5 Dekabr 2025

Cümə, 23:10

AZƏRBAYCANIN İRƏLİLƏYİŞİ VƏ ERMƏNİSTANIN SON ŞANSI

Müəllif:

15.07.2010

Azərbaycan hökuməti 2010-cu ilin birinci yarımilliyində ölkənin sosial-iqtisadi yekunlarına yekun vurdu. Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən geniş iclasında məlum olub ki, dünyada iqtisadi durumun hələ tam sabitləşməməsinə baxmayaraq, ölkə iqtisadiyyatı müsbət dinamikasını qoruyub-saxlayır. Prezident bildirib ki, bu ilin 6 ayı ərzində Azərbaycanda iqtisadi inkişaf 3,7% təşkil edib. Ötən il iqtisadi inkişaf bazasının çox yüksək olduğunu nəzərə alsaq, bu, kifayət qədər yaxşı göstəricidir.

İslahatların ilk illərində Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılı idisə, bu günkü göstəricilər çoxşaxəli inkişafın nəticəsidir. Belə ki, bu ilin ilk yarısında neft sektorunda artım 2,4% olduğu halda, qeyri-neft sektorunda bu, 15,3%-ə çatıb. İ.Əliyev bu tendensiyanın gücləndirilməsini vacib sayıb, neft faktorundan asılılığın minimuma endirilməli olduğunu bildirib.

Əhalinin gəlirləri də artır və inflyasiyanı üstələyir. Əgər ilin ilk yarısında inflyasiya 4,9% təşkil edibsə, əhalinin pul gəlirləri 9% artıb. Bu gün ölkədə orta aylıq əməkhaqqı təxminən 400, orta pensiya isə 130 dollardır. Bu göstəricilər də 2010-cu ilin ilk 6 ayında artıb. Hökumət isə bundan sonra da pensiya və minimum əməkhaqqının miqdarını artırmaq niyyətindədir.

Ölkənin kənar risklərə dayanıqlıl?ğını təmin edən əhəmiyyətli faktorlardan biri də valyuta ehtiyatlarıdır. Azərbaycanın valyuta ehtiyatı ilin əvvəlindən 20 milyard dollardan 24,7 milyard dollaradək artıb. Bu göstərici islahatların davam etdirilməsi üçün hökumətin özünə inamını da artırıb. Buna əmin olmaq üçün ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların strukturuna nəzər salmaq kifayətdir.

Ümumilikdə bu ilin ilk 6 ayında ölkə iqtisadiyyatına 3,8 milyard dollar investisiya qoyulub. Onun 3 milyar dolları dövlət proqramlarının icrasına yönəldilən daxili investisiya, həmçinin, Azərbaycan şirkətlərinin sərmayələridir. Azərbaycan iqtisadiyyatına yatırımların strukturu göstərir ki, bu gün ölkə xarici investisiyalardan asılı deyil. Azərbaycanın qlobal böhrandan minimum itkilərlə çıxmasının əsas səbəblərindən biri də məhz budur.

Qlobal böhrana baxmayaraq əldə edilmiş müsbət nəticələr göstərir ki, Azərbaycan yaxın gələcək üçün iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib. Dünyada enerji resurslarına  təl?batın artdığını nəzərə alsaq, hökumətin uzunmüddətli inkişaf strategiyasını reaallaşdırmasında da problem olmayacağını düşünmək  olar.

Rəsmi Bakı üçün əsas problem isə, əvvəlkitək, Dağlıq Qarabağ münaqişəsi olaraq qalır ki, Azərbaycanın artan iqtisadi imkanlarının bu problemin də həllinə müsbət təsir göstərəcəyi şübhəsizdir.

Bir məqamı qeyd etmək yetər ki, bu yaxınlarda Azərbaycanın dövlət büdcəsinə dəyişiklik edilib və o, 15 milyard dollara qaldırılıb. Büdcədə təkcə hərbi xərclər 500 milyon dollar artırılıb. Beləliklə, bu gün Azərbaycanın yalnız hərbi xərcləri 2 milyard 150 milyon dollardır və bu, bütünlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur.

Ermənistanda bu faktı nə qədər "kənara atmağa" çalışsalar da, iqtisadi disbalans üzündən Yerevan gec-tez özünütəcridin nələrə aparıb çıxardığını anlayacaq, qonşulara qarşı əsassız iddialara son qoymağa məcbur olacaq. Xatırladaq ki, Ermənistan Cənubi Qafqazda, demək olar ki, bütün qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edən yeganə ölkədir.

Azərbaycanın bu sahədəki mövqeləri isə güclənir və getdikcə beynəlxalq ictimaiyyətdən daha çox dəstək alır. Prezident İlham Əliyevin Bakıda Dağlıq Qarabağın azərbaycanlı icması üçün tikilmiş mərkəzi qərargahın açılışında səsləndirdiyi fikirlər də təsadüfi deyil. Dövlət başçısı münaqişənin həlli ilə bağlı vəziyyətin Azərbaycan üçün müsbət istiqamətdə inkişaf etdiyini söyləyib.

"Bu gün biz bu prosesin məntiqi sonuna, yaxud da, vacib mərhələsinin məntiqi sonuna yaxınlaşmışıq ki, artıq dekabr ayında Madrid prinsipləri əsasında yenilənmiş təkliflər verildi. Bir tərəf - Azərbaycan tərəfi prinsip etibarilə bu təkliflərlə razıdır. Digər tərəf ya razı deyil, ya da hələ ki  vaxt uzatmaqla məşğuldur", - deyə prezident bildirib. O, Yerevanın təkliflərə müsbət cavab verməyəcəyi təqdirdə, hazırkı formada danışıqların davamının  mənasız olduğunu söyləyib. Bu isə ümumilikdə sülh prosesinin aktuallığının itməsi anlamına gələcək: "Praqa prosesi adlandırdığımız format, mən hesab edirəm ki, son şansıdr. Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın və beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın".


MƏSLƏHƏT GÖR:

430