dünya çempionluğundan Rusiya komandasının güclü pəhləvanı Viktor Lebedev məhrum etdi. Bununla belə Toğrulun qazandığı gümüş medal qızıldan da dəyərlidi. 17 yaşlı pəhləvanın parlaq gələcəyinin olacağını indidən proqnozlaşdırmaq olar. 

Sərbəst güləşçilərdən Zəlimxan Hüseynovla Cəbrail Həsənov finala gedən yolda səhv buraxmaqla qızıl medaldan məhrum oldu. Yarımfinaldakı məğlubiyyət Hüseynovla Həsənovun bürünc medalla kifayətlənməyə məcbur etdi. Avropa çempionu və vitse dünya çempionu Çamsulvara Çamsulvarayev (74 kq) və Novruz Temrezov (84 kq) ümidləri doğrultmadı. Hər ikisi Moskvadakı dünya çempionatıyla erkən vidalaşdı.  Sərbəst güləşçilərimiz komanda hesabında Rusiyanı irəli buraxaraq 2-ci yeri tutdu. Rusiya birinci, Kuba üçüncü oldu. 

Ümumilikdə, dünya çempionatını güləşçilərimiz üçün uğurlu saymaq olar. Güclü rəqabətin və gərgin mübarizənin şahidi olduğumuz yarışda 7 medal zəif nəticə deyil. Sərbəst güləş üzrə yığmanın kapitanı, dünya çempionu Xetaq Qozyumov qələbəni Azərbaycan xalqına bəxş etməklə öz ehtiramını bildirib. Osetin pəhləvan fikrini Azərbaycanda idmana və idmançılara olan qayğıyla əlaqələndirib. Doğrudan da belə qayğı nəticəsində hər bir idmançımız iştirak etdiyi yarışda Azərbaycan Bayrağını yüksəltməyə çalışmağa sadəcə borcludu.



MƏSLƏHƏT GÖR:

483