5 Dekabr 2025

Cümə, 23:58

QƏBƏLƏDƏ MUSİQİ BAYRAMI

Azərbaycan, ənənəvi olaraq, Qəbələdə keçirilən ii Beynəlxalq Musiqi Festivalının qonaqlarını qəbul edib

Müəllif:

01.08.2010

Ənənə sözü latınca "traditio" kimi səslənir və mənası "ötürmək" deməkdir - adətlərin, baxışların, zövqlərin, davranış normalarının və s.-in ötürülməsi anlamına gəlir.  Dünyanın müxtəlif ölkələrindən olan musiqiçilər və ifaçılar arasında yaxşı bir ənənə yaranmaqdadır - onlar hər yay Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə toplaşırlar. Təbii landşaftın, demək olar ki, toxunulmamış gözəlliyi bu yerə təkrarsız cazibə verir və burada bircə dəfə olmaq kifayətdir ki, yaranan təəssüratlar yaddaşına əbədi həkk olunsun. 

Tarixi abidələr - İmam baba türbəsi, XVIII əsrə aid tikililər, Cümə məscidi xalqın memarlıq istedadından xəbər verir və baş verən hər şeyə xüsusi kolorit qatır. Yaxşı təchiz edilmiş konsert meydançası və yanındakı otel çağdaş memarlıq incəsənətinin nümunəsidir. Keçən ilin avqust ayında burada keçirilən musiqiçilərin və vokalçıların I beynəlxalq musiqi festivalında klassik musiqini çağdaş interpretasiyada eşitmək istəyənlər arzularına tam çatdılar. 

Bu forumun yaradılmasının və keçirilməsinin əsas təşəbbüskarı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Bu, Fondun təşəbbüsü ilə keçirilən və dünya musiqi ictimaiyyətinin diqqətini cəlb etmiş yeganə tədbir deyil. M.Rostropoviç, D.Şostakoviç adına beynəlxalq festivallar, unikal muğam festivalını yəqin ki, çoxları xatırlayır. Milli musiqi mədəniyyətimizin sərvəti olan muğamın qeyri-adiliyi bütün dünya tərəfindən qəbul edilir, amma burada - əcdadlarımızın torpağında muğamat bir başqa cür səslənir. Elə səslənir ki, sanki bütün torpaq, dağlar, meşələr, çəmənliklər ona ruhi qida və emosional ifadəlilik verir. 

Beynəlxalq festival bu il iyulun 25-dən avqustun 5-nə kimi keçirildi. Tədbirə 5 ölkdən gəlmiş vokalçılar və musiqiçilər qatıldılar. Dünyanın müxtəlif ölkələrindən olan qonaqlar çox idi. Festival getdikcə güclənir və populyarlığı Azərbaycan sərhədlərindən kənara çıxır. Tam əminliklə demək olar ki, bu 12 gün qarşılıqlı peşəkar zənginləşmə bayramı oldu. Bu həm Yuri Başet, pianoçu Boris Berezovski kimi parlaq ulduzlar, həm də böyük incəsənət yoluna təzə qədəm qoyanlar üçün çox önəmlidir. Sonuncular üçün keçən il olduğu kimi bu il də master-klasslar keçirildi. 

Qəbələ keçirilən musiqi festivalının Şərq və Qərb musiqisi proqramında Azərbaycan və Avropa bəstəkarlarının - Qara Qarayevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun, Pyotr Çaykovskinin, Rimski-Korsakovun, Şarl-Kamil Sen-Sansın, Edvard Qriqin, Sergey Raxmaninovun, Volfqanq Amadey Motsartın, Frans Şubertin və başqalarının əsərləri əksini tapıb. 

Bu günlər təkcə xarici qonaqlar və qəbələlilər üçün ruhi həmrəylik günü deyildi. Bakılılar da buraya həvəslə gəlirdilər. Ailəvi bayrama bənzər tədbir ümumilli şənliyə çevrilmişdi. Bəllidir ki, ailəvi şənliklər Şərqdə xüsusi qeyd edilir. Axı hansı ailə şənliyi arzu edilən və dəvət edilmiş dostlarsız keçirilir? Xoşməramlı insanların əlaqələri üçün sərhədlərin genişləndirilməsi bu cür forumların əsas məqsədidir. Təcrübə göstərir ki, bu cür tədbirlərə çəkilən xərclər boşa getmir. 

Birincisi, incəsənətin böyük bölümündə olduğu kimi musiqinin də sərhədləri və milliyyəti yoxdur. O, istənilən diplomatdan daha yaxşı şəkildə insanlarla öz dillərində, bütün qəlblərin anladığı kimi danışmağı bacarır və onları birləşdirir, insanlar tərəfindən ciddi çəkilmiş coğrafi və ərazi sərhədləri kimi ixtira edilmiş şərtiliklərdən yan keçir.  

İkincisi, bizim ölkənin musiqi mədəniyyəti dünya ictimaiyyətinin sərvətinə çevrilir. İştirakçı peşəkarların ən yaxşıları sonradan öz proqramlarına çox həvəslə Azərbaycan  bəstəkarlarının əsərlərini də daxil edirlər. Bu da çağdaş dünya ictimaiyyətinin gözlərində ölkənin imicinin formalaşmasına yardım edir. 

Üçüncüsü, dünya səviyyəli ustalar peşə sirlərini böyük incəsənət yolunda ilk addamlarını atan gənclərlə bölüşürlər. Azərbaycanlıların musiqi incəsənətinə genetik meyilli olması barədə danışmaq belə, yersizdir. Azərbaycanlı üçün oxumaq nəfəs almaq kimi bir şeydir.  Qəbələdə nə vaxtsa xanəndələr yaşayıbmı, onların həyat və yaradıcılığı öz vaxtında əfsanəyə çevrilibmi? Bir ehtimal kimi bu fikri istisna etmək istəməzdik. 

Qəbələ torpağının maarifçi şair, Müqəddəs Georgi ordeninin ilk azərbacanlı kavaleri, Rusiya imperiya ordusunun general-mayoru İsmayıl bəy Qutqaşınlının və maarifçi yazıçı İsmayıl bəy Musabəyovun adı ilə tanındığı hamıya bəllidir. Bu günkü qəbələlilərin də fəxr etməyə səbəbləri var. Onlar çox həvəslə "Qəbələ" futbol klubu, yeni çağdaş turizm mərkəzləri və tamam yeni ənənə olan beynəlxalq musiqi festivalının keçirilməsindən danışırlar.  Festival elə ilk anından oturuşdu və həyatın ayrılmaz hissəsinə çevrildi, sanki burada həmişə keçirilib. Bütün ilboyu bügünləri həvəslə və səbirsizliklə gözləyirlər. Bu, dünyanı ürəklə dinləmək xoşbəxtliyidir. Axı musiqi adi həyatı harmonik və əzəmətli etməyi bacaran böyük bələdçidir. 

Bu çoxdan gözlənən bayramı iyunun 25-də dirijorlar Fəxrəddin Kərimov və Azad Əliyevin idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan bəstəkarlarının əsərlərinin ifası ilə açıb. Axşamda Qriqin, Raxmaninovun, Villa-Lobosun və De Fallın  əsərləri səslənib. Festivalın proqramında həmçinin kamera, vokal və caz musiqisi də nəzərdə tutulmuşdu və onları əfsanəvi Amerika cazmen-vokalçısı, Amerikanın musiqi mükafatı "Qremi"nin yeddi dəfə sahibi olmuş Al  Cero təqdim etməli idi. Amma böyük cazmen sağlamlığında problemlər olması üzündən festivala gələ bilməmişdi. İyulun 27-də Al Ceronun çıxışını tanınmış Kuba cazmenlərinin çıxışı əvəz edib. 

İyulun 30-da  II beynəlxalq musiqi festivalının rəsmi açılışı oldu. Tədbirə prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru xanım İrina Bokova da qatılmışdı. 

Həmin gün İ. Bokova ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya qızıl "Mosart medalı"nı təqdim etdi. 

Festivalın açılışında çıxış edən M. Əliyeva Qəbələnin qədim Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladıb və burada bütün dövrlərin və mədəniyyətlərin iz qoyduğunu vurğuladı. 

"Bu torpağa qədəm qoyan hər kəs yüzilliklərin nəfəsini hiss edir. Müasir dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ bir mədəniyyət paytaxtı rolunda çıxış edir", - deyə Azərbaycanın birinci xanımı bildirdi. O, bu günlərdə hamını musiqinin birləşdirdiyini qeyd etdi. 

H. Əliyev Fondunun prezidenti YUNESKO-nun baş direktoruna Azərbaycana səfər etdiyinə görə minnətdarlığını bildirdi. Azərbaycanla bu mötəbər təşkilat arasında əməkdaşlığın əhəmiyyətini vurğulayan M. Əliyeva bu əlaqələrin çoxtərəfli olduğunu bildirdi.

İş qrafikinin gərgin olmasına rəğmən festivalın rəsmi açılışına qatılan prezident İ. Əliyevə də minnətdarlıq edən birinci ledi həmçinin Qəbələyə toplaşmış musiqiçiləri salamladı və qeyd etdi ki, bu musiqi bayramı ilk növbədə onların sayəsində baş tutub. 

YUNESKO-nun baş direktoru İrina Bokova da festival iştirakçılarını salamladı və onlara yaradıcı uğurlar arzuladı. Azərbaycana səfərindən məmnun qaldığını deyən xanım Bokova vurğuladı ki, Qəbələ bu beynəlxalq festival üçün çox mötəbər bir səhnəyə çevrilib. "Bu festival həm də Azərbaycanın zəngin musiqi irsi ilə tanış olmağa imkan verir"-deyə İ. Bokova bildirdi və Azərbaycan prezidenti ilə onun xanımına YUNESKO-nun prinsiplərini belə yüksək tutduqlarına görə minnətdarlıq etdi.

Qəbələdə keçirilən beynəlxalq festivalın əhəmiyyətindən danışan ali qonaq bu bayramın Azərbaycanın musiqi ruhunun əksi olduğunu və belə tədbirlərin insanlar arasında mədəni körpülərin qurulması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. "Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu diyardır və bu festivalda həmin mədəniyyətlər yüksək səviyyədə təmsil olunacaq",-deyən İ. Bokova Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirdi.

Həmin axşam musiqi sərrafları London Kral Filarmoniya Orkestrinin çıxışından həzz alıblar. Festivala qonaq qismində tanınmış pianoçu, musiqi aləmində "yeni Rixter" kimi tanınan Boris Berezovski və SSRİ xalq artisti, çox sayda beynəlxalq mükafatların sahibi, professor, Yaponiya, Avropa, Amerika və Honkonqda master-klasslar vermiş gözəl pedaoq Yuri Başmet, Dmitri  Yablonski, Emilio Ponsi, Xloe Xanslip, Fərhad Bədəlbəyli də qatılmışdılar. Qəbələ bütün qonaqları və iştirakçıları qəbul etdi ki, onlar 12 gün ərzində mədəniyyət həmrəyliyi bayramından həzz alsınlar...



MƏSLƏHƏT GÖR:

674