
POPULİZM BOMBASI
Yunanıstanda SİRİZA-nın qələbəsinin cəzasını kim çəkəcək?
Müəllif: NURANİ Bakı
Yunanıstanda keçirilmiş son seçki hələ uzun müddət ekspertlərin müzakirə mövzusu olaraq qalacaq - istər Avropa İttifaqında, istərsə də ondan kənarda. Buraya Azərbaycan da aiddir. Çünki Yunanıstanla əlaqəli qaz layihələrinin taleyi diqqət mərkəzində olmaya bilməz.
Müzakirə olunacaq mövzular isə kifayət qədər çoxdur. Xatırladaq ki, Yunanıstanın radikal solçu qüvvələr koalisiyası - SİRİZA ölkədə keçirilən parlament seçkisində 36,36% səslə qələbə qazanıb. Bununla da, Aleksis Siprasın rəhbərlik etdiyi koalisiya parlamentdə 149 yerə sahib çıxıb. Doğrudur, bu, 300 nəfərlik bir palatalı parlamentdə çoxluğu əldə etmək, hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət deyil. Bunun üçün radikal solçulara cəmi 1 mandat çatmayıb. Amma SİRİZA artıq o qədər də böyük olmayan sağ-mərkəzçi "Müstəqil yunanlar" partiyası ilə koalisiya yaradıb. Radikal solçularla klassik politologiyanın tərəfdarı olan millətçilər arasında alyans mümkünsüz görünə bilərdi. Amma SİRİZA ilə "Müstəqil yunanlar"ı birləşdirən bir məqam var - "avroskeptizm".
Sipras partiyasının Yunanıstanla Aİ arasında sərt iqtisadiyyat qarşılığında kreditlərin ayrılmasını nəzərdə tutan bütün memorandumların əleyhinə olduğunu heç zaman gizlətməyib. Onun fikrincə, Yunanıstan borclarını yalnız ölkədə tənəzzülün başa çatmasından və iqtisadiyyatda inkişafın baş verməsindən sonra qaytarmağa başlayacaq. Borc isə nə az, nə çox - düz 200 milyard dollardan artıqdır.
Əslində, SİRİZA-nın seçkiqabağı mitinqlərdəki şüarlarından çox şey aydın idi: "Ümidlər qalib gəldi!", "Gecən xeyrə qalsın, frau Merkel!" və s. Səsvermədən sonra isə SİRİZA-nın qalib olduğunu bilən minlərlə yunan Afinada və digər şəhərlərdə küçələrə axışaraq, qələbəni bayram ediblər.
"Yunanıstan tarixin səhifəsini çevirir və iqtisadiyyatdakı faciəni geridə qoyur", - deyə Sipras bildirib: "5 il davam edən alçaldılmanı, ağrı-acını geridə qoyuruq. Yunan xalqının seçimi, şübhəsiz ki, ölkəmizdə yeni, möhkəm iqtisadiyyatı şərtləndirəcək başlıca amil olacaq. Bu gün yunan xalqı kreditorlarla razılaşmaları ləğv edib. Onlar bizə yalnız yoxsulluq və bədbəxtlik gətirirdi".
Son illərdə "avroskeptiklər"in populyarlığı haqda çox danışılırdı. Məsələn, Fransada Marin Le Penin rəhbərlik etdiyi "Milli cəbhə"də fantastik uğur qazanıb. Yeri gəlmişkən, Le Pen artıq SİRİZA-nın nailiyyətini Avropa İttifaqına "demokratiyanın qulaqbatıran şilləsi" adlandırıb. İspaniyada da "avroskeptiklər"in partiyası olan "Podemos" sürət yığmaqdadır.
Amma maraqlı olan daha bir məqam var. Yunanıstanda Siprisin qələbəsinə Aİ-nin lokomotivi olan dövlətlər də ilk baxışdan xoş yanaşıblar. Yunanıstanın yeni lideri hər kəsdən təbrik, xoş arzular alıb. Almaniya kansleri Angela Merkel də Siprası qələbə münasibətilə təbrik edib, Afina ilə Berlin arasında əməkdaşlığın daha da güclənəcəyinə ümidini dilə gətirib.
Reallıqda isə Aİ başadüşülən həyəcan içərisindədir. Artıq o, Afinanın xüsusi "hədiyyə"lərə, səxavətə ümid etməsinin əbəs olduğuna eyham vurur. Brüssel Yunanıstanın xarici borcunu silmək fikrində deyil. Hər halda, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Fransanın "Le Figaro" qəzetinə müsahibəsində belə deyib: "Yunanıstanın borcunun silinməsi məsələsi gündəmdə deyil. Avrozonanın digər ölkələri buna getməyəcəklər". Bununla yanaşı, Yunker Brüsselin "Yunanıstan üçün təhlükə" olmadığını və dialoqa hazır olduğunu söyləyib. Onun fikrincə, Yunanıstanda SİRİZA-nın qələbəsilə bitmiş seçki vəziyyəti prinsipial olaraq dəyişmir. "Yeni razılaşmaların əldə olunması imkanı var. Amma onlar artıq mövcud olanların fundamental dəyişikliyə uğrayacağını deməyə əsas vermir", - deyə Yunker qeyd edib.
Jan-Klod Yunker bu bəyanatı Yunanıstanın əsas kreditorlarından olan Almaniyanın borcun silinməsinin mümkünsüzlüyünü açıqlamasından sonra səsləndirib. "Mən borcun silinməsini təsəvvür belə, edə bilmirəm", - deyə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel bildirib. Doğrudur, Berlində Afinaya maddi yardım proqramının vaxtının uzadılacağını istisna etmirlər. Lakin bu qərar Aİ səviyyəsində qəbul olunmalıdır.
Aleksis Sipras isə Yunanıstanın yeni Nazirlər Kabinetinin ilk toplantısında Aİ və BVF ilə borcun bağlanması ilə bağlı danışıqlara başlamağa hazır olduqlarını bildirib. "Biz borc probleminin həyat qabiliyyətli, ədalətli və qarşılıqlı səmərəli həllinin tapılması üçün Aİ-dən olan tərəfdaşlarımızla danışıqlara yazırıq", - deyə o, qeyd edib. Bununla yanaşı, baş nazir Brüssellə "faciəvi parçalanma"nın olmayacağını, amma Afinanın "dağıdıcı tabelik siyasəti" də aparmayacağını söyləyib.
Ümumi valyuta məkanının olduğu bir şəraitdə bu, yalnız yunanları deyil, Yunanıstanın kreditorlarını da narahat edir. "Yunanıstanda keçirilmiş parlament seçkisinin nəticələri göstərdi ki, Aİ doğru dəstək siyasəti yürütməyib", - deyə Finlandiya parlamentinin beynəlxalq məsələlər komitəsinin sədri, "Əsl finlər" partiyasının lideri Soyni Timo bildirib: "Seçkinin nəticəsi bu yanlış siyasətin nokautudur. 5 il ərzində yanlışlıqlara yol verilib və bu da nəticə".
Soyni hesab edir ki, Yunanıstanda keçirilmiş parlament seçkisinin nəticəsi insanları düşünməyə, avro böhranının hələ başa çatmadığını anlamağa məcbur edir. O, Yunanıstanın borc yükünün yüngülləşdiriləcəyi təqdirdə, eyni tələblə İrlandiya, İspaniya, Portuqaliya və Kiprin də çıxış edəcəyini düşünür.
Təcrübədə SİRİZA-nın hansı siyasəti yürüdəcəyini indidən söyləmək çətindir. Çe Qevaranın pərəstişkarı olan Sipras prinsipial olaraq qalstuk taxmır - o, daha çox populist siyasətçi tipinə uyğun gəlir. Bəzi ekspertlər isə onun ünvanına daha sərt epitetlər işlədirlər - "hava satan" kimi. Əslində, onlar bir o qədər də yanılmırlar. Sipras hər kəsə, dərhal və hər şey vəd edir: fermerlərə Rusiyaya qarşı tətbiq edilmiş sanksiya rejimindən xilas olma, işsizlərə bol maddi yardım, işləyənlərə onların işdən çıxarılmasını mümkünsüz edəcək yeni qaydalar, sosial bərabərlik tərəfdarlarına zənginlərdən miqyaslı vergitutma, sərt iqtisadiyyatdan imtina və Aİ-yə üzvlüyün qorunub saxlanılması... Problem isə ondadır ki, bütün bu siyasi vədlərin bir flakonun içərisində yer alması, çətin ki, mümkün olsun.
Bundan da vacib olan isə digər məqamdır. Yunanıstanda 6 ildir davam edən iqtisadi böhran əsassız şəkildə yaranmayıb. Bu haqda nə Afinada, nə də Brüsseldə danışmağı sevirlər. Amma ilkin olaraq böhran həddindən artıq şişirdilmiş, daha doğrusu, populist proqramların nəticəsidir. Bu, heç də yalnız Yunanıstana aid deyil. Çünki israfçılıq edə-edə yaşayış əbədi ola bilməz. Bu, Yunanıstanın daxili problemi sayıla bilərdi. Lakin o, avrozonanın üzvüdür. Üstəlik, ciddi böhranla üzləşənlər arasında İrlandiya, İslandiya, İspaniya da var... Hətta güclü iqtisadiyyata malik Fransa belə, kredit reytinqindəki "A"lardan birini itirib (Parisin reytinqi "AAA"dan "AA"ya düşüb). Ekspertlər çətin qrafiklər cızır, "xec-fond" kimi sözlərlə oynayır, amma reallıqda etiraf edirdilər ki, Avropa iqtisadiyyatı "sosial sahəni"n təzyiqləri qarşısında tab gətirmir. O, nəinki ağır yükə çevrilib, həm də cəmiyyətin əhəmiyyətli bir hissəsində dövlətin vətəndaşların qayğısını öz üzərinə götürməli olduğuna əminlik yaradıb. Onlar vətəndaşların hətta işləməyə, pul qazanmağa məcbur olmadıqlarını düşünməyə başlayıblar. Sadəcə, Yunanıstan seçkidə "populizm bomba"sının partladığı ilk ölkə oldu.
MƏSLƏHƏT GÖR: