
AĞSAQQAL MƏSLƏHƏTİ
"Biz tövsiyə xarakterli böyük layihə hazırlayırıq", - Məşqçilər Komitəsinin sədri Vaqif SADIQOV
Müəllif: Sənan NADİROĞLU Bakı
Ötən ilin futbolumuzda olan yeniliklərindən biri AFFA tərəfindən Məşqçilər Komitəsinin yaradılması oldu. Şakir Qəribov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Şahin Diniyevin yer aldığı quruma millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov sədr təyin edildi. Ölkəmizin bütün yaş qrupları üzrə yığma komandalarına eləcə də çempionatda iştirak edən klubların işinə nəzarət edəcək Məşqçilər Komitəsindən gözləntilər çoxdur. Futbol ictimaiyyətində məşqçilərimizin ölkə futbolunun problemlərini AFFA rəhbərliyinə çatdıracağına və onların həllinə kömək olacağına inam böyükdür. Bu mənada məşqçilərin daim həmkarlarıyla görüşməsi, tez-tez AFFA rəsmiləriylə ünsiyyətdə olması yaxşı haldır.
"R+" Azərbaycan millisinin sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovdan rəhbərlik etdiyi qurumun işiylə bağlı müsahibə alıb.
- Məşqçilər Komitəsinin üzvləri Antalyada klublarımızın hazırlığını izləməklə yanaşı, aşağı yaş qrupları üzrə yığmanın məşqlərində də oldu. Antalyadakı hazırlıqdan razı qaldınızmı?
- Türkiyədə olduğumuz müddəti səmərəli və işgüzar keçirdik. Klublarımızın, ən əsası isə aşağıyaşlı futbolçulardan ibarət yığmalarımızın oyunlarını, məşqlərini izlədik, baş məşqçiləri ilə söhbətləşdik. Görüşlərdən də hiss olunur ki, komitəyə inam böyükdür, gələcəkdə Azərbaycan futboluna xeyir verəcək addımlar gözləyirlər. Bütün sağlam qüvvələri birləşdirib, futbolumuz naminə işlər görmək istəyirik. Antalyada olduğumuz müddətdə maraqlı görüşlərimiz oldu. Həm U-17, həm də U-16-nın məşqçiləri ilə görüşdük. Futbolçulara çatdırdıq ki, gələcəkdə onlara böyük ümidlər bəslənilir. Öz üzərlərində işləməli, inkişaf etməli və futbolumuza xeyir verməlidirlər. Bu proseslər vacibdir. Klubların bizi dinləməsi, fikir mübadilələrinin qarşılıqlı anlaşma şəraitində keçməsi də xoş haldır. Bu işlərin bəhrəsini gələcəkdə mütləq görəcəyik. Məşqlərdən baş məşqçilər razı qalmalıdır. Biz onların işinə qarışmırıq, sadəcə, müşahidə edirdik.
- Klublarımızın çempionatın ikinci yarısına hazırlığı Məşqçilər Komitəsinin üzvləri tərəfindən necə dəyərləndirilir?
- Əgər Azərbaycan futbolunun inkişafından danışırıqsa, ilk növbədə, klublara diqqət yetirməli, onlardan başlamalıyıq. Klublarımız çempionatda iddialı olmalı, yüksək yerlər uğrunda mübarizə aparmalı, avrokuboklarda da öz sözlərini deməlidirlər. Hazırkı mənzərəyə diqqət yetirsək, klublarda işlərin peşəkar səviyyədə qurulduğunu görərik. Aparılan işlər tezliklə bəhrəsini verəcək. Klub-yığma sistemini bərpa etməklə, onların maraqlarını üst-üstə qoymaqla inkişafa nail olacağıq. Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Bakıda hazırlaşan klubları nəzarətdə saxlayıb. Biz Antalyada səfərdə olduq. Bütün klublarımızın çempionata böyük həvəslə hazırlaşdığını söyləyə bilərəm. Məncə, qarşıdakı oyunlar daha maraqlı olacaq.
- Klublarda yığmanın futbolçuları əsas diqqət mərkəzində olub. Millinin futbolçuları toplanışlarda və yoxlama oyunlarında necə təsir bağışlayırlar?
- Milli komanda haqda çox danışmaq istəmirik. Çünki baş məşqçi də bizimlə idi və köməkçiləri ilə birgə oyunları, məşqləri izləyib. Ehtiyac duyulsa, biz müəyyən tövsiyələr verə bilərik. Ancaq yığmanın üzvlərinin özlərini yaxşı tərəfdən göstərdiklərini deyə bilərəm. Prosineçki Antalyada olduğu üçün futbolçuların məsuliyyəti daha da artmışdı. Onlar başa düşürdülər ki, millinin baş məşqçisi hər şeyi izləyir.
- Diqqətinizi xüsusi cəlb edən futbolçular oldumu?
- Konkret adlar çəkmək istəmirəm. Amma belə futbolçular olub. Prosineçki və köməkçiləri bütün futbolçuları diqqətdə saxlayır.
- Klublarla, eləcə də yığma komandalarla görüşdüyünüzü dediniz. AFFA rəhbərliyinə təqdim etmək üçün hansı təklifləri hazırlayırsınız?
- Bunları sistem, layihə halına salmaq üçün müəyyən vaxt lazımdır. Biz indi tövsiyə xarakterli böyük layihə hazırlayırıq. Həmin təklifləri AFFA rəhbərliyinə təqdim edəcəyik. Təkliflər arasında legioner limiti, çempionatın reqlamenti və digər məsələlərlə bağlı fikirlərimiz olacaq. Hələlik bu barədə mediaya danışmaq istəməzdim.
- Azərbaycan Premyer Liqasının səviyyəsi aşağı düşüb. Cari çempionatın nisbətən zəif olması fikriylə razısınız?
- Məşqçilər Komitəsinin iclaslarında bu məsələni müzakirə edirik. Əsas odur ki, çempionatdakı bu enişin səbəblərini öyrənək. Bundan sonra məsələnin həlli yollarını tapmalıyıq. "Araz Naxçıvan"ın çempionatı yarımçıq tərk etməsi, bəzi klubların çempionatın gedişi zamanı öz strategiyasını dəyişməyi qeyd etdiyimiz problemləri yaratdı. Azərbaycan futbolu üçün klublarda görülən işlər çox vacibdir. Məncə, gələcəkdə legionerlər üçün reqlament və limit məsələsinə aydınlıq gətirməklə klubları müəyyən bir çərçivəyə salmalıyıq və əsl peşəkar işi görməliyik. Hansı ki, bu işlər gələcəkdə millimizə də təkan verəcək. Bu gün çempionatımızın səviyyəsinin hansı səbəbdən belə aşağı düşməsini dəqiq deyə bilmərəm. Ancaq bu barədə ciddi müzakirələr aparmalıyıq. Gələcəkdə mövcud səhvləri aradan götürməliyik.
- Səbəbləri dəqiq bilməsək də, nəticə odur ki, klublar arasında səviyyə fərqi artıb.
- Bəli, görürük ki, bu il "Qarabağ", "İnter" və "Neftçi" digər komandalardan xeyli irəlidədir və oyunları ilə də seçilirlər. Artıq bu üç komanda, demək olar ki, Avroliqaya vəsiqəni təmin edib. Bu da o deməkdir ki, çempionatda rəqabət yoxdur. Rəqabət olmayan yerdə inkişaf da ola bilməz. Məncə, problemlər təkcə sistemdə yox, klubların idarəetməsində də var. Bundan əlavə, limitdə olan dəyişikliklər də özünü doğrultmadı. Ən vacibi odur ki, biz bu gün problemləri görürük və onları aradan qaldırmaq üçün çalışırıq.
- Tez-tez millinin baş məşqçisi Robert Prosineçkiylə görüşürsünüz. Ümumiyyətlə, xorvat məşqçi haqda fikirləriniz necədir?
- Bizim Prosineçkiylə daim təmasda olmağımız yaxşı haldır. Biz onunla bütün məsələləri müzakirə edirik. Özü deyib ki, inkişaf üçün birgə çalışmalıyıq.
Prosineçkiyə təklif etdik ki, heç olmasa, ayda bir dəfə onunla görüşək. O isə bildirdi ki, ilk növbədə, mən sizinlə görüşməyə ehtiyac duyuram, həftədə bir dəfə görüşək. Prosineçki Azərbaycan futbolunda yeni simadır. O, futbolumuza bələd deyil. İlk günlərdəki iş prinsipi yaxşı fikir formalaşdırıb. Əksər vaxtlarda Azərbaycanda olur, bütün oyunları izləyir.
Bundan başqa aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə görüşlərimiz olub. Klublar Komitəsinin sədri Tuyğun Nadirovla da fikir mübadiləsi aparmışıq. Bu görüşlərdən bir şey hiss olundu ki, Məşqçilər Komitəsinə inam var, bizdən məsləhətlər gözləyirlər. Hesab edirəm ki, AFFA bu komitəni yaratmaqda düzgün addım atıb. AFFA bu gün xeyli sayda layihələr həyata keçirir. Buna nəzarəti peşəkarlar etməlidir. Biz kiminsə mənfi tərəfin aşkarlamaq üçün yaranmamışıq. Əksinə, dəstək üçün fəaliyyət göstəririk. Biz də çalışırıq ki, futbolumuza bir yenilik gətirək. Görüş zamanı Prosineçkiyə bildirmişik ki, hamımızın niyyəti bir olsun. Niyyətimiz odur ki, Azərbaycan futbolu tezliklə Avropada söz sahibi olsun. Nəzərə alsaq ki, 2020-ci ildə Avropa Çempionatının bəzi oyunları Bakıda keçiriləcək, niyə bizim milli komandamız da öz ölkəmizdə keçirilən bu turnirdə iştirak etməsin? Yəni bu işlərimizi bu arzularla qururuq. İnanıram ki, gördüyümüz işlər gələcəyə öz bəhrəsini verəcək.
- Deməli, Məşqçilər Komitəsi Robert Prosineçkiyə millidəki işində kömək olacaq?
- Biz heç kimin işinə qarışmırıq. Sadəcə, lazım olanda bəzi tövsiyələrimizi veririk. Prosineçki özü bildirir ki, bizimlə görüşlərə ehtiyacı var. O, ilk gündən öz fəallığı ilə hər birimizin rəğbətini qazanıb. Hələ təyinatından əvvəl Prosineçki çempionat oyunlarını izləyirdi. Baş məşqçi olduqdan sonra isə o, vətəninə qayıtmadı, Azərbaycanda qalıb aşağı yaş qruplarının liqaları ilə yaxından tanış oldu. Yəni işləmək istəyini ortaya qoyub. Nəzərə almalıyıq ki, Prosineçki uğura ac olan bir mütəxəssisdir. Hər birimiz çalışırıq ki, ona dəstək olaq və birlikdə futbolumuzu irəli aparaq. Hər bir nəticəyə baş məşqçi cavabdehdir. Ancaq mən istərdim ki, pis gündə də hamımız bir yerdə olaq, özümüzü milli komandamızdan ayırmayaq. O zaman biz uğura nail ola bilərdik. Gördüyünüz kimi, Avroliqa oyunları zamanı hər birimiz "Qarabağ"lı olduq.
- Millimizin keçirəcəyi yoldaşlıq oyunları ilə bağlı tərklifləriniz olub?
- Prosineçki çox az bir vaxtda milli komanda ilə bir yerdə olacaq. Yəni mart ayına qədər o, 10 gün komanda ilə birlikdə olacaq. İlk növbədə, informasiya əldə etməlidir. Fevralda iki yoxlama görüşü keçirməyi planlaşdırır. Ola bilər yığma klublara qarşı mübarizə aparsın. Maltayla rəsmi oyuna qədər millini daha yaxşı tanımağa çalışacaq. Cari seçmə mərhələdə Prosineçki futbolumuzu tanımalıdır, millidə döyüşkən ruh yaratmalıdır.
MƏSLƏHƏT GÖR: