Müəllif: Ceyhun NƏCƏFOV Bakı
bp neft şirkətinin dəyəri 14 il ərzində ən aşağı səviyyəyə düşüb: Meksika körfəzində baş vermiş ekoloji fəlakətdən sonra, bp öz bazar dəyərinin yarısını - $82 mlrd.-ı itirib və iyunun 11-də şirkət $91,4 mlrd səviyyəsində qiymətləndirilib. Sərmayəçilər ehtiyat edirlər ki, gələcəkdə bp-nin ekoloji fəlakətlə bağlı riskləri və xərcləri arta bilər.
bp-nin səhmlərinin sürətlə düşməsində Vaşinqtonun təzyiqləri az rol oynamayıb. Ağ ev Meksika körfəzində baş vermiş ekoloji fəlakətlərə görə şirkəti yeni cərimələrlə hədələyib - federal hökumət bp-yə $69 mln dəyərində yeni hesab təqdim etmək niyyətindədir. Ağ evin təmsilçisi bildirib ki, şirkət bu hesabı iyulun 1-nə kimi ödəməlidir. Bu pullar hökumətin qəzalarla bağlı xərclərinə sərf olunacaq. Amerika hakimiyyətinin bütün gələcək xərcləri də neft şirkətinin büdcəsi hesabına örtülməlidir.
Buraxılışımızın çapa getdiyi ana kimi bp-dən Ağ evin yeni tələblərinə cavab gəlməmişdi. Ekspertlərin fikrincə, Britaniya şirkəti, böyük ehtimalla, 1990-cı ildə verilmiş "Dənizin neftlə çirkləndirilməsi haqqında" (Oil Pollution Act) federal qanuna istinad edəcək. Bu qanuna görə, günahkar yalnız birbaşa nəticələrin aradan qaldırılmasına və ekoloji zərərə görə cavabdehlik daşıyır.
Ağ evdə bu arqumentin necə qarşılanacağı ayrı məsələdir. Yalnız burası bəllidir ki, bp qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı itki verməyəcək. "Goldman Sachs"ın hesablamalarına görə, 10 il ərzində şirkətin bununla bağlı xərcləri $33 mlrd təşkil edəcək. Bir sıra ekspertlərin fikrincə, şirkət neft dağılmasının nəticələri ilə mübarizəyə pul tapmaq üçün kəskin addımlara getməlidir; o cümlədən aktivlərinin bir hissəsini satmalıdır. Qərb mətbuatı, hətta bp-nin rəqibləri tərəfindən "düşməncəsinə udulması" imkanları barədə fikirlər də səsləndirib. bp-ni almağa potensial imkanı olan şirkətlər arasında "Royal Dutch Shell" və "Exxon Mobil"in adları da var. Ancaq analitiklərin çoxu bunu mümkün saymır. Onlar sanırlar ki, Meksika körfəzində baş vermiş neft dağılmalarından sonra, bp-nin üz-üzə qaldığı riskləri heç kim üzərinə götürmək istəməz.
Yada salaq ki, Meksika körfəzinin ABŞ sahillərində qeydə alınmış bu iri qəza aprelin 20-də bp tərəfindən idarə edilən "Deepwater Horizon" platformasındakı partlayışdan sonra baş verib; partlayış nəticəsində 11 neftçi həlak olub. Aprelin 22-də platforma batıb və bu zaman quyunu zədələyib. Neft sızmasının qarşısının alınması üçün bp-nin artıq bir aydan çoxdur, göstərdiyi səylər heç bir nəticə vermir.
Problemin həlli üçün atılan ilk addım yenicə başlamışdı ki, uğursuz oldu. bp quyunu iri çoxtonnajlı günbəzlə örtə bilmədi. Quyuya 1,5 kilometr uzunluğunda borularla qazma məhlulu vurmaqla sızmaları boğmaq üçün edilən ikinci cəhd də uğursuz oldu. Müəyyən müddət ərzində vurulan məhlulun təzyiqi altında neftin quyudan çıxması dayandı, amma bu, uzun çəkmədi və müyyən müddət sonra neft yenidən yuxarı çıxmağa başladı.
Nəhayət, bu ayın əvvəlində bp ikinci cəhddən borunun zədələnmiş hissəsini kəsməyə və ağzına sızmış neftin böyük hissəsini yuxarı vurmağa imkan verən qıf bağlamağa nail oldu. Amma borunun kəsiyi hamar olmadığından, sızmanı tam bağlamaq alınmayacaq. Həm də ki bp gün ərzində 10 min barel neft ötürə biləcək ki, bu da əvvəlcə açıq dənizə çıxan neftin yarıdan çoxu deməkdir. Buna paralel olaraq, şirkət iki drenaj quyusu qazacaq ki, bu işlər də avqustdan tez başa çatmayacaq.
Meksika körfəzində neft dağılması ilə bağlı hökumət ABŞ-ın cənubunda yerləşən üç ştatda - Luiziana, Missisipi və Alabama ştatlarının balıqçılıq sahələrində fövqəladə vəziyyət elan edib. Neft dağılması bu regionların balıqçılıq sahəsinə böyük zərər vurub. Yalnız Luizianada balıqçılıq sahəsində 27 min adam işləyir və onların bir hissəsi neft dağılmalarından sonra işsiz qalıb. Ştat ABŞ-ın dəniz məhsullarının ümumi həcmində 40%-lik paya malikdir.
Amerika ekspertlərinin fikrincə, Luiziana sahillərində neft dağılması ABŞ tarixində ən iri ekoloji fəlakətdir. Neft dağılmalarının Florida sahillərinə tərəf irəliləməsinin qarşısının alınması üçün bp Meksika körfəzində qum maneələr yaradılması üçün bütün xərclərə hazır olduğunu bildirib. Qum bəndlər Luiziana ştatı sahillərinə yaxın yerləşən bir neçə adanı birləşdirəcək. Bu planın əsas məqsədi sahil torpaqlarının ekoloji sisteminin neftdən qorunmasıdır.
Ancaq ekoloqlar sanırlar ki, neft ləkəsi Florida sahillərinə çatana kimi, şirkət bəndləri quraşdıra bilməyəcək. Qoruyucu adalar yalnız uzaq gələcəkdə fayda verəcək, çünki bu ada zəncirinin tikintisi bir il çəkəcək.
Xəzərdə sakitlikdir
Bununla yanaşı, Meksika körfəzindəki fəlakət çox sayda sual doğurub ki, bunlar da dəniz ?elfində neft çıxarılan ölkələrin ictimaiyyətini haqlı olaraq narahat edir.
Bəs bu cür qəzanın Xəzərin Azərbaycan sektorunda da baş verməsi ehtimalı nə dərəcədə realdır? Dərhal qeyd edək ki, ARDNŞ Meksika körfəzindəki qəzaya dərhal reaksiya verdi və təhlükəsizlik tədbirlərini gücləndirdi. ARDNŞ prezidenti Rövnəq Abdullayev dəniz platformalarında təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi barədə fərman imzaladı. "Bu fərmanla biz bir daha özümüzü sığortalayırıq. Halbuki bizdə olan ekoloji və texniki təhlükəsizlik standartları çox yüksəkdir", - deyə ARDNŞ prezidenti bəyan edib.
R.Abdullayevin sözlərinə görə, "Deepwater Horizon" neft platformasında baş vermiş və Meksika körfəzində irimiqyaslı neft itkisinə səbəb olmuş partlayış bp-nin Azərbaycandakı fəaliyyətinə heç cür təsir göstərməyəcək. "Fineco"nun məlumatına görə, Azərbaycan dənizdə neft-qaz işləri prosesində, o cümlədən, bp-nin iştirakı ilə də görülmüş işlərdə dəfələrlə anomal yüksək təzyiq problemi ilə rastlaşıb, amma preventor həmişə işləyib və platformanın dağılmasına, karbohirogenlərin sızmasına heç vaxt səbəb olmayıb. Meksika körfəzində bp-nin preventoru naməlum səbəblər üzündən işləməyib.
Öz növbəsində, Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Xəzərin və quyuların dərinliyinin nisbətən aşağı olması onları az təhlükəli edir. Onun sözlərinə görə, ARDNŞ-in istismar etdiyi yerlərdə dərinlik heç yüz metrə çatmır, kontrakt meydançalarında isə 300-400 metrdir, işlənilən layların dərinliyi isə 3-4 min metr arasındadır. Bu, bp-nin Meksika körfəzindəki quyusu ilə müqayisədə yetərincə azdır. Orada işlər görülən sahədə suyun dərinliyi 1,5 min metr, quyunun öz dərinliyi isə 10 min metrdir.
Başqa önəmli məqam isə Xəzərin Azərbaycan sektorunda bütün platformaların stasionar olması faktıdır. Yeni dərin quyuları dib plitələrinə bərkidirlər ki, bu da onların müxtəlif titrəmələrə dayanıqlığını artırır. Meksika körfəzində bp-nin platformasını saxlayan ballastlar partlayışdan sonra dibə gedib və artıq heç nə platformanı saxlaya bilməz.
Ekspert, həmçinin, Xəzərdə qəzaların qarşısını almaq üçün eyni zamanda bir neçə ekoloji xidmətin fəaliyyət göstərməsini xüsusi qeyd edir. "Əsrin müqaviləsi" bağlanana qədər Xəzərin Azərbaycan sektorunda yalnız bir qəza-xilasetmə xidməti fəaliyyət göstərib. "Əsrin müqaviləsi" bağlanandan sonra, ARDNŞ sistemində yeni Geologiya İdarəsi və "ECOL" birgə ekologiya müəssisəsi yaradılıb. bp-nin ekoloji tərəfdaşı isə "Briqs Marin" şirkətidir və o, işlənilən yataqlarda, boru kəmərlərində, terminallarda baş vermiş qəzaların aradan qaldırılması ilə məşğul olur.
İ.Şaban yada salıb ki, Azərbaycan ətraf mühitin qorunması və təhlükəsizliklə bağlı yetərincə sərt standartlar müəyyən edib. Onun sözlərinə görə, Azərbaycan strukturlarının işlənməsi zamanı da mütəxəssislər tez-tez anomal yüksək təzyiqlə rastlaşırlar. Buna həm laylarda, həm də quyu ağızlarında rast gəlinir. Məsələn, hazırda Xəzərin ən iri hasilat platforması olan "Mərkəzi Azəri"də yüksək təzyiq üzündən işlər 3 ay dayanmışdı.
Qanunvericiliklə layihələrin ekspertizası, bp-nin və onun neft-qaz tərəfdaşlarının hasilatı üzərində nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) tapşırılıb. ETSN-dən bildiriblər ki, onlar istehsalat prosesinin bütün daxili parametrlərini nəzarətdə saxlayırlar. Qəzaların qarşısının alınması və aradan qaldırılması üçün əsas "Ətraf mühitə təsirin qiymətləndirilməsi" sənədidir.
ETSN-də bp-nin qəzaların qarşısının alınması üzrə gördüyü işləri müsbət qiym?tləndirirlər. Nazirlik neft layihələrinin ekspertizasını yetərincə uzun müddət ərzində aparır. O cümlədən, bütün mümkün fövqəladə hadisələr, qəzaların aradan qaldırılma yolları və fors-major halları öyrənilir. Xəzərin Azərbaycan sektorunda işləməklə bağlı bp və onun tərəfdaşları ekoloji təhlükəsizliyin təmin edilməsi və qəzaya qarşı sistemlərin təkmilləşdirilməsi üzrə bütün öhdəlikləri yerinə yetirirlər.
ETSN dənizdə işləyən 31 neft-qaz müəssisəsinin ekologiyaya təsiri üzrə monitorinqlər keçirir. Buraya dəniz suyunun durumu, neft avadanlığının inspeksiyası və s. daxildir. Hələ ki bp-nin Xəzərin Azərbaycan hissəsindəki obyektlərində neft dağılmaları ilə bağlı heç bir problem olmayıb, təhlükəsizlik sistemi baxımından da önəmli qınaqlar yoxdur.
"bp - Azerbaijan" əmin edir: narahatlığa əsas yoxdur
"bp - Azerbaijan"dan isə əmin edirlər ki, istənilən layihəni gerçəkləşdirməzdən öncə, şirkət ətraf və sosial mühitə təsirin qiymətləndirilməsi üzrə dəqiq iş aparır.
bp-nin ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Tamam Bayatlı bildirib ki, ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi yetərincə əziyyətli və baha başa gələn işdir. Bunun üçün müxtəlif sahələrdən mütəxəssislər və ekspertlər dəvət edilir. Bu sənədin hazırlanmasından sonra, ətraf mühitə istənilən təsirin qarşısının alınması üçün tədbirlər müəyyən edilir. Bu tədbirlər neft-qaz hasilatı üzrə Azərbaycanın təcrübəsinə və beynəlxalq təcrübəyə əsaslanır; ən optimal və effektli texnologiyaların seçimi aparılır.
Onun sözlərinə görə, heç bir şübhə olmamalıdır ki, ekologiyanın və insanların sağlamlığının qorunmasında, həmçinin, obyektlərin texniki təhlükəsizliyinə riayət olunmasında hər şeydən öncə bp maraqlıdır. bp-dən həm də qeyd ediblər ki, Meksika körfəzindəki qəzanın səbəblərinin istintaqı baş verənlərə aydınlıq gətirəcək. İstintaq nəticələri əldə ediləndən və səbəblər bəlli olandan sonra, onları təhlil etmək vacibdir.
"bp - Azerbaijan"dan bildirirlər ki, bp Xəzərdə insan sağlamlığının mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması üzrə neft-qaz sənayesi üçün ən ciddi sərt olan qaydaları və qanunları tətbiq edir.
MƏSLƏHƏT GÖR: