
BLEF, YOXSA REALLIQ?
"Qazprom"un Ukraynanı Avropaya qaz tranzitindən kənarlaşdırmaq niyyəti monopoliya üçün gözlənilməz nəticələr verə bilər
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Qərblə Rusiyanın Ukrayna üzündən getdikcə dərinləşən qarşıdurması regionun yalnız siyasi deyil, qaz xəritəsini də dəyişə bilər. Qarşıdurmanın ilk qurbanı "Cənub axını" layihəsi olub. Bu layihə Rusiyanın "Qazprom" şirkəti tərəfindən "mavi yanacağı" Ukraynadan yan keçirməklə nəql etmək üçün nəzərdə tutulmuşdu. Lakin Avropa bu təşəbbüsü qəbul etməyərək, onun reallaşdırılmasına əngəl oldu. Qərb bəyan etdi ki, layihə Aİ-nin qaz tədarükçülərinin və qaz nəqli şəbəkəsi sahiblərinin bölüşdürülməsilə bağlı üçüncü enerji paktına uyğun gəlmir.
Bu qərarın bir neçə aşkar səbəbi də var. Birincisi, "Cənub axını" Aİ üçün qaz mənbələrinin şaxələndirilməsini təmin etmirdi. İkincisi, Ukraynanın güclü və normal işləyən qaz nəqli sisteminin olduğu şəraitdə yeni marşruta ehtiyac yox idi. Hər halda, Ukraynanın mövcud sistemi Rusiyanın Avropaya nəql etdiyi qazı tam həcmdə (ildə 140 milyard kubmetr) ötürmək qabiliyyətindədir.
Lakin "Qazprom" Ukrayna marşrutuna alternativ ideyasından əl çəkməyib. Aİ-yə qazın Ukraynadan kənar ixracı üçün o, Qara dənizin dibilə Türkiyəyə yeni qaz kəmərinin çəkilməsi və Türkiyə-Yunanıstan sərhədində xabın yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabrında Türkiyəyə etdiyi səfəri zamanı "Türk axını" adlandırılan bu layihə ilə bağlı memorandum da imzalanıb. Bundan başqa, "Qazprom" artıq məsələni kifayət qədər sərt şəkildə qoyub - qazı Ukrayna vasitəsi ilə alan Cənubi Avropa ölkələri üçün "Türk axını" 2020-ci ildən etibarən, "mavi yanacağa" tələbatlarını ödəmələri üçün yeganə vasitə olacaq.
"Türk axını" qaz kəməri hələlik Ukrayna vasitəsilə nəql olunan 63 milyard kubmetrlik Rusiya qazının ixracı üçün yeganə marşrutdur. Başqa variant yoxdur. Avropalı tərəfdaşlarımız bu haqda məlumatlandırılıblar və indi onların vəzifəsi Türkiyə-Yunanıstan sərhədindən lazımi qaz nəqli infrastrukturunun yaradılmasıdır. Bunun üçün onların cəmi bir neçə il vaxtları var. Bu, son dərəcə sərt qrafikdir. Nəzərdə tutulan müddətdə yeni qaz magistralının tikintisini başa çatdırmaq üçün Aİ ölkələri işlərə elə indi başlamalıdırlar. Əks təqdirdə, bu qaz başqa bazarlara çıxarıla bilər", - deyə "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller Avropa Komissiyası sədrinin enerji məsələləri üzrə müavini Maroş Şefçoviçlə bu yaxınlarda keçirdiyi görüşdə bildirib. Şefçoviç isə deyilənləri anlamayıb və qəbul etməyib: "Bu xəbər bizi təəccübləndirdi. Çünki biz belə işləmirik. Bu gün ticarət fərqli şəkildə həyata keçirilir. Aleksey Millerin bütün qazın Türkiyə-Yunanıstan sərhədindən nəql olunması təklifisə "Qazprom"un etibarlı tədarükçü imicinə zərbədir".
Şefçoviç RBK-ya müsahibəsində "Qazprom"la bağlı fikirlərini daha geniş ifadə edib: "Düşünürəm ki, bu cür ciddi qərarı elan etməzdən əvvəl xüsusilə Aİ ilə müzakirələr aparılmalıdır. Çünki biz "Qazprom" üçün çox vacib istehlakçıyıq. Biz dünyada enerji sahəsində ən nəhəng istehlakçıyıq. Hər il enerji idxalına 400 milyard avro ödəyirik. Biz yaxşı alıcıyıq, ödənişləri vaxtında edir, möhkəm valyuta ilə həyata keçirir, hər zaman müqavilənin şərtlərinə əməl edirik. Bu səbəbdən də, çox təəccübləndim. Biz hələ bu qərarı təhlil etməliyik. Lakin düşünürəm ki, bu qərar hazırkı müqavilənin şərtlərini pozur - orada qazın haraya nəql edilməli olduğu dəqiq şəkildə əksini tapıb. Bu, əlbəttə ki, Türkiyə-Yunanıstan sərhədi deyil".
Bununla yanaşı, Şefçoviç hesab edir ki, "Türk axını" ssenarisi reallaşarsa belə, onunla nəql ediləcək qaza tələbat yüksək olmaya bilər. "Çünki Türkiyənin 14-15 milyard, Cənub-Şərqi Avropanın isə 10-15 milyard kubmetr qaza ehtiyacı var. Yerdə qalan həcm necə olacaq? Odur ki, fikrimcə, Ukraynanın tamamilə kənarda qoyulması yaxşı, ədalətli və iqtisadi baxımdan məqsədəuyğun deyil", - deyə Avropa Komissiyası sədrinin müavini qeyd edib.
Şefçoviçin məntiqi tamamilə başadüşüləndir. "Qazprom", əlbəttə ki, Ukrayna ilə tranzit razılaşmasını uzatmaqdan imtina etmək hüququna malikdir. Qeyd edək ki, hazırkı müqavilənin müddəti 2019-cu ildə başa çatacaq. Amma digər tərəfdən Avropa ölkələrilə qaz nəqli məsələsindəki uzunmüddətli müqavilələrdə başqa ölkələrin ərazisində olan və min kilometrlərlə aralıda yerləşən xablardan yox, bilavasitə bu və ya digər ölkənin qaz sistemindən danışılır.
Bundan başqa, bir çox ekspertlər hazırkı şəraitdə "Qazprom"un hansı yeni bazarlara bel bağladığını anlamırlar. Hələlik Rusiyanın inhisarında yalnız bir yeni müqavilə var və o, Çinə ildə 38 milyard kubmetr qazın ixracını nəzərdə tutur. Amma bu müqavilənin resurs bazası yeni yataqlardır - Kovıkta (İrkutsk vilayətində) və Çayand (Yakutiyada). Avropaya nəql edilən qaz isə qərbi Sibirdəki yataqlardan hasil olunur.
Kiyevə gəlincə, orada "Qazprom"un Ukraynanın qaz nəqli sistemindən imtina planını "siyasi blef" sayırlar. "Avropa ölkələrinin Ukraynanın mövcud infrastrukturundan istifadə əvəzinə qazı Türkiyə-Yunanıstan sərhədindən almağa məcbur edilməsi ideal halda olan, etibarlı sistemdən milyardlarla investisiyanın xeyrinə imtina olunması deməkdir. Bu ağırlıq sonda Avropa biznesinin və təsərrüfatının çiyinlərinə düşəcək", - deyə Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Andrey Kobolyev bildirib.
Bununla yanaşı, "Qazprom"un demarşı elə onun özünə qarşı da çevrilə bilər. Şefçoviçin sözlərinə görə, Avropa Komissiyası Cənubi-Şərqi Avropa ölkələrilə yüksək səviyyədə görüş təşkil etmək niyyətindədir. Görüşdə region üçün enerji baş planının hazırlanması planlaşdırılır.
"Biz interkonnektor-qaz kəmərlərinin inşasını, Bolqarıstanın qaz xabı tikmək istəyini, planlaşdırılan infrastruktur layihələrinin prioritetlik dərəcəsinə görə necə bölünməsini müzakirə edəcəyik. Toplantıda bu ölkələrə Avropanın qaz sisteminə inteqrasiya məsələsində necə yardım göstərə biləcəyimizi də nəzərdən keçirəcəyik", - deyə M.Şefçoviç qeyd edib.
Bundan başqa, "Qazprom"un Ukraynanın qaz nəqli sistemindən imtina etmək niyyəti Aİ-nin alternativ qaz mənbələrinə daha ciddi diqqət ayırması ilə də nəticələnə bilər.
"Biz Aralıq dənizi regionunda qaz xabları qurur, mayeləşdirilmiş təbii qaz terminallarının yaradılması məsələsini müzakirə edirik. Şərqi Aralıq dənizi regionunda İsrail və Kipr yaxınlığında yeni qaz ehtiyatları aşkarlanıb, Rumıniya Qara dənizdə kəşfiyyat qazıntıları aparır. Əlbəttə ki, biz üstünlüyü Azərbaycandan Türkiyə və Yunanıstan vasitəsilə şimala qaz nəql edəcək Cənub Qaz Dəhlizinə veririk. Eyni zamanda enerji effektivliyi proqramları və bərpaolunan enerji mənbələri hesabına enerjiyə qənaət etməyə çalışırıq. Enerji ittifaqı yaradarkən bunları nəzərə alacağıq", - deyə Şefçoviç qeyd edib.
Yeri gəlmişkən, Azərbaycan və Türkiyə "Cənub" qaz axını ilə "Türk axını"nı bir-birinə rəqib görməsələr də, ayrı-ayrı rus ekspertləri son layihə üzərində işlərin sürətləndirilməli olduğunu bildirirlər.
"Biz bunu etməliyik. Çünki Avropa Türkiyə vasitəsilə Azərbaycanla əlaqəli başqa qaz kəmərlərinin tikintisi haqda düşünür. Nəzəri baxımdan onlar İran və Türkmənistandan gələn kəmərlərlə də əlaqələndirilə bilər, çünki onlar da Türkiyə ərazisindən keçməli idi. Biz öz qaz kəmərimizi çəkəriksə, təbii ki, o, eksklüziv olacaq. Çünki eyni nöqtəyə bir neçə qaz xəttinin çəkilməsi məntiqsiz olardı", - deyə Rusiya Qaz İttifaqının prezidenti Sergey Çijov "Kommersant FM" radiosuna açıqlamasında bildirib.
Aydındır ki, "Türk axını" nəzəri baxımdan Türkiyəni vacib qaz xabına çevirə bilər. Lakin o, hələlik sadəcə hüquqi razılaşma səviyyəsindədir və tərəflərin üzərinə öhdəlik qoyan heç bir saziş mövcud deyil. Digər tərəfdən, "Qazprom"un Ukraynanın qaza görə borclarını ödəməsinin vacibliyinə dair bəyanatı da iki ölkə arasında onsuz da ideal olmayan münasibətlərdə gərginliyi daha da artırır. Miller Rusiyanın baş naziri Dmitri Medvedev ilə görüşündə bildirib ki, "Qazprom" Ukraynaya indiyədək nəql olunmuş qaza görə ödəməli olduğu 2,44 milyard dollarlıq hesab təqdim edib. Onun 2,196 milyard dolları əsas borc, yerdə qalanı isə müqavilə şərtlərindən irəli gələn məbləğdir. "Təbii ki, borcun ödənilməsinə nail olun. Hökumət xəttilə hansısa addımların atılmasına ehtiyac yaranarsa, biz sizə lazımi dəstəyi göstərəcəyik", - deyə Medvedev bildirib.
Bu yerdə Moskva ilə Kiyev arasında son qaz qarşıdurmasının tarixinə qısa ekskursiya etmək yerinə düşər. 2013-cü ilin noyabrında Rusiya Ukraynaya "mavi yanacağın" qiymətində böyük endirim edib. Bu, Kiyevin Aİ ilə Assosiativ üzvlüyə dair sazişi imzalamaqdan imtina etməsi üzündən mümkün olub. Güzəşt nəticəsində Ukraynaya satılan qazın min kubmetrinin qiyməti 268 dollar müəyyənləşdirilib. Lakin elə həmin ilin dekabrında Ukraynada baş vermiş növbəti inqilab və prezident Viktor Yanukoviçin devrilməsi Moskvanın güzəşti ləğv etməsilə nəticələnib və qiymət yenidən 385 dollara qalxıb. Krımın Rusiyaya birləşdirilməsindən sonra isə Ukraynaya satılan qazın min kubmetrinə 485 dollar qiymət qoyulub. Ukraynanın yeni hökumətinin bu ödəmədən imtinası Kiyevin versiyasına görə 3,1, Moskvanın versiyasına görə isə 5,3 milyard dollarlıq borcun yığılıb qalmasına səbəb olub. Nəticədə, "Qazprom" Ukraynaya öncədən ödəmə sistemi tətbiq edib və bu, qaz ixracının tamamilə dayandırılması ilə bitib.
Amma Kiyev, təxminən, 2014-cü ilin sonunadək Rusiya qazı olmadan keçinməyi bacarıb. Bunun əvəzində ukraynalılar Polşa, Slovakiya və Macarıstandan qaz idxal ediblər. Oktyabrda Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Pyotr Poroşenkonun görüşündən sonra tərəflər arasındakı qaz dilemması həllini tapıb və Moskva Kiyevə 100 dollarlıq endirib edib. Bununla da, Ukraynaya qazın min kubmetrinin 385 dollara satılmasına başlanılıb. Bu qiymət 2015-ci il aprelin 1-dək qüvvədədir. Ukraynanın qarşı tərəfə olan borcu da bu qiymətlə hesablanıb və 4,5 milyard dollaradək enib. Bununla yanaşı, Kiyev ilin sonunadək bu borcun yalnız 3,1 milyardını ödəyib. Yerdə qalan məbləğ hazırda Stokholm Arbitraj Məhkəməsində mübahisə predmetidir.
Bu arada "Qazprom" borcun ödənilməli olduğuna dair bəyanatla faktiki olaraq, Rusiya və Ukrayna prezidentlərinin borcun məbləğinə dair razılaşmasını və arbitraj məhkəməsində gedən prosesi şübhə altına alır. Ukraynaya endirimli qiymətlə qaz satışını nəzərdə tutan "qış paketi"lə bağlı isə narahatlıq yoxdur. Enerji və kömür sənayesi naziri Vladimir Demçişinin sözlərinə görə, Kiyev Rusiya ilə "qış paketi"nin müddətinin bitəcəyi 1 aprel tarixindən sonrakı dövrdə qaz ixracına dair yeni danışıqlara başlamaq niyyətindədir. "Hələlik şərtlərin necə olacağı haqda danışmaq tezdir. İstənilən halda, bazar bizim xeyrimizə işləyir. Neftin qiymətinin düşməsi qazın da qiymətinin əvvəlkindən xeyli ucuz olması ilə nəticələnəcək", - deyə Demçişin qeyd edib.
Yeri gəlmişkən, ayrı-ayrı ekspertlərin hesablamalarına görə, neftin qiymətinin ikiqat aşağı düşməsi 2015-ci ilin payızına Ukraynaya satılan qazın 300 dollaradək ucuzlaşması ilə nəticələnə bilər. Bu, "qış paketi" çərçivəsindəki endirim nəzərə alınmadan göstərilən qiymətdir. Gələcəkdə isə Ukrayna, ümumiyyətlə, Rusiya qazından imtina etməyi düşünür. Hər halda, prezident Pyort Poroşenkonun niyyəti belədir.
"Təsəvvür edin ki, 6 il əvvəl mənim ölkəm 70 milyard kubmetr qaz istehlak edirdisə, indi bu, 40 milyard kubmetrdir. Tamamilə əminəm ki, 2 il sonra bizim Rusiya qazına, ümumiyyətlə, ehtiyacımız olmayacaq. Bu, ölkəmin enerji müstəqilliyi baxımından çox vacib amildir", - deyə Ukrayna prezidenti Sürix Universiteti yanında Avropa İnstitutundakı çıxışında bildirib.
Həqiqətən də, cəmi 5 il əvvəl Rusiyadan ildə 40 milyard kubmetr qaz idxal edən Ukrayna (daha əvvəl Rusiyadan ixracın həcmi 60 milyard kubmetrə çatırdı) 2014-cü ilin yekunlarına görə, "Qazprom"dan cəmi 14 milyard kubmetr "mavi yanacaq" alıb. Nəticədə, "Qazprom" artıq ən nəhəng bazarlarından birini itirib və bu, monopoliyaçı şirkətin ümumi ixrac həcminə öz təsirini göstərib. "Bloomberg" agentliyinin məlumatına görə, 2014-cü ildə "Qazprom" Aİ, Türkiyə və MDB ölkələrinə 192-195 milyard kubmetr qaz ixrac edib. Bu, son 10 ildə qeydə alınmış ən aşağı həddir.
"Qazprom"un son təşəbbüsləri də çətin ki, qaz ixracının artımına kömək etsin. Bu təşəbbüslər, bəlkə də, Rusiyanın qaz monopoliyaçısının ənənəvi Avropa bazarındakı güclü mövqelərini laxladacaq. Bu isə Rusiya iqtisadiyyatında böhrana səbəb olmuş Moskva-Qərb qarşıdurması fonunda heç də yaxşı amil deyil.
MƏSLƏHƏT GÖR: