RUHUN HOBBİSİ
Emin Ağalarovun Bakı konserti tam anşlaqla keçib
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Emin Ağalarovun iyulun 9-da Yaşıl Teatrda gerçəkləşdirilən çoxdan gözlənilən konserti də sözün əsl mənasında böyük maraqla qarşılandı. Müğənni bir sıra uğurlu Moskva konsertlərindən sonra Bakıda da yeni "Emin Live Baku 2010" proqramı ilə çıxış etdi. Gənc müğənni izləyicilərə Londonda yazdırdığı dördüncü "Devotion" albomunda yer almış mahnıları nümayiş etdirdi. Ancaq bu barədə bir qədər sonra.
Uğurlu gənc iş adamı və istedadlı ifaçı olan Emin Ağalarovu dinləməyə bütün yaşlardan olan insanlar gəlmişdi. Həmin axşam Yaşıl Teatrda yalnız gəncləri deyil, həm də yaşlı insanları və müxtəlif peşə sahiblərini də görmək olardı. İzləyicilər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əfsanəvi mərhum müğənni Müslüm Maqomayevin xanımı Tamara Sinyavskaya, modelyer Fəxriyyə Xələfova, şahmatçı Teymur Rəcəbov, "AZAL"ın başçısı Cahangir Əsgərov və başqaları var idi. Zalda Emindən səhnə davranışı, necə deyərlər, fonoqramsız "canlı" oxumağı öyrənməyə ehtiyacı olan Azərbaycan ulduzları da az deyildi. Konsertə bir neçə dəqiqə qalmış Emin Ağalarovun xanımı Leyla Əliyeva və onun bacısı Arzu Əliyeva da Yaşıl Teatra gəldilər.
Emin səhnəyə peşəkar musiqi kollektivinin və üç cazibədar bek-vokalçı qızın müşayiəti ilə çıxdı. İlk "Stick Together" mahnısı izləyicilərin gur alqışlarına səbəb oldu. Ekrandakı kompyter effektləri ilə çuğlaşan şou açıq səma altındakı zalda heyranedici atmosferə səbəb olmuşdu. Böyük ekranda su damlaları parlaq alovla, şam işığı sonsuz ulduzlu səma ilə əvəzlənirdi. Yeni konsert proqramına müğənninin "Up To You", "Still", "Without You" kimi hitləri, həmçinin, yeni "Devotion" albomundan mahnılar daxil idi.
Emin izləyicilərlə yetərincə və həvəslə ünsiyyət qururdu. O, zala etiraf etdi ki, azərbaycanlı olması ilə fəxr edir. Danışdı ki, nənəsi ilə birgə zalda oturan anası İrina İosifovna bir vaxt ondan xahiş edirmiş ki, "musiqinin səsini azaltsın". "Ana, bu gün sən mənim musiqimi dinləmək üçün hətta uzaq Amerikadan da gəlməyə hazırsan", - deyə Emin zarafat edib.
Əfsanəvi Frenk Sinatranın "My Way" mahnısının kaver-versiyasını ifa etməzdən öncə Emin səhnədən bildirdi ki, bu mahnını həyatının ən önəmli şəxsiyyətlərindən birinə həsr etmək istəyir. Ekranda "Göy əbədiyyət" kompozisiyasını ifa edən Müslim Maqomayev canlandırıld?. Bu, demək olar ki, axşamın ən həyəcanlı məqamı idi. Keçmişə bir neçə dəqiqəlik "qayıdış" tamaşaçıları elə həyəcanlandırmışdı ki, onlar böyük ifaçını ayaqüstə alqışladılar. Emin zalın reaksiyasını müşahidə edib, xoşbəxtcəsinə gülümsədi. Axı Müslüm ona ifaçılıq ustalığını təkmilləşdirməyə yardım edən müəllimlərindən biri olub.
Yeri gəlmişkən, 2007-ci ildə Rusiya KİV sensasion bir xəbər yaymışdı - Müslüm Maqomayev onillik susqunluqdan sonra, "Crocus Group"un kommersiya direktoru olan müğənni Emin Ağalarovla duet oxumaq üçün yenidən səhnəyə qayıdır. Bu önəmli hadisə 2007-ci il sentyabrın 17-də görkəmli müğənninin yubiley gecəsində baş verib. Müslüm Maqomayev zalda olanlara Emini öz yetirməsi kimi təqdim edib və onunla Frenk Sinatranın həmin "My Way" mahnısını oxuyub. Bu əfsanəvi kompozisiyanın ifası zamanı SSRİ xalq artistinin mikrofonu simvolik olaraq istedadlı ifaçı Emin Ağalarova təqdim edilib.
Bakı konsertində çox keçmədi ki, lirik blüz ifalarını klassik rok-n-roll balladaları əvəzlədi. Emin həm də çox sevdiyi daha bir ifaçıdan - Elvis Preslidən kaver oxumağa qərar verdi. Keyfiyyətli musiqi həvəskarları həmin axşam həm də məşhur "You Don't Have To Say You Love Me" mahnısının orijinalından daha ahəngdar səslənən kaverini dinlədilər. Yeri gəlmişkən, gənc Ağalarov Elvis Presli ilə tutuşdurula biləcəyindən qorxmur, əksinə, buna rəvac verir. "Devotion" diskində "You Don't Have To Say You Love Me"nin ifasından sonra radioqəbuledicidən rok-n-roll kralının səsi ucalır, amma Emin bu fonda öz orijinallığını və cazibədarlığını itirmir, bu məsuliyyətli yoxlamadan şərəflə çıxır.
Bəlkə də elə buna görədir ki, müəllif mahnıları Eminin ifa etdiyi dünya estradası standartlarının fonunda daha layiqli görünür. Müğənni əvvəlcədən seçdiyi janrın çərçivəsində qalaraq, həvəslə və yetərli eksperimentlər aparır. Bununla yanaşı, Emin həm də eksperimentlərin yersiz olduğu məqamları da yaxşı hiss edir.
XX yüzilliyin ən tirajlı şlyageri, "Qarabasma" filmindən məşhur olan "Unchained Melody"ni müğənni royalın müşayiəti altında ifa etdi və bu, istənilən mürəkkəb ifadan daha gözəl göründü. Mahnının sonunda Emin əllərinə al-qızılgül götürərək sevimli xanımı Leylaya tərəf yönəldi. Sevgi haqqında bu məşhur kompozisiyanı da onun üçün oxudu.
İki saat bir an kimi keçdi və tamaşaçılar konsertin sonunda dağılmaq istəmirdilər, ayaqüstə duraraq onu alqışlayırdılar və Emin daha iki rok-kompozisiya ifa etmək üçün yenidən səhnəyə qayıtmalı oldu. Qeyd etmək lazımdır ki, konsert xeriyyə məqsədli idi - biletlərin satışından əldə edilən pullar uşaq evlərinin ehtiyaclarına yönəldiləcək.
Yeri gəlmişkən, Emin etiraf edir ki, musiqi onun üçün yalnız hobbi deyil. "Musiqi mənim bir hissəmdir, mən ona ciddi və qayğıyla, məsələn, biznesə yanaşdığım kimi yanaşıram. Hər gün yaradır, yazıram. Məndən ötrü o heç də biznesdən az məsuliyyətli iş deyil", - deyə müğənni bildirir.
İstər biq-bend, istərsə də kamera kvarteti olsun, konsert formatının seçilməsindən asılı olmayaraq, Emin eyni cür uğurlu görünür. O, həmişə səhnədə sərbəst dayanır, onun xarizması və musiqiçilərin peşəkarlığı elə ilk akkordlardan istənilən auditoriyanın diqqətini cəlb edir.
Rusiya musiqi tənqidçilərinin fikrincə, Eminin musiqisi yeni romantik musiqi üslubudur və bu, tezliklə, "yeni minilliyin aristokratiyasının musiqisinə" çevriləcək. Bu, qüsursuz təqdim edilən akkompanementə həkk edilmiş zərif əda və kübar şuxluğudur. Bu, ideal şəkildə çağdaşlığın üzərinə hopdurulmuş ənənələrdir.
Emin klassik rok-balladasının kompüter texnologiyaları ilə birləşdirilməsinə əsaslanan "Contemporary Rock Ballade" üslubunda işləyir. Eminin musiqisi cazibədar ingilisdilli rok-n-roll dünyasına səyahətdir.
Müğənni "EMIN Still" adlı ilk albomunu dörd il qabaq Moskvada təqdim edib. Sonra "EMIN Incredible" (2007), "EMIN Obsession" (2008) albomlarını buraxıb, bir neçə klip çəkdirib. İlk böyük solo-konserti isə Moskvada mədəniyyət və iş elitasının iştirakı ilə baş tutub. Onun kumirləri sırasına Elvis Presli, Çelentano, Müslüm Maqomayev, Tom Cons, Frenk Sinatra, Stinq və Robbi Uilyams var. Emin təhsilini İsveçrə məktəbində və Nyu-York kollecində alıb.
MƏSLƏHƏT GÖR:

551

