İLK DƏFƏ AFRİKADA!
Cənubi Afrikada keçirilən futbol üzrə Dünya Çempionatinin maraqli məqamlari
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Bu günlərdə bütün dünyanın diqqəti Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatına yönəlib. Dördilliyin ən böyük yarışı planetin ən güclü komanda və futbolçularını izləməyə imkan verir. Bir ay ərzində azarkeşlər gözəl qolların şahidi olacaq, qələbə sevinci yaşayacaq, bəziləri isə məğlubiyyətlə üzüləşəcək.
Bukmeykerlərin favoriti
Bukmeyker kontorları dünya çempionluğuna ən real namizəd kimi iki komandanı göstərir. Dünya kubokunu qazanmağa ən real namizəd Braziliya və İspaniyadır. Siyahıda üçüncü yeri Maradonanın komandası tutur. İngiltərə dördüncü, Hollandiya isə beşinci şanslı komanda sayılır. Mundialda bombardir adına ən real namizəd David Vilya hesab olunur. ikinci yerdə Barselonanın digər ulduzu Lionel Messidi. Ueyn Runi isə üçüncü yeri tutur.
Pelenin proqnozu
Futbol dünyasının canlı əfsanəsi Pele dünya çempionatıyla bağlı proqnoz verib. Futbol kralı pentakampeonların altıncı dəfə çempion olacağına inanır. O, Braziliya ilə bərabər İspaniya yığmasının şanslarını yüksək qiymətləndirib. Amma Pelenin fikrincə, İspaniya finala qədər irəliləyə bilməyəcək. Finalda Braziliyanın rəqibi hansısa Afrika komandası olacaq.
Ən bahalı komanda
Almaniyanın nüfuzlu “Fokus” nəşri mundialın ən bahalı yığmasını müəyyənləşdirib. Dünya çempionatının ən bahalı komandası İspaniyadı. Avropa çempionlarının ümumi dəyəri 650 milyon avrodu. Orta hesabla ispanların hər futbolçusunun qiyməti 28 milyon avroya bərabərdi. İkinci yerdə 18 milyon nəticəylə İngiltərə, üçüncü yerdə isə 16 milyon dəyərlə Fransa millisidi. Dünya çempionatının ən bahalı futbolçusu isə argentinalı Lionel Messidi. “Barselona”nın forvardı 80 milyon avrodu.
Ən yaşlı komanda
Cənubi Afrika Respublikasında keçiriləcək mundialın ən yaşlı və cavan komandaları da müəyyənləşib. Ən yaşlı komanda Braziliya millisidir. 5 qat dünya çempionlarının mundiala apardıqları komandada orta yaş həddi 29-dur. Ən cavan komanda Qanadı. Orta yaş həddi 24-dür. Mundialın ən cavan futbolçusu Kristian Eriksendi. Danimarka yığmasının futbolçusunun 18 yaşı var. Ən yaşlı oyunçu isə İngiltərənin 39 yaşlı qapıçısı Devid Ceymsdi.
Ən böyük mükafat
Yarışda iştirak edən komandalar arasında ən böyük mükafat İspaniya yığmasına qoyulub. Visente Del Boskenin komandası dünya çempionu olajağı təqdirdə hər bir futbolçu 600 min avro qazanacaq. Argentinada dünya kubokuna görə hər bir oyunçunu 510 min, İngiltərədə 475, Fransa 390, Portuqaliya isə 340 min avro gözləyir.
Braziliyanın oyunu bayrama bərabər
Bütün Braziliya pentakampeonları dəstəkləməyə hazırlaşır. Artıq ölkənin mərkəzi bankı Braziliya yığmasının qrup oyunları zamanı yəni 15, 20 və 25 iyunda işləməyə-cəyini açıqlayıb. Bu barədə müştərilərə məlumat verən mərkəzi bankın rəhbərliyi hamını yığmaya dəstək olmağa çağırıb. Banklarla yanaşı mundial ali məktəblərin işinə də təsir edib. Universitetlərdə buraxılışın imtahanlarının vaxtı da dəyişdirilib. Ümumilikdə isə pentakampeonların Afrika oyunları zamanı Braziliyada qeyri-iş günü elan olunacağı gözlənilir.
Hakimlər söyüş öyrənməyə başlayıb
Futbol üzrə dünya çempionatının final mərhələsinin ilk turuna təyinat alan braziliyalı hakimlər briqadası qeyri-adi tapşırıq alıb. İngiltərə-ABŞ görüşünü idarə edəcək ədalət təmsilçilərinə ingilis dilində söyüşləri öyrənmək tapşırılığı verilib. Bu barədə məlumatı yan xətt hakimi Altemir Hausman verib: "Biz futbolçuların işlədə biləcəyi terminləri öyrənməliyik. Futbolçular söyüş söyürlər. Ona görə hər şeyə hazır olmalıyıq. Biz 11 müxtəlif dili öyrənə bilmərik, amma ən azı ingilis dilini bilməliyik. Söyüşlərin əksəriyyəti ingilis dilində olur." Qeyd edək ki, İngiltərə yığmasının oyunçuları adətən hakimə etirazını qeyri-etik ifadələrlə bildirir.
Mundial gözdən əlillər üçün də yayımlanacaq
Dünya çempionatının təşkilatçıları tarixdə ilk dəfə olaraq oyunların gözdən əlillər üçün yayımlanması barədə qərar qəbul edib. Gözdən əlillər çempionatın 10 stadionundan 6-da turnirin görüşlərini canlı izləyə biləcək. Həmin stadionlarda 15 xüsusi yer ayrılıb. Görmə qabiliyyəti zəif olan insanlar xüsusi hazırlıq keçən şərhçilərin köməyi ilə matç barədə ətraflı məlumat alacaq. Bu təşəbbüs İsveçrə Milli Korlar Assosiasiyasının, Cənubi Afrika milli korlan şurasının dəstəyi və FİFA-nın maddi yardımı ilə həyata keçiriləcək.
MƏSLƏHƏT GÖR:






572

