5 Dekabr 2025

Cümə, 23:59

QARA QİTƏDƏ YENİ ÇEMPİON DOĞULDU

İspaniya tarixində ilk dəfə Dünya Kubokuna sahib çıxdı

Müəllif:

15.07.2010

Bir ay ərzində bütün dünyanın diqqətini özünə jəlb edən, uşaqdan-böyüyə hamının maraqla izlədiyi, sürpriz və sensasiyaları ilə zəngin olan dünya çempionatı başa çatdı. 

Düz, 4 il biz mundialı gözlədik və bir ay ərzində bir-birindən maraqlı matçları seyr etdik. Artıq Cənubi Afrika Respublikasında keçirilən 19-cu dünya çempionatı tarixə qovuşub. Qara qitədə təşkil edilən çempionatın özünəməxsus yenilikləri, sürprizləri, qələbələri və məğlubiyyətlərini birlikdə yada salaq.

 

Fransa millisində qalmaqal

Yaxın keçmişdə Azərbaycan millisində məşqçiylə yola getməyərək oynamaqdan imtina etmək adi hala çevrilmişdi. Təsəvvür edin, dünya və Avropa çempionu Fransa yığmasında da mundial ərəfəsində ulduz oyunçular baş məşqçi Raymon Domenekə qarşı çıxdı. Hələ CAR-a gələrkən təyyarədə Nikolya Anelkayla Frank Riberi əlbəyaxa olubmuş. Çempionatdakı ilk matçlardan sonra isə curnalistlərə müsahibəsində Anelka baş məşqçi Raymon Domeneki kəskin tənqid edib, onun məşqçi bacarığını şübhə altına alıb. Bundan sonra Fransa Futbol Federasiyası Domenekin müraciətini nəzərə alaraq, Anelkanı millidən kənarlaşdırıb. 

Bununla Domenekin problemləri başa çatmadı, əksinə, çoxaldı. Yığmanın kapitanı Patris Evra Anelkanın qovulmasına etiraz olaraq, bütün heyəti məşqə çıxmamağa məcbur etdi. Evra, hətta Domenekin köməkçisiylə əlbəyaxa da oldu. 

İntizamsızlığın sonu hamıya bəllidi. Mundialda fiaskoya uğrayan komanda qrupdan çıxa bilmədi. 

Millinin biabırçı çıxışı prezident Nikolya Sarkozini də məsələyə qarışmağa məcbur etdi. Hazırda federasiya günahkarları axmarmaqdadı. Amma 2010-cu il dünya çempionatının Fransa futbol tarixinə qara hərflərlə yazıldığı heç kəsdə şübhə doğurmur.   

 

"Tanrının əli"

Artıq futbol matçlarında əllə qol vurmaq adi hala çevrilir. Əvvəllər bu barədə danışarkən yalnız Dieqo Maradonanın 1986-cı ildə əllə vurduğu məşhur qol xatırlanardı (özünün iddiasına görə, qolu "Tanrının əli" ilə vurub). İndi isə "həndbolçu" futbolçuların sayı artıb. Braziliyanın "Fil Dişi Sahili"ylə oyununda Luis Fabiano iki dəfə əliylə topa toxunsa da, hakimin diqqətindən yayınmağı bacardı. Qoldan sonra referiyə əllə oynamadığını deyən Fabiano, mediaya müsahibəsində topa "Tanrının əlinin" toxunduğunu dedi. 

Maradona isə buna etiraz edərək, "Xeyr, bu, Tanrının yox, Fabianonun öz əli idi", - replikası ilə cavab verdi.

 

Dahi futbolçu dahi məşqçi olmadı

Dieqo Maradonanın təkcə adı Argentina yığmasını dünyanın ən populyar komandalarından birinə çevirib. Təsəvvür edin ki, CAR-da Messi, Teves və digər ulduz futbolçuları özündə cəmləşdirən komandada ən böyük diqqət məhz baş məşqçiyə yönəlmişdi. Yalnız Maradonanın mətbuat konfransları nəzərdə tutulduğu vaxtdan gec başa çatırdı. Yalnız Maradonanın iştirak etdiyi tədbirlərdə curnalistlər adi azarkeşə çevrilərək dahi futbolçudan avtoqraf alır, onunla şəkil çəkdirirdilər. 

Mundial zamanı Maradona çoxlu sayda sensasiyalı bəyanatları ilə yadda qaldı. Yarış ərəfəsində Argentina komandasını "Rolys Roys" maşınına bənzədən Dieqo, avtomobilin Messi kimi sürücüsünün olduğunu deyirdi. Əzəli rəqibi, futbol kralı Peleyə sataşaraq onun çoxdan muzeydə oturmalı olduğunu bildirir və sonra UEFA rəhbəri Mişel Platininin bostanına daş atırdı: Maradona Platininin heç vaxt məşqçi olmayacağını bildirmişdi. 

Əlbəttə, Maradonanın dahi futbolçu olması aksiomdu. Amma məşqçi kimi o özünü doğrultmadı. 14 finala qədər Argentina yığmasında heç bir məşqçi zehninin məhsulu görünmədi. Rəqiblərə qarşı xüsusi taktika hazırlanmadı, Messi kimi ulduz futbolçu digərlərindən fərqlənmədi. Əslində, Maradonanın məşqçi kimi bacarığı 14 finalda Almaniya ilə matçda görünməliydi. Amma elə həmin oyunda 0:4 hesabıyla uduzan Argentinanın mundialda məşqçisiz oynadığı təsdiqləndi. Maradona yalnız qalmaqal yaratmağı bajarır, məşqçilik isə hələlik ona aid deyil. Onun digər məşqçilərdən əsas fərqi adının dünya futbol tarixinə qızıl hərflərlə yazılmasıdı. Yalnız Maradona oyundan əvvəl 15 dəqiqəlik isinmə hərəkətləri zamanı futbolçularla birlikdə məşq edir, sonra isə onlarla yanaşı duş qəbul edir və kostyumunu geyinərək yaşıl meydana qayıdırdı. 

Maradona hələ məşqçilikdən uzaq olduğunu göstərdi. Amma Argentinada əsl qəhrəman kimi qarşılandı, yerli federasiya isə onun işini davam etdirməsini xahiş etdi. 

Çox istərdik ki, Maradona 4 ildən sonra yenidən millidə olsun. Axı 2014-cü ildə mundial Argentinanın əzəli rəqibi olan Braziliyada keçiriləcək. 

Amma əfsuslar oslun, Dieqo artıq millini tərk etdiyini bildirib. 

 

Braziliyanın 6-cı qələbəsi gələn dəfəyə qaldı

Mundialın əsas favoritlərindən olan Braziliya zövq oxşamadı. Azarkeşlər daim sambaçıların ifasında baxımlı futbol, gözəl kombinasiyalar, möhtəşəm qollara şahidlik edib. Bu dəfə isə Dunqanın rəhbərlik etdiyi komanda, yalnız nəticəyə oynamaqla, öz ənənəsinə qarşı çıxdı. 

Braziliya həmişə hüjum futbolu oynayıb və daim buna görə alqışlanıb. Amma Afrikada Dunqa Braziliya yığmasının simasını dəyişdi. Mundiala Adriano, Ronaldinyo, Patonu gətirməyən məşqçi sonda öz taktikasının qurbanı oldu. 14 finalda Hollandiyaya uduzuan sambaçılar yarışı tərk etdilər. 

Sözsüz ki, Braziliya kimi komanda üçün medalsız qalmaq faciədi. Amma pentakampeonlar Braziliyada keçiriləcək növbəti yarışda sözünü deyəcək. Buna əmin ola bilərsiniz.

 

Paul əsl falçı imiş

Fransa millisinin artıq keçmiş baş məşqçisi Raymon Domenekin ulduz falına inandığı hamıya bəllidi. Hətta Fransa mediası Domenekin heyəti müəyyənləşdirərkən ulduzlardan kömək istəməsi barədə də xəbər yayıb. 

Almaniyada isə hamı Oberhauzendə yaşayan Paul adlı 8 ayaqlı ilbisə inanır. Bundestimin oyunlarında kimin qalib gələcəyini "proqnozlaşdıran" Paul yalnız bir dəfə - 2 il əvvəl Avropa çempionatının finalında səhv qərar çıxarmışdı: ilbis almanları seçsə də, çempionatın qalibi ispanlar oldu. 

Mundialda isə Paulun bütün öncəgördükləri düz çıxdı. Yarımfinalda Almaniyanın uduzacağını deyən ilbis, sonradan bundestimin düşməninə çevrildi. Fanatlar arasında, hətta onu qızardaraq yeməyi təklif edənlər də tapıldı. 

Amma Almaniyanı məğlub edən İspaniya Paula istənilən vaxt sığınacaq verməyə hazırdır. 

Maraqlıdır görəsən Paul Azərbaycan çempionatında da oyunlarla bağlı proqnoz verə bilərmi? 

 

Lövün göy köynəyi

Bu komandaya hamı inanırdı. Onlar həmişə çoxlu qol vurur və istənilən rəqiblə sona qədər mübarizə aparır. Söhbət, əlbəttə, Almaniyadan gedir. Bundestim İngiltərə və Argentinanı diz çökdürməklə hərəsinə 4 qol vurdu. Hər iki oyun zamanı baş məşqçi Yoaxim Löv göy köynək geydiyindən, məşqçilər korpusu ona geyimini dəyişməməyi xahiş etdi. Beləcə, Lövün bu köynəyi komandanın talismanına çevrildi. 

İndi həmin köynəyi auksionda satışa çıxaracaqlar. 

Ümumiyyətlə, Almaniya yığması mundiala rəng qatdı. Baxımlı futbol oynamaqla yanaşı, daim rəqiblərə başağrısı oldu. Təsadüfi deyil ki, bundestim nəhəng İngiltərə və Argentinanı sıradan çıxardı. Yoaxim Löv dünya çempionatları tarixində Almaniya yığmasının ən gənc heyətinə başçılıq edirdi. Bununla belə, bundestim superkomanda olduğunu sübut etdi. Artıq Mixail Ballakın yoxluğunda komandanın Tomas Müller və Məsuz Özil kimi liderləri var. Sonuncunu xüsusi qeyd etməliyik. Türkəsilli futbolçunun meydanı görmə qabiliyyəti, topla rəftarı və oyunu oxuması onun parlaq gələcəyindən xəbər verir. 

Almaniya millisinin bəxti gətirmədi demək, düzgün deyil. Onlar çempionatın bürünc medalına sahib çıxdı. Komanda üçünjü yer uğrunda görüşdə Uruqvaya şans vermədi. Almaniya matça ulduz futbolçularsız çıxsa da, rəqibi 3:2 hesabı ilə üstələdi. 

Bundestimin əsas futbolçularından biri Miroslav Kloze dünya çempionatlarında vurduğu qolların sayını 14-ə çatdırmaqla yeni rekorda imza atdı. Dünya tarixində ən çox - 15 qol Ronaldonun adındadı. Kloze Ronaldoya yaxınlaşsa da, onu keçə bilmədi. 

Bəlkə də qripə yoluxmasaydı, Kloze Uruqvayla matçda rekordu təzələyəcəkdi.

 

Kapello xilaskar olmadı

İngiltərə yığması seçmə mərhələdə rəqib tanımadı. Amma mundialda o qədər də yaxşı futbol nümayiş etdirmədi. Elə buna görə də 18 finalda Almaniya millisi ingilisləri evə yola saldı. Əlbəttə, azarkeşlər hesab 2:1 almanların xeyrinə olarkən, Frenk Lempardın hakim tərəfindən sayılmayan təmiz qolunun nəticəyə təsir etdiyini əsas səbəb göstərə bilər. Amma yaddan çıxartmayaq ki, Lempardın sayılmayan qolundan sonra matçda dönüş yaratmaq üçün kifayət qədər vaxt var idi. Əsl mübariz komanda bunu etməliydi. İngilislər isə bajarmadı. Alman "qol maşını" İngiltərə komandasına 4 top vurmaqla, onların mübarizəni davam etdirməyə layiq olmadığını göstərdi. 

Ümumiyyətlə, İngiltərə yığmasında bir sıra problemlərin olması açıq-aşkar görünürdü. Müdafiədə boşluqla yanaşı, hücum xətti də narahatlıq doğurmaya bilməz. İngiltərə kimi komanda mundial zamanı cəmi bir forvarddan istifadə etməklə özünü pis vəziyyətdə qoydu. 

 

Bərbad hakimlik

Turnirin hakimlər arasında kəşfi, təbii ki, özbəkistanlı Rovşan İrmatov oldu. Açılış matçında həyəcanlı görünən İrmatov yarımfinalda Almaniya-Hollandiya görüşünə də təyinat almaqla səviyyəsini göstərdi. Azərbayjanlı referilər onu bəyənməsəl?r də, İrmatov mundialın tarixinə düşdü. 

Digər tərəfdən, çempionatda çoxlu sayda səhvlərə yol verildi. Dəfələrlə ofsaytdan qol vuruldu, amma hakim mərkəzi göstərdi. Bərbad hakimçilik Almaniya-İngiltərə görüşündə kulminasiya nöqtəsinə çatdı. Hesab 2:1 almanların xeyrinə olarkən, Frenk Lempard möhtəşəm zərbəylə gözəl qol vurdu. Top qapı xəttindən içəridə yerə dəyərək çərçivəni tərk etdi. Amma hakim davam işarəsi verdi. Stadiondakı tabloda epizod təkrar göstərildiyi zaman, Lempard və digər ingilislər şok yaşadılar: sən demə, hakim təmiz qolu saymayıb. Bəlkə də qol hesaba alınsaydı, İngiltərə başqa oyun göstərəcəkdi. Amma həmin gün almanlar daha güclü idi. 

Dərhal iclas keçirən FİFA günahkar hakimləri yarışdan kənarlaşdırdı. Eyni zamanda, ali futbol qurumu gələjəkdə meydanda 5 hakim (digər 2 hakim qapıların yanında) sisteminin tətbiqini istəyir. Videokameralarla təkrara baxmaq məsələsi isə müzakirə olunmayacaq. FİFA matçlar zamanı videotəkrarın hakimlərə kömək etməsinin əleyhinədi. Onların fikrincə, bu, futbolun gözəlliyini məhv edir.

 

Allah Bəhramova rəhmət eləsin

Almaniya-İngiltərə matçında baş verən qalmaqallı qol azarkeşləri 40 il əvvələ apardı. 1966-cı il mundialın finalında yenə bu iki komanda qarşılaşırdı. Onda Cefri Hertsin mübahisəli qolu qapı xəttindən içəridə yerə dəydikdən sonra (indiyə qədər heç kim dəqiq deyə bilmir, qol idi, yoxsa...), oranı tərk edir. Baş hakim qərar verməyə tərəddüd etdiyi vaxt, yan xətt hakimi, həmyerlimiz Tofiq Bəhramov mərkəzi göstərir. Bəhramovun qolundan sonra daha bir qol vuran İngiltərə 4:2 hesabıyla qələbə qazanmaqla tarixində ilk və hələlik yeganə dünya çempionluğunu bayram edir. 

Budəfəki Almaniya-İngiltərə görüşündə Lempardın qolundan sonra bütün İngiltərə mətbuatı Tofiq Bəhramova rəhmət oxudu. Dünya mediası "Bəhramov sağ olsaydı", "Tofiq indi hardadı?", "Bəhramovun yeri məlum" kimi başlıqlarla çıxdı. 

 

İtaliyanın fiaskosu

Cənubi Afrika Respublikasının komandasının qrupdan çıxmaması fanatlar üçün şok effekti verdi. Çünki adətən təşkilatçı ölkənin yığması, heç olmasa, 18 finalda iştirak etmək imkanı qazanırdı. Ən böyük sensasiya isə son dünya çempionu İtaliyanın pley-offdan kənarda qalması oldu. Yeni Zelandiya ilə 0:0 oynamaqla azarkeşlərə şok yaşadan Marçello Lippinin yetirmələri zəif qrupda autsayderə çevrildi. Məğlubiyyətin səbəbləri çoxdu. Qocalan futbolçular, heyətdə liderin olmaması, kortəbii futbol və arxayınlıq İtaliyanın axırına çıxdı. 

Üstəlik, komandanın ən təjrübəli oyunçularından biri qapıçı Janluicci Buffonun zədələnməsi problemləri artırdı. 4 il əvvəl İtaliyanı çempion edən Lippi indi məşqçi kimi ən pis nətijənin səbəbkarına çevrildi. Bu dəfə fortuna da komandaya köməyə gəlmədi. İtaliya layiq olduğu uğursuzluqlarla yarışı erkən tərk etdi. 

Milli növbəti mundial üçün köklü şəkildə dəyişməlidi. 

 

Mundialın daha bir uğursuzu

 İstənilən nəticədən asılı olmayaraq Yunanıstan ümidləri doğrultmadı. Qojaman heyətlə rəqiblərə müqavimət göstərə bilməyən Otto Rehagelin yetirmələri biabır oldu desək, yanılmarıq. 

2004-cü ildə Avropa çempionu olandan sonra Yunanıstanın qəhrəmanına çevrilən Rehagel, nəhayət ki, postundan getdi. Bu komandada məşqçi ilə yanaşı heyət də dəyişməlidi. Demək olar ki, bütün mövqelərə yeni futbolçular tapılmalıdı. 

Ən əsası isə Ellada diyarının təmsilçiləri əvvəlki imicini qaytarmalıdı.

 

Mundialın kəşfi

Uruqvay millisi dünya çempionatının kəşfi sayılmağa layiqdi. Bütün rəqiblərinə qarşı əzmkar mübarizə aparan, fiziki göstəricilərə görə heç kimə uduzmayan Uruqvay 4-cü yeri tutaraq, mundiala rəng qatdı. Oskar Tabares kifayət qədər güclü futbolçulardan əsl döyüşkən heyət yaratdı. Üstəlik, komanda bütün oyunlarda çoxlu sayda qol vəziyyəti yaratmaqla hücum futbolu nümayiş etdirdi. Uruqvayın lideri Dieqo Forlan haqda xüsusi söhbət etməyə ehtiyac var. Sözün əsl mənasında, liderə çevrilən forvard mundialda 5 qol vurmaqla rəqiblərin qorxulu röyasına çevrildi. "Atletiko" Madridin futbolçusu Forlan belə səviyyəli oyundan sonra daha güclü komandaya transfer olunmağı arzulaya bilər.

 

Finalın adı: Hollandiya-İspaniya

19-cu dünya çempionatının finalında Hollandiya ilə İspaniya açıq futbol nümayiş etdirdi. İnyestanın əlavə vaxtda vurduğu qol Avropa çempionlarını mundialın qalibinə çevirdi. 

Sözsüz ki, Hollandiyaya da bu oyuna görə alqış düşür. Amma İspaniyanın qələbəsi labüd idi. Çünki İspaniya həm də "Barselona" deməkdi. "Barsa"nın 8 futbolçusu yığmada da forma geyir. Həmin heyət millidə özünü suda balıq kimi hiss edir. Elə həllediji oyunlarda məhz "Barselona"nın futbolçuları İspaniyaya qələbə qazandırdı. 

Final gözəl oyunla yanaşı, kobud futbolla da yadda qaldı. Baş hakim Hovard Uebb mundiallar tarixində ilk dəfə finalda 14 sarı vərəqə göstərməklə rekorda imza atdı. 

Baş məşqçi Visente Del Boske Marçello Lippidən sonra Çempionlar Liqası ilə yanaşı, dünya çempionatında da qələbə qazanan ikinci məşqçi oldu. 

İspaniya millisi isə ilk oyunda uduzandan sonra, dünya çempionu olan ilk komanda kimi tarixə düşdü.

 

Mundialın laureatları

Uruqvay yığmasının hücumçusu Dieqo Forlan dünya çempionatının ən yaxşı futbolçusu seçildi. Turnirin kəşfi Tomas Müller ən yaxşı gənc oyunçu nominasiyasında birinci oldu. "Bavariya"nın futbolçusu, həmçinin, "Qızıl Buts" mükafatını aldı. 

"Lev Yaşin adına" mükafata gəlincə, ən yaxşı qapıçı kimi İspaniyanın qolkiperi İker Kasilyas həmkarlarını qabaqladı. 

 

Baxımlı futbol öldü

Dünya çempionatında bir sıra baxımlı futbol oynayan komandalar simasını dəyişdi. Artıq nətijəyə köklənən milli komandalar azarkeşləri yaddan çıxararaq nətijə barədə düşündü. Hollandiya və Braziliya kimi komandalar yeni taktika ilə hamını təəccübləndirdi. Bütün Avropada nətijə futbolu dəb olduğu zaman, yığmalar da bundan geri qalmadı.

 

CAR elə də qorxulu deyil

Bəzi komandalar, azarkeşlər Jənubi Afrika Respublikasına getməyə qorxurdu. Çoxları qara qitədə cinayətkarlığın inkişaf etdiyini, küçədə sakit gəzməyin mümkün olmadığını deyirdi. Amma mundial göstərdi ki, ekzotiktəbiətli Afrika çox maraqlı qitədi. Bəlkə doğrudan da futbol hamını birləşdirir. 

Beləliklə, 19-cu dünya çempionatı başa çatdı. Futbol bayramı yekunlaşdı. 

Amma az qalıb. Cəmi 4 ildən sonra Braziliyada - yeni çempionatda görüşəcəyik. 



MƏSLƏHƏT GÖR:

512