
"BİZ TARİX YAZIRIQ"
Müəllif: Redaksiya
Rusiya Azərbaycandan aldığı qazın həcmini dörd dəfə artıraraq, onu 2 mlrd kubmetrə çatdırmaq və daha da artırmaq istəyir. Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin Bakı səfərinin əsas nəticələrindən biri "Qazprom"la Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında keçən il bağlanmış qaz müqaviləsinə əlavələrin imzalanması oldu. Yeni anlaşmaya görə, 2011-ci ildə Rusiya tərəfi 2 mlrd kubmetrə qədər qaz alacaq, 2012-ci ildən onun həcmi artacaq - müqavilədə "yuxarı" hədd nəzərdə tutulmur. Özü də Azərbaycan qazının qiyməti MDB üzrə ən yüksək - min kubmetrə görə $245 olacaq.
Bu xəbər yayılandan dərhal sonra, bir sıra ekspertlər birsəslə bu anlaşmanın siyasi çalarlarından danışmağa başladılar. Dedilər ki, bəs, Rusiya "Nabucco"nu qazsız qoymaq, Xəzər qazının Avropaya nəqlini inhisar altına almaq istəyir və ya Azərbaycan öz qazını Türkiyədən yan keçməklə satmağa cəhd edir və s. Amma heç iki həftə də keçmədi ki, bu ehtimallar dağıldı. Bakı bir daha öz xarici siyasətinin çoxvektorluluğunu sübut etdi və Qərb istehlakçıları üçün tərəfdaş kimi etibarlılığını nümayiş etdirdi.
Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Trayan Besesku, Gürcüstan prezidenti Mixail Saakaşvili və Macarıstan baş naziri Viktor Orban Xəzər qazının sıxılmış vəziyyətdə Cənub-Şərqi və Mərkəzi Avropaya nəqlini nəzərdə tutan "Azerbaijan - Georgia - Romania Interconnector" (AGRI) qaz nəqli layihəsinin gerçəkləşdirilməsi haqqında Bakı bəyannaməsini imzladılar.
"Biz burada tarix yazırıq", - deyə Azərbaycan prezidenti sənədin imzalanma mərasimindən sonrakı çıxışında bildirdi. O, diversifikasiyanın ölkənin energetika təhlükəsizliyinin vacib elementi olmasını qeyd etməklə yanaşı, Azərbaycanın yetərincə resurslara və infrastruktura malik olduğunu da vurğuladı.
İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif istiqamətlərə enerji resursları nəql edən yeddi neft və qaz kəmərinə malikdir. Bu il ölkə 28 mlrd kubmetr qaz çıxarmaq planlaşdırılır ki, bunun 10 -11 mlrd kubmetri daxili tələbatın təmin edilməsinə yönəldiləcək, qalan hissəsi isə anbarlara vurulacaq və ixrac ediləcək.
Görüşdə Rumıniya və Gürcüstan prezidentləri, həmçinin Macarıstan baş naziri də AGRİ - nin perspektivləri haqqında eyni optimist ruhla çıxış ediblər. Rumıniya prezidenti və Macarıstan baş naziri aydın şəkildə layihəyə Avropa Birliyi tərəfindən hərtərəfli dəstək verildiyini bildirdilər. Onların sözlərinə görə, Macarıstanın layihədə iştirakı AGRİ-ni Avropa istehlakçısı üçün daha da cəlbedici edib. "Macarıstanın layihəyə qoşulması onun etibarlılığının vacib elementidir", - deyə Trayan Besesku bildirdi.
AGRİ layihəsinin iştirakçısı olan ölkələrin liderləri texniki-iqtisadi əsaslandırmanın işlənməsi və layihənin maliyyələşdirilməsi məsələsinin həlli prosesinə start verdilər. Bakı enerji sammitinin iştirakçıları qeyd etdilər ki, layhənin baza infrastrukturu praktik olaraq hazırdır və yalnız lazımi elementləri - terminalları, Gürcüstanın Kulevi limanında və Rumıniyanın Konstantsa limanında qazın sıxılması və genişləndirilməsi üzrə müəssisələri tikmək qalır.
AGRİ layihəsi Azərbaycan qazının boru kəməri ilə Gürcüstanın Qara dəniz sahillərinə daşınmasını nəzərdə tutur. Orada qaz müəssisələrdə sıxılacaq və tankerlərlə Rumıniyanın Konstantsa limanındakı terminala daşınacaq. Sonra Azərbaycan qazını genişləndirəcəklər, Rumıniyanın, Macarıstanın və s. ölkələrin qaz nəqli sistemləri ilə ötürüləcək.
Terminalın gücündən asılı olaraq layihənin qiyməti 1,2 mlrd avrodan 4,5 mlrd avroya qədər dəyişə bilər. İlk vaxtlar bu yolla ildə 8 mlrd kubmetrə qədər Xəzər qazı ixrac etmək mümkün olacaq.
Beləliklə, Avropa müxtəlif cür siyasi risklərdən qaçmaqla öz enerji təhlükəsizliklərinin təmin edilməsi üçün yeni imkan qazanır. Azərbaycan isə öz tərəfindən ərazilərindən qaz kəməri keçən ölkələrin öz şərtlərini diqtə etmə imkanını sıfıra endirmiş olur.
AGRİ-nin strateji önəmi həm də onunla bağlıdır ki, layihə "Şahdəniz" yatağının ikinci mərhələsinin istismara başlanmasına yol açır. "Şahdəniz II" layihəsinin gerçəkləşdirilməsi üçün $20 mlrd.-a yaxın sərmayə lazımdır. Bu layihənin maliyyələşdirilməsi zəmanətli qaz satışı bazarının olmasından asılıdır. Belə olan halda AGRİ sabit Avropa bazarlarına yol açır. Və bu zaman Azərbaycanın resurs imkanları Türkiyəyə, həmçinin Rusiyaya qaz ixracını tam həcmdə saxlamağa imkan verir.
Bundan başqa, AGRİ Xəzərin şərq sahilindən qazın nəqli üçün də yetərincə gücə malik olacaq. Hətta Transxəzər qaz kəmərini tikmədən belə Türkmənistan qazı da sıxılmış vəziyyətdə dəniz nəqliyyatı ilə Bakıya gətirilə bilər, sonra da qaz kəməri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə daşınar və beləcə də Rumıniyaya ötürülər.
Göründüyü kimi, AGRİ layihəsinin müsbət və mənfi cəhətlərinə, hətta gözucu baxış belə onun həm kommersiya, həm də siyasi baxımdan əlverişli olduğunu ortaya çıxarır. Qazın həm də siyasi məhsul olduğu nəzərə alınarsa, şəksiz, bu layihə Azərbaycanın dünyadakı dostlarının sayını artıracaq.
MƏSLƏHƏT GÖR: