"İPƏK YOLU"NUN ƏBƏDİ MUSİQİSİ
Şəkidə keçirilmiş I Beynəlxalq Festivala bütün dünyadan musiqiçilər gəlmişdilər
Müəllif: Nərminə VƏLİYEVA Bakı
İyunun sonunda ölkəmizin dilbər guşələrindən olan - Şəkidə - "İpək yolu" I beynəlxalq musiqi festivalı keçirilib. Festivalın açılışı Azərbaycanın ən görkəmli və qiymətli tarixi abidələrinin birində - Şəki xan sarayında baş tutub. Qeyd edək ki, tədbir Azərbaycan Bəstəkarlar İttifaqı ilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən gerçəkləşdirilib.
Şəkinin "İpək yolu" musiqi festivalının keçirilməsi üçün seçilməsi təsadüfi deyildi. Bu şəhər bütün tarixboyu öz istedadları ilə tanınıb. Məhz bu şəhərdə çox sayda məşhur incəsənət və ədəbiyyat xadimləri doğulub. Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundov, xalq şairi Bəxtiyar Vahabzadə, kinorejissor və operator Rasim Ocaqov, Azərbaycanın xalq artisti Lütfəli Abdullayev, Şərqin ilk qadın bəstəkarı Şəfiqə Abdullayeva və başqaları əslən bu şəhərdəndir. Ona görə də bu il Şəkinin "Azərbaycan yaradıcılığının paytaxtı" kimi tanınması da təsadüf deyildi.
Vətənimizin unikal guşələrindən olan Şəki hələ çoxdan öz yaradıcılıq ənənələri ilə sevilir. Çox əsrlər boyunca burada memarlıq, tətbiqi incəsənət, ağac və sümük üzərində oyma sənəti, dulusçu və misgərlərin ustalığı, həmçinin musiqi incəsənəti inkişaf etdirilib. Şəkinin musiqi mədəniyyəti həmişə özünəməxsus və zəngin ifaçılıq ənənələri ilə seçilib. Bu şəhər öz muğam məclisləri ilə tanınıb. Xanəndələr Ələsgər Abdullayev, Əlövsət Sadıqovun adları qızıl hərflərlə muğam tarixinə yazılıb.
Milli mədəniyyətimizin qorunmasına Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük dəstək verir, o, YUNESKO səviyyəsində Azərbaycanın klassik və xalq musiqisinin fəal təbliğatını aparır. Bir neçə gün ərzində Şəki xan sarayı açıq səma altında özünəməxsus konsert meydançasına çevrildi və orada dünyanın bir çox ölkələrindən gəlmiş musiqiçilər çıxış etdilər. Altı gün davam edən musiqi bayramında şəkililər və şəhərin qonaqları iki ən məşhur muğam əsərinin - Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" və Müslüm Maqomayevin "Şah İsmayıl" operasının konsert versiyasını dinlədilər.
Festival proqramı çərçivəsində həmçinin Şəki xan sarayında Qara Qarayev adına kamera orkestrinin konserti də oldu. Yada salaq ki, orkestr 1964-cü ildə Azərbaycan musiqisinin korifeyləri Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Onun ilk baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət Mükafatı laureatı Nazim Rzayev olub. Qırxillik fəaliyyəti boyunca kollektiv dünyanın bir çox tanınmış səhnə meydançalarında iştirak edib, prestijli beynəlxalq musiqi festivallarının iştirakçısı olub. Orkestrin repertuarına Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir.
Dirijoru Teymur Göyçayev olmuş festival konserti dahi Üzeyir Hacıbəyovun "Arazbarı" simfonik muğamının ifası ilə açıldı. Həmçinin Motsartın, Qara Qarayevin, Çaykovskinin, Fikrət Əmirovun, Aqşin Əlizadənin, Zakir Bağırovun, Süleyman Ələsgərovun və başqa bəstəkarların əsərləri səsləndirildi. Konsertin sonunda Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov şəhər sakinləri adından parlaq ifaya görə kollektivə təşəkkür etdi, icra hakimiyyətinin fəxri fərmanını və xatirə hədiyyələrini orkestrə təqdim elədi.
Musiqi festivalının ikinci günü isə Kiş kəndindəki qədim alban məbədinin həyətində başladı, orada Azərbaycan Bəstəkarlar İttifaqının "Oazis" simli kvartetinin konserti keçirildi. Orkestr F.Əlizadənin "Oazis", V.A.Motsartın "Kiçik gecə", Q.Qarayevin "Kvartet", D.Şostakoviçin "Yumoreska" və s. əsərlərini ifa etdi. Qeyd edək ki, "İpək yolu" festivalında yalnız ölkənin tanınmış musiqi kollektivləri deyil, həmçinin, yerli Şəki musiqiçiləri və ifaçılıq ansamblları, xor və musiqi kollecinin xalq çalğı alətləri orkestri, 4 saylı musiqi məktəbinin uşaq kamera orkestri də iştirak edirdi.
Cənubi Koreya, Norveç, Kanada və Finlandiya musiqiçiləri də "İpək yolu"ndan kənarda qalmadılar, onlar Bəstəkarlar İttifaqının dəvətinə böyük həvəslə qatılmışdılar. Festivalın yaddaqalan hadisələrindən biri isə Koreyadan gəlmiş folklor qrupu "Samulnori"nin çıxışı oldu, bu qrup öz ölkəsində ən tanınmış kollektivlərdəndir. Qrup öz adını dörd xalq çalğı alətinin adından götürüb. Musiqiçilər kiçik qonqda, böyük qonqda, qum saatına bənzər zərb alətində və həmçinin, sadə zərb alətində ifa edirdilər. Bu alətlərin hər biri sanki bir təbiət hadisəsinin - küləyin, yağışın və şimşəyin səsini çıxarırdı.
Ansamblın repertuarına Koreyanın müxtəlif əyalət və vilayətlərinin baraban musiqisinin ən yaxşı musiqi və rəqs elementləri daxildir. Koreyalıların rəngarəng çıxışları tamaşaçılarda böyük maraq oyatmışdı. Festival çərçivəsində dünyada tanınan musiqiçilərin master-klassları, rayon ziyalıları ilə yaradıcılıq görüşləri də keçirildi. Belə ki, musiqi məktəblərinin şagirdlərinə və Şəki Musiqi Kollecinin tələbələrinə master-klassı Finlandiyadan olan qonaq, Helsinki Musiqi Akademyasının professoru, pianoçu Nikita Yujanin keçdi. Yeri gəlmişkən, o, Bakıda anadan olub və Azərbaycan Musiqi Akademiyasını bitirib.
Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın xalq artisti, həmçinin "İpək yolu" festivalının bədii rəhbəri Firəngiz Əlizadənin sözlərinə görə, bu musiqi festivalının indən belə hər il keçirilməsi barədə qərar verilib. Bəstəkar ümid edir ki, hər dəfə "İpək yolu" festivalına daha yeni ölkələr qoşulacaq.
MƏSLƏHƏT GÖR:

618

