13 Mart 2025

Cümə axşamı, 02:56

QARABAĞDAN KEÇƏN YOL

Türkiyə Parlamentinin Deputatı: "Avropalılar işğalçıları Azərbaycan ərazilərindən öz əlləri ilə çıxaracaqlar"

Müəllif:

15.08.2010

Sentyabrın 15-16-da İstanbulda türkdilli dövlət başçılarının X sammiti keçiriləcək. Toplantıda Türk Dünyası Şurası Daimi Katibliyinin yaradılması gözlənilir. Sammitin gündəliyi XİN başçılarının avqustun 5-də Bodrumda keçirilmiş qeyri-formal görüşündə razılaşdırılıb. Dövlət başçılarının toplantısında daha hansı məsələlər müzakirə ediləcək, yaxın gələcək üçün türkdilli dövlətlərin prioritetləri nədən ibarətdir, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında türkdilli dövlətlər nə edə bilər?

Bu suallara cavab almaq üçün Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı İrfan Gündüzə müraciət etdik.

- Gələn ay türkdilli dövlət başçılarının növbəti toplantısı keçiriləcək. Türkdilli dövlətlərin prioritetləri nədən ibarətdir?

- Türk Dünyasının siyasi problemlərin həllində fəaliyyətini koordinasiya etməsinə ehtiyac var. TÜRKSOY-un yaradılması, XİN başçıları  və türkdilli dövlətlərin prezidentləri arasında görüşün keçirilməsi  - bunların hamısı qeyd etdiyim istiqamətdə atılan addımlardır.  Düşünürəm ki, daxili işlərə qarışmamaq şərti ilə xarici siyasi məsələlərin həllində birgə iştirak imkanları var. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi də bu problemlər arasındadır. Bu məsələdə Türkiyə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad olunmasına dair ədalətli tələbini tam dəstəkləyir. Düşünürəm ki, türkdilli dövlət başçılarının qarşıdan gələn toplantısında bu problemin həllinə dair "yol xəritəsi"nin hazırlanması da gündəmdə olacaq. Ümumiyyətlə, türk dövlətlərinin hökumət nümayəndələrinin görüşü özü-özlüyündə müsbət hadisədir. Belə görüşlər Türk Dünyasının daha geniş inteqrasiyasına aparır.

- Toplantıda Qırğızıstanda baş vermiş qanlı toqquşmalar da müzakirə olunacaqmı? Axı bu hadisələr sizin dediyiniz inteqrasiyaya birmənalı şəkildə mane olur?

- Şübhəsiz. Qarşıdan gələn sammit qardaş xalqlar arasındakı münasibətdə mövcud olan bütün anlaşılmazlıqların aradan qaldırılması üçün əla meydandır. Düşünürəm ki, qırğızlarla özbəklər arasında düşmənçiliyə son qoyulması işində Türkiyə və Azərbaycan təşəbbüskar kimi çıxış edə bilər. İki türkdilli xalq arasında düşmənçilik çox təhlükəli haldır və onların razılığa, barışığa gəlməsi üçün hər şey ediləcək.

- Ankara birmənalı şəkildə bəyan edib ki, Azərbaycanın işğal altındakı torpaqları azad edilmədən Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Bu mövqedə hansısa dəyişiklik ola bilərmi?

- Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün ümummilli problemdir. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması və sərhədlərin açılması yalnız bu münaqişənin çözüləcəyi təqdirdə mümkündür. Mən bu problemin həllilə bağlı nikbin əhval-ruhiyyədəyəm. Məsələ ondadır ki, Avropanın Xəzər qazına daha çox ehtiyacı var. Azərbaycan və Türkmənistan qazının Qərbə nəqli üçün ən yaxşı marşrut isə Bakı-Yerevan Ceyhan kəməri olardı. Bu isə təbii ki, yalnız Azərbaycanın işğal attındakı torpaqlarının azad edilməsindən sonra həmin ərazidən keçməlidir. Bu səbəbdən də avropalılar öz maraqları üçün işğalçıları Azərbaycan torpaqlarından öz əllərilə çıxaracaqlar. Bu məsələdə Türkiyə və Azərbaycanın mövqeləri çox möhkəmdir. Dağlıq Qarabağın işğalının uzanması Qərbin maraqlarına daxil deyil.

- Türkiyənin hakim partiyası ilə müxalifəti arasında Dağlıq Qarabağ münaqişəsinə yanaşmada fikir ayrılığı varmı?

- Heç bir fikir ayrılığı yoxdur. Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyədə dövlət siyasəti ranqındadır.

- Erməni diasporu qondarma erməni soyqırımının tanınması çərçivəsində apardığı siyasətin tərkib hissəsi kimi bütün dünyada Türkiyəyə qarşı məhkəmə iddiası qaldıracağını bildirir?

- 1915-ci il hadisələri tarixçi alimlərin araşdırmalı və nəticə çıxarmalı olduqları məsələdir. Qoy ermənilər arxivlərini türk alimlərinin üzünə açsın. Hazırda yalnız Suriyada 500 mindən artıq erməni yaşayır. Yerevanda hansı soyqırımdan danışırlar? Bu məsələdə Türkiyənin mövqeyi birmənalıdır. Nə diaspor, nə ABŞ, nə də Avropa ölkələri tərəfindən edilən təzyiq Ankaranın mövqeyini dəyişdirə bilməz. Hətta, bütün dünya ölkələrinin parlamentləri "soyqırım"ı tanısa belə, bunun Ankaraya heç bir təsiri olmayacaq.

- "Futbol diplomatiyası"ndan əsər-əlamət qalmadığını söyləmək olarmı?

- Türkiyə "futbol diplomatiyası" vasitəsilə Ermənistana qarşı jest, münasibətlərdəki problemlərin sivil qaydada həllini təklif edib. Amma Ermənistanın Dağlıq Qarabağı işğaldan azad etməkdən imtinası, bir daha dünyaya Yerevanın destruktiv siyasətini nümayiş etdirdi.


MƏSLƏHƏT GÖR:

550