25 Noyabr 2024

Bazar ertəsi, 23:48

XƏSTƏ DİRİLİR

Deyəsən, "bp"nin iflası təxirə salınır, şirkət səhmlərinin qiymətinin düşməsi meylinin qarşısını ala bilib

Müəllif:

15.07.2010

Britaniyanın neft nəhəngi "bp" üçün ayrı-ayrı analitiklər tərəfindən ehtimal edilən iflas gözləntiləri, deyəsən, təxirə salınır. Şirkət son zamanlar həm Meksika körfəzindəki quyudan neft dağılmasının qarşısını almaq üçün səylər göstərib, həm də yaranmış çətin iqtisadi durumdan çıxışla bağlı görüşlərini açıqlayıb. O cümlədən, şirkət iyulun 27-nə kimi Meksika körfəzində partlayışdan batmış "Deepwater Horizon" platformasının yerindən neft dağılmalarının qarşısını almaq niyyətindədir. 

Bundan başqa, ehtimal edilir ki, şirkət dənizin səthindən sutkada 500 min barrelə qədər neft yığmağa qadir olan xüsusi gəmi işə cəlb edəcək ki, bu da hazırda istifadə edilən texnikanın gücündən yüz dəfələrlə yüksəkdir. 

Başqa tərəfdən şirkətin rəhbərliyi həm də "bp"ni batmaqdan xilas etmək üçün səylər göstərir. Həmçinin şirkət başçısı Toni Heyvort şirkətin böyük maraqları olan ölkələrə, o cümlədən Azərbaycana, Rusiyaya,  bir sıra Yaxın Şərq və ərəb ölkələrinə səfər edib. 

Ərəb ölkələrində "bp" onun səhmlərinin 5-10-%-ni almaqda olan sərmayəçilər axtarır ki, bu da şirkəti "Exxon", "Total", "Chevron", "Shell" və başqaları kimi dost olmayan rəqiblər tərəfindən udulmasının qarşısını alardı. Bütövlükdə, ekspertlərin qiymətləndirməsinə görə, neft dağılmasından dəymiş zərərin kompensasiya ödənişləri üçün şirkətə $50-60 mlrd lazımdır. 

Jurnalın çapa getdiyi dəqiqələrə qədər şirkət artıq qəzanın nəticələrinin aradan qaldırılması və neft dağılmasının qarşısının alınması üçün əməliyyatlara $3,5 mlrd.-dan çox xərcləmişdi. Lazım olan vəsaitin yığılması üçün şirkət bir sıra aktivlərin, ilk növbədə, Argentina, Venesuela, Kolumbiya və Vyetnamda olan aktivlərin satılması üzrə proqram açıqlamışdı və bundan $10-15 mlrd götürməyə ümid edir. Şirkət həmçinin  $10 mlrd.-lıq istiqrazlar yerləşdirməyi və $10-20 mlrd məbləğində kreditlər cəlb etməyi düşünür. 

Səudiyyə Ərəbistanından, Küveytdən, Liviyadan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan bir sıra ərəb fondları şirkətin səhmlərinə maraq göstərir.  İndki qiymətləndirmələrə görə, söhbət şirkətin səhmlərinin 5%-dən 15%-ə kimi satışından gedə bilər və bundan $4,5 mlrd.-dan $13,5 mlrd.-a kimi vəsait əldə edilə bilər.  

Ancaq şirkət pay hissələrinin satışında ABŞ administrasiyasının maneçiliyi ilə üz-üzə qala bilər, Ağ ev yeni səhmdarların razılaşdırılmasında israr edir. Bu tələb qeyri-standart olsa da, tamamilə məntiqlidir, çünki "bp"nin səhmlərinin, demək olar ki, 40%-i  ABŞ-dan olan səhmdarlara məxsusdur və şirkət bütünlüklə ABŞ-ın energetika infrastrukturuna inteqrasiya olunub. 

Britaniyanın "The Times" qəzeti yazır ki, öz növbəsində, Böyük Britaniya hökuməti şirkəti milliləşdirmək imkanlarını öyrənir. Bu variant iflasın qarşısını almaqda və ya şirkətin rəqibləri tərəfindən udulmasına mane olmaqda kömək edərdi. 

"The Wall Street Journal"ın məlumatına görə, ölkənin baş naziri Devid Kemeron və energetika qurumunun başçısı Kris Hyun iyulun 20-də Vaşinqtona səfər zamanı ABŞ hakimiyyəti ilə "bp"nin gələcəyini müzakirə edəcəklər. 

Britaniya hökuməti üçün də "bp" istisna haldır - şirkət ən iri vergi ödəyicisidir, hər il büdcəyə $10 mlrd köçürür. Bundan başqa, Britaniyanın çox sayda pensiyaçıları bu şirkətin səhmlərini saxlayırlar. Britaniya pensiyaçılarına ödənən hər yeddi funt dividendin bir funtu bu şirkətin payına düşür. Amma belə görünür ki, şirkətin bu cür ekstremal xilas olmasına ehtiyacı yoxdur. Bazarlar dərhal "BP" rəhbərliyinin lazımi vəsatlər axtarılması üzrə planları barədə xəbərlərə reaksiya veriblər. İyulun ilk on günlüyündə bu neft nəhənginin səhmləri dayanıqlı şəkildə artım nümayiş etdirib və hər gün qiymətlərini 3-5% artırıblar. Nəticədə, şirkətin bu ilin aprel ayından iki dəfə düşmüş və $90 mlrd.-a qədər enmiş kapitallaşması bir həftə ərzində $95 mlrd.-a qədər qalxıb. Səhm sahiblərinin inamını şirkətin qəzanın nəticələrini aradan qaldırmağa vəsait cəlbi üçün əlavə səhm emissiyasına əl atmayacağı barədə xəbərlər də  artırıb. 

Amma "bp" Azərbaycanda heç nəyi satmaq fikrində deyil və öz fəaliyyətini genişləndirməyi düşünür. Yuxarıda qeyd edildiyi kimi, "bp" başçısı Toni Heyvort səfəri çərçivəsində Azərbaycana da baş çəkib.  İlk baxışda elə gələ bilər ki, səfərin məqsədi Azərbaycandakı aktivlərin satışı ola bilərdi. Özü də "bp"nin burdakı aktivləri yetərincə çoxdur. Bunların sırasında "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsini, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərini göstərmək olar. 

Amma hətta təmiz iqtisadi baxımdan belə Azərbaycandakı aktivləri satmaq effektli deyil, çünki  layihələrə investisiyaların əsas hissəsi artıq yatırılıb və yalnız gəlir götürmək qalır. Amma "bp" özü üçün bu qədər ağır günlərdə belə, Azərbaycanla yeni saziş bağlanması istiqamətində daha bir addım atıb. 

""bp" şirkəti Azərbaycan iqtisadiyyatına önəmli investisiyaların yatırılmasının tərəfdarıdır", - deyə Toni Heyvort Bakıda ARDNŞ və "bp Exploration" arasında Xəzərin Azərbaycan sektorunda yerləşən və 500 mlrd kubmetr perspektiv qaz ehtiyatlarına malik "Asiman-Şəfəq" perspektiv yataqlar blokunun kəşfiyyatını və işlənməsinin əsas kommersiya prinspləri barədə sazişin bağlanması mərasimindən öncə bildirib.   

"Biz ARDNŞ-lə bugünkü sazişin bağlanmasından şadıq və Azərbaycan iqtisadiyyatına böyük sərmayələr yatırılmasının tərəfdarıyıq", - T.Heyvort vurğulayıb. Yatağın işlənməsinə dair müqavilənin özünün isə bu ilin payızında bağlanılması düşünülür, müqavilədə ARDNŞ-lə "bp"nin payı bərabər olacaq və hər birinin payına 50% düşəcək. 

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Heyvort bir daha şirkətin Azərbaycandakı öhdəliklərini, ölkə hökuməti və ARDNŞ-lə uğurlu əməkdaşlığı davam etdirmək niyyətini vurğulayıb. T.Heyvort Azərbaycan prezidenti ilə görüşündə, həmçinin,  "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin Azərbaycan və region üçün, eyni zamanda qlobal energetika bazarı üçün əhəmiyyətindən danışıb. O, Xəzər dənizindəki geoloji-kəşfiyyat işlərinin bölgənin energetika gələcəyi üçün böyük önəm daşıdığını da vurğulayıb. 

"Şahdəniz" yatağına toxunarkən T.Heyvort qeyd edib ki, bu yatağın tammiqyaslı işlənməsi "bp" üçün ən önəmli məsələlərdən biridir və layihənin operatoru olan şirkət onun gerçəkləşdirilməsini sürətləndirmək niyyətindədir. 

Həmçinin, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti  (ABƏŞ) "Çıraq" neft layihəsi çərçivəsində ümumi məbləği $814 mln olan altı əsas podratçı sazişi bağlanması barədə açıqlama verib. 

"Azəri-Çıraq-Günəşli" layihəsinin səhmdarları 9 mart 2010-cu il tarixdə  "Çıraq" neft layihəsi çərçivəsində tikinti işlərinin başlanmasına sanksiya veriblər. Bu layihə çərçivəsində 360 mln barrel neftin hasilatı planlaşdırılır. Layihənin gerçəkləşdirilməsi üçün $6 mlrd sərmayənin cəlbi nəzərdə tutulur. Bunun $4 mlrd-ı obyektlərin və qurğuların tikintisi, əməliyyat quyularının qazma proqramları üçün tələb edilir. Daha $2 mlrd isə neft hasilatı dövründə platformadan quyuların qazılmasına tələb olunur.

"bp" üçün vəsaitə sərt qənaət dövründə 39,7% payla ABƏŞ-in əsas səhmdarı olan şirkət layihəni dayandırmır, ona vəsait yatırmağı davam etdirir, çünki Azərbaycanın neft layihələrinin gəlirliliyindən əmindir. 



MƏSLƏHƏT GÖR:

526