24 Noyabr 2024

Bazar, 02:18

ARAYIŞINIZI GÖSTƏRİN!

Vətəndaşların nikaha girməzdən əvvəl tibbi müayinədən keçmə öhdəliyinin tətbiqi Azərbaycana nə verəcək?

Müəllif:

26.01.2015

Bundan sonra ailə qurmaq istəyən Azərbaycan vətəndaşları nikahın qeydə alınmasına dair ərizə ilə yanaşı, mütləq qaydada sağlamlıq haqqında arayış da təqdim etməli olacaqlar. Milli Məclisin ötən ilin payızında qanunvericiliyə etdiyi bu dəyişiklik 2015-ci ilin əvvəlindən qüvvəyə minib.

Azərbaycanın Ailə Məcəlləsinə parlamentarilər tərəfindən edilmiş əlavədə bildirilir ki, nikaha daxil olmaq istəyən şəxslər yaşayış yerinə uyğun olaraq, dövlətə məxsus səhiyyə ocağında pulsuz tibbi müayinədən keçməlidirlər. Bu müayinədən keçənlərə 2 arayış təqdim olunacaq: birincisi, müayinədən keçdiyinə dair, ikincisi, bilavasitə sağlamlıq durumu haqqında. VVAQ-a isə onlardan yalnız biri - tibbi müayinədən keçməni təsdiqləyən arayış təqdim edilməlidir. Vəzifəli şəxslərin heç biri vətəndaşdan sağlamlıq vəziyyətilə bağlı arayış tələb etmək səlahiyyətinə malik deyil. Beləliklə, müayinənin nəticəsi həkim sirri olaraq qalacaq. Qanun nikaha girən tərəflərin üzərinə müayinənin nəticəsi haqda bir-birlərini məlumatlandırmaq öhdəliyi də qoymur. Bu, könüllülük əsasındadır. Əlbəttə, tərəflərdən birinin gizlədiləcək hər hansı xəstəliyi yoxdursa, o, arayışı qarşı tərəfdən "gizlətməyə" çalışmayacaq. Bundan başqa, nikaha daxil olmaq istəyənlərlə tibbi-gigiyenik, tibbi-psixoloji məsələlərlə bağlı konsultasiyalar aparılacaq, reproduktiv sağlamlığa dair tövsiyələr veriləcək.

Ümumilikdə, qanun sağlam ailənin qurulmasına şərait yaradılması üçün nəzərdə tutulub. Bu, gələcək valideynlərin doğulacaq körpələrinin irsi və ya anadangəlmə xəstəliklə dünyaya gələ biləcəyinə dair xəbərdar edilməsi, ağır infeksiyalara - hepatitlərə, İİV, zöhrəvi xəstəliklərə və s. yoluxmasının önlənməsi məqsədi  güdür. Qanunda ayrıca olaraq qeyd edilir ki, nikaha girmiş şəxslərdən birinin dəri-zöhrəvi xəstəliklərə, İİV/QİÇS-ə yoluxdurulması faktı nikahın pozulması üçün əsas sayıla bilər.

Skeptiklərin iddiasına görə isə istənilən şəxs sağlamlıq haqda arayışı müayinədən keçdiyi klinikanın personalına müəyyən qədər "hörmət" etməklə əldə edə biləcək. Onlar sürücülük kurslarına və ya işə qəbul zamanı bəzi hallarda arayışların məhz bu yolla əldə edildiyini bildirirlər. Yeni qanunu da eyni aqibət gözləmir ki?

Sosial əhəmiyyətinə görə bu qərar vacibdir və ona yalnız həkimlərin deyil, adi vətəndaşların da məsuliyyətlə yanaşmalarına ehtiyac var. Vətəndaşların bu dəfə məsələyə ağıllı yanaşacaqlarını düşünmək üçün kifayət qədər əsas var. Çünki burada söhbət ən azı özünüqorumadan gedir. Birincisi, tibb ocağının müayinənin nəticəsi haqda rəyi həmin qurumun möhürü və rəhbərinin imzası ilə təsdiqlənməlidir. Nikahın qeydiyyatı zamanı VVAQ orqanları nikaha girmək istəyən şəxslərin tibbi müayinədən keçdiklərinə, onlara müayinənin nəticələri haqda məlumatın verildiyinə əmin olmalıdırlar.

İkincisi, nikaha girən şəxslərdən biri digərindən zöhrəvi xəstəliyinin, yaxud İİV daşıyıcısı olduğunu gizlədərsə, qarşı tərəf nikahın qanunsuz elan olunması tələbilə məhkəməyə müraciət edə bilər. Üstəlik, İİV daşıyıcısı olan şəxsin kimisə bilərəkdən bu xəstəliyə yoluxdurması cinayət məsuliyyətini və azadlıqdan məhrumetməni də nəzərdə tutur. Saxta arayışla insan sürücülük vəsiqəsi əldə edə, işə düzələ bilər, amma birgə yaşayacağı insanı belə arayışla aldatmaq praktiki olaraq, mümkün deyil.

Səbail, Nərimanov, Yasamal rayonları VVAQ şöbələrindən "R+"a bildiriblər ki, hələlik onlar nikaha girmək istəyənlər üçün rəsmi arayış nümunələri əldə etməyiblər. Bu üzdən də, nikaha daxil olma ərizələri sözügedən arayış olmadan qəbul edilir. Arayış nümunələri çıxan kimi, nikaha daxil omlaq üçün ərizə vermiş şəxslər nə vaxt və harada müayinədən keçməli olduqlarına dair məlumatlandırılacaqlar.

Hüquqşünasların fikrincə, hüquqi baxımdan yeni qanun son dərəcə savadlı hazırlanıb. Onun əhatə dairəsi haqda təsəvvürün formalaşması üçün qeyd edək ki, Azərbaycanda ildə 90 minədək nikah qeydiyyatı olur. Yəni hər il ölkədə, təxminən, 180 min nəfər tibbi müayinədən keçməli olacaq. Onlardan hər hansında bu və ya digər xəstəliyin olduğu üzə çıxarsa, bu şəxslər vaxtında müalicə kursu keçəcək və beləliklə, ətrafdakılar üçün də təhlükə aradan qalxacaq. Bu yolla körpələrin irsi xəstəliklə doğulmasının qarşısı da alınacaq. Bu qanunun müzakirəsi zamanı parlamenti komitəsində Azərbaycanda müxtəlif irsi xəstəliklərdən əziyyət çəkən 20 minədək uşağın olduğu bildirilib.

Nikah öncəsi müayinədən keçməyin məcburi olması müsbət məqamdır. Hələlik narkotik asılılığına dair testdən keçmə nəzərdə tutulmasa da, psixiatorla söhbət mütləqdir. Təəssüf ki, cəmiyyətdə tamamilə yanlış olan belə bir stereotip mövcuddur - guya, gəncin psixi problemini ailə qurması ilə aradan qaldırmaq mümkündür. Guya, toyun müsbət emosiyası, ailə həyatının sevinci insanda psixi pozuntuları aradan qaldırır. Bu fikir yalnız bizdə deyil, digər ölkələrdə də mövcuddur. Rişi Kapurun məşhur hind filmi "Bobbi"də "qəzəbli" valideynlər oğullarını balaca uşaq kimi düşünən infantil qızla evləndirməyə çalışırlar, çünki həkim "toydan sonra hər şeyin keçib gedəcəyini" vəd edir. Bəlkə də, son zamanlar heç bir ciddi motivi olmayan ailə qətllərinin artması da bununla bağlıdır.

Xatırladaq ki, nikaha girməyə hazırlaşan cütlüklərin bir-birlərinin sağlamlığı haqda məlumatlandırılmasını nəzərdə tutan bu və ya digər formalı tibbi müayinə Türkiyə, Özbəkistan, Ukrayna, Kanada, ABŞ, Fransa və digər ölkələrin qanunvericiliyində də yer alır.

Azərbaycan qanunvericiliyindən fərqli olaraq, məsələn, Rusiyada nikah qeydiyyatı zamanı qarşı tərəfdən hər hansı xəstəliyini və ya patologiyasını gizlədən şəxs heç bir məsuliyyət daşımır. Ukrayna qanunvericiliyisə onların üzərlərinə bir-birlərini sağlamlıq durumları haqda məlumatlandırmaq öhdəliyi qoyur. Ukraynada nikaha hazırlaşan cütlük könüllü keçdikləri tibbi müayinənin nəticələrini bir-birlərinə təqdim etməlidirlər. Tərəflərdən birində qarşı tərəfdə və ya dünyaya gələcək körpədə fiziki və ya psixoloji çatışmazlıq yaradacaq problem varsa, amma bu fakt qarşı tərəfdən gizli saxlanılıbsa, nikah qeyri-qanuni elan oluna bilər.

Moldovada isə bir müddət əvvəl məcburi tibbi müayinə ləğv edilib. Hökumət bunu "insan haqlarının pozulması" kimi qiymətləndirib. Hüquqşünaslar isə burada hər hansı hüquq pozuntusundan söhbətin getmədiyinə əmindirlər. Çünki dövlət vətəndaşlarda infeksion xəstəliklərin aşkarlandığı təqdirdə belə nikahı qeydiyyata almaqdan imtina etmir.

Həkimlərin fikrincə, dünyanın bir sıra ölkələrinin qanunvericiliyində nəzərdə tutulmuş nikaha hazırlaşan şəxslərin tibbi müayinədən könüllü şəkildə keçməsi qaydası özünü doğrultmayıb. Çünki könüllü şəkildə bu qaydaya əməl edənlərin sayı çox azdır. Üstəlik, könüllü prosedur həmin şəxslərin üzərinə heç bir öhdəlik də qoymur və demək, bu, təhlükəli infeksion xəstəliklərin yayılmasının qarşısını ala bilməz.

Nikaha girməzdən əvvəl tibbi müayinədən keçmənin məcburi olmasının önəmini artıq illərdir bu sistemin tətbiq edildiyi ölkələrin mütəxəssisləri də vurğulayırlar. "Türkiyədə nikahdan əvvəl məcburi tibbi müayinə artıq illərdir tətbiq olunur. Bu sistem özünü istər infeksion xəstəliklərin yayılmasının profilaktikası, istərsə də vaxtında tibbi müdaxilənin həyata keçirilməsi baxımından tam doğruldub", - deyə türkiyəli mütəxəssis, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin hospitalında həkim işləyən Hakan Tanrıverdi "R+" jurnalına açıqlamasında bildirib. Türkiyədə müayinə predmetləri bunlardır: hepatit B, C, QİÇS, sifilis və psixi pozuntular. Həkimin sözlərinə görə, Türkiyədə sözügedən qanun qüvvəyə mindikdən sonra statistika bu xəstəliklərin daha çox üzə çıxdığını göstərir. Genetik xəstəliklərlə bağlı müayinə isə Türkiyədə həyata keçirilmir, psixiatora baş çəkmək, təəssüf ki, formal xarakter daşıyır. Hətta QİÇS kimi xəstəliyin üzə çıxması belə, nikahın qeydiyyata alınmasından imtina üçün əsas sayıla bilməz. Orada nikaha daxil olmaq istəyənlərə sadəcə xəstəliyin olduğuna və ya olmadığına dair xəbərdarlıq edilir.

"Vətəndaşların mütləq müalicəyə ehtiyaclarının olduğuna dair informasiya almaları, ailə qurmaq, sağlam uşaq dünyaya gətirmək imkanı qazanmaları çox vacibdir. Saxtakarlıq istisnadır. Əhali və tibb işçiləri bu işin məsuliyyətini tam dərk edirlər və sağlamlıq haqqında saxta arayış əldə etmək mümkün deyil. Daha bir vacib məqam belə müayinələrin xəstəliyin daha da kəsinləşməsinin qarşısının alınmasına imkan verməsi, vaxtında qoyulan diaqnozun müalicənin effektiv nəticəsinə şərait yaratmasıdır", - deyə Hakan Tanrıverdi bildirir.

Beləliklə, Azərbaycanda nikaha girməyə hazırlaşanların məcburi tibbi müayinədən keçmələri xalqın sağlamlığının qorunmasında, müasir ailənin təməlinin güclü olmasında, ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılmasında irəli atılmış addım olacaq. İlkin dövrdə müəyyən mental amillər üzündən prosesin son dərəcə formal xarakter daşıması mümkündür. Lakin zaman keçdikcə tibbi müayinənin vacibliyinin, tərəflərin bir-birini ailə qurmağa mane olan xəstəliklər haqda məlumatlandırmasının önəmi hər kəs tərəfindən dərk ediləcək.


MƏSLƏHƏT GÖR:

742