25 Dekabr 2024

Çərşənbə, 17:33

LİRİK

Yazıçı, şair, musiqiçi, dramaturq Vaqif Səmədoğlu dünyasını dəyişdi

Müəllif:

03.02.2015

Düşünməyin ki, o, nəyə meyil edəcəyinə dair qərar verə bilmirdi. Sadəcə, ona hər şey maraqlı idi. Yazıçı, şair, dramaturq və musiqiçi Vaqif Səmədoğlu həyatını tamamilə yaradıcılığa həsr etmişdi.

 

Özü haqda: "Lirik"

Ötən əsrin 60-cı illərində Azərbaycanın ədəbi mühitinə yeni ab hava gətirmiş Vaqif Səmədoğlu yarım əsrdən artıq müddətdə xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsidir. Ustadın əsərlərində hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsilə, milli folklorun tükənməz imkanları ilə və dünya ədəbiyyatının nailiyyətlərilə əlaqəlidir. Səmədoğlu özünəməxsus üslubu ilə həyat və zaman, dünya və insan haqda təkrarolunmaz panorama və poetik tapıntılarla zəngin fəlsəfi-lirik dünya yaratdı. Vaqif Səmədoğlu müraciət etdiyi müxtəlif mövzularla hər zaman Vətəninin parlaq simasını diqqət mərkəzində saxlayıb.

Vaqif Səmədoğlunun ədəbi tənqidin hər zaman təfəkkür poeziyası kimi yüksək qiymətləndirdiyi lirikası özündə ümumbəşəri və milli prinsipləri birləşdirib, düşüncəli həyata çağırışları ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb. Harmonik, müasir dövrlə sıx əlaqəli olan ustad ənənələrlə novatorluğun birliyindən, sərbəst şerin imkanlarından istifadə etməklə, müasir insanın psixologiyasının tam çılpaqlığı ilə təsvirinə nail olub. Səməd Vurğunun ədəbi varisi olan Vaqif şairin ana dilinin tükənməz imkanlarından məharətlə istifadə edərək, yazdığı şeirlərə indi də məhəbbətlə ifa olunan çoxlu mahnılar bəstələyib.

O, yüzlərlə lirik şerin müəllifidir. Səmədoğlu öz-özünə lakonik təxəllüs də seçmişdi: "Lirik". Onun poeziyası da dramaturgiyası kimi qəribə yumşaqlığı ilə seçilir. Onu yalnız ən geniş anlamda lirik adlandırmaq olar. Çünki o, daha çox, bizdə ən yaxşı nə varsa, ona olan sevgidən yazırdı. O, kədərli deyildi, şeirləri konkret, həmin ana olan əhvalını əks etdirirdi. Həyata isə Səmədoğlu əsl lirik nikbinliyilə yanaşırdı: "Qocalıq, qocalıq... Gənc vaxtlarımda küçədə əfsanəvi, artıq yaşa dolmuş xanəndə Xan Şuşinski ilə rastlaşmışdım. Yaxınlaşıb ondan necə olduğunu soruşdum. Cavab gözlənilməz olmuşdu: "Alçaqlıq qocalıqdan yaxşıdır".

Onun yaradıcılığı çox rəngarəngdir. Səmədoğlu yaradıcılığında yalnız müxtəlif mövzularla, poetik üsullarla deyil, həm də müxtəlif düşüncələrlə, emosional hallarla rastlaşırsan. Vaqif Səmədoğlu teatr və kino ilə də sıx əməkdaşlıq edən qələm əhlindəndir. Onun bu sahədəki yaradıcılığı da təqdirəlayiqdir. Oxucuda eləcə də bədii mühitdə dərin təəssürat yaradan bu əsərlərdə, ilk növbədə, mənəvi problemlərə toxunulub. Səmədoğluya dramaturq şöhrətini qazandıran da məhz bu amil olub.

Vaqif Səmədoğlu ölkənin həyatında, cəmiyyətdə baş verən proseslərə dərin vətəndaşlıq hissilə yanaşırdı. Eyni zamanda o, ictimai xadim kimi də tanınmışdı. Azərbaycançılıq ideologiyası ilə çıxış edən Səmədoğlu bütün gücünü, bacarığını mədəniyyətimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına yönəltmişdi.

 

Onun novatorluğu

Səmədoğlunun dostu - şair, yazıçı, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Dünya ədəbiyyatı" jurnalının redaktoru Səlim Babullaoğlu mərhum haqqında belə danışır: "Vaqif Səmədoğlu XX əsrin dahi şairlərindən, novatorlarından, Azərbaycanda əsası Rəsul Rza tərəfindən qoyulmuş sərbəst şerin islahatçılarından biri idi".

Tamamilə müxtəlif sahələrdə böyük istedad sahibi olan V.Səmədoğlu, ilk növbədə, milli poeziyaya böyük töhfələr verib. "Fikrət Qoca və Əli Kərimlə birlikdə o, poeziyanın üslubunu yeniləyib, sərbəst şerin dilini "insanlaşdırıb", onun şeirləri sadə Azərbaycan dilində danışmağa başlayıb", - deyə S.Babullaoğlu bildirir: "Onlar və 60-cı illərə aid digər böyük şairlərimiz sovet dövründən əvvəlki Azərbaycan poeziyası üçün xarakterik olmuş metafizik layları bərpa ediblər. Söhbət Allah, tənhalıq, ölüm, qüssə mövzularından gedir". O, sovet illərində bu mövzuları qadağan olunmuşlar kateqoriyasından xilas edərək yeni nəsillərə təqdim edib və sanki deyib: "Bu haqda da yazmaq mümkündür və lazımdır!"

"Bundan başqa, o, görkəmli ictimai xadimlərdən biri idi. Müasir və müstəqil Azərbaycan haqda düşündükdə, bu azadlığın ilk qığılcımları Səmədoğlunun şeirlərində yaşayıb, inkişaf edib və özünü qoruyub saxlayıb", - deyə şairin dostu bildirir.

 

Onun mədəniyyət forpostu

Ağır 90-cı illərdə insanların yadına ədəbiyyat düşmürdü. Həmin illər, bəlkə də, Bakının yaradıcı ziyalıları üçün ən ağır dönəmlər idi. Demək olar ki, bütün ədəbi jurnallar bağlanmışdı, kitab nəşrləri dayandırılmışdı. İnsanlar, sadəcə, onlara maraq göstərmirdilər. Məhz həmin dövrdə, müharibənin, inflyasiyanın qızğın dövründə, sistem dəyərlərinin dağıldığı illərdə Səmədoğlu məsləkdaşlarını bir araya toplayaraq Azərbaycan Yazıçılar İttifaqı yanında "Oğuz" ədəbi jurnalını yaratmağa nail oldu. Bu jurnal nəinki mədəniyyətin forpostu idi, həm də yoxsulluq şəraitində yazmaqla məşğul olan ziyalılara, yaradıcı şəxslərə kiçik məbləğdə də olsa, əməkhaqqı verirdi. "Vaqif Səmədoğlunun həmin jurnalın redaktoru kimi həmkarlarına göstərdiyi xidmətlər qələm əhlinə yaxşı məlumdur", - deyə Babullaoğlu qeyd edir.

 

Onun nostaljisi... 

Vaqif Səmədoğlunun insani keyfiyyətləri haqda danışan Səlim Babullaoğlu onu Osip Mandelştamla müqayisə edir: "Onun şeirlərində olduğu kimi, dünyagörüşündə də dünya mədəniyyətinə nostalji hiss olunurdu. Bu mənada Vaqif Səmədoğlunu dünya mədəniyyətinin akkumulyatoru adlandıra bilərəm. O, dünya mədəniyyətini Azərbaycan poeziyası vasitəsilə bizə çatdırıb".

Bununla yanaşı, Səmədoğlunu dünya nəsri və poeziyasının dərk edilməsində mühafizəkar adlandırmaq olmaz. O, həmişə zamanla ayaqlaşıb. "O, çox maraqlı həmsöhbət idi. Dünya mədəniyyəti və ədəbiyyatı, o cümlədən müasir ədəbiyyat haqda çox söhbət edirdik. O, çox böyük insan, bütün poetik ədəbi nəsillərin dostu idi", - deyə S.Babullaoğlu bildirib.

 

Onun cazı

Səmədoğlunun çoxtərəfli istedadı ilə heç də hamı tanış deyil və əksəriyyət onu şair kimi tanıyır. Bu, daha çox onun "atasının kölgəsi"lə bağlıdır. Məlum olduğu kimi, Vaqif Səmədoğlu məşhur şair Səməd Vurğunun oğludur. Amma Səmədoğlunun əla musiqi duyumu var idi və o, Bülbül adına Musiqi Məktəbini, konservatoriyanı, daha sonra isə Moskvanın məşhur Çaykovski adına konservatoriyasını bitirmişdi.

Gənc və istedadlı musiqiçi olan Səmədoğlunun birdəfəlik musiqi aləmində qalmaq imkanı var idi. Səmədoğlu cazı sevirdi, ona vurğun idi. Məhz caz üzündən o, Vaqif Mustafazadə ilə dost olmuşdu. Mustafazadə Səmədoğludan bir kurs aşağıda oxuyurdu. Onların dostluğunda üçüncü şəxs də var idi - virtouz Rafiq Babayev. O illərdə İttifaqda caza münasibət mənfi idi. Dəfələrlə o qadağan olunmuş, sonradan qadağa aradan qaldırılmışdı. Səmədoğlu etiraf edirdi ki, məhz Bakıda vəziyyət bir qədər fərqli imiş. Gənclər arasında dəb olan şeylərə nəzarət o qədər də sərt deyildi və çətinliklə, böyük pul müqabilində olsa belə, plastinka əldə etmək mümkün idi. Onlar cazı əsasən kinoteatrlarda xarici filmlərin kadrarxası musiqisini diqqətlə izləməklə öyrəniblər. "Bəzən Vaqif Mustafazadə ilə bir gündə eyni filmə bir neçə dəfə baxırdıq. Bundan dərhal sonra isə ya onlara, ya da bizə qaçır, yaddaşımızda qalan musiqini ifa etməyə çalışırdıq", - deyə Səmədoğlu danışırdı.

Bu, dövrün əsl klassik bakılılarından ibarət kampaniyası idi. Caz dinləyir, sovet dövründəki geyim tərzini qəbul etmir, Kubinka və Sovetskidəki "alverçilərdən" (Səmədoğlunu onlarla Mustafazadə tanış etmişdi) geyinirdilər. Bu, dövrün ölçülərinə görə, son dərəcə qəribə geyimlər idi. Məqsəd eyni paltolu kütlədən fərqlənmək idi. Vaqif "qeyri-adi "çəkmələr, mütləq şəkildə 4 düyməli, üstdən cibləri olan gözəl köynəklər, parlaq rəngli enli qalstuklar geyirdi. Onları "cəngəllikdə yanğın" da adlandırırdılar.

Sonralar Səmədoğlunun özünün də xatırladığı kimi, bu həyat onu musiqiçi edə bilərdi. Gənclik illərində, əslində, o, məhz bu fikirdə idi. Amma digər həvəsləri Vaqifə bu yolla getməyə mane oldu. Hələ 70-ci illərdə televiziyaçılar və kinematoqrafçıların əhatəsində işləyən Səmədoğlu caza qadağanın aradan qaldırılması ilə musiqiyə qayıtmış, bir neçə il ərzində "Caz həvəskarları klubu" verilişini də aparmışdı.

 

Onda hər şey gözəl idi

"Şübhəsiz ki, Səmədoğlu Azərbaycan mədəniyyətinə böyük töhfələr verib və onun dünyasını dəyişməsi hamımız üçün böyük itkidir", - deyə yazıçı, sənətşünas Laçın Səmədzadə bildirir: "O, əsl böyük rəssam idi. Fərqi yox idi o, nə ilə məşğul olurdu. Gördüyü işlərin hamısını yüksək səviyyədə görürdü".

V.Səmədoğlu hərtərəfli insan idi və onu hər şey maraqlandırırdı. Hələ 70-ci illərdə konservatoriyada fortepiano müəllimi kimi çalışarkən o, eyni zamanda şeirlər, mədəniyyətşünaslıqla bağlı məqalələr yazır, "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyasında incəsənət şöbəsinə rəhbərlik edirdi.

Sonrakı illərdə Səmədoğlu daha çox yazıçılığa meyil göstərib. O, həm də "Azərbaycanfilm" kinostudiyasında ssenarist idi. 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində Vaqif Səmədoğlu "Yazıçı" nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən "Azərbaycanfilm"də ədəbi hissənin rəhbəri kimi işləyib.

90-cı illərin əvvəllərində Səmədoğlunun adı ölkə kinematoqrafiyasına daxil olub. Bu, onun ssenarisilə məşhur "Bəxt üzüyü" filminin çəkilməsilə baş verib. Məlum olduğu kimi, bu film gerçək, xoş satiranın (o dövr üçün bu, nadir hal idi) etalonuna çevrildi. "Öz işini sevən, çox zəhmətkeş insan olan Səmədoğlu həm də çox nadir hallarda rast gəlinən əla administrator idi. Əksər hallarda məhz onun diqqətli rəhbərliyi sayəsində milli mədəniyyət ənənələrini qoruyub saxlamaq, çətin mərhələlərdən keçirmək mümkün olub", - deyə Səmədzadə bildirir: "Hər birimiz hüzn içərisindəyik. Bu, bizim üçün əvəzolunmaz itkidir".

V.Səmədoğlunun şeirlərindən ibarət ilk məcmuə 1960-cı illərin əvvəllərində çap olunub. Daha sonra o, dramaturgiya ilə məşğul olmağa başlayıb, pyesləri və ssenariləri əsasınla filmlər, televiziya tamaşaları çəkilməyə başlayıb: "Yaşıl eynəkli adam", "Bəxt üzüyü", "İlahi, mən burdayam...", "Uzaq yaşıl ada".

V.Səmədoğlunun şeirlərindən ibarət növbəti məcmuə 90-cı illərdə işıq üzü görüb. 2000-2005-ci illərdə Vaqif Səmədoğlu Milli Məclisin üzvü, Əfv Komissiyasının və Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin üzvü olub.

Yazıçı, şair, redaktor, biblioqraf, musiqiçi Vaqif Səmədoğlu uzun sürən ağır xəstəlikdən sonra yanvarın 28-də dünyasını dəyişib. O, I Fəxri xiyabanda, atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

 

HƏYATINDAN ANLAR

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində doğulub. 1956-cı ildə Bülbül adına Musiqi Məktəbini bitirən Səmədoğlu Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində ali təhsil alıb. Daha sonra o, Moskvada P.İ.Çaykovski adına Konservatoriyada xüsusi kurs keçib.

Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan V.Səmədoğlu 1968-1973-cü illərdə "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyasında incəsənət şöbəsinə rəhbərlik edib. 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə "Yazıçı" nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ədəbi hissəsinin redaktoru, 1992-1994-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının müstəqil "Oğuz eli" qəzetinin baş redaktoru işləyib. 2000-2010-cu illərdə Vaqif Səmədoğlu Milli Məclisin 2-ci çağırış deputatı olub. Həmin dövrdə o, Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində yer alıb.

V.Səmədoğlunun ədəbi və ictimai-siyasi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərilə təltif olunub. 



MƏSLƏHƏT GÖR:

733