5 Dekabr 2025

Cümə, 21:50

ERMƏNİSTANDAN SABOTAJ DƏRSLƏRİ

Müəllif:

01.09.2010

Ermənistan rəhbəri yenə Azərbaycanın dövlət sərhədini pozdu. Avqustun 28-də Serj Sarkisyan heç kəs tərəfindən tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") "müstəqilliyi"nin 19-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Dağlıq Qarabağa baş çəkib. 

Sülh danışıqlarının getdiyi bir şəraitdə, Ermənistan tərəfindən törədilən bu cür təxribatlar artıq dünyanı təəccübləndirmir. Amma söhbət ildönüm?ndən düşdüsə, gəlin, tarixə baxaq.

Ermənistan Dağlıq Qarabağın işğalı prosesinə hələ 1988-ci ildə, bu vilayətin Azərbaycandan ayrılaraq, Ermənistana birləşdirilməsi tələbi ilə Qarabağ ermənilərinin mitinqlərini təşkil etməklə başlamışdı. Və artıq 1989-cu ilin dekabrında Ermənistan SSR-in ali soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi (!) haqq?nda qərar qəbul etdi. Amma dünya ictimaiyyətinin bunu Ermənistanın Azərbaycana təcavüzü kimi qəbul edəcəyini dərk etdikdən sonra, 1991-ci il sentyabrın 2-də ermənilər, İ.Krılovun təmsilində deyildiyi kimi, "işə heç olmasa, qanuni görüntü və məna vermək üçün" "DQR"in "müstəqilliyi" haqqında bəyannamə qəbul etdilər; özü də bu zaman millətlərin öz müqəddəratını təyin etmək hüququnu əsas göstərdilər. Bu zaman artıq nə Ermənistanda, nə də Dağlıq Qarabağda azərbaycanlılar qalmamışdı - yüz minlərlə insan etnik təmizləmələrin qurbanına, məcburi köçkün və qaçqına çevrilmişdi. 

Amma erməni tərəfi "müstəqililk" "iradə" "müqəddəratın təyin olunması" və digər terminlərlə jonqlyorluq etməsinə rəğmən, dünya birliyi Yerevanı təcavüzkar kimi tanıyıb: BMT Baş Assambleyası, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarda indiyədək qəbul olunmuş çoxsaylı qətnamələrdə bu, birmənalı şəkildə əks edilib. Məhz elə buna görə Azərbaycanla danışıqların subyekti Qarabağ erməniləri yox, Ermənistandır. 

Bu arada isə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın məlumatına görə, münaqişənin nizamlanması prosesində irəliləyişlər var. Buna görə də Moskva nizamlanmanın baza prinsiplərinə dair sənədin əksər hissəsi ilə bağlı əldə olunmuş irəliləyişlərin rəsmiləşdirilməsi təklifi ilə çıxış edib. İTAR-TASS-ın məlumatına görə, bunu Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib. 

"Mövcud baza prinsipləri üzərində indi də davam etdirilən iş hazırkı mərhələdə tərəflərin razılığnı müəyyən etməyə imkan yaradan fikirlər planında müəyyən nəticələr verib", - deyən nazir vurğulayıb ki, bu heç də o demək deyil ki, bu baza prinsipləri üzərində işin başa çatması ilə hər şey dərhal həll olnacaq.

"Tərəflər baza prinsipərindən sonra istənilən halda artıq hüquqi sənədin - sülh sazişinin hazırlanmasından çıxış edərək, bu işə qoşulurlar", - deyə S.Lavrov qeyd edib.

Düzdür, onun sözlərinə görə, hələlik baza prinsipləri ilə əlaqədar bütün məsələlər barədə razılığa gəlinməyib, "lakin mətnin xeyli hissəsi barəsində artıq anlaşma var, biz praktik olaraq, fikirlərimizi kompromis variantda ifadə edə bilmişik".

S. Lavrovun sözlərinə görə, hələlik 2-3 məsələ ətrafında razılıq əldə olunmayıb və Rusiya tərəfi də bu məsələləri gələcəkdə müzakirə ediləcək məqamlar kimi qeyd etməyi məqsədəuyğun bilir. "Dəqiq şəkildə yazılmalıdır ki, bu iki məsələ həllini tapmadan, heç bir yekun razılaşmadan söhbət gedə bilməz", - deyə nazir əlavə edib. - "Bu, indiki mərhələdə mətnin əksər hissəsinə dair əldə edilmiş tərəqqini təsbit etməyə və eyni zamanda, iki-üç konkret məqam barəsində əlavə səylərə imkan yaradardı".

Lavrovun sözlərinə görə, Rusiyanın bu təklifini Minsk qrupunun digər həmsədrləri - ABŞ və Fransa da dəstəkləyib. 

Bəs, münaqişə tərəfləri bu təşəbbüsü bəyənirmi? Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun sözlərinə görə, Ermənistan beynəlxalq vasitəçilərin səylərini düzgün qiymətləndirsəydi, Dağlıq Qarabağ münaqişəsinin həlli artıq çoxdan tapılardı.

"Hələliksə, Ermənistan həmsədrlərin təkliflərini rədd edir və bu, danışıqlar prosesində müəyyən durğunluğa səbəb olub", - deyə Əzimov jurnalistlərə bildirib. 

S. Lavrovun tərəflərin cəmi 2-3 məsələyə dair razılığa gəlmədiyi və baza prinsiplərinin böyük əksəriyyəti ilə bağlı irəliləyiş əldə olunduğu barədə dediklərinə gəlincə, A.Əzimov qeyd edib ki, hər şey razılaşdırılmamış məqamların əhəmiyyətindən asılıdır. 

"Ola bilər ki, cəmi bir məqam razılaşdırılmasın, amma əhəmiyyətli olduğuna görə, o, yerdə qalan razılıqları da özündən asılı vəziyyətə sala bilər. Burada əsas məsələ nədir? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağdakı iki icmanın birgə yaşamasını təmin edəcək modelin işlənməsinə dəstək verməyə hazırdırmı?" - deyə Əzimov vurğulayıb. 

"Başqa sözlə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Ərazi bütövlüyü çərçivəsində məsələlərin həllinə razılıq verilirsə, bütün digər məsələlər də bir gün ərzində həll oluna bilər. Bütün çətinliklər məhz bu məsələ ilə bağlıdır", - deyə nazir müavini söyləyib.

Hələliksə, Ermənistan beynəlxalq vasitəçilərin başını tovlamaqla məşğuldur və hər dəfə sülh prosesini həlledici mərhələdə sabotaj edir. Və Minsk qrupu həmsədrləri ermənilərin indiyədək sülh prosesində gündəmdə olmayan bu və ya digər prinsiplər haqqında bilməcəsindən baş çıxarmağa çalışdığı bir vaxtda, S.Sarkisyan beynəlxalq hüquq normalarına etimadsızlığını nümayi etdirərək, Azərbaycanın işğal olunmuş ərazilərində gəzintiyə çıxıb.


MƏSLƏHƏT GÖR:

381