YENİ MƏRHƏLƏ
Azərbaycan türkiyəni üçüncü ölkələrə birgə investisiya qoymağa çağırır
Müəllif: Redaksiya
Azərbaycanla Türkiyə iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. İki ölkənin hökumətləri artıq yalnız qarşılıqlı ticarət dövriyyəsi və investisiyaların artırılmasını deyil, üçüncü ölkələrə birgə investisiya qoyulması imkanlarını da nəzərdən keçirir. Maraqlıdır ki, bu təşəbbüs uzun illərdir inkişaf etmiş iqtisadiyyata malik Türkiyə yox, hələ bir müddət əvvəl özünün investisiyalara ehtiyacı olan Azərbaycan tərəfindən irəli sülürülb.
Üçüncü ölkələrə birgə investisiya qoyulması təklifini iyulun sonunda Bakıda keçirilmiş Azərbaycan-Türkiyə biznes-forumu zamanı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev səsləndirib. "Hazırda xaricdə yüzdən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir. Hesab edirik ki, Azərbaycandan və Türkiyədən olan sahibkarlar üçüncü ölkələrə birgə investisiya yatıra bilər. Fikrimcə, bu, perspektiv istiqamətdir və o, effektiv ola bilər", - deyə nazir qeyd edib.
Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zafer Çağlayan öz növbəsində bildirib ki, Azərbaycan və Türkiyə sahibkarları ilkin mərhələdə qonşu dövlətlərin iqtisadiyyatına bilgə investisiya qoya bilər: "Bu, məsələn, Gürcüstan və ya Qazaxıstan ola bilər. Belə investisiyaları digər dövlətlərin iqtisadiyyatına da qoymaq mümkündür".
Bununla yanaşı, qarşılıqlı kapial qoyuluşları imkanı da tükənməyib. Çağlayan bildirib ki, iki ölkə arasında investisiyaların ümumi həcmi 10 milyard dollardır. SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyədəki "Petkim" neft-kimya zavodunun ərazisində neft emalı zavodunun tikintisinə qoyduğu investisiya ilə birlikdə isə bu rəqəm 15 milyard dollar təşkil edir.
Eyni zamanda, Azərbaycan türk sahibkarlara yeni investisiya sektorları da təklif edir. Belə sektorlar arasında aqrar sənaye kompleksi, bu sahənin məhsullarının istehsalı, təkrar emalı, qablaşdır?lması və tranzit daşımaları, həmçinin, IT-texnologiyalar, Şərqə və Şimala tranzit daşımaları, xidmətlər və turizm sahələri də var.
Bir məqamı da qeyd etmək lazımdır ki, əgər əvvəllər investorlar, əsasən, Bakıya yatırım etməyə çalışırdılarsa, bu gün Türkiyə investorları Azərbaycanın regionlarına da maraq göstərir. Demək, rəsmi Bakının regionlarda həyata keçirdiyi miqyaslı infrastruktur layihələri özünü göstərməkdədir.
Türkiyənin dövlət naziri öz ölkəsindən olan sahibkarları Naxçıvan Muxtar Respublikası iqtisadiyyatına da daha fəal investisiya yatırmağa çağırıb.
Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının vacibliyini də vurğulayıb. "Azərbaycanla Türkiyə bugünkü qarşılıqlı ticarət dövriyyəsini 2,2 milyard dollardan 5 milyardadək artırmaq imkanına malikdir. Biz bu məqsədə çatmaq üçün öz tərəfimizdən sahibkarlara lazımi dəstəyi göstərməyə hazırıq", - deyə Z.Çağlayan bildirib.
Bəzi problemlər də var və Azərbaycanla Türkiyə onları qarşılıqlı olaraq, birlikdə həll etmək niyyətindədirlər. Bu baxımdan, Çağlayan yüklərin gömrük qeydiyyatı zamanı bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyini bildirib. "Ümid edirik ki, Azərbaycan tərəfi ilə birgə məsləhətləşmələr nəticəsində bu problemi aradan qaldıracağıq", - deyə türkiyəli nazir qeyd edib. Bununla yanaşı, o, sahibkarları da bağlanmış müqavilələrin şərtlərinə əməl etməyə çağırıb, bu sahədə də müəyyən problemlərin müşahidə olunduğunu söyləyib.
Z.Çağlayan iki ölkə arasında viza rejiminin olmasından da gileylənib: "Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi ticarət dövriyyəmizi, turizm potensialımızı, qardaşlıq əlaqələrimizi daha da genişləndirməmizə imkan verərdi".
Nazir Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana planlaşdırılan səfəri zamanı viza rejiminin aradan qaldırılması məsələsinin müzakirə ediləcəyini bildirib. "Abdullah Gül yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Həmin səfər zamanı biz vacib qərarların qəbulunun şahidi olacağıq", - deyə Çağlayan qeyd edib.
Tərəflər ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əlaqələrin gücləndirilməsinə mane olan problemlərin aradan qaldırılması üçün işçi qrupun yaradılması qərarına gəlib. Onun ilk iclası 2010-cu ilin noyabr-dekabr aylarında Türkiyədə keçiriləcək.
Beləliklə, Z.Çağlayanın Azərbaycana səfəri iki ölkə arasındakı iqtisadi əməkdaşlıqda yeni mərhələnin müjdəçisi oldu.
Azərbaycanın üçüncü ölkəyə birgə investisiya qoyulması haqda təşəbbüsünə gəlincə, bu, ölkənin mövcud iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan artıq, Türkiyənin özü də daxil olmaqla, qonşu ölkələrin iqtisadiyyatına nəhəng investisiyalar qoyur.
İqtisadi inkiaşaf naziri Şahin Mustafayevin açıqladığı bir rəqəm heç də təsadüf deyil: Cənubi Qafqaz iqtisadiyyatının 75%-i Azərbaycanın hesabına formalaşır.
Türkiyə-Azərbaycan biznes-forumu da 2 strateji müttəfiq arasında inamın göstəricisi oldu. İndi bizə Türkiyə prezidentinin Bakıya iki türk dövlətinin iqtisadi "ekspansiya"sına yeni təkan verəcək səfərini gözləmək qalır.
MƏSLƏHƏT GÖR:

490

