5 Dekabr 2025

Cümə, 23:59

"QARABAĞ" AVROPAYA SƏS SALDI

Ağdam təmsilçisi məşhur "borussiya"ni bakıya gətirir

Müəllif:

15.08.2010

Avrokuboklar mövsümü Azərbaycan klubları üçün yaxşı başlamadı. Avropa səhnəsinə çıxan "Xəzər-Lənkəran", "İnter" və "Bakı" mötəbər turnirlərlə erkən vidalaşdı. Ötən il olduğu kimi, xalqımızı sevindirən yenə "Qarabağ" oldu. Qurban Qurbanovun əsasən azərbaycanlı futbolçulardan formalaşdırdığı komanda Avropa Liqasında üç mərhələ adlamaqla tarix yazdı. Bəs büdcəsinə görə digər klublardan geri qalan "Qarabağ"ın sirri nədədir? Digər klublarımızın Avropa məcarəları niyə başlamamış bitdi? 

 

Pul hər şeyi həll etmir

Yarandığı gündən "Qafqazın Çelsisi" adlandırılan "Xəzər-Lənkəran" Avropa Liqasının elə ilk təsnifat mərhələsində Moldovanın "Olimpiya" komandasına uduzdu. Heyətindəki 2-3 oyunçunun qiyməti rəqib komandanın bütün büdcəsindən çox olmasına baxmayaraq "Xəzər-Lənkəran" adi məhəllə komandasını xatırlatdı. Səfərdə qolsuz bərabərlikdən sonra hamı Lənkəranda komandanın rəqibi darmadağın edəjəyini gözləyirdi. Amma "Xəzər-Lənkəran" doğma Lənkəranda keçirdiyi ilk avrokubok matçında 1:1 hesabıyla razılaşdı. Bu nəticə isə "Olimpiya"nı növbəti mərhələyə çıxardı. Belə oyuna görə baş məşqçi Ağasəlim Mircavadov istefaya göndərildi. Klubun sükanı arxasına Mirça Rednik keçdi. 

"Xəzər-Lənkəran"ın məğlubiyyətində əsas səbəb oyunçuların səviyyələrindən aşağı çıxış etməsidi. Azərbaycan çempionatında ən yüksək məvacib alan futbolçular cavab matçında özünü bənzəmədi. Bəzi məqamlar isə futbolçuların bilərəkdən oynamaması barədə şayiələri az qalır təsdiqləsin. 

Xatırladaq ki, hələ çempionatın son turunda "Bakı"ya məğlubiyyətdən sonra Ağasəlim Mircavadov istefa verdi. Amma klubun bossları istefanı qəbul etməyərək təcrübəli məşqçiyə işini davam etdirməyi məsləhət bildi. Digər tərəfdən Avropa Liqasına hazırlıq zamanı Mircavadovun istədiyi oyunçular transfer edilmədi. Əvəzində heç kimə lazım olmayan Zaur Ramazanov, Xəqani Məmmədov kimi futbolçular heyətə jəlb edildi. Ümumiyyətlə ölkənin ən varlı komandasının problemlərini saymaqla bitmir. Hazırda klubun heyəti demək olar ki, bütünlüklə dəyişib. Köhnə futbolçuların əksəriyyəti komandadan ayrılıb. Yeni baş məşqçi argentinalı və rumın futbolçuları komandaya cəlb edib.

 

"İnter" "lotereya"da uduzdu

Püşk ən çətin rəqibi Azərbaycan çempionu "İnter"in qarşısına çıxardı. Kaxaber Tsxadadzenin komandası Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Polşa çempionu "Lex"ə rəqib oldu. Bakıdakı oyunda "Lex"ə minimal hesabla uduzan bankirlər javab matçında 1:0 hesablı qələbə qazandı. İki oyunun nəticəsinə görə hesab bərabər olduğundan tərəflər əlavə yarımsaatda mübarizə apardı. Burada qapılara qol vurulmadığından qalib penaltilərdə müəyyənləşdi. İnsafən "İnter"in qapıçısı, Gürcüstan yığmasının üzvü Georgi Lomayanın fədakarlığı qeyd olunmalıdı. Rəqibin 2 penalti zərbəsini dəf edən Lomaya son anda antiqəhrəmana çevrildi. Hesab 8:8 olarkən penalti vurmaq növbəsi qapıçılara çatdı. Burada Lomaya "Lex"dəki həmkarına uduzdu. 9:8 hesablı qələbə "Lex"i növbəti mərhələyə daşıdı. "İnter" isə avrokuboklarda vidalaşdı.

"İnter"in səfərdə əzmkar və layiqli oyunu alqışa layiqdi. Bununla belə komandanın mərhələ adlamamasının əsas günahı özündədi. Hələ Bakıda keçirilən ilk matçda Azərbaycan çempionu ən azı heç-heçə etməyə borclu idi. Amma Kaxaber Tsxadadzenin yetirmələri qorxaq futbol nümayiş etdirdi. Doğma meydanda jəmi bir hücumçuyla oynamaq qələbədən məhrum olmaq deməkdir. Gürcü məşqçinin taktiki səhvi komandanı məğlubiyyətə sürüklədi. 

 

"Bakı"nın bəxti gətirmədi

Azərbaycan kubokunun qalibi "Bakı" Avropa Liqasının ikinji təsnifat mərhələsində bəxtsizliklə üzləşdi. Paytaxt təmsilçisi hər iki oyunda Çernoqoriyanın "Buduçnost" klubuna 2:1 hesabıyla qalib gəlsə də, yarışla vidalaşmlı oldu. Çünki UEFA "Bakı"nın qələbə sevincini texniki məğlubiyyətlə əvəzlədi. Buna səbəb isə dörd il əvvəl avrokuboklarda qırmızı vərəqə almış və hazırda cəzalı vəziyyətdə olan komandanın yeni transferi Coal Epallenin elə ilk oyundaca meydana çıxması oldu. 

Sözsüz ki, UEFA-nın texniki məğlubiyyəti bütün azarkeşləri üzdü. Çünki, avrokuboklarda ən böyük ümid məhz bu komandayla bağlı idi. Epallenin özünün, klubun bu işə cavabdeh əməkdaşlarının, eləjə də onun transferində yaxından iştirak edən menecerin səhlənkarlığı həm komandanın, həm də Azərbaycan futbolunun adına böyük zərbə vurdu.

 

Canım, gözüm "Qarabağ"

Ötən il olduğu kimi, Azərbaycan futbolunun üzünü yenə "Qarabağ" güldürdü. Bəzi klublarla müqayisədə o qədər də böyük büdjəyə malik olmayan Ağdam təmsilçisi gözəl oyunuyla Avropaya səs saldı. İlk təsnifat mərhələsində Makedoniyanın "Metallurq" klubunu üstələyən Qurban Qurbanovun komandası Şimali İrlandiyanın "Portdaun" kollektivinə də dərs keçdi. Əsasən yerli futbolçulardan qurulan "Qarabağ"ın qarşısına növbəti mərhələdə Polşanın "Visla" klubu çıxdı. "Metallurq" və "Portdaun"la müqayisədə polyaklar daha ciddi rəqib oldu. Üstəlik klublarımızın heç vaxt Polşa komandalarına qalib gələ bilməməsi, millimizin isə bu ölkənin yığmasına biabırçı hesabla uduzması (0-8 və 0-5) bütün futbol ictimaiyyətini "Qarabağ" ətrafında birləşməyə məjbur etdi. Səfərdə Qurban Qurbanov oyunu əsasən əks hüjum taktikası üzərində qurdu. Bununla da gənj məşqçi pley-offa çıxmaq üçün zəmin yaratdı. İkinci hissədə əslən Ağdamdan olan, atası müharibədə şəhid olan Vuqar Nadirov komandamızın qələbə qolunu vurdu. Lakin Polşada minimal hesablı qələbə də bizi rahat nəfəs almağa qoya bilməzdi. Çünki, cavab matçında hər şey baş verə bilərdi. "Qarabağ"-"Visla" görüşündə Tofiq Bəhramov adına stadionda anşlaq oldu. 30 minə yaxın azarkeşin arenaya toplaşması komandamıza əlavə güc verdi. Elə ilk 45 dəqiqədə futbolçularımız 3 qol vurmaqla xalqa böyük sevinj bəxş etdi və polyaklardan əvvəlki məğlubiyyətlərə görə intiqamımızı qismən aldı. Lakin fasilədən sonra arxayınlaşmaq bizə baha başa gəldi. Nətijədə qapımızdan 2 qol buraxdıq. Buna baxmayaraq 3-2 hesablı qələbə də kifayət etdi və "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə adladı. 

Avroliqanın qrup mərhələsinə çıxmaq üçün ağdamlılar Dortmundun məşhur "Borussiya" klubunu üstələməlidi. Komandalar arasında ilk oyun avqustun 19-da Almaniya keçirilib, javab matçı bir həftə sonra Bakıda olajaq.  

"Qarabağ"ın qələbəsinin sirri sadədi. Əvvəlcə bu klubun yığmanın baza komandası qeyd olunmalıdı. Yəni Azərbaycanın ən yaxşı futbolçuları məhz bu komandaya toplaşıb. Üstəlik, yerli məşqçi faktorunu da nəzərə almaq lazımdır. Vaxtı ilə əksər oyunçularıyla çiyin-çiyinə oynayan Qurban Qurbanov indi onlara həm dost, həm də məşqçi kimi yanaşır. Digər tərəfdən, "Qarabağ" adının hamımız üçün müqəddəs olması futbolçuları daha əzmkar mübarizə aparmağa məcbur edir. Pley-off mərhələsində istənilən nətijəyə hazır olmalıyıq. Komandamız almanlara məğlub olsa belə "Qarabağ"a təşəkkür düşür.


MƏSLƏHƏT GÖR:

578