GÖZLƏNİLMƏZ SONLUQ
Azərbaycan çempionluğu "Inter"ə, kuboku isə "Bakı"ya qismət oldu
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycanda futbol mövsümü çox dramatik və gözlənilməz nəticəylə yekunlaşdı. İlk dəfə idi ki, premyer-liqada sona bir tur qalmış birdən-birə 4 komanda çempionluq şansını itirməmişdi. Yalnız "Xəzər-Lənkəran"ın taleyi öz əlində idi. Doğma Lənkəranda son çempion "Bakı"nı qəbul edən cənublular çempion olmaq üçün qələbə qazanmağa borclu olduğu halda, azarkeşləri pərişan etdilər.
Ev sahiblərinin baş məşqçisi Ağasəlim Mircavadov, adətən, komandasından rəqib futbolçuları mərkəzdə qarşılamağı tələb edir, hücumları isə cinahlarla yaradır. Amma bu dəfə bu taktika özünü doğrultmadı. "Bakı" rəqibə qarşı çox yaxşı hazırlaşdığını nümayiş etdirdi və səfərdə inamlı təsir bağışladı.
İkinci hissədə cənublular artıq doğma meydanda oynadığını, sanki unutmuşdu. 35 yaşlı Cüneyt Biçər, sözün əsl mənasında, taktiki gedişlərlə rəqibin bütün arzularını dəfn etdi. Elvin Əliyevin sürətli cinah reydləri, Cabanın təhlükəli zərbələri, Bəxtiyar Soltanovun əla ötürmələri bakılıların qələbəsində böyük rol oynadı. Sözsüz ki, müdafiə xəttinin etibarlı çıxışı və qapıçı Marko Şarliyanın gözəl oyununu qeyd etməmək olmaz. Soliçin gözəl qolundan sonra "Xəzər-Lənkəran"ın matçda dönüş yaratmaq üçün kifayət qədər vaxtı olsa da, futbolçular bunun üçün özlərində güc tapmadı.
Ümumiyyətlə, bu görüşdə "Bakı"nın baş məşqçisi Cüneyt Biçərin taktiki seçimi özünü doğrultdu. Əlbəttə, cənubluların oyuna təzyiq altında çıxması da "Bakı"nın qələbəsində öz rolunu oynadı. Çünki "Xəzər-Lənkəran" çempionluğun bir addımlığında idi. Minimal hesablı məğlubiyyət "Xəzər-Lənkəran"ı çempionluqdan məhrum etdi. Üstəlik, komanda çempionatı dördüncü pillədə başa vurdu.
"Bakı"nın Lənkəranda 1:0 hesablı qələbə xəbəri "Qarabağ"ı da sevindirməyə bilməzdi. Belədə ağdamlılar "Neftçi"ylə matçda qələbə qazanmaqla çempionluq yürüşünə qoşulacaqdı. Amma Qurban Qurbanovun komandası flaqmanın əsasən əvəzedicilərdən ibarət heyətinə qalib gələ bilmədi. Görüş qolsuz bərabərliklə yekunlaşdı. Bu isə paytaxtın "İnter" klubunun qızıl medallara gedən yolunu açdı. Bankirlər "Qəbələ"ni 4:1 hesabıyla üstələməklə Azərbaycan çempionluğunu bayram etdi.
Maraqlıdır ki, "İnter" heyətində ən çox legionerin oynadığı komandadır. Bankirlərin baş məşqçisi isə zəngin futbolçu karyerasına malik Kaxaber Tsxadadzedir. Gürcü məşqçi "İnter"də ilk mövsümündəcə qızıl medal qazandı. Amma bu "İnter"in yeganə məqsədi sayıla bilməz. Rəhbərlik komandadan Çempionlar Liqasında mümkün qədər irəli getməyi tələb edir. Gürcü məşqçinin cari mövsüm "İnter"ə alışdırdığı baxımlı futbol yalnız xoş sözlərə layiqdi. İndi bankirlər daha çox hücum edir və belə halda daha çox qol vurur. "İnter"də dəmir intizam yaradan Tsxadadze həm də əla heyət formalaşdırıb. Beləliklə, Azərbaycan premyer-liqasının qalibi "İnter" oldu. "Bakı" gümüş, "Qarabağ" bürünc medalçı oldu. "Xəzər-Lənkəran" isə çempionatda 4-cü yeri tutdu.
"Xəzər-Lənkəran"ın çempionluğu əldən buraxmasından ən çox narazı qalan, təbii ki, klubun sahibi Mübariz Mənsimov idi. Hələ oyundan sonra mediaya açıqlama verən iş adamı cənublular üçün ölkə kubokunu qazanmağın vacib olduğunu söyləmişdi. Amma nə biləydi ki, Azərbaycan kubokunun finalından da məyus ayrılacaq. Türkiyədə yaşayan həmyerlimiz finala "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım və digər yaxın dostlarıyla birlikdə təşrif buyurmuşdu. "Xəzər-Lənkəran" finalda "Bakı"nı üstələməklə çempionatdakı uğursuzluğu unutdurmalıydı. Amma hər şey tam fərqli oldu.
Beləliklə, çempionatda olduğu kimi, Kubokda da "Bakı" "Xəzər-Lənkəran"ı titulsuz qoydu. Təbii ki, "Xəzər-Lənkəran" üçün cari mövsümü uğurlu saymaq olmaz. Baş məşqçi Ağasəlim Mircavadov yerli məşqçilər arasında sayılıb-seçilən mütəxəssislərdəndir. Mircavadovun "məşqçilik karyerası" ilə həmyaşıd olan Cüneyt Biçərə hər iki görüşdə uduzmasına izah tapmaq çətindi. Sözsüz ki, cari mövsümdən sonra "Bakı" "Xəzər-Lənkəran"ın əbədi rəqibinə çevrildi. Paytaxt təmsilçisi jənubluları həm çempionluqdan etdi, həm də kubokdan.
Son çempionat həm də yeni legionerlərin səviyyəsini üzə çıxardı. Onların arasında Soliç, Caba, Skuliç, Poşkus, Cuninyo, Şarliya, Lomaya kimi səviyyəliləri var. Mövsümün kəşfi isə "Bakı"nın baş məşqçisi Cüneyt Biçər sayıla bilər. Bülənt Korxmazın istefasından sonra aşağı yaş qruplarında çalışan Biçər birdən-birə əsas komandaya dəvət edildi. İkiaylıq iş yetərincə məhsuldar alındı - çempionatda gümüş medal və ölkə kuboku.
Azərbaycan premyer-liqası və kubokunun yekun nətijələrinə əsasən "İnter" Çempionlar Liqasında mübarizə aparajaq. Bankirlər Avropanın ən nüfuzlu klub turnirinə ikinji seçmə mərhələdən qoşulajaq.
"Bakı", "Qarabağ", "Xəzər-Lənkəran" isə Avropa Liqasında yarışacaq.
"Qarabağ"la "Xəzər-Lənkəran" ilk mərhələdə gücünü sınayacaq. "Bakı" isə birbaşa ikinci mərhələdən başlayacaq.
Azərkeşləri avrokuboklardakı oyunumuzla yanaşı, bəzi məşqçilərin taleyi də maraqlandırır. "Qarabağ"la "İnter" müvafiq olaraq Qurban Qurbanov və Kaxaber Tsxadadzeylə yoluna davam edəcək. "Bakı"nın baş məşqçisi Cüneyt Biçərin isə əvəz olunması gözlənilir. İddialı klub rəhbərliyi baş məşqçi postunu daha güclü məşqçiyə tapşıra bilər. "Xəzər-Lənkəran"ın sahibi Mübariz Mənsimov baş məşqçi Ağasəlim Mircavadovun işini davam etdirəcəyini söyləsə də, təcrübəli mütəxəssisin özünün istefa verəcəyi də istisna deyil.
Hər halda, futbol mövsümü başa çatdı. Qarşıda klublarımızı Avropa meydanları gözləyir.
MƏSLƏHƏT GÖR:






656

