5 Dekabr 2025

Cümə, 21:50

BU, ONUN SEÇİMİDİR

M. Əliyeva: "Mən konkret işlə məşğul olmaq, insanlara yardım etmək, konkret problemləri həll etmək istəyirəm..."

Müəllif:

01.09.2010

"Tarix həyatda hər bir adamın yerini və təyinatını müəyyən edib. Kiçik və ya böyük rollar yoxdur. Yalnız sənin şəxsi dərk edilmiş məsuliyyətin öz həyat kitabını yazmağa imkan verir. Bunda isə hər bir kəs özünü ya  yaradıcı, ya da özünün və dünyanın dağıdıcısı kimi göstərir. Olduğun kimi olmaq - bax, bizim həyatımız elə budur. Buna görə də özünə özgə rollar və obrazlar götürmək lazım deyil. Çünki sən və sənin dünyadakı yerin tək və nadirdir". 

Bu sözlər dünyadakı yeri və rolu, doğrudan da, təkrarsız bir insana  - Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, "Azərbaycan mədəniyyətinin dostları" Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri doktoru, üç uşaq anası və nəhayət, iki nəvə nənəsi olan Mehriban xanım Əliyevaya aiddir. Bu titullar, sadəcə, etiket xatirinə səsləndirilmir, onların hər birinin əsasında Azərbaycan və türk-müsəlman dünyası, həmçinin, bütün bəşəriyyət qarşısında xidmətlər durur. Bu gün o, bizim çoxumuzun əzizidir. Və biz də bu əziz insanın ad gününü - avqustun 26-sı tarixini heç cür unuda bilməzdik. 

Mümkünsüzü necə mümkün etmək olar? Gerçəkdən də ehtiyacı olan hər kəsə diqqət və qayğı göstərməyi kim bacarar? Bu, asan deyil, amma Azərbaycanın birinci xanımı bunu sadəliklə və mehribanlıqla edir, ən əsası, nəticə təsirli alınır. Bununla yanaşı, Mehriban xanım Əliyeva doğma Azərbaycanın xoş imicinin inkişafı üzrə geniş fəaliyyət göstərir. Doğrusu, onun yorulmaz iş qabiliyyətinə, ətrafdakıların taleyi ilə daim maraqlanmasına, müfəssəl və eyni zamanda, dövləti səviyyədə genişmiqyaslı düşünmə qabiliyyətinə yalnız heyran qalmaq olur. 

Taleyüklü problemləri həll edərkən o, Heydər Əliyev Fondunun prezidenti kimi çox sayda rəsmi şəxslərlə görüşür. Mehriban Əliyeva dünya səviyyəsində qəbul edilən nüfuzlu şəxs kimi çox sayda daxili və beynəlxalq məsələlərin həllində iştirak edir. Bununla yanaşı, o, böyük diqqətlə sadə vətəndaşlarla ünsiyyət qurur, onları axıra qədər dinləyir və hər birinin şəxsi xahişinə ürəkdən yanaşır. Axı hər bir insanın problemi, öz-özlüyündə götürdükdə, ayrıca bir bəşəri insan faciəsidir! 

Bu gün Mehriban Əliyevanın məşğul olduğu bütün sahələri sadalamaq, sadəcə, çox çətindir. Azərbaycanın birinci xanımı ölkənin bütün  bölgələrində çağdaş, dünya standartlarına uyğun şəkildə təchiz edilmiş məktəblərin, mədəniyyət və idman obyektlərinin tikintisini, səhiyyə, xüsusilə də xəstə uşaqların və əlillərin himayə olunduğu müəssisələrin inkişafını öz himayəsinə götürüb. 

Mehriban Əliyevanın tərcümeyi-halı hamıya yaxşı məlumdur, amma bir daha qeyd etmək istərdik ki, Azərbaycanın gələcək birinci xanımı yaradıcı alim ailəsində anadan olub.  Onun atası Arif Paşayev yazıçı və ədəbi tənqidçi Mir Cəlal Paşayevin oğludur, hazırda Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva isə tanınmış Azərbaycan jurnalisti Nəsir İmanquliyevin qızıdır, məşhur filoloq və ərəbşünas olub. 

Mehriban gözəl oxuyub və 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib. Bir neçə aydan sonra o, Azərbaycan Tibb Universitetinə daxil olub və sonra təhsilini İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında davam etdirib, 1988-ci ildə isə oranı fərqlənmə ilə bitirib. 

Hələ tələbə olarkən, 1983-cü ildə İlham Əliyevə ərə gedib və  qeyri-adi bir insanın - Heydər Əliyevin ailə üzvünə çevrilib. Şəksiz ki, Heydər Əliyevin öz ətrafında yaratdığı atmosfer, Mehriban xanımın da yaradıcı şəxsiyyət,  fəal ictimaiyyətçi və xeyriyyəçi kimi formalaşmasında mühüm rol oynayıb. 

1995-ci ildə Mehriban Əliyeva tərəfindən "Azərbaycan mədəniyyətinin dostları" Xeyriyyə Fondu yaradılıb. 2002-ci ildən isə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir. Mehriban Əliyevanın şəxsiyyəti və nüfuzu sayəsində  Beynəlxalq Gimnastika Federasiyası iki dəfə (2003 və 2004-cü illərdə) bədii gimnastika üzrə dünya kubokunu və 2005-ci il dünya çempionatını Azərbaycan paytaxtında keçirməyə qərar verib. 

Yarandığı 10 may 2004-cü il tarixindən bu yana Mehriban Əliyeva tərəfindən rəhbərlik edilən Heydər Əliyev Fondunun xətti ilə görülmüş işləri sadalamaq isə çətindir. Hazırda onun fəaliyyəti Azərbaycanın sərhədlərindən çox-çox kənarlara çıxır. Bu işlərin önəmi artıq dünya səviyyəsinə qalxıb. Azərbaycanın, demək olar ki, unudulmuş milli incəsənətinin fenomeni - muğamın dirçəldilməsi isə  Mehriban Əliyeva tərəfindən görülən işlər sırasında ən  unikallığı ilə seçilir. Azərbacan sənətkarlarının çıxış etdiyi beynəlxalq festivalların mütəmadi təşkil edilməsi sayəsində dünyada bu incəsənəti sevənlər getdikcə artırır. Unikal səs yazıları çağdaş formatda işlənərək yayılır, elmi-tədqiqat işləri nəşr etdirilir. Ən nəhayət, hazırda Bakıda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmiş Muğam Mərkəzi fəaliyyət göstərir.  Bu məhsuldar iş diqqətdən kənarda qala bilməzdi - 2004-cü ilin avqust ayında Mehriban Əliyeva Azərbaycan şifahi xalq yaradıcılığının və musiqi irsinin qorunması və inkişafı sahəsində səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri seçilir. 

Dəfələrlə keçirilmiş sosial sorğuların nəticələrinə görə, Mehriban xanım "İlin qadını" fəxri adına layiq görülüb. O, beynəlxalq "Caspian Energy Integration Award" mükafatının  "Xəzər - Qara dəniz regionunda ilin ictimai xadimi" nominasiyasının sahibi olub. 2006-cı ilin noyabrında isə İSESKO-nun xoşməramlı səfiri seçilib. 

Mehriban Əliyeva ailə, ana və uşağın qorunmasında və sağlamlığının möhkəmlənməsində müstəsna xidmətlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mükafatını alıb. 2007-ci ildə isə Mehriban Əliyeva genişmiqyaslı xeyriyyə fəaliyyətinə görə Rusiyanın "Altun ürək" mükafatını qazanıb. 2009-cu ildə isə Polşanın "Xidmət" ordeninin "Böyük komandor xaçı" ilə təltif edilib.  Bu yaxınlarda isə Fransa Respublikası prezidentinin sərəncamı ilə Azərbaycanın birinci xanımı "Fəxri legion" ordeninin zabit dərəcəsi ilə mükafatlandırılıb. 

Qeyd edək ki, dünyada tanınmış ictimai və siyasi  xadimlərə, dövlət xadimlərinə, mədəniyyət və elm adamlarına verilən bu orden hələ 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın yüksək dövlət mükafatı olan "Fəxri legion" ordeninin beş dərəcəsi var. Onun təltif edilməsinə icazə ordenə təqdim edilmiş şəxslər haqqında məlumatın 11 nəfərdən ibarət nüfuzlu Mükafat Komissiyası tərəfindən öyrənilməsindən sonra verilir. "Fəxri legion" ordeninin Fransa Respublikası qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən zabit dərəcəsi ilə dünyanın bir çox görkəmli insanları təltif olunub. Azərbaycanın birinci xanımının bu ordenə layiq görülməsi bir daha göstərir ki, Mehriban Əliyevanın ictimai fəaliyyəti, təhsilin və mədəniyyətin inkişafına onun verdiyi töhfələr yalnız Azərbaycanda deyil, həm də beynəlxalq aləmdə hörmət və ehtiram qazanıb. 

Dünya KİV təkrar-təkrar qeyd edir ki, Azərbaycanın birinci xanımı əsl Şərq gözəlidir, cazibədarlıq və ziyalılıq təcəssümüdür. Eyni zamanda unutmaq olmaz ki, Mehriban Əliyeva prezidentin xanımı, ana və nənədir, bütün bu məsuliyyətli, qəlbinə əziz olan "rütbələri" o, şərəflə yerinə yetirir. Prezidentin xanımı olmaqla yanaşı, ictimai və ailə missiyalarını da yerinə yetirmək necə mümkündür? Rusiyanın "İzvestiya" qəzetinin müxbirinin bu sualına Mehriban Əliyevanın özü müsahibələrində belə cavab verib. 

"Bir sözlə, bu, çox məsuliyyətlidir", - deyə Mehriban xanım bildirib. - "Mən artıq ölkə prezidentinin xanımı olanda, bütövlükdə, həyatım, demək olar ki, dəyişmədi. Uşaqlıqdan məni ictimailik elementi olan mühit əhatə edib. Nəzərə alsaq ki, mən Heydər Əliyev ailəsinin üzvü olanda birinci kurs tələbəsi idim, onda  aydın olar ki, iyirmi ildən artıq  çox sayda amillər mənim üçün hansısa oturuşmuş davranış tipini şərtləndirib. Buna görə də mənə hansısa önəmli dəyişikliyin olmasını iddia etmək çətindir. Özümlə bağlı bəzi şeylər dəyişdi. Mənim həyat kredom həmişə belə olub ki, eləməyə çalışdığın yaxşılıq barədə məlumat yaymaq heç cür olmaz. Mən artıq bu imkandan məhrumam. Birinci xanım statusunda artıq ictimaiyyətin diqqətindən kənarda qalan heç bir xeyriyyə aksiyası keçirə bilmirəm. Bu ictimailik elementi yormur, amma istənilən halda həyatıma müəyyən nüanslar qatır ki, bunları da olduğu kimi qəbul etməliyəm. Rəsmiyyətçi olmayan bir adam kimi bu, mənim üçün çətindir. 

- Buna sizin uşaqlar necə yanaşır?

- Müxtəlif cür. Heydər, yəqin ki, sadəcə fərqinə varmır. Ondan ötrü, heç nədən asılı olmayaraq, valideynləri ən əsas adamlardır, onlardan güclü, ağıllı və xeyirxah adam, əlbəttə, ola bilməz. Qızlar isə artıq böyükdürlər və mənə elə gəlir, onlar artıq məsuliyyət yükünü layiqincə daşıyırlar. 

- Sizin ailədə söz azadlığı necədir, "müxalifət" varmı?

- Ailə, hər şeydən öncə, həmfikirlərdir. Bu insanlar - qadın və kişi uyğun həyat prinsplərinə və mənəvi dəyərlərə malikdirlər.  Mənim İlhamla çox şeydə görüşlərim oxşardır. Biz, təxminən, oxşar mühitdə böyümüşük. Bu, ötən əsrin mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sadiqliyini qorumuş Azərbaycan ziyalısının mühitidir. Bu cür köklərə malik olmaq, sadəcə, xoşbəxtlikdir. 

Qadın, hətta prezident xanımı olsa belə, hər şeydən öncə qadındır, ailədə dincliyin, mehribanlığın və sevginin zəmanətçisidir. Məndən ötrü çox vacibdir ki, kişi həddindən qaynar və gərgin iş günündən sonra evə gəlir, orada onu başa düşürlər və dəstəkləyirlər, onu qiymətləndirirlər və sevirlər. 

- Siz buna nail olursunuz?

- Nail oluram, yoxsa yox, İlhamın özündən soruşmaq lazımdır.

Mehriban xanımın "Başqa qadınlar kimi siz də siyasətə qoşula bilərdinizmi?" sualına isə cavabı aşağıdakı kimi olub:

- Əlbəttə, bu zaman böyük imkanlar açılır. Amma hər şey adamından asılıdır. Əgər siyasi fəaliyyət sənə yaxındırsa, onda uğur təmin ediləcək. Mən siyasətlə məşğul olmuram, sadəcə, insanlara yardım edirəm. Əgər bunu siyasət sayırsınzsa, onda buyurun, sayın. Çox vaxt siyasətdən danışanda, bunu insanın hakimiyyətə can atması ilə bağlayırlar. Mən hakimiyyətə can atmıram. Bu, mənlik deyil. 

YUNESKO-nun xoşməramlı səfiri və  Heydər Əliyev Fondunun prezidenti kimi mən öz vacibliyimi hiss edirəm. Hər gün mənim adıma 200-dən çox məktub gəlir. Onların heç biri diqqətdən kənarda qalmır. Mən konkret işlə məşğul olmaq, konkret insanlara yardım etmək, konkret problemləri həll etmək istəyirəm. Kömək etməyi bacaranda sevinirəm, məndən asılı olmayan hansısa səbəb üzündən bunu bacarmayanda kədərlənirəm. Bəzən tale, qəzavü-qədər qarşısında gücsüzlüyümü anlayanda əzab çəkirəm. Amma xilas olmuş körpənin gülüşü məni sevindirir. Mənim seçimim budur. 

"Bəzən insan elə vəziyyətə düşür ki, döydüyü heç bir qapı açılmır və onda o, öz bədbəxtliyi, problemi ilə təkbaşına qalır. Və ona elə gəlir ki, artıq heç nə və heç kim ona kömək edə bilməz. Belə olan halda o, bizim fonda üz tutur. Mən deyə bilmərəm ki, biz bütün problemləri bir saata həll edirik. Amma burada insan nə laqeydliklə, nə də soyuq münasibətlə qarşılaşır və mütləq onun probleminin həlli üçün bütün mümkün vasitələrdən istifadə edilir. Yəqin ki, xeyirxahlıq, insanpərvərlik, rəhimdillilik Azərbaycan xalqının mentalitetinə, əsrlərboyu formalaşan ənənələrinə xas gözəl keyfiyyətlərdir. Və biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə can atırıq". 

Yaradan həmişə xeyirxahlığa, inama və düzgünlüyə görə mükafatlandırır və hər bir insan öz xalqına hansısa kömək imkanına malikdirsə, qoy bunu etsin. Azərbaycanın birinci xanımının yorulmadan bunu etdiyi kimi. Şərəflə, yəni ləyaqətlə, şövqlə və düşünərək. 



MƏSLƏHƏT GÖR:

655