6 Dekabr 2025

Şənbə, 00:03

DÜNYA RƏSSAMLARI BAKINI ÇƏKİR

Azərbaycanın birinci xanımı mədəni irs üzərində müdafiə çətiri qurdu

Müəllif:

01.06.2010

İçərişəhərin cənub-şərq tərəfində yüksələn Qız Qalası Azərbaycan memarlığının nadir incisidir və bütün Şərqdə analoqu olmayan bir əsərdir. Tikilmə tarixi və təyinatı ətrafında çoxsaylı mübahisələr gedən bu abidə bizim günlərdə də öz təkrarsız formasına görə böyük diqqət cəlb edir. Mayın 25-də Qız Qalası Bakıya dünyanın müxtəlif ölkələrindən gəlmiş 20 məşhur rəssamın diqqət mərkəzində oldu. Onların hamısı qeyri-adi layihəyə - beynəlxalq incəsənət festivalına qatılmışdı və öz qeyri-adi işlərini Bakının rəmzinə həsr etmişdilər. 

Bu, yoldan keçənlərin marağına səbəb oldu və onlar da  əsl sənət incilərinin yaranmasını öz gözləri ilə görmək üçün rəssamların ətrafına toplaşmışdılar. Rəssamlar qeyri-adi və çox maraqlı bir iş görməli idilər - poliuretandan Qız qalasının həcmli dəqiq surətini yaratmalı idilər. Hər bir fırça ustası öz ölkəsinin irsini də unutmadan orijinal incəsənət əsəri yaratmalı idi. Qala "divarlarını" göy qurşağının bütün rəngləri ilə bəzəmək olardı. 

Hollandiyalı Hans van der Berkmortel qalanın divarlarında müxtəlif ölkələrin bayraqlarını daşıyan atlıları təsvir etmişdi. Norveçli Evi Horpestad Tyaland Qız Qalasını milli naxışların parlaq al rəngləri ilə bəzəmişdi. Finlandiyalı Kirsti Mariya Puakka qərara almışdı ki, onun maketini gözəl ağ qu quşu gözəlləşdirməlidir, qazaxıstanlı Askar Yesdaulet isə qalanı insan sifətləri dənizinə "batırmışdı". Rusiyalı Nina Şapkina öz qalası üçün rəngli örtük düşünmüşdü - bunlar insan sifətli şən günəş, nağıl quşları və əcaib bitkilərdir. İngilis İvon Ann Buski öz işinə tam ciddiliklə yanaşmışdı - uzun müddət və dəqiqliklə "maket"in ölçülərini müəyyənləşdirmişdi. Nəticədə, qadın gözəlliyinə malik və həmişə gənc Qız qalası alınmışdı. Azərbaycan rəssamları Anar Hüseynzadə və Əliyar Əlimirzəyevin qız qalaları da inanılmaz şəkildə emosional və parlaq alınmışdı. Müseyib Əmirov isə öz maketində bütöv bir mənzərə yaratmışdı: qədim şəhərin damları, insanların və ya əcinnələrin üfürdüyü buludlar vardı. 

Bütün rəssamları birləşdirən cəhət isə parlaq emosional boyalar və rənglərlə ifadə edilən təsvirlər idi. Görünür, məhz buna görə rəsmləri bütün dünya anlayır. Yeri gəlmişkən, iyirmi "yeni" qız qalasının taleyi artıq bəllidir. Əvvəlcə, onları bu tarixi abidənin yanındakı meydanda görmək mümkün olacaq, sonra bir sıra eksponatlar xaricə yola düşəcək, bəziləri isə İçərişəhərin küçələrini bəzəyəcəklər və qədim şəhərin gözəlliyini tamamlayacaqlar. 

Festivalın yadda qalan tərəflərindən biri orada Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əl işi olan "Qız qalası" adlı əsərin nümayişi oldu. Birinci ledinin çəkdiyi şəkildə dünya ölkələrinin müxtəlif tarixi və mədəni abidələri əks olunub. Maketin üzərində qurulmuş çətir mədəni irsin qorunmasına çağırışın rəmzidir. YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva məhz belə qeyri-adi vasitə ilə bütün dünyanı mədəni irsin qorunmasına səsləyib.

Qeyd edək ki, festival Heydər Əliyev Fondu, "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsi, Cağdaş İncəsənət Muzeyi və "Qız Qalası" art-qalereyası tərəfindən təşkil edilmişdi. Festivalın məqsədi Azərbacanın bu qədim abidəsinin populyarlaşdırılması olub. 

İçərişəhər ərazisində yerləşən və YUNESKO-nun dünya irsi siyahısına salınmış  bu abidəsi yalnız Bakının rəmzi və Azərbaycan memarlığının incisi olmaqla qalmır, həm də bizim xalqın qədim tarixinin, ümumi bəşəri ənənələrin daha da zənginləşməsinə və mədəniyyətlər arası dialoqun inkişafına da öhəmli yardım göstərən zəngin ənənələrinin təbliğatına xidmət edir. Yeri gəlmişkən, abidənin türkdilli ərazilərdə geniş yayılmış "Qız Qalası" adı görünür, qalanın düşmən tərəfindən alınmazlığı, bakirliyi, toxunulmaz qalması ilə bağlıdır. 

Qız qalasının nə vaxt tikilməsi tarixi də dəqiq deyil. Adətən belə qəbul edilir ki, o, təxminən XII yüzillikdə tikilib. Qalanın yuxarı hissəsində çöl divarına qoyulmuş lövhə də bundan xəbər verir. Arxaik kufi xətti ilə lövhədə yazılıb: "Məsud ibn Davudun qübbəsi (qülləsi)". Amma abidənin daha qədim olmasına dair başqa versiyalar da var. 


MƏSLƏHƏT GÖR:

655