
DƏN DƏN ÜSTÜNƏ
Bu il məhsul az olsa da, Azərbaycanda çörək qıtlığı olmayacaq
Müəllif: Zeytulla CABBAROV Bakı
Yəqin, hamı bu fikirdədir ki, bu yay Azərbaycanda müşahidə edilən anormal istilər ən böyük çətinliyi kənd sakinləri üçün yaratdı - nəfəskəsən istilərə baxmayaraq, onlar fədakarcasına sahələrdə işləməyə davam etdilər, özlərinin çörəksiz qalmamaları üçün və bütün respulikanı təmin etmək məqsədi ilə becərilmiş məhsulun hansısa hissəsini xilas etməyə çalışdılar. Və yay biçini artıq sona çatmaq üzrədir. Payızlıq arpa və buğda artıq düzənlik, dağətəyi və dağlıq ərazilərdən yığılıb, kombaynlar dağ yamaclarındakı son hektarları biçirlər.
Azərbaycan Dövlət Statistika Komitəsinin 9 avqust 2010-cu il tarixinə olan məlumatına görə, sahələrin 95%-dən taxıl yığılıb və 1 mln 850 min ton məhsul götürülüb; bunun da 1,3 milyon tonu buğdanın payına düşür. Hər hektardan yığılan buğdanın miqdarı 19,9 s-ə düşüb ki, bu da keçən illə müqayisədə xeyli aşağıdır. Hazırda kənd yerlərində qarğıdalı və dənli-paxlalı bitkilərin yığımına başlanılıb, payızda isə kəndlilər düyü yığımına başlayacaqlar.
Mütəxəssislərin proqnozlarına görə, bütövlükdə, taxıl yığımı 2 mln tona yaxın olacaq. Keçənilki məhsuldar illə müqayisədə bu, 1 milyon ton azdır. Ancaq Kənd Təsərrüfatı Nazirliyində (KTN) əmin edirlər ki, əgər bütün becərilən məhsul səmərəli istifadə edilərsə, Azərbaycanda taxıl kifayət qədər olacaq.
Daşqınlar və quraqlıq
Respublikanın məhsul yığımını başa çatdıran taxılçılar birsəslə bildirirlər ki, il məhsulsuz olub. Onlarla razılaşmamaq da olmur, axı aqrar bölmədə məhsul istehsalı təbii risklərlə bağlıdır, builsə Azərbaycanda eyni vaxtda iki arzuolunmaz hadisə - daşqın və quraqlıq baş verib.
Yaz daşqınları nəticəsində Kür və Arazın suları Sabirabad və Saatlının bütün taxıl əkinlərini, həmçinin İmişli, Zərdab, Kürdəmir, Salyan və başqa kənd rayonlarının taxıl əkinlərinin bir qismini məhv edib. Bu rayonlarda orta məhsuldarlıq bir hektardan 20-24 sentner təşkil edib.
"Aprelin sonunda dağlarda qarın əriməsi nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artdı. Əsas çaylar olan Kür və Arazın yaz daşqınları nəticəsində 60 min 107 hektar əkin və otlaq sahəsi su altında qaldı. Əgər daha dəqiq yanaşılsa, bu sahələrin 26 min 255 ha-sı payızlıq arpa və buğda, 2 min 667 ha-sı kartof, 2 min 400 ha-sı tərəvəz, 710 ha-sı bostan, 80 ha-sı şəkər çuğunduru, 22 min 838 ha-sı yonca və 3 min 735 ha-sı otlaq sahələri olub", - deyə KTN-in bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev bildirir.
Məsələn, 11 min hektardan artıq taxıl əkilmiş İmişli rayonunda 30 min tona yaxın məhsul əldə edilib. Rayon üzrə orta məhsuldarlıq keçən ilə baxanda bu il azalaraq, hektardan 24,2 sentnerə düşüb. Rayonda təbii fələkətin verdiyi təcrübə nəzərə alınaraq, artıq bu payızdan taxıl əkinlərinin sahəsini 20 min hektardan çox etməyi planlaşdırırlar. Qonşu Saatlı rayonunda isə taxılçılar 19 min hektar sahədə payızlıq arpa və buğda yetişdiriblər. 58 min tondan çox məhsul becərilib və rayon üzrə orta məhsuldarlıq 29,4 ha təşkil edib. Rayonun 11 min hektar ərazisi su altında qalıb, əkinlərə gəldikdə isə su 6 min hektar əkini basıb.
Bundan başqa, KTN bitkiçilik şöbəsi mütəxəssislərinin məlumatına görə, Aran düzündə yerləşmiş özəl təsərrüfatların ərazisinə leysan yağışları yağıb ki, bu da zəmilərin ayrı-ayrı sahələriinin sarı pas xəstəliyinə tutulmasına səbəb olub. Xəstəlik nəticəsində məhsula vurulan zərəri minimuma endirmək üçün aqrotexniki tədbirlər kompleksi gerçəkləşdirilib ki, bu da dəymiş zərəri məhdudlaşdırmağa imkan yaradıb.
Amma təbii kataklizmlərlə yanaşı, taxıl məhsulunun həcminin azalması bir sıra başqa obyektiv və subyektiv amillərlə də bağlıdır. Belə ki, elə ilk başdan taxıl sahələrinin sahəsi 156 min hektar azaldılmışdı. Bu onunla bağlıdır ki, keçən il 3 milyon tona yaxın məhsul becərən taxılçılar onu yerli bazarda sata bilmədilər. Müəyyən zərərə uğramış özəl təsərrüfatlar taxılçılıqdan imtina etdilər və başqa əkin növlərinə üstünlük verdilər.
Əgər məhsul istehsalçılarının məntiqi ilə yanaşsaq, taxıl istehsalının elə ilk başdan 350 min azalacağı gözlənilirdi. Eyni zamanda, aqrar sahə üzrə ekspertlər ümid edirlər ki, gələn il fermerlərin bu cür problemləri yaranmayacaq. Bu, onunla bağlıdır ki, Şəki və Sabirabadda artıq regional logistika bazaları tikilib və istifadəyə verilib, Cəlilabad və Bərdədə də yeni anbar sahələrinin tikintisinə başlanıl?b.
Eyni zamanda, lokal xarakterli çox böyük problemlər də var; məsələn, aran iqtisadi rayonunun təsərrüfatlarında sahlərin vaxtında emal edilməməsi üzündən Ağcabədi, Bərdə, Beyləqan və başqa rayonlarda gəmiricilər əkinləri məhv ediblər. Halbuki, 2010-cu il məhsulunun yığımına "Aqrolizinq" ASC-nin xidmət və filiallarından 1 110 taxılyığan kombayn və 990 maşın göndərilib, həmçinin başqa mənbələrdən 240 çağdaş kombayn cəlb edilib.
Bu isə keçənilki biçində istifadə edilən yeni kombaynların sayından 236 ədəd çoxdur. Ancaq yüksək biçin templərinə və əkinçilər üçün güzəştli gübrə əldə edilməsi imkanlarına baxmayaraq, yüksək məhsuldarlıq əldə etmək mümkün olmayıb. Qeyd edək ki, KTN-nin məlumatına görə, əkinçilərə toplam dəyəri 20 mln manat olan 58 min ton mineral gübrə verilib.
Böhran olmayacaq
Bəllidir ki, təbii fəlakətlər üzündən yalnız bizim ölkənin deyil, həmçinin Avropanın, Rusiya və Ukraynanın taxılçıları da zərər çəkib. Pessimist proqnozlara görə, bu il Rusiyada taxıl istehsalı keçənilki 90 mln ton səviyyəsindən azalaraq, cəmi 60 mln ton ola bilər. Yaranmış taxıl qıtlığı Rusiya hökumətini buğda ixracından imtina etməyə məcbur edib.
Dünya böhranı BMT-də də həyəcan doğurub və baş katib Pa Gi Mun ərzaq taxılı istehsal edən ölkələrə buğda qıtlığı keçirən dövlətlərə məhsul ixracını azaltmamağa çağırıb. BMT-nin ərzaq və kənd təsərrüfatı qurumu olan FAO-nun (Food and Agriculture Organization) məlumatına görə, 2010-cu ildə ehtimal edilən 676 mln. ton əvəzinə 4% az, yəni 651 mln ton taxıl yığılacaq. Bunun nəticəsində iyunda taxılın qiyməti 50% artıb və hazırda tona görə $230-240 arasında dəyişir. Sevindiricidir ki, bu il Ukrayna və Qazaxıstanın hər birinin ixrac potensialı 15 mln ton ətrafındadır. Qazaxıstan KTN-nin məsul katibi Yevgeniya Amanın sözlərinə görə, bu il ixracatda heç bir məhdudiyyət qoyulmayacaq.
Bununla yanaşı, xarici analitiklərin fikrincə, buğda və arpanın qiymətlərinin proqnozlaşdırılan artımı bank uçot dərəcələrinin qalxmasına, əmtəə bazarlarında böhrana, inflyasiyanın artmasına, həmçinin inkişaf etməkdə olan ölkələrdə çaxnaşmalara səbəb ola bilər. Amma bununla yanaşı, BMT ekspertləri hesab edirlər ki, dünya buğda bazarı sabitdir və 2007-2008-ci illərin böhran ssenarisi təkrarlana bilməsi üçün əsas yoxdur. Məsələ bundadır ki, dünya üzrə iki il dalbadal yaxşı məhsul olub ki, bu da strateji ehtiyatları formalaşdırmağa imkan verib. Dünya Taxıl Şurasının məlumatına görə, strateji ehtiyatların toplam həcmi 187 mln tona çatır. Bu isə dünya üzrə 107 istehlak gününə çatmalıdır. Müqayisə üçün deyək ki, 2008-ci ildə bu ehtiyatlar 124 mln ton olub və 73 istehlak gününə çatıb.
Azərbaycana gəldikdə, müstəqil ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, daxili tələbatın təmini üçün builki payız əkinlərinə lazım olan toxum xaric, ən azı 1,5 mln ton ərzaq taxılı, yəni bərk və yumşaq buğda lazımdır. Ölkədəki ehtiyatların həcmi isə 250-300 min ton təşkil edir. Keçən ilin dərsləri nəzərə alınaraq, respublikada iyulun 1-dən başlayaraq, Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli taxıl alınmasına başlanılıb. Onun müddəti 1 sentyabr 2010-cu ilə qədər davam edəcək. Taxıl qəbulu "Dəvəçi-Dəyirman" MMC, "Karat-Holdinq", "Fatoqlu", N.Quliyev adına "Bakı-Taxıl", "Araz" ASC, "Aveta", "EL KM", "Baxtiyar" kimi müəssisələr və "Neon" firması tərəfindən gerçəkləşdirilir. Bir ton keyfiyyətli buğdanın qiyməti 160 manatdır. Respublikada qüvvədə olan standartlara uyğun taxıl qəbul edilir.
Hökumət həmçinin taxılın qiymətinin qalxmasının qarşısının alınması üçün bir sıra tədbirlər görür. KTN-dən bildiriblər ki, bu dövlət qurumunun rəhbərliyi dünya bazarlarında yaranmış durumla əlaqədar olaraq respublikanın Nazirlər Kabinetinə idxal buğdasından əlavə dəyər vergisinin götürülməsi ilə bağlı müraciət edib. Respublikanın İqtisadi İnkişaf Nazirliyi isə çörək və çörək-bulka məmulatlarının qiymətinin fəal monitorinqini aparır. Bütün bunlar birlikdə Azərbaycanın çörəklə təchizatının ən azı növbəti biçinə qədər sabit səviyyədə qalmasını təmin etməlidir. Ümid edək ki, gələn il hava əkinçilərimizin ümidini doğruldacaq.
MƏSLƏHƏT GÖR: