"SÜLH İSTƏYİRSƏNSƏ, MÜHARİBƏYƏ HAZIR OL"
Müəllif: Redaksiya
Rusiya, ABŞ və Fransa preizdentləri "Böyük səkkizlik"in Kanadada keçirilən sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat qəbul edib. RİA-"Novosti"nin məlumatına görə, bəyanatda dövlət başçıları Azərbaycan və Ermənistanı münaqişənin əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar. Dövlət başçıları bildirir ki, bu, münaqişənin həlli ilə bağlı sülh razılaşmasının imzalanması üçün vacibdir.
"İndi Azərbaycan və Ermənistan prezidentlərinə bir addım atmaq qalır ki, münaqişənin həllinin əsas prinsiplərini hazırlayıb, sülh müqaviləsi layihəsinin müzakirəsinə keçsinlər", - deyə Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozinin ATƏT-in Minsk qrupunun həmsədrləri qismində qəbul etdikləri bəyanatda bildirilir.
Prezidentlər ölkələrinin xarici işlər nazirlərinə tapşırıblar ki, "ATƏT-in Almatıda keçiriləcək qeyri-formal XİN başçıları forumu zamanı Azərbaycanla Ermənistan arasıdakı fikir ayrılıqlarının aradan qaldırılmasına aktiv səy göstərilsin".
Rusiya, ABŞ və Fransa rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin əsas həlli prinsiplərinin razılaşdırılması prosesinin başa çatdırılmasında dəstək vermək öhdəliklərini də bir daha təsdiqləyiblər.
Bəyanatda bildirilir ki, Minsk qrupunun həmsədri olan dövlətlərin başçıları hər iki tərəfin münaqişənin bəzi prinsiplər əsasında həllinin vacibliyi faktını qəbul etməsini irəliyə addım sayır. Belə prinsiplər kimi isə bəyanatda Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların boşaldılması, Dağlıq Qarabağ üçün aralıq statusunun müəyyənləşdirilməsi, təhlükəsizlik və özünüidarə zəmanətinin verilməsi, Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək dəhlizin olması göstərilib.
Prinsiplər arasında əhalinin iradəsini bildirməsi yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması, bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla, təhlükəsizlyə beynəlxalq təminatın verilməsi məsələləri də var. Maraqlıdır ki, Medvedev, Obama və Sarkozinin bəyanatı Azərbaycan Silahlı Qüvvələrinin 92 illiyinə həsr edilmiş irimiqyaslı hərbi təlimlərdən dərhal sonraya təsadüf edib. Həmin təlimlər isə İlham Əliyevin Sankt-Peterburqda təşkil olunmuş beynəlxalq iqtisadi forum çərçivəsində Serj Sarqsyanla apardığı danışıqlardan dərhal sonra keçirilib.
Bu baxımdan Rusiya, ABŞ və Fransa prezidentlərinin qəbul etdikləri sənədi Azərbaycan rəhbərinin münaqişənin sülh yolu ilə nizamlanması prosesinin sürətləndirilməsinə etdiyi çağırışa reaksiya saymaq olar.
Qeyd etmək lazımdır ki, Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentləri tərəfindən qəbul olunmuş bəyanat ümumilikdə yenilənmiş Madrid prinsiplərinin baza maddələrinə uyğundur. Bu sənədi isə Ermənistanın hələ də qəbul etmədiyi bəllidir. Hələ bu ilin yanvarında Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə baş tutmuş üçtərəfli görüşdə Ermənistanın dövlət başçısı Serj Sarqsyan həmin sənəd üzərində düşünmək üçün 2 həftə vaxt istəmişdi. Amma onun fikirləşməsi yaman çox çəkdi və bu, hələ də davam edir.
Hər halda, Madrid prinsipləri, həmçinin, onun yenilənmiş variantı münaqişə tərəflərinin iştirakı ilə hazırlanıb. Yəni onlarda həm Azərbaycan, həm də Ermənistan tərəfinin mövqeyi nəzərə alınıb. Faktik olaraq, hazırda masa üzərindəki Praqa prosesinin nəticəsidir. Məhz bu proses əsasında tərəflər uzun illər danışıqlar aparıb.
Amma bu gün, danışıqların həlledici mərhələyə qədəm qoya biləcəyi dönəmdə, Ermənistan yenidən vasitəçilərin bütün zəhmətinin heçə endirilməsinə çalışır.
Ermənistan, hətta BMT və digər beynəlxalq qurumların qətnamələrini də qulaqardına vurmaqda davam edir. Bu halda tərəflər arasında aparılan danışıqların intensivliyi keyfiyyətlə əvəzlənmir və nəticədə, Azərbaycanın qarşısında iki yol qalır. Prezident İlham Əliyev də hərbi təlim zamanı hərbçilər qarşısındakı çıxışında bu iki yolun nədən ibarət olduğunu göstərib: "Ya danışıqların davam etdirilməsi - biz nəticənin olması şərti ilə buna hazırıq,- ya da digər yolun seçilməsi".
Azərbaycan prezidenti bu mövqeyi ilk dəfə ortaya qoymur. Amma burada bir məqama diqqət çəkilməlidir ki, İ.Əliyevin son bəyanatı onun S.Sarqsyanla görüşündən dərhal sonraya təsadüf edib. "Bir daha deyirəm: biz problemi danışıqlar yolu ilə həll etmək istəyirik. Amma bu mümkün olmasa, Azərbaycan Ordusu, bütün silahlı qüvvələr Ali baş Komandanın doğma torpaqları işğaldan azad etmək haqda əmrinə hazır olmalıdır", - deyə İ.Əliyev bildirib.
Prezident deyib ki, son 7 ildə Azərbaycanın dövlət büdcəsində hərbi xərclər 13 dəfədən çox artıb. 2010-cu il üçün hərbi xərclər 2 milyard 150 milyon dollardır və bu, Ermənistanın bütünlükdə dövlət büdcəsindən çoxdur.
Nizamlanma prosesinin təhlili göstərir ki, Azərbaycan "silahlarını cingildətmir", amma "sülh istəyirsənsə, müharibəyə hazır ol" prinsipinə əsaslanır. Rəsmi Bakı konstruktivlik nümayiş etdirir, beynəlxalq vasitəçilərin səylərinə hörmətlə yanaşır və onu heç də tam qane etməyən Madrid prinsipləri əsasında sülh prosesinin davam etdirilməsinə razıdır.
Amma sülh prosesinə sadiqlik nümayiş etdirməklə yanaşı, Azərbaycan torpaqlarının sonsuzluğadək işğalda qalmasının mümkünsüzlüyünü də bəyan edir.
Odur ki, ərazi bütövlüyünün hərbi yolla bərpası variantı da qüvvədə qalır.
Aydındır ki, hadisələrin bu cür inki?afı regionda sabitliyin inkişafında maraqlı olan beynəlxalq ictimaiyyəti qane edə bilməz. Odur ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr Kanada bəyanatı ilə kifayətlənməməlidir. Yerevana real təsir olmasa, Kanada bəyanatı da Ermənistanın qulaqardına vurduğu beynəlxalq sənədlərdən biri olacaq.
MƏSLƏHƏT GÖR:

470

