Müəllif: İlahə MƏMMƏDZADƏ Bakı
Bukmeker biznesi Azərbaycan üçün yenilik deyil. Yaxın gləcəkdə o, yeni görkəm qazanacaq - belə ki, ölkədə bukmeker kontorlarının fəaliyyətinin leqallaşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində onlara kölgədən çıxmağa və zirzəmi, çayxana, bazar əvəzinə dəbdəbəli ofislərə yerləşməyə imkan verəcək. Gözlənilir ki, ölkədə ilk bukmeker kontorları artıq bu ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, bu işlərlə məşğul olan qurum "Azinteltek" 300-ə qədər post-terminal açıb və hazırda bu avadanlıqların idarə edilməsi üzrə treninqlər keçirilir.
Nazir bildirib ki, Azərbaycan futbol premyer-liqasının oyunları totalizatora daxil edilməyəcək. Bu da başa düşüləndir - "danışılmış oyunlar"ın keçirilmə riski həddindən böyükdür. Təbii ki, bu, ölkədə futbolun inkişafı üçün həddindən təhlükəli amildir. Yeri gəlmişkən, hazırda Azərbaycanın daxili çempionatı üzrə oyun pullarını dünyanın 14 kontoruna vermək mümkündür, amma Azərbaycanın beynəlxalq oyunları isə dünyanın bütün bukmekerləri tərəfindən götürülür.
Bununla yanaşı, Azərbaycanda bu fəaliyyət növünün leqallaşması haqqında qərar bukmeker kontorlarına 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatı və 2014-cü ildə Braziliyada keçirilcək dünya çempionatı ərəfəsində oyun pullarını götürmək üçün bukmeker kassaları şəbəkəsini fəal genişləndirməyə iman verəcək.
Ancaq qeyd edək ki, bukmeker çevrələrində Azərbaycanda bu biznesin leqallaşdırılması haqqında qərar birmənalı qarşılanmır. Bu addımın tərəfdarları hesab edirlər ki, bukmeker kontorlarının fəaliyyəti "Sportproqnoz" lotereyasından və ya birjada fyuçers anlaşmalarından heç nə ilə fərqlənmir və dünyanın əksər ölkələrində o, idman tədbirlərinin keçirilməsi ilə yanaşı gedir. Bukmeker fəaliyyətinin qadağan edilməsi və ya onun yaşayış məntəqələrindən kənara çıxarılması pul vasitələrinin elektron ödəniş sistemləri və kredit kartları vasitəsilə xarici bukmeker kontorlarına axmasına səbəb olacaq. Bu ideyanın düşmənləri isə əmindirlər ki, burada söhbət keçirilməsi artıq 12 ildir ki, qadağan edilən azartlı oyunların birinin populyarlaşdırılmasından gedir.
Proses başlayıb
Yada salaq ki, azartlı oyunlar mənəvi dəyərlərə və milli mentalitetə uyğun gəlmədiyinə görə, 1998-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilib. İnzibati Xətalar Məcəlləsinə görə, azartlı oyunlar (bukmeker fəaliyyəti, kazino və s.) ictimai qaydaların, təhlükəsizliyin və əxlaqın pozulması deməkdir. Məcəllənin 309-cu bəndin? görə, bu cür fəaliyyətlə məşğul olan şəxslər 15 - 20 manat cərimə olunurlar və qumar oyunlarına qoyulmuş "pullar" və başqa vəsaitlər də müsadirə olunmalıdır.
Ancaq bu qadağa cıdırlarda olan totalizatorlara aid deyil və hətta bu sistemin təkmilləşdirilməsi üçün Nazirlər Kabineti 17 mart 2010-cu il tarixdə totalizatorların təşkili və keçirilməsi, dövriyyədə olan vəsaitin paylanması və uduş fondu haqqında qaydalarına da əlavələr edilib.
Dəyişikliklərə görə, ölkənin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əməkdaşlarına totalizatorların təşkili ilə məşğul olan obyektlərə baş çəkmək və lazım olan məlumatı almaq hüququ verilir. Yol verilmiş pozuntuların aradan qaldırılması barədə yerinə yetirilməsi məcburi olan təlimatlar totalizatorların təşkili ilə məşğul olan şirkətlərə yazılı şəkildə təqdim edilməlidir. Təlimatların yerinə yetirilməməsi zamanı subyektə fəaliyyətinin dayandırılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə iddiası təqdim ediləcək.
Başqa totalizatorların fəaliyyətinin leqallaşdırılması üçün hələ keçən il qəbul edilmiş "Bədən tərbiyəsi və idman haqqında" qanuna əlavə edilmiş 54-cü bənd bukmeker kontorlarının yaradılmasını nəzərdə tutur. Bu qanunun yerinə yetirilməsi çərçivəsində 23 avqust 2010-cu il tarixdə Nazirlər Kabineti ölkədə azartlı oyunların keçirilməsi qaydalarını təsdiq edib. Bu qaydalara əsasən, azartlı idman oyunlarını yalnız Gənclər və İdman Nazirliyində (GİN) akkreditə olunmuş şəxs (operator) keçirə bilər. Akreditə on illik müddətə verilir
Akkreditə üçün müraciət etmiş hüquqi şəxsə qarşı aşağıdakı tələblər qoyulur:
- azartlı oyunların təşkili və keçirilməsi üçün maliyyə resurslarının və texniki bazanın olması;
- hüquqi şxsin özü və ya onun təsisçisi tərəfindən son üç il ərzində orta hesabla ildə ən azıbir virtual şəbəkədən və ya 1000 stasionar satıcıdan istifadə etməklə azartlı oyunların təşkil edilməsi və keçirilməsi, orta illik 500 min manatlıq dövriyyə riskinin idarə edilməsi;
- azartlı oyunların bir mərkəzdən idarə olunması üçün ticarət şəbəkəsinin və informasiya mərkəzinin qurulması;
- ticarət nişanının hazırlanması, lazımi reklam fəaliyyətinin qurulması.
Azərbaycanda bukmeker kontorlarının fəaliyyətinə GİN-ə bağlı "Azeridmanservis" ilə birgə Türkiyənin "İnteltex" şirkəti də nəzarət edəcək. İş sxemi çox sadədir. Bu bukmeker piramidasının zirvəsində "Azeridmanservis" duracaq. Strukturun tabeliyində isə birbaşa bukmeker kontorları və ya dilerləri ilə işləyən operator fəaliyyət göstrəcək.
"Azeridmanservis"in direktoru Azər Məhərrəmovun sözlərinə görə, ilk başdan Bakıda bukmeker kontorlarının sayı 50-yə bərabər olacaq, sonra bu say yeddi dəfə artacaq. Bütövlükdə isə Azərbaycan üzrə bukmeker kontorlarının sayı 600-ə çata bilər.
Operatora müraciət etmiş istənilən şəxs diler ola bilər. Amma bir neçə şərt var. Kassa aparatına oxşar apparatı pulsuz almaqdan öncə bir neçə bəndə əməl etmək lazımdır. Birincisi, adamın bank hesabı zəruridir. İkincisi, onun aparatı quraşdırdığı yer yetərincə mötəbər olmalıdır, burada söhbət kafe, restoran, kinoteatr, mağaza və insanların kütləvi yığışdığı digər yerlərdən gedir. Üçüncüsü, aparatın birbaşa yerləşməsi ilə bağlı da şərt qoyulub - onun birinci mərtəbədə və həmin müəssisənin qonaqlarının hamısı tərəfindən görünən yerdə qoyulması da şərtdir.
Təsdiq edilmiş qaydalara görə, hər bir bilet üzrə maksimum ödəniş məbləği 250 min manat səviyyəsində müəyyən edilib. Əgər bir bilet üzrə uduş məbləği bu həddi keçərsə, onda limiti ötən hissə müştəriyə verilməyəcək.
Gəlirin bölüşdürülməsi
İndi isə ən maraqlı məsələ - idman totalizatorlarından əldə edilmiş pulların hara gedəcəyi ilə maraqlanaq. Təbii ki, onların fəaliyyətinin bütün dövriyyəsi, həmçinin azartlı idman oyununun iştirakçıları tərəfindən oyunun keçirilməsi üçün ödənmiş vəsaitlərin qazancı operatora, yəni GİN-də bu cür fəaliyyət üçün akreditə olunmuş şəxsə veriləcək. Amma bu, onun dövlət büdcəsinə vergiləri ödəməsindən, həmçinin vəsaitlərin bir hissəsinin bədən tərbiyəsi və idmanın inkişafına verilmsindən və əlbəttə ki, oyunçuların uduşunu ödədikdən sonra gerçəkləşdiriləcək.
Təbii ki, idman totalizatorlarının fəaliyyətinin leqallaşdırılmasından sonra dövlət büdcəsi vergilərin ödənməsi üçün daha bir mənbə əldə edəcək, özü də bu, elə də kiçik mənbə olmayacaq.
Ancaq bu günə kimi həll edilməmiş məsələlər sırasında bukmeker kontorlarının vergiyə cəlbi mexanizminin müəyyən edilməsi qalır. Öncədən qeyd edək ki, bu fəaliyyət növünün dövriyyəsini müəyyən etmək çətindir və hökumət bukmeker fəaliyyətini sadələşdirilmiş vergi sisteminə cəlb edilənlər sırasına daxil etmək niyyətindədir. Bukmeker fəaliyyətinin böyük rentabelliliyini nəzərə alan Maliyyə Nazirliyi sadələşmiş vergi dərəcəsinin 10% səviyyəsində olmasını təklif edib ki, bu da sadələşdirilmiş vergi sistemindən maksimum dərəcə olacaq. Ancaq GİN bunu 6%- qədər endirməyi təklif edib və Azad Rəhimovun sözlərinə görə, vergilər və maliyyə nazirlikləri artıq bu göstəricini müəyyən etmək barədə razılığa gəliblər.
Bununla yanaşı, ölkənin Nazirlər Kabineti 23 avqust 2010-cu il tarixli qərarı ilə müəyyən edib ki, idman totalizatorlarının dövriyyəsinin 4,2% -i ölkədə bədən tərbiyəsinin və idmanın inkişafına yönldiləcək. "Azeridmanservis"in başçısının sözlərinə görə, buradan əldə edilmiş gəlirin 70%-i Azərbaycan futbolunun, qalan 30% isə başqa idman növlərinin inkişafına yönəldiləcək. "Biz Türkiyənin və keçmiş SSRİ ölkələrinin bukmekerlərinin işindən örnək götürməyi qərara almışıq. Bukmeker kontorlarının verdiyi vəsaitlər idmanın inkişafında böyük rol oynayır. Amma futboldan başqa hansı sahələrə də vəsaitin yönəldilməsi artıq nazirliyin işidir", - deyə A.Məhərəmov bildirib.
Mənfili müsbət
Beləliklə, bukmeker fəaliyyətinin leqallaşdırılması dövlət üçün istənilən halda əlverişli olacaq. Əgər Bakının qeyri-leqal bukmeker kontorlarında qoyulan oyun pullarını toplayarsaq, onda çox böyük məbləğ alınar. Burada dövriyyəyə buraxılan pulların məbləği bir neçə milyon dollar təşkil edir. Bu cür fəaliyyət nəticəsində böyük məbləğdə pullar vergidən yayınır.
Bəs görəsən, bu biznesin kölgədə qaldığı müddətdə hərtərəfli irəliləmiş qeyri-leqallar gözlənilən yenilikləri necə qarşılayırlar? Görəsən, nəhayət ki, təmiz bizneslə məşğul olmaq imkanının yaranmasına sevinirlərmi?
Onların bəzilərinin dediyinə görə, Azərbaycan bukmekerləri ümid edir ki, futbol totalizatorunun leqallaşması bu biznesə sivilizasiyalı görkəm verəcək. Hazırda kontorlar metroların ətrafında, iri ticarət mərkəzlərinini yanında və insanların gur toplaşdığı başqa yerlərdə, eləcə də kafelərdə işləyirlər. Bəzi qiymətləndirmələrə görə, Bakıda yüzə yaxın gizli bukmeker kontoru fəaliyyət göstərir, Sumqayıtda, həmçinin ölkənin cənubundakı bir sıra şəhərlərdə də bu cür məntəqələr var.
Bununla belə, bu məsələ yerli bukmekerlər üçün çətin görünür və onlar dövlətin bu fəaliyyətə tətbiq etmək istədiyi vergi yükünün ağırlığından qorxurlar. Buna görə də onlar futbol totalizatorunun leqallaşdırılmasının ən yaxşı variantını bu fəaliyyətin də adi bizneslə eyniləşdirilməsində görürlər, yəni indyə kimi qeyri-leqal işləyən bukmeker kontorları kommersiya müəssisələri yaradardılar və vergi ödəyərdilər. Onların sözlərinə görə, Avropanın, demək olar ki, bütün bukmeker kontorları belə işləyir. Yeri gəlmişkən, dünyada cəmi 2 min futbol bukmeker kontoru işləyir ki, onlar oyun pullarını qəbul edirlər və ən əsası oyuna görə uduş əmsalını özləri müəyyənləşdirirlər.
Ekspertlər hesab edirlər ki, Azərbaycan çox şeyi Türkiyənin futbol totalizatoru sistemindən götürüb, orada bu sistem tam dövlət nəzarəti altındadır, nəzarətedici və tənzimedici qurum tender yolu ilə müəyyən edilib. Orada xarici kontorlara çıxış bağlanıb ki, totalizatorda dövr edən pullar ölkə daxilində qalsın. Dövlət əmsalları özü müəyyən edir ki, bu da dünyanın bukmeker kontorlarının müəyyənləşdirdiyindən xeyli aşağıdır.
Məsələn, Türkiyədə əmsalı 1,25-ə bərabər olan matçlara Avropanın və Şimali Amerikanın bukmeker kontorları 1,80 dərəcə müəyyən edirlər. Ekspertlər hesab edir ki, uduş əmsalının aşağı olması üzündən Türkiyə əhalisi sadəcə totalizatora marağı itiriblər. Yeri gəlmişkən, hazırda Azərbaycanın qeyri-leqal bukmekerləri özləri əmsal müəyyən etmirlər, əsasən iki xarici kontorun - "Marafon" (Rusiya) və "Qeymbuker" (Kanada) kontorlarının əmsallarından istifadə edirlər.
Onu da xatırladaq ki, mərkəzləşmənin olmadığı və beynəlxalq bukmeker kontorlarına çıxışın açıq olduğu ölkələrdə futbol totalizatoru çiçəklənir, vergi şəklində dövlətə yetərincə maddi gəlir gətirir.
İstənilən halda, ekspertlər hələ də ümid edirlər ki, Azərbaycanda futbol totalizatorunun işi effektli olacaq, əgər bukmekerlər və dövlətin münasibətələri arzu ounan səviyyədə qurularsa, ölkə yəqin ki, bu faliyyətin beynəlxalq əhəmiyyətini qoruya biləcək.
MƏSLƏHƏT GÖR: