SARKİSYAN ARONYANI BAKIYA BURAXMADI
İndi Rusiya şahmatçıların iddiaçılar turnirini keçirmək üçün Azərbaycandan icazə almağa məcburdur
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Şahmat üzrə dünya çempionluğuna iddiaçıların turniri 2011-ci ildə Bakıda keçirilməli idi. Bu barədə Azərbaycan Şahmat Federasiyası, Gənjlər və İdman Nazirliyi ilə FİDE (Beynəlxalq Şahmat Federasiyası) arasında aparılan danışıqlar müsbət nəticələnmişdi. Qurumun vitse-prezidenti Georgios Makropuslos ölkəmizə səfər edərək müvafiq danışıqlar apardıqdan sonra, tərəflər, hətta lazımi müqaviləyə imza da atmışdı. Sənəddə yarışın Bakıda keçiriləcəyi qeyd olunmaqla yanaşı, erməni qrossmeyster Levon Aronyanın ölkəmizə gəlməsi üçün təhlükəsizliyinə zəmanət də verilirdi. Bundan sonra Azərbaycan tərəfi 150 min avro məbləğində FİDE-yə üzvlük haqqı ödədi.
Hadisələrin gedişatının kəskin şəkildə dəyişməsi Norveçin Tromse şəhərində FİDE-nin Prezident Şurasının iclasından sonra baş verdi. Rusiya dünya çempionluğuna iddiaçıların turnirini keçirmək üçün Kazanın namizədliyini irəli sürdü. FİDE isə Levon Aronyanın Bakıya gəlmək istəməməsini əsas gətirərək yarışın Bakıdan alınıb Tatarstan paytaxtına verilməsi barədə düşünəcəyini bildirdi. Təbii ki, burada Rusiyanın ali şahmat qurumuna təzyiq etməsi başa düşüləndi. Sentyabrda FİDE prezidentliyinə yeni seçkilər keçiriləcək. Hazırkı prezident Kirsan İlyumjinov öz postunu qorumaq üçün (onun namizədliyi Rusiya Şahmat Federasiyası tərəfindən irəli sürülür) Rusiyanın təklifindən imtina edə bilmir. Digər məqam isə onların bəhanə kimi erməni L. Aronyanın Bakıya gəlmək istəməməsini əsas gətirməsidi.
Xatırladaq ki, ötən ilin sonunda FİDE ilə 8 şahmatçının yarışajağı turniri 2 müxtəlif şəhərdə keçirmək təklifi müzakirə olundu. Təklifə görə, 4 şahmatçı Bakıda toplaşmalı, Aronyanın da daxil olduğu digər 4 qrossmeyster isə Azərbaycandan kənarda mübarizə aparmalı idi. Azərbaycan Şahmat Federasiyası ölkəmizin turnirdə 2 qrossmeysterlə təmsil olunacağını nəzərə alaraq digər şəhərin Ermənistan ərazisi olmayacağıyla bağlı razılıq almışdı.
Yəni Aronyan Bakıya gəlməsə də, digər 4 şahmatçı paytaxtımızda oynaya bilərdi. Amma FİDE turniri Kazana verməklə bütün nüfuzuna zərbə vurmaq istəyir.
Bəs Aronyan Bakıya niyə gəlmək istəmir? Xüsusən də nəzərə alsaq ki, rəsmi Bakı onun təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir. 2007-ci ildə Bakıda keçirilən güləş üzrə dünya çempionatında Ermənistan komandası da iştirak edib. Ermənistan güləşçiləri Azərbaycanda olduğu zaman heç bir problemlə üzləşməyib.
Aronyanın Azərbaycana gəlmək istəməməsinin səbəblərini araşdırarkən, ilk növbədə ona "yuxarıdan" təzyiq olunmasının mümkünlüyünə nəzər salmaq lazımdır. Ermənistanın dövlət başçısı Serj Sarkisyan həm də ölkəsinin şahmat federasiyasının prezidentidir və onun Aronyanın Bakıya gəlməsinə qarşı olduğu məlumdur. Sarkisyan həmçinin FİDE ilə müzakirələr də apararaq Aronyanın hər vəchlə Bakıya gəlməyəjəyini bildirib. Bununla da Ermənistan, bir tərəfdən belə bir nüfuzlu yarışın Bakıda keçirilməsini əngəlləyir. Digər tərəfdən isə, yarışın Bakıda keçirilməsinə mane olmaqla, turnirə ev sahibliyi etmək istəyən Rusiyaya yarınır.
Beləliklə, FİDE-nin turnirə ev sahibliyini Kazana verəcəyi real görünür. Bu halda biz təşkilatçılıq hüququmuzdan irəli gələrək daha bir şahmatçını nominant kimi göstərməyə çalışmalıyıq. Teymur Rəcəbov Qran-pridə gözəl çıxışıyla iddiaçıların turnirinə vəsiqə alıb. Digər nominantımız isə Şəhriyar Məmmədyarov olacaq. Bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov belə deyir:
- Dünya çempionluğuna iddiaçıların turnirini keçirmək hüququ Bakıdadı. Bizimlə FİDE arasında qüvvədə olan müqavilə var. Rusiya turniri Kazanda keçirmək istəsə bizdən razılıq almalıdı. Bu halda biz nominant kimi ikinci şahmatçımızın yarışa buraxılmasını tələb edirik. Teymur Rəcəbovun turnirdə iştirak edəcəyi dəqiqdi. Nominant kimi biz Şəhriyar Məmmədyarovun adını FİDE-yə göndərmişik. İstənilən halda mötəbər turnirdə 2 azərbaycanlı şahmatçının iştirakı böyük uğurdu. İddiaçıların turnirində ən güclü 8 şahmatçı iştirak edir. Onlardan ikisi isə Azərbaycanı təmsil edəcək. Aronyanın Bakıya gəlmək istəməməsinə gəlincə bizdə olan məlumata görə Serj Sarkisyan məsələyə qarışaraq ona bura gəlməməyi tapşırıb. Ermənistan prezidenti, hətta FİDE ilə müzakirələrə də qoşulub. Aronyan isə Sarkisyanın sözündən çıxa bilməyib.
Maraqlıdır ki, bolqar şahmatçı Veselin Topalov isə turnirin Kazanda keçirilməsinin əleyhinə çıxıb. Onun sözlərinə görə ruslar öz ölkələrində keçirdikləri bütün yarışlarda şahmatçılarına gizli yollarla kömək edir. Buna görə də Topalov Rusiya ərazisində yerli şahmatçıya qarşı oynamayacağını deyib.
İstənilən halda məsələnin həllini tapması üçün Azərbaycan və Rusiya şahmat federasiyaları, eləcə də FİDE arasında üçtərəfli müqavilə imzalanmalıdır. Yalnız bundan sonra yarışın Kazanda keçiriləcəyi, Azərbaycanın isə nominant kimi daha bir şahmatçısının turnirdə iştirakı dəqiqləşəcək. İlk məktub Rusiyadan gəlməlidir. Onun cavabında isə
Azərbaycan öz şərtlərini irəli sürəcək. Sonda onu da qeyd edək ki, iddiaçıların turniri 2011-ci ilin martında keçiriləcək.
MƏSLƏHƏT GÖR:

508

