"QARABAĞ" AVROLİQAYLA VİDALAŞDI
Qurban Qurbanov: "Mətbuat elə yazdı ki, özüm də "Borussiya"nı keçəcəyimizə inanmışdım"
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan azarkeşləri üçün Avropa həyəcanı başa çatdı. Avrokuboklardakı sonuncu təmsilçimiz "Qarabağ" da mübarizəni dayandırdı. İlk dəfə 3 mərhələ adlamaqla tarix yazan Ağdam təmsilçisi pley-offda adlı-sanlı "Borussiya"ya uduzdu. Almaniyada qapısında 4 cavabsız top görən "Qarabağ" doğma meydanda da məğlubiyyət acısı yaşadı. Hərçənd, ən nikbin fanat belə "Qarabağ"ın qrupa düşəcəyinə inanmırdı. Bununla belə, cavab matçında stadiona toplaşan 10 minə yaxın azarkeş "Qarabağ"a olan dəstək və hörmətdən irəli gəlirdi. İstənilən halda isti yay günlərində bizlərə gözəl oyun və qələbə sevinji bəxş edən "Qarabağ"a təşəkkür düşür. Komandanın oyunu çox təhlil olunub, çox müzakirələrə səbəb olub. Mövsümü dəyərləndirmək üçün uğurlu seriyanın əsas qəhrəmanlarından biri Qurban Qurbanova müraciət etdik. "Borussiya" ilə oyundan istirahətə çəkilən gənc məşqçi suallarımızı həvəslə cavablandırdı.
- Cari mövsüm "Qarabağ" üçün tarix yazdı. Baş məşqçi kimi komandadan razı qaldınızmı?
- Xoş sözlərə görə çox sağ olun. "Qarabağ" layiqli oyunuyla Azərbaycan futbolunu yüksək səviyyədə təmsil etdi. Biz Avropada hazırda orta səviyyənin ən yüksək pilləsini göstərdik. Komandamın oyunundan razıyam. Gözəl oyunumuzun səbəbi əzmkar mübarizə, inadkarlıq və azarkeş dəstəyidir. Qələbələrimizdə medianın da rolu böyükdür. Hər oyun ərəfəsində komandanı ruhlandırmağınız çox kömək oldu. Futbolçulara "çox sağ ol" deyirəm.
- Əvvəlcədən 2 mərhələ keçməyiniz məqsəd sayılırdı. Pley-offa gəlib-çıxacağınıza nə vaxt inandınız?
- Deyirlər, iştah diş altındadır. "Metallurq"u keçəndən sonra "Portdaun"la bizi çətin oyun gözləyirdi. Uşaqlar hər iki oyunda rəqibdən güclü olduqlarını göstərdi. Sonra "Visla" gəldi. Polşa komandasını səfərdə 1:0, evdə 3:2 hesabıyla məğlub etdikdən sonra pley-offa adladıq. Doğrusu, "Borussiya"ya rəqib olandan sonra bir qədər fərqli düşündük. Amma qrup mərhələsinə adlamaq istəyirdik. Hər qələbədən sonra istək və arzu çoxalır. Üstəlik, azarkeşlərin sevincini görüb, daha da irəli getmək istəyirdik.
- "Borussiya"nı keçəcəyinizə inam var idi?
- Futbolda hər şey mümkündür. Baş məşqçi kimi "Qarabağ"ı qələbəyə hazırlayırdım. Amma reallıq tam başqadır. Almaniyanın adlı-sanlı klubuna qalib gəlməyimiz real görünmürdü. Səviyyə fərqi göz qabağında idi. Son oyunda evdə, heç olmasa, heç-heçə olmasını istəyirdim. Avropayla sülhlə vidalaşmağı arzulayırdım, amma alınmadı. Sualınıza gəldikdə, mətbuat sona qədər bizə dəstək oldu. Almaniyadakı ilk oyun ərəfəsində curnalistlər elə yazırdılar ki, mən də artıq almanları udacağımıza inanmışdım (gülür).
- Bəlkə ilk oyunda 0:4 hesablı məğlubiyyət olmasaydı, qapıçı Fərhad Vəliyev səhvə yol verməsəydi, başqa cür olacaqdı...
- Fərhadı günahlandırmağın əleyhinəyəm. Hər bir qapıçı səhvə yol verə bilər. Futbol komanda oyunudur. Sadəcə, komandanı erkən qol sındırdı. Toparlana bilmədik. Müdafiədəki səhvlər öz rolunu oynadı. Nə etmək olar? Biri qalib gələndə, biri uduzmalıdır. Amma 0:4 hesablı məğlubiyyətə layiq deyildik.
- Ardıcıl 2 il Avropa Liqasında uğurlu çıxış etdiniz. Bəlkə Azərbaycan çempionu olmaqla Çempionlar Liqasına vəsiqə qazanasınız, orada da tarix yazmaq olar?
- Çempionlar Liqasında çıxış etmək yaxşı olardı. Amma çempionat uzun marafondu, sona qədər birinci yeri qorumaq çətin olur. İndi futbolçular çox yorulub. Onlara 3 günlük istirahət vermişəm. Sonra yığmanın üzvləri milliyə qoşuldular. Artıq bütün diqqətimizi Azərbaycan çempionatına yönəltmişik. Gərək bu barədə fikirləşək. Qələbələrimiz istəkləri artırdı. Biz də Çempionlar Liqasında uğurlu çıxış etməyi arzulayırıq. Amma "böyük beşlik"in yarışlarına baxın. Onlarla ayaqlaşmaq çətindir. İndiki halda biz onlardan geri qalırıq.
- Komandada standard vəziyyətlə bağlı problem var. Fikir verirsiniz, "Portdaun" və "Borussiya" ilə oyunlarda futbolçular standard vəziyyətdən istifadə edə bilmirlər.
- Hardasa düz deyirsiniz. Amma "Borussiya"nın nə qədər jiddi komanda olduğunu gördünüz. Bütün futbolçuları cərimə meydançasına yığılırdı. Bir dənə də boşluq tapa bilmədik. Çox şey hazırlamışdıq. Hər oyun ərəfəsində rəqibə "sürpriz" hazırlayırıq. Amma alınmır. "Borussiya" elə-belə komanda deyil.
- Gələn mövsüm yenə "Borussiya" ilə qarşılaşmaq istərdinizmi?
- Bu barədə fikirləşməmişəm. Amma nə qədər belə oyunlarda iştirak etsək, o qədər təcrübəmiz artır. "Borussiya" ilə oyunlar bizə dərs oldu. "Qarabağ" Avropa səhnəsində böyük təcrübə əldə etdi. Futbolumuzun inkişaf etməsində belə amillərin rolu böyükdür.
- "Visla" ilə oyunda stadionda 30 min azarkeş var idi. "Borussiya"ya səfərdə 0:4 hesablı məğlubiyyətə baxmayaraq, "Qarabağ"yenə dəstəksız qalmadı...
- Futbol azarkeşlərsiz gözəl alınmır. Hamıya təşəkkür edirəm. Komandalar meydana daxil olub, stadionda anşlaqı görəndə futbolçular da ruhlanır. Digər tərəfdən, "Qarabağ"ın adı bizim üçün müqəddəsdir. Avropada uğurlu çıxışımız yaralı yerimiz olan "Qarabağ"ın adını da ucaltdı. Artıq hamı Azərbaycanın "Qarabağ" futbol klubunu tanıdı. Stadiona gələnlər arasında komandanın fanatları olmayan, amma "Qarabağ"a dəstək vermək istəyən insanlar var idi. Bunları düşünəndə nəsə etdiyimizi fikirləşirik.
- İndi Azərbaycan çempionatını düşünmək vaxtıdır. "Qarabağ" hazırdır çətin mübarizəyə?
- Düzünü deyim, komanda Azərbaycan premyer-liqasına hazır deyil. Bir qədər vaxt lazımdır. Futbolçular yorulub. Uzun müddət evdə yaxınlarını görmədilər. Təlim-məşq toplanışları bir qədər onları ailədən uzaq saldı. Amma növbəti oyunumuza hələ vaxt var. Ona görə hazırlaşacayıq.
- Komandanın uğurlu çıxışından sonra, sizin fanatlarınız da artdı. Hətta bəzi jurnalistlər artıq sizin millidə işləmək variantınızı müzakirə edir...
- İnam və etimada görə çox sağ olun. Millidə işləmək istənilən məşqçi üçün böyük şərəfdi. Amma "Qarabağ" klubuyla müqaviləm var və sona qədər onu yerinə yetirmək fikrindəyəm. Məni hazırda komandamın çıxışı maraqlandırır.
- Səmimi cavablara görə çox sağ olun.
- Siz də bizi diqqətdə saxladığınıza görə sağ olun.
MƏSLƏHƏT GÖR:



623

