5 Dekabr 2025

Cümə, 23:10

NƏTİCƏ ÖZÜNÜ ÇOX GÖZLƏTMƏYƏCƏK

Mariana Vasilyeva: "Azərbaycan gimnastları dünyada ciddi rəqib kimi qəbul edilir"

Müəllif:

15.06.2010

Bədii gimnastika Azərbaycanda inkişaf edən ən populyar idman növlərindən sayılır. Dövlətin idmana göstərdiyi böyük diqqət bu idman növünün də inkişafına təsirsiz ötüşə bilməzdi. Gimnastlarımızın mötəbər yarışlarda əldə etdikləri nəticələr və Azərbaycanda keçirilən yüksəksəviyyəli beynəlxalq yarışlar da bunun göstəricisidir. "Bədii gimnastika üzrə böyük yarışların Bakıda keçirilməsi artıq ənənəyə çevrilib və paytaxtımız planetin bütün gimnastları üçün doğmalaşıb", - deyə Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva bildirib. 

Bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva da bu fikirdədir. Bolqar mütəxəssis Azərbaycanda bu idman növünün bu günü və sabahı barədə bizimlə söhbət etməyə məmnuniyyətlə razılaşdı. Onunla söhbətə 2010-cu ildə əldə olunan nailiyyətlərdən başladıq.

- Bu il gimnastlarımız üçün yaxşı başladı. Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Avropa Çempionatında Aliyə Qarayeva çoxnövçülükdə bürünc medal qazandı, Gənc Lalə Yusifova yuniorlarda gümüşə layiq görüldü. Ayşə Mustafayeva və qrup hərəkətləri üzrə komandamız isə qitə birinciliyində beşinci yeri tutmaqla bizləri sevindirdi. 34 ölkənin iştirak etdiyi Avropa çempionatında bu nəticələri əldə etmək asan deyildi. Amma ölkədə gimnastikanın inkişafı üçün sistemli və planlı iş gedir. Səmərəli fəaliyyət olan yerdə isə nəticə özünü çox gözlətmir. 

- Bəs sentyabr ayında Moskvada təşkil ediləcək dünya çempionatında komandamızdan hansı nəticəni  gözləyək?

- Əlbəttə, ilin ən böyük yarışlarından biri Rusiyada olacaq. Dünya çempionatında uğurlu çıxış etmək üçün məşqlər davam edir. Yarışda həm fərdi növdə, həm də komanda hesabında mübarizə aparacağıq. Aliyə Qarayeva, Anna Qurbanova, Samirə Mustafayeva, Dina Qorina, Zeynəb Cavadlıdan ibarət yığmamız turnirə iddialı yollanacaq. 

- Səhv etmirəmsə, qrup hərəkətləri üzrə komandamız da Moskvada çıxış edəcək. Ötən il Yaponiyada mundialda qızlar dördüncü yeri tutdular.

- Əlbəttə, 5-6 il ərzində yaradılan qrup hərəkətləri üzrə yığmamızın uğuru göz qabağındadır. Qısa zaman ərzində perspektivli gimnastlardan yaradılan komanda çox yaxşı hazırlıq keçir. 5-6 il əvvəl dünya çempionatında ilk onluğa düşmək barədə düşünə bilmirdik. 2009-cu ildə isə komandamız 4-cü yeri tutdu. Bu böyük qələbədi. Çünki, dünya çempionatlarında çox güclü yığmalar yarışır.

- Əsas hədəfiniz, yəqin ki, London Yay Olimpiya Oyunlarıdır...

- Olimpiadaya seçmə mərhələsi 2011-ci ildən başlayacaq. Ona görə hələlik bu barədə danışmaq düzgün olmazdı. Hələ vaxt var.

- Ardıcıl olaraq iki Olimpiadada iştirak etsək də medal qazanmamışıq. Sizcə bu arzunu Londonda reallaşdırmaq nə dərəcədə mümkün olacaq?

- Biz bu məqsədə doğru irəliləyirik. Rusiya, Ukrayna, Belarus kimi ölkələrdə gimnastikanın tarixi ənənələri var. Ona görə Olimpiadada əksər medalları bu ölkələr qazanır. Biz indi Azərbaycanda gimnastikanın ənənəsini yaradırıq. Özünüz başa düşürsünüz ki, dünya və Avropa çempionatlarından sonra Olimpiada da uğur olacaq. Sadəcə bir qədər vaxt lazımdı. 

- Ölkəmizdə işləmək çətin deyil ki?..

- Artıq Azərbaycan mənə vətənim kimi əzizdi. Qonaqpərvər xalqınız əcnəbilərə qarşı həmişə diqqətli olub. Burada idmana və idmançılara olan qayğı yüksək səviyyədədir. Hər bir idmançı da yarışda ölkəsini mümkün qədər yaxşı təmsil etməyə çalışır. Bütün idman növləri inkişaf edir. Sevinirəm ki, gimnastikanın inkişafında mənim də rolum var.

- Bəs Azərbaycan yığmasında işləmək sizə necə təsir etdi?

- Çox zəngin bir kollektivə rəhbərlik edirəm. Mənim üçün 12 yaşlı yeniyetmələrlə eləcədə özümdən böyük insanlarla işləməyi bacarmalıyam. Gözləmədiyim halda Azərbaycana çox sıx bağlanmışam. Gələcəklə bağlı planlarımda ölkənizə yer ayıracağam. Burada insanlar mənim ürəyimcədi. Bakınız da çox gözəldi. Əvvəl şəhəri tanımırdım, indi isə tez-tez paytaxtınızı gəzməyə çıxıram. Azərbaycanda işləmək məni daha peşəkar səviyyəyə yüksəltdi.


MƏSLƏHƏT GÖR:

502