5 Dekabr 2025

Cümə, 23:10

ERMƏNİSTAN ÜÇÜN DAHA BİR BAŞAĞRISI

Cənubi Qafqaz "üçbucağı"nın daxilində olduqca vacib hadisələr yaşanır

Müəllif:

01.09.2010

Gürcüstanın Rusiya qazını Ermənistana çatdıran Şimal-Cənub qaz kəmərinin dövlətin strateji obyektləri sırasından çıxarılması və hərraca qoyulmasına dair qərarı Cənubi Qafqazda yeni intriqalara yol açıb. Söhbət, bu magistral qaz kəmərinin 49%-nə kimin sahib çıxacağından gedir.  Bununla yanaşı, yaranmış vəziyyət region dövlətləri arasındakı münasibətlərin əsl xarakterini da bütün çılpaqlığı ilə ortaya qoyur.

Şimal-Cənub qaz kəmərinin Gürcüstan qolunun satışa çıxarılması məsələsini rəsmi Tbilisi hələ 3 il əvvəl gündəmə gətirmişdi. O vaxt Gürcüstan rəhbərliyi bunu sözügedən obyektin texniki durumunun pis olması və onun təmiri üçün özəl sərmayələrə ehtiyac yaranması ilə izah etmişdi. Amma o zaman ABŞ bu ideyanın reallaşmasına imkan vermədi: Vaşinqton bu kəmərin Rusiyanın nəzarətinə keçə biləcəyindən ehtiyatlanırdı. Ona görə də, Vaşinqton kəmərin təcili təmiri üçün Gürcüstana 50 milyon dollar ayırdı və bunun müqabilində, rəsmi Tbilisidən yaxın 5 il ərzində bu kəmərin satışa çıxarılmayacağına dair zəmanət (bu zəmanətin müddəti gələn ilin aprelində başa çatır) aldı. İndi isə Gürcüstan rəhbərliyi yenidən bu ideyaya qayıtmasını belə izah edir ki, əvvəla, "özəl sektor istənilən müəssisəni dövlət sektorundan yaxşı idarə edir", ikincisi də, Birləşmiş Ştatlar artıq kəmərin özəlləşdirilməsinə qarşı çıxmır.

Bununla yanaşı qeyd etmək lazımdır ki, kəmərin özəlləşdirilməsindən sonra da Gürcüstan onun sahibi olaraq qalacaq, çünki səhmlərin nəzarət paketi (51%) Tbilisinin nəzarətində olacaq. 

Yerdə qalan səhmlərin ən real alıcıları sırasında isə Rusiyanın "Qazprom" və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) adları hallanır. 

Çətin ki, rəsmi Tbilisi səhmlərin "Qazprom" tərəfindən alınmasına imkan versin. Çünki Gürcüstan rəhbərliyi Moskvanın bu ölkəyə qarşı təzyiq imkanlarını artırmaqda maraqlı ola bilməz. Ona görə də, istisna deyil ki, Şimal-Cənub kəmərinin sahiblərindən biri məhz Azərbaycan şirkəti olacaq. Və bu gün Ermənistanın kəmərin satışa çıxarılması ilə bağlı narahatlığı da məhz bundan irəli gəlir. Erməni ekspertləri xəbərdarlıq edirlər ki, Azərbaycanın Şimal-Cənub kəmərinin səhmlərini alma ehtimalı Yerevan üçün real təhlükədir. Məsələn, politoloq David Şahnazaryanın fikrincə, Bakının bu kəmərin Gürcüstan qoluna marağının kökündə iqtisadi yox, sırf siyasi məqsədlər dayanır:  Azərbaycanın niyyəti Ermənistanın blokadasını daha da gücləndirməkdir.  "Regionda vəziyyət kəskin şəkildə Azərbaycanın lehinə dəyişir. Hadisələrin Ermənistan üçün təhlükəli məcraya yönəlməsinə imkan verməmək üçün, ölkə rəhbərliyi qaz kəmərinin bu vacib qolunu almaq üçün əlindən gələni etməlidir", - deyə Şahnazaryan vurğulayıb.

Ermənistan parlamentinin "daşnaksütun"dan olan deputatı Ara Naranyan da hesab edir ki, Yerevan kəmərin Gürcüstan qolunu almaq üçün müraciət etməlidir. Bununla yanaşı, onun fikrincə, rəsmi Yerevan Gürcüstan rəhbərliyinin nəzərinə çatdırmalıdır ki, "qaz kəmərinin başqa ölkəyə, xüsusilə də Azərbaycana satışı Ermənistana qarşı qərəzli siyasət kimi qəbul olunacaq".

Ermənilərin narahatlığı mövzusuna beynəlxalq KİV-də də rast gəlmək olur. Məsələn, France Presse xəbər verir ki, "Gürcüstanın qaz kəmərinin bir hissəsini satmaq planı Ermənistanda təşvişlə qarşılanıb, çünki səhm paketini Azərbaycaın əldə etməsi ehtimalı çox realdır". Fransa agentliyinin məlumatında deyilir ki, "kəmərin satışı onsuz da sakit olmayan Cənubi Qafqaz regionunda yeni gərginlik mənbəyinə çevrilə bilər. Bu region isə Xəzər dənizindən neft və qazın Rusiyadan yan keçməklə Avropaya çatdırılması planlarında mühüm rol oynayır".

Öz növbəsində, "Deutsche Welle" xəbər verir ki, "Ermənistan Azərbaycanın qaz ekspansiyasından qorxur". "Ermənilər əmindirlər ki, Azəbaycan bu kəməri almaq üçün külli-miqdarda pulu iqtisadi mülahizələrə görə deyil, Dağlıq Qarabağ məsələsində Yerevana daha bir təzyiq vasitəsi əldə etmək üçün sərf etməyi düşünür. Əgər Bakı Rusiyadan Ermənistana qaz nəqlinə təsir imkanı əldə etsə, onda Azərbaycanın Ermənistana blokadası total xarakter alacaq", - alman onlayn-nəşri belə yazır. 

Maraqlıdır ki, son vaxtlara qədər rəsmi Bakı "gürcü layihəsi"ndə iştirak etmək niyyəti haqda hər hansı açıqlama verməmişdi. Hərçənd, Türkiyənin "Hürriyyət" qəzeti Tbilisidəki mənbələrə istinadən iddia edir ki, "ötən ay Azərbaycan prezidenti İlham Əliyev bu mövzunu Gürcüstan prezidenti Mixail Saakaşvili ilə müzakirə edib. Çünki Əliyev qaz kəmərini öz nəzarətinə götürməkdə israrlıdır".

Hər halda, tezliklə rəsmi Bakı açıq şəkildə öz ambisiyalarını ortaya qoydu. Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanın bütün kəmərlərinin, o cümlədən, Şimal-Cənub qaz  kəmərinin qolunun alınacağını istisna etmədi. "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədovun sözlərinə görə, bununla bağlı danışıqlar hələ aparılmasa da, şirkət sözügedən qaz kəmərinin qolunun satışı ilə bağlı vəziyyəti diqqətlə izləyir. 

Əlbəttə ki, obyektin qiyməti ətrafında da intriqalar davam edir. Rusiyanın "Qazprom" şirkəti vaxtilə kəmərin bu qoluna 250 milyon dollar təklif edirdi, halbuki, onun real qiyməti kimi 1 milyard dollar göstərilirdi. Bu gün artıq bu rəqəmdən söhbət getməsə də, ekspertlərin fikrincə, Azərbaycan Gürcüstana 500 milyon dollara yaxın vəsait təklif edə bilər. 

Təbii ki, Yerevanda bu cür proqnozları ürəkağrısı ilə qarşılayırlar. Məsələn, erməni deputatı Vardan Xaçatryan bildirir ki, əgər Bakı Gürcüstana, həqiqətən də bu qədər pul təklif edəcəksə, onda Yerevanın qaz kəmərinin almaq üçün heç bir şansı qalmayacaq. 

İstənilən halda, Azərbaycan Şimal-Cənub qaz əmərinin səhmlərinin bir hissəsini alsa belə, bu, hələ Rusiyanın Ermənistanı mavi yanacaqla təminatı rejimində hər hansı dəyişikliyin baş verəcəyi demək deyil. Çünki çox güman ki, kəmərin Gürcüstan qolunun satışa çıxarılacağı təqdirdə, Ermənistanı fasiləsiz qazla təmin olunması məsələsi əsas şərtlərdən biri olacaq.  

Amma belə olan halda belə, qaz kəmərinin alınması Azərbaycan üçün strateji əhəmiyyət daşıyacaq, çünki bu razılaşma Bakıya Ermənistana təbii qazın nəqli məsələsində öz şərtlərini irəli sürməyə, məsələn, tranzit üçün tariflərin müəyyən olunmasında iştirak etməyə (təsadüfi deyil ki, Yerevanda kəmərin Azərbaycan tərəfindən alınacağı təqdirdə, Ermənistana nəql olunan qazın qiyətinin bahalaşacağından da narahatdırlar) imkan verəcək. Bu şərtlərə əməl olunmayacağı halda isə, ARDNŞ Ermənistana qaz nəqlini dayandırmaq hüququ qazanacaq.

İstənilən halda, Bakı bu razılaşmaya yalnız o halda gedəcək ki, bu, ölkənin milli maraqlarına cavab versin. Geosiyasətə gəlincə, Azərbaycanın bu qaz kəmərinin səhmlərinin bir hissəsini ala biləcəyi haqda məlumatlar fonunda, Cənubi Qafqaz "üçbuğacı" daxilində olduqca maraqlı proseslər başlayıb: bir tərəfdən, Tbilisi ilə Yerevan arasında getdikcə gərginləşən münasibətlər (bu gərginliyin kökündə isə ermənilərin Gürcüstanın Cavaxetiya bölgəsnə olan ərazi iddiaları dayanır), digər tərəfdənsə, Gürcüstanla Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmlənməsi. Bu arada qeyd edək ki, Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin Tbilisinin Gücüstan-Azərbaycan konfederasiyasının yaradılmasında maraqlı olması barədə bəyanatı, Ermənistanda ciddi rezonans doğurub.  "Texniki baxımdan, Gürcüstan artıq Azərbaycanla konfederasiyanın yaradılmasına razılıq verib, amma bu mövzu daha dərindən müzakirə olunmalıdır. Bu təşəbbüsün forması diplomatların danışıqlarının nəticəsindən asılı olacaq, yəni, bu, diplomatların işidir. İndiki mərhələdə söhbət məsələnin müxtəlif aspektlərinə dair aparılacaq danışıqların hüquqi çərçivələrindən gedir", - deyə N.Kalandadze vurğulayıb.

"Belə bir razılaşmanın imzalanması hər iki dövlətin inkişafına xidmət edərdi. Konfederasiya çərçivəsində biz münasibətlərimizin inkişaf planını müəyyənləşdirə bilərik. Ölkələrimiz arasında iqtisadi kooperasiyanın çox intensiv xarakterini nəzərə alsaq, bizim münasibətlərimiz bütün regionun inkişafına təkan verərdi. Gürcüstan Bakı ilə Tbilisi arasında konfederativ münasibətlərin formalaşmasını alqışlayar", - deyə Gürcüstan XİN-in yüksək rütbəli nümayəndəsi vurğulayıb.

Təbii ki, bu, sadəcə, bir təşəbbüsdür və onun hərtrəfli müzakirə olunması hələ tezdir. Ən azı ona görə ki, rəsmi Bakı hələlik Azərbaycan-Gürcüstan konfederasiyası mövzusuna birmənalı münasibətini açıqlamayıb. Gürcüstan tərəfinin nəyə görə vaxtaşırı olaraq, bu cür ideyalar irəli sürməsi, və konfederasiya mövzusunun niyə məhz indi ortaya atılmasına dair də müxtəlif fərziyyələr söyləmək olar.  Amma istənilən halda vurğulamaq lazımdır ki, məsələyə Azəbaycanla Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri kontekstində yanaşsaq, bu mövzunun gündəmə gəlməsi regional inteqrasiya tendensiyalarının göstəricisidir. Azərbaycana qarşı təcavüzü ucbatından özünü tam təcrid etmiş Ermənistana isə, bu inteqrasiya prosesilərində yer yoxdur/.


MƏSLƏHƏT GÖR:

435