6 Dekabr 2025

Şənbə, 00:00

BÖYÜK JOZE İSPANİYANI FƏTH ETMƏYƏ YOLLANDI

"Inter"lə bütün titulları qazanan Mourinyo "Real"a üz tutdu

Müəllif:

01.06.2010

Joze Mourinyo hazırda dünyanın ən güclü məşqçisi hesab edilə bilər. Portuqaliyalı məşqçinin rəhbərliyi altında İtaliyanın "İnter" klubu 45 illik fasilədən sonra Çempionlar Liqasında hamıdan güclü oldu. Üstəlik, neradzura A seriyasını qazandı və İtaliya Kubokunu başı üzərinə qaldırdı. 

Çempionlar Liqasında "İnter" Avropa nəhənglərinə meydan oxudu. Zadəgan "Çelsi", güclü "Barselona" və nəhayət, təcrübəli "Bavariya" Joze Mourinyo qarşısında ağ bayraq qaldırmalı oldu. Liqanın bütün oyunlarını analiz edərkən "İnter"in qələbələrində təsadüf amilinin olmadığı üzə çıxır. 

47 yaşlı Mourinyo, sözün əsl mənasında, dünyaya məşqçi bacarığı ilə dahiliyini göstərdi. Çoxları 47 yaşlı mütəxəssisə "dahi" deməyimizə görə bizi qınaya bilər. Amma Mourinyonun işi göz qabağındadır. Roberto Mançininin istefasından sonra "İnter"ə baş məşqçi təyin olunan portuqaliyalı həm ölkə çempionluğunu qazandı, həm də onilliklərboyu klubun həsrət qaldığı Çempionlar Kubokunu Milana gətirdi. 

Klubun oyununa tənqidi nəzərlərlə baxan bəzi mütəxəssislərin "İnter"i müdafiə futbolu nümayiş etdirdiyinə görə tənqid etməsinə gəlincə, bu, doğru yanaşma deyil. Çünki tarixdə nəticə qalır. Bu nəticə isə onu göstərir ki, "İnter" bu mövsüm "Çelsi", "Barselona" və "Bavariya" kimi nəhənglərə dərs keçdi. 

Mourinyo "İnter"də özünə inam yaratdı. O, Dieqo Militonu ulduza çevirdi. Məhz onun məsləhətiylə transfer olunan futbolçu qısa zaman ərzində klubun liderinə çevrildi. 

Maurinyo Julio Sezarı dünyanın ən yaxşı qapıçıları sırasına yüksəltdi. Əlbəttə braziliyalı əvvəllər də yaxşı oyun göstərirdi. Amma Sezarın Liqadakı son 3 görüşdə fantastik oyunu onu Braziliya yığmasının bir nömrəsinə çevirdi. 

Joze Mourinyo "İnter"in imicini özünə qaytardı. Bir mövsümə 3 mükafat əldə edən klub (əgər komandada qalsaydı, Avropa Superkubokunu da götürə bilərdi) Mourinyonun sayəsində göylərə yüksəldi, sonra isə kədərə qərq oldu.

"Çelsi" ilə oyunda Mourinyo intiqam əzmindəydi. Zarafat deyil, Roman Abramoviç onun uğurlarını qiymətləndirməyərək Londondan qovmuşdu. İndi Joze ona kim olduğunu sübut etdi. Təsəvvür edin ki, Abramoviçin gözü qarşısında "İnter" "Çelsi"ni liqadan kənarlaşdırdı. 

Növbədə daha güclü rəqib "Barselona" gəlirdi. Rəqibi gözəl analiz etmək qabiliyyətinə malik olan Joze ilk oyunda Messini topsuz saxlamaqla kataloniyalıları zərərsizləşdirdi. Cavab matçında isə Nou Kamp sükuta qərq oldu. Hamı Barsanın evdə "İnter"i darmadağın edəcəyini gözlədiyi halda, sevinən tərəf yenə Maurinyo oldu. 

Liqada son "döyüş" Bavariya ilə oldu. Bu həm də Jozenin müəllim deyə biləjəci Lui Van Qala qarşı duel kimi qiymətləndirildi. Liqanın finalına baxan azarkeşlər üçün "Bavariya"nın nümayiş etdirdiyi açıq futbol daha cəlbedici olsa da, "İnter"i qələbə qazandığına görə alqışlamamaq mümkün deyil. 

Həlledici oyunda müdafiəmeyilli futbol seçən "İnter" 2 qolla layiqli qələbəsini qazandı. Oyundan sonrakı mətbuat konfransında isə Mourinyo "gedirəm" deməklə iş yerinin dəyişəcəyinə işarə vurdu. 

O, risk etməyi sevir. Heç də hər məşqçi qələbə qazanandan sonra "gedirəm" deyə bilmir. "İnter"lə bütün titulları qazanan Mourinyo isə "Real" üz tutdu. Kral klubu ona ilə 10 milyon avro ödəməklə 4 illik müqavilə imzaladı. Görəsən, Mourinyonun İspaniya "sevdası" baş tutacaqmı? 

İlk olaraq superklubdan superkluba transfer olunduğuna görə ona alqış düşür. Amma "Real" adi klub deyil. Kral klubu son illər məşqçiləri "əlcək" kimi dəyişir. Hətta Fabio Kapelloda belə La Liqanı qazanmasına rəğmən, istefaya göndərildi. 

Görəsən, Mourinyonun qələbə "işığı" Madriddə sönəcəkmi? 

Vaxtilə Deku, Lempard, Droqba, Milito kimi oyunçular məhz Mourinyo ilə işləməyə başlayandan sonra "Qızıl Top"a namizədlər sırasına düşmüşdülər. Amma "Real"da tam başqa atmosfer var. Kral klubunda Kaka və Kriştianu Ronaldu kimi dünyanın ən yaxşı futbolçusu seçilən ulduzlar oynayır. 

Joze Fabio Kapelloya heç oxşamır. Onun kimi ulduz futbolçuları tələb etmir, əksinə, təcrübəli oyunçularla işləməklə onları ulduza çevirir. 

Mourinyo uzun müddət bir yerdə işləmir. Öz vəzifəsini yerinə yetirərək titulları qazanır və hər şeyi yenidən başlayır. "İnter"lə uğurlardan sonra onu "Real"da çətin mübarizə gözləyir. Mourinyo emosionallığı və qalmaqallı bəyanatları ilə dillər əzbəri olub. Onun hər mətbuat konfransındakı çıxışı, dərhal, yeni qalmaqalın əsasını qoyur. Oyundan əvvəl elə danışır ki, sanki komandası artıq qələbə qazanıb. Bununla portuqal mütəxəssis yetirmələrinə psixoloji dəstək vermiş olur. O, komandasına görə hər şeyə hazırdı - lazım gələndə hakimlə mübahisiyə girişir və ya rəqib oyunçuyla söz duelinə başlayır. 

Bəlkə də onun dahi olmasına hələ çox var. Amma Mourinyo bu yolda böyük addımlar atır. Hələlik heç bir ölkənin yığmasında çalışmaq istəməyən məşqçi yeni rekordlara imza atmaq istəyir. 

"İnter"lə Çempionlar Liqasındakı qələbədən sonra Mourinyo iki müxtəlif klubla Çempionlar Liqasını qazanmış üçüncü məşqçi oldu. İndi o üç klubla Çempionlar Liqasında qalib gələn yeganə məşqçi olmaq üçün işləyəcək. 

Özündən razılığı var. Amma səmimiliyini də unutmaq olmaz. O hamıya sübut etdi ki, peşəkar futbolçu karyerası olmadan da, güclü məşqçi kimi yetişmək mümkündür. Futbolçu kimi heç kimin sevgisini qazanmayan Joze, məşqçi kimi tarix yazır. Son mətbuat konfranslarının hansındasa media nümayəndələrindən biri onu özündənrazılıqda ittiham edərək, "niyə özünüzü dahi kimi aparırsınız?" iradını səsləndirmişdi. Don Jozenin cavabı sadə və qısa oldu: "Mən dahi məşqçi deyiləm. Amma dahi olmağa şansım var".

Mourinyonun "Real"da işinin uğurlu olub-olmayacağını zaman göstərəcək. Amma bir şey dəqiqdir ki, bu iş uzun sürməyəcək. Mourinyo qələbə qazandığı klubda belə çox qalmağı sevmir. 


MƏSLƏHƏT GÖR:

519