
GENİŞ MÜBARİZƏ
Tanınmış şərqşünas, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, professor Vladimir Sajinin "R+" jurnalına müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
- "İslam dövləti" (İD) Yaxın Şərqdə sabitliyə əsas təhlükə olaraq qalır. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İD-nin infrastrukturunu məhv edən, bir çox liderini zərərsizləşdirən bombardmanlarına baxmayaraq, qruplaşmanı sındırmaq mümkün olmur...
- "İslam Dövləti" təşkilatı müəyyən dərəcədə nadir hadisədir. Məsələ ondadır ki, İD başqa terror təşkilatlarından, məsələn, "Əl-Qaidə"dən böyük maliyyə resurslarına malik olması ilə fərqlənir. Onlar maliyyəni müxtəlif kanallarla əldə edirlər: Suriya və İraqda bank strukturları, eləcə də neft yataqlarının ələ keçirilməsi və s. Xatırladaq ki, İD neft satışından hər gün 2 milyon dollar qazanır. Buraya yaraqlıların İraq ordusundan ələ keçirdikləri Amerika silahlarını da əlavə etmək lazımdır. İraq ordusu ABŞ ordusuna məxsus müasir silahlarla silahlandırılıb. İD silahlanma baxımından da, digər islamçı qruplaşmalarla müqayisədə daha öndədir. Digər tərəfdən İD-nin tərkibi heç də yekcins deyil. Onun özəyini ideoloji fanatik islamçılar təşkil etsə də, hərbi əməliyyatları onlar aparmırlar. Döyüşlərdə iştirak edən qrupların əsasını Səddam Hüseynin dövründə hərbi xidmətdə olmuş hərbçilər təşkil edir. Hüseyn rejiminin devrilməsindən sonra onlar müxtəlif kanallarla islam dünyasına səpələnmişdilər. İndi həmin hərbçilər İD ətrafında birləşiblər. Bundan başqa, bu təşkilatın ordusunda Avropa ölkələrindən, MDB-dən və Latın Amerikasından olan xeyli sayda insana rast gəlinir. Bəzi məlumatlara görə, İD-də Rusiyadan olan mindən artıq dini ekstremist var. Qruplaşmanın hərbi bölüklərində dünyanın 80 ölkəsinin təmsilçilərinə rast gəlmək mümkündür. Onların arasında Almaniya, Fransa, Şimali və Cənubi Qafqaz ölkələri də var.
İD döyüşçülərinin peşəkarlıq səviyyəsi kifayət qədər yüksəkdir. Orada ideoloji işlər də son dərəcə yüksək səviyyədə qurulub. Suriyanın və qismən də İraqın işğal olunmuş ərazilərindəki sünni əhali arasında populist siyasət yürüdülür. Onlar yaxşı təbliğat-təşviqat işi qurublar. İşğal olunmuş ərazilərdə islamçılar İD-yə dəstək verən əhaliyə əhəmiyyətli güzəştlər, imtiyazlar verirlər. Bununla da, əhali tərəfindən İD-nin dəstəklənməsinə nail olunur. Odur ki, qruplaşmanın gücü heç bir şübhə doğurmur. Dünya İD təmsilçilərinin təbliğ etdiyi ideyalarla əlaqədar, ciddi təhlükə qarşısındadır. Üstəlik, bu təhlükə yalnız Yaxın Şərq üçün yox, həm də Mərkəzi Asiya, Avropa və dünyanın digər regionları üçün aktualdır.
- Küveyt qəzetlərindən birinin məlumatına görə, İran İraqla sərhədə 350 minlik hərbi kontingent yığıb. Belə olan təqdirdə, İran İD-yə qarşı yerüstü əməliyyatlara başlamaq qərarı verə bilərmi?
- Tehranda anlayırlar ki, qonşu İraqda islamçıların güclənməsi İran üçün də təhlükə yaradır. İD-nin ötənilki hücumları az qala Bağdadın işğalı ilə nəticələnəcəkdi. Məhz o anda İran zabitlərindən və generallarından ibarət böyük qrup Bağdadın müdafiəsinə qalxmaqla, şəhərin müdafiəsini effektiv şəkildə təşkil etdilər. İndi də İslam İnqilabı keşikçiləri Korpusunun hərbçilərindən ibarət xüsusi qrupun İD-yə qarşı vuruşduğu sirr deyil. Bundan başqa, son zamanlar ABŞ və Böyük Britaniya aviasiyası ilə yanaşı, İraq aviasiyası da İD-nin İraqdakı obyektlərinə zərbələr endirir. Lakin bu işdə amerikalılarla iranlılar arasında heç bir koordinasiya yoxdur. Tehran İraq ordusunun və kürdlərin silahlı birləşməsi olan peşmərgənin silahla təmin olunmasında da iştirak edir. Bundan başqa, iranlı hərbi məsləhətçilər və təlimçilər İraq ordusuna, həmçinin kürd bölüklərinə təlimlər keçirlər. İranın İraqa təsiri həddindən artıq böyükdür. Tehran hesab edir ki, yerüstü əməliyyatlar keçirmədən İD-yə qalib gəlmək mümkünsüzdür. Həqiqətən də, İraqla sərhədə İran Silahlı Qüvvələrinin böyük bir hissəsi cəmlənib. Onların arasında İslam İnqilabı Keşikçiləri Korpusunun bölükləri də var. Lakin onlar deyirlər ki, İD şiələrin Kərbəla və digər şəhərlərdəki müqəddəs məkanları üçün təhlükə yaratmazsa, İraq ərazisində bilavasitə hərbi əməliyyatlara qarışmayacaqlar. Yox, əgər belə təhlükə yaranarsa, Bağdadın icazəsilə İran hərbçiləri İD-yə qarşı döyüşlərə başlaya bilər. Amma İranın belə təhlükə olmadan da əməliyyatlara start verəcəyini istisna etmək olmaz.
- Qəribə vəziyyət yaranıb: islamçılara İraqda azğınlığı davam etdirmək imkanı vermək olmaz, İD-nin məhvisə təcrübəli, təşkilatlanmış terrorçuların bütün dünyaya səpələnməsinə səbəb ola bilər. Böyük Britaniyanın baş naziri artıq İD-nin qlobal təhlükə mənbəyinə çevrildiyini söyləyir...
- İD-dən gələn təhlükənin aradan qaldırılması üçün digər dövlətlər, ilk növbədə, islam ölkələri bu təşkilatın nəzarətində olan əraziləri tam mühasirəyə almalıdırlar. İD-nin neft satışı imkanları məhdudlaşdırılmalı, onun maliyyələşdirilməsinə imkan verilməməli və sair tədbirlər görülməlidir. Və əlbəttə ki, quru əməliyyatları da mütləqdir. Bunun üçün İD-yə qarşı olan bütün qüvvələrin iştirakı ilə koalisiya yaradılmalıdır. Amma koalisiyaya başçılığı regionda imici ciddi şəkildə korlanmış ABŞ deyil, məsələn, bu yaxınlarda islamçıların terroruna məruz qalmış Fransa etməlidir. Lakin bu koalisiya BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradıla bilər. İran heç zaman ABŞ-ın rəhbərliyini qəbul etməyəcək. Fransa isə İranı bu işə cəlb edə, bununla da, İD ilə mübarizə üçün ümumi qərargah, ümumi plan yaradıla bilər. İD həddindən artıq təhlükəli ideologiyaya malikdir. Son zamanlar təşkilat tərəfdarlarına edilən müraciətlərdə deyilir: "Hamınızın İraqa axışmanıza ehtiyac yoxdur. Siz olduğunuz yerlərdə gələcək partlayışlar üçün ocaq yaradın".
- Belə olan təqdirdə, yaraqlılar öz ölkələrinə qayıtdıqda vəziyyət necə olacaq?
- İD ilə ümumi mübarizə strategiyası İraq və Suriya ilə məhdudlaşmamalıdır. Bu mübarizə ABŞ, Rusiya, Azərbaycan, Qırğızıstan və digər ölkələrin də daxilində aparılmalıdır. İD liderləri başqa ölkələrdə "yatmış qruplar" yaratmaq qərarına gəliblər. Bu qruplar istənilən an fəal işə keçməyə hazır olacaqlar. Antiterror fəaliyyəti hər bir ölkədə gücləndirilməlidir.
- İD ilə Fars körfəzi ölkələri arasında əlaqə nə dərəcədədir? Bəzi versiyalara görə, bu qruplaşma Səudiyyə Ərəbistanı ilə Qətərin məhsuludur...
- Hazırda Səudiyyə Ərəbistanı və Qətər hökuməti səviyyəsində bu təşkilatın maliyyələşdirilməsi həyata keçirilmir. Amma Fars körfəzi regionunda zəngin şeyxlərin sayı kifayət qədərdir. Onlardan bəzilərinin müstəqil şəkildə, öz istəyilə İD-yə maliyyə dəstəyi verdiyini istisna etmək olmaz. Səudiyyə Ərəbistanı ilə İD-nin ideologiyasında bir-birinə yaxınlıq var. Lakin İD qurmağı düşünən xilafət tərkibinə Səudiyyə Ərəbistanını da daxil edib və Ər-Riyadın ünvanına hədələr səsləndirir. Məhz bu üzdən Səudiyyə Ərəbistanı İD-yə qarşı amerikalılarla bir koalisiyada yer alıb.
MƏSLƏHƏT GÖR: