5 Dekabr 2025

Cümə, 23:10

TOPÇULARIN SİMVOLU AZƏRBAYCANDA

Toni adams "qəbələ" futbol klubunu avroliqanin qrup mərhələsinə hansı şərtlərlə çıxarmağa hazırdır?!

Müəllif:

01.08.2010

Futbol üzrə Azərbaycan premyer-liqası başa çatandan sonra "Qəbələ" komandasında reallaşan baş məşqçi dəyişikliyi aydın səmada şimşək effekti verdi. Komanda son çempionatın nəticələrinə əsasən "altılığa" düşməklə qarşıya qoyulan məqsədə çatsada, rəhbərlik Ramiz Məmmədovla yoluna davam etmədi. Baş məşqçi postuna isə məşhur Toni Adams gətirildi. İngiltərə yığmasında uzun illər müdafiənin lideri sayılan, yalnız "Arsenal"da çıxış etməklə topçuların simvoluna çevrilən həmin Toni Adams. Sözün düzü, ingilis məşqçi mediayla ünsiyyətdən qaçmasa da, tez-tez jurnalistlərlə görüşməyi də sevmir. Bununla belə, "Qəbələ"nin məşqlərinin birində Adamsı müsahibə verməyə razı sala bildik.

- Toni Adams Azərbaycanda! Bu sözlər medianı çox təəccübləndirdi. "Qəbələ" hansı keyfiyyətinə görə diqqətinizi cəlb edib? 

- "Qəbələ"də işləyəcəyim dəqiqləşəndən sonra, Böyük Britaniya mətbuatı bir həftə yalnız məndən yazdı. Sanki, mən bütün jurnalistlərə mövzu verdim. Bəziləri dedi ki, Adams yanlış qərar qəbul edib. Bəziləri yazdı ki, guya ölkənizə pula görə gəlmişəm. Amma bütün bunlar yalandır.

- Niyə? Axı hamı pul qazanmaq arzusundadır...

- Yəqin, mənim karyeramla tanışsınız. Uzun illər İngiltərə yığmasının və "Arsenal"ın şərəfini qorumuşam. Bu müddətdə  kifayət qədər pul qazandığımı gizlətmirəm. Pula ehtiyacım yoxdur. Sadəcə, "Qəbələ" rəhbərliyinin böyük iddiası diqqətimi cəlb etdi. Burada hər şeyi sıfırdan başlamaq lazımdır. Mən isə təmiz ağ səhifədə adımı yazmaq istərdim. Azərbaycanda futbola böyük diqqət var. Gələcəkdə tarixi nəticələriniz olacaq. Futbolun inkişafında mənim də əməyimin olmasını istərdim.

- Bəs görəsən Toni Adams niyə vətənində işləmir?

- Bu sualı həmkarlarınız mənə dəfələrdə ünvanlayıb. İngiltərədə "Portsmut"da işlədim. Sonra komandada maliyyə probleminin olmasına görə oradan ayrılmalı oldum. Premyer-liqada gənc məşqçilərə inam azdı. İn-giltərədə daha çox təcrübəli və titullu mütəxəssislərə güvənirlər. 

- Azərbaycan haqda hansı məlumatınız var?

- Artıq hər şeyi bilirəm. Qəbələdə olarkən oranın gözəl təbiəti məni valeh etdi. Azərbaycanın səfalı güşələrinin çox olduğunu eşitmişəm. Həmçinin ölkənizin neftlə zəngin olmasını da bilirəm. İdmanın bütün növləri sürətlə inkişaf edir. Yaxın illərdə futbolda da nəticələr özünü göstərəcək.

- Toni Adams "Qəbələ"də hansı şərtlərlə işləyir?

- Bütün məşqçilərin işlədiyi şərtlərlə. Əsas, rəhbərlik mənə inanır. Lazım olan futbolçuları heyətə cəlb edərək gələcəyin komandasını qururuq. Birlikdə "Qəbələ"ni zirvələrə daşımalıyıq.

- İngiltərə mətbuatı yazırdı ki, illik məvacibiniz 1 milyon funt-sterlinqdən çox olacaq?

- Jurnalistlər hər şeyi şişirdir. Bu, yalan məlumatdır. Mən o qədər böyük məbləğ istəməmişəm. Qazanacağım pul mənimlə rəhbərliyin razılaşdırdığı məbləğdir. Bu barədə danışmayaca?am. Sadəcə, deyim ki, bir milyondan çox azdır. 

- İlk mövsüm üçün qarşıya hansı məqsəd qoyulub?

- Mümkün qədər yaxşı oynamaqla daha yaxşı nəticəni əldə etməyə çalışacağıq. "Qəbələ" turnir cədvəlində yüksək pillələrdən birini tutmalıdır. Amma buna görə yaxşı hazırlaşmaq lazımdır. İlk mövsüm daha çox komandanın heyətini gücləndirmək və gələcəyə hesablanmış layihələri gerçəkləşdirməkdən ibarətdir. Amma medallar uğrunda yarışacağımıza əmin ola bilərsiniz.

- Komandanın büdcəsi sizi qane edirmi?

- Rəhbərlik komanda üçün ən yaxşı şəraiti yaradıb. Amma büdcə məsələsiylə bağlı suala birmənalı cavab vermək çətindir. Hamı istəyir ki, aldığı məvacibdən daha çox qazansın. Büdcə də belədir. Hər bir məşqçi istər ki, daha böyük büdcəsi olan klubda çalışsın. Komandamın büdcəsini fantastik məbləğlə müqayisə edənlər var. Amma belə deyil. Biz gələcəyi fikirləşirik.

- Sirr deyilsə, komandanın büdcəsi nə qədərdir?

- Deyə bilmərəm. Bu suallara cavab vermək mənlik deyil.

- Heç olmasa, 15 milyon avro olar?

- 15 milyon olsaydı, "Qəbələ"ni Avroliqanın qrup mərhələsinə çıxarardım. Büdcəmiz dediyiniz məbləğdən azdır.

- Adətən, əcnəbi məşqçilər gələndə daha çox legionerlərə üstünlük verirlər. Yəqin, siz də bu üsulla işləyəcəksiniz...

- Legionerlər komandanın səviyyəsini yüksəltmək üçün çox lazımdır. Amma yerli futbolçuları yaddan çıxartmaq olmaz. "Qəbələ"də gənc və perspektili futbolçular çoxdur. Onlarla işləyəcəyəm. İstərdim ki, Azərbaycan futboluna yeni adlar bəxş edim.

- Yəqin ki, Cənubi Afrika Respublikasında keçirilən Dünya Çempionatını izləyirdiniz...

- Əlbəttə. 

- Nəticələr necə, sizi qane etdi?

- Finalda Hollandiyaya azarkeşlik edirdim. Bert Van Marveykin komandasının qələbə qazanmasını arzulayırdım. Amma İspaniya qələbəyə layiq idi. Visente Del Boskenin yetirmələri çox gözəl oynadılar. Necə deyərlər, qalibi mühakimə etməzlər.

- Bəs vətəniniz İngiltərənin oyununu necə qiymətləndirirsiniz?

- Düzünü deyim ki, bəyənmədim. Baş məşqçi Fabio Kapelloya böyük hörmətim var. Amma İngiltərə yığması adına layiq oyun göstərmədi. Komandada problemlərin olması hiss edilir. Həmin problemlərin nədən qaynaqlandığını bilirəm, amma sizə deməyəcəyəm.

- Azərbaycan çempionatında ilk oyun Lənkəranda olacaq. Debüt matçınız "Xəzər-Lənkəran"a qarşı baş tutacaq. Rəqib haqda məlumatınız var?

- Azərbaycan çempionatının zəif olmasıyla razılaşmıram. Ölkənizdə kifayət qədər təcrübəli məşqçi və oyunçular çıxış edir. Ona görə asan çempionatda işləyəcəyimi deyə bilmərəm. Ümidləri doğrultmaq üçün səylə çalışmalıyam.

- Bəzi tanınan mütəxəssislər işini sona çatdırmayıb klubdan tez ayırılır. Yəni Toni Adams imicinə zərbə vurmaqdan qorxmur ki?

- Mən həyatda belə şeylərdən qorxmuram. Əgər qorxsaydım, gərək məşqçi işləməzdim. İnsan  daim risk etməyi bacarmalı və irəli baxmalıdır. İnşallah, ilk turlardan sonra yenidən görüşərik, onda komandamın oyunu haqqında fikrinizi deyərsiniz.

- Sizə uğurlar arzu edirəm.

- Çox sağ olun.


MƏSLƏHƏT GÖR:

537