5 Dekabr 2025

Cümə, 23:10

ƏN YAXŞI BEŞLİK ARASINDA

"Evrovizion - 2010"da Azərbaycana ən yüksək xal verən ölkələrin sayı 4 dəfə artıb

Müəllif:

01.06.2010

Norveç paytaxtında çoxdan gözlənilən növbəti mahnı müsabiqəsi - "Eurovision-2010" başa çatdı. Birinci yer 19 yaşlı alman qızı Lena Mayer-Landruta nəsib oldu. Azərbaycan təmsilçisi, bukmekerlərin favoriti Səfurə Əlizadə ilk beşliyin sonuncusu oldu. "Eurovision-2010"nun qalibi izləyici səsverməsi yolu ilə və peşəkar münsiflər heyəti tərəfindən də müəyyən edildi. Amma buna qayıdacağıq.

 

Birinci olmağa layiq idik 

Final konsertinə hələ çox qalmış tanınmış bukmeker şirkətləri Səfurənin birinci olacağını deyirdilər. Görəsən, hansı parametrlərə görə o, lider sayılırdı? Görünür, Azərbaycanın Səfurəni Avropa məkanında irəlilətmə sürəti bukmekerlərin diqqətini çəkibmiş. Əlbəttə ki, Aysel və Araşın Moskvadakı uğurlu çıxışından sonra biz birinci yerə çıxmağı çox istəyirdik. 

Qələbə naminə tanınmış və peşəkar komanda tutmuşduq. Bizim iştirakçı üçün klipi Amerika rejissoru Rupert Ueynrayt çəkmişdi. O, "Grammy", "MTV Video Music Awards" mükafatlarının laureatıdır, "Stiqmatlar" filmindən sonra çox şöhrətlənib, Maykl Ceksondan ötrü "History" çarxını o çəkib.  Səfurənin nömrəsinin quruluşçu  xoreoqrafı CaKuel Nayt idi ki, o həm də Beyonsenin rəqs "müəllimi" və "American Idol" şousunun quruluşçusudur. Məşhurluqda ondan da geri qalmayan tanınmış stilist Tanya Cil bizim müğənni üçün yeni obraz yaradıb və  gözəlliyi ürək yaxan qonşu qızına çevirib. Yeri gəlmişkən, Səfurə üçün "Drip drop" kompozisiyasını isveçli Stefan Orn və Sandra Bjurman yazıblar. Mahnı Stokholmda Anders Baqqenin studiyasında yazılıb, Selin Dion, Enrike İqlesias və başqa məşhurların albomları da bu studiyada yazılır. 

Bu ulduz komandasına "Alaqaranlıq" saqasının qəhrəmanı, Səfurənin kumiri vampir Robert Patinssonun da qoşulması barədə söz-söhbət gəzirdi. Əvvəl dedilər ki, aktyor guya ki, onun klipində çəkilib, sonra insan kütləsi iddia etməyə başladı ki, Robert azərbaycanlı müğənnini "Eurovision" səhnəsində dəstəkləyəcək. Amma bunun heç biri olmadı. 

Öz promoturu çərçivəsində azərbaycanlı ulduz artıq bütün Avropanı fəth etməyi bacarmışdı. Səfurə Almaniyada, Niderlandda, Belçikada, Polşada, Rusiyada, Ukraynada olmuşdu. Həmin günlərdə müğənni çoxsaylı müsahibələr verib, minlərlə pərəstişkarı ilə görüşmüşdü,  müxtəlif konsertlərə qatılmışdı və promotur ölkələrinin görməli yerlərini gəzmişdi. Öz müşahidə və fikirlərini Səfurə səliqə ilə öz rəsmi veb-səhifəsindəki gündəliyində qeyd edirdi. 

"Telenor Arena" səhnəsinə Səfura zərif mavi şifon donda çıxdı və bu paltar haqqında da çoxlu söz-söhbətlər gəzirdi. Bu gözəl donun müəllifi Britaniya dizayneri Françeska Rozelladır. Donun döşünə və ətəklərinə "Svarovski" kristalları və bir neçə min kiçik lampa tikilmişdi. Kənardan idarəetmə pultu vasitəsilə don öz rəngini zərif-mavidən dərin-qırmızıya qədər dəyişə bilirdi. Səfurənin çıxışının ilkin versiyasında mahnının dramatizmini "su" motivləri ilə qeyd etmək düşünülürdü, bunun üçün səhnədə svetodiod elementləri ilə örtülmüş səthində su və okean göstəriləcək podium quraşdırmaq nəzərdə tutulurdu. Hər şey qələbəyə hazırlanırdı. Amma...

Səfurə güclü həyəcan keçirirdi. Buna baxmayaraq, prestijli beşinci yerə layiq görüldü. Onun reytinqi daha da yuxarı ola bilərdi, amma görünür, mahnıda təsvir edilən emosiyaları o qədər də yaxşı əks etdirə bilmədi. Bir sıra ekspertlərin fikrincə, mahnıdakı iztirablar nəqaratdakı kəskin rəqs hərəkətlərinə uyğun gəlmirdi. Ola bilər ki, gənc azərbaycanlı müğənni qız da "birinci çıxış" sindromundan əziyyət çəkib - onun səsi bir qədər titrəyirdi. Buna görə də Avropa inanmadı və Səfurəyə 145 bal verdi, amma Almaniyadan olan məktəbliyə inandı. Müğənnimiz ən yüksək balları Malta, Bolqarıstan, Ukrayna və Türkiyədən aldı. 

Bununla belə ekspertlər iddia edirlər ki, bir sıra Avropa ölkələrinin Səfurəyə münasibətini ədalətsizlik və paxıllıqdan başqa heç nə adlandırmaq olmaz. Görünür, Azərbaycanın və azərbaycanlıların uğurları "çətin sinirilən yeməyə" çevrilib. Aysel və Araş duetinin "Eurovision - 2009"dakı uğurlu çıxışını götürək, ləyaqətlə üçüncü yer tutduğumuz bu seçimdə Azərbaycana ən yüksək balı yalnız Türkiyə vermişdi. Amma bu il 38 ölkədən 16-sı Azərbaycana  "0" bal verdi. 

Finala hələ çox qalmış nadir hallarda səhv buraxan tanınmış bukmeker kontorları Səfurənin qələbə çalacağını bildirirdilər. Onların Dima Bilan və Aleksandr Rıbak barədə proqnozları tam gerçəkləşmişdi. Amma görünür, burada adi paxılıq da öz sözünü deyib. Yəni bu necə ola bilər ki, kiçik Azərbaycan bir iştrrakçıya o qədər pul qoyub və "Eurovision"un ən yaxşı klipini çəkdirib? Bəli, Səfurəyə kömək dövlət səviyyəsində edilib, çünki ölkənin prestiji bütün maddi xərclərdən yüksəkdir. Azərbaycan yüksək səviyyə göstərmək istəyib və buna da nail olub. Məhz buna görə də Səfurə ilə yüz nəfərə yaxın adamdan ibarət komanda işləyib. İqtisadi baxımdan Azərbaycandan qat-qat güclü olan ölkələrə öz iştirakçıları üçün bunu etməyə nə mane olurdu? Bəs Avropa ədaləti hardadır? "Trend" agentliyinin mü?lliflərindən birinin yazdığı kimi, ikili standartlar siyasəti göz qabağındadır.  

Bizim ölkədə heç kim Böyük Britaniya və Almaniyadan "0" bal gözləmirdi. Özü də Almaniya və Portuqaliya artıq ikinci ildir ki, bizə qiymət qoymur. Uzaq Portuqaliyanı bir növ başa düşmək olar, amma Azərbaycanla yaxşı siyasi və iqtisadi əlaqələri olan ölkələri necə izah etmək olar? Agentlik sual verir ki, Rumıniya, Serbiya, Albaniya, Xorvatiya, Finlandiya, Sloveniya, Estoniya, Fransa, Slovakiya, Litva, Niderland və İsveç tərəfindən verilmiş başqa "0"ları necə izah etmək olar? 

Maraqlıdır ki, sadalanan bu ölkələrin çoxunda Azərbaycan diasporunun çoxsaylı nümayəndələri var. Sadə insanlar sual verir ki, bu ölkələrdən bir səsin belə gəlməməsi necə ola bilər? Doğrudanmı, səslər saxtalaşdırılıb? Amma nəticəyə səsvermə zamanı Azərbaycan müğənnisinin çıxışının heç də ən yaxşı məqamlarının göstərilməməsi də təsir göstərə bilərdi. 

Bununla yanaşı qeyd etmək lazımdır ki, keçən il Azərbaycana 12 balı yalnız Türkiyə vermişdisə, bu il ona Ukrayna, Bolqarıstan və hətta Malta da qoşuldu. 

 

Səfirin nəvəsi birincioldu 

Ümumiyyətlə, indiki müsabiqə gözlənilməz nəticələri ilə diqqəti cəlb edib. Bir sıra güclü iştirakçılar, hətta onluğa belə düşə bilməyiblər. Məsələn, İspaniya təmsilçisi Daniel Diqes yalnız 68 bal toplayıb və 15 yerə çıxıb; israilli Harel Skat isə 71 balla 14-cü yerdə qərarlaşıb. Ən uğursuz isə ingiltərəli Coşanın çıxışı sayılıb, o, siyahının axırına düşüb. 

Yeri gəlmişkən, səhnəyə çıxmış xuliqanın günahı üzündən İspaniya komandası bu müsabiqədə iki dəfə çıxış etməli oldu. Çıxış zamanı qırmızıpapaqlı naməlum adam səhnəyə çıxdı və şən halda kloun geyimli rəqqasların arasında oynamağa başladı. Onu çox sürətlə səhnədən apardılar, amma çıxış pozulmuşdu. Müsabiqənin qaydalarına görə, ispaniyalı müğənni yenidən - sonuncu iştirakçıdan sonra bir daha oxumalı oldu. Sonradan məlum olub ki, qaydanı pozan ispaniyalı  "strayker", idman xuliqanı Cimmi Campdır. Onun həyatının mənası stadionlar, böyük konsert zalları kimi mümükün qədər iri meydançalar tapıb, hansısa bir hadisə barədə "öz sözünü" deməkdir. Onun hesabında artıq bir neçə pozulmuş futbol matçı da var. Bir dəfə fransalı hücumçu Terri Anriyə  "Barselona"nın futbolkasını atdığına görə, onu 60 min avro cərimələyiblər. Amma "Telenor Arena" səhnəsində təkrar çıxış etmək belə İspaniya təmsilçisinə ən yaxşı onluğa çıxmaq imkanı yaratmadı. 

Almaniyalı orta məktəb məzunu Lena Mayer-Landrut isə çıxışını çox asan etdi. O, səhnəyə sadə qara paltarda çıxdı,  çox inamla və asanlıqla "Satellite" kompozisiyasını ifa etdi; nəticədə 246 balla "avroparad"ın liderinə çevrildi. Yeni qalib heç bir musiqi alətində ifa edə bilmir. Yeri gəlmişkən, qalib qızın babası uzun illər öncə AFR-in Sovet İttifaqındakı səfiri olub. Qız bütün həyatıboyu rəqslərlə maraqlanıb. Gənc yaşında olmasna baxmayaraq, Lena müsabiqəöncəsi sol çiynində qırmızı zanbaq şəkilli şübhəli tatu döydürüb, həmçinin, iri qalmaqallar qopara bilib. "Eurovision" öncəsi onun erotik videosu da peyda olmuşdu, amma bu da Lenaya birinci yeri tutmada mane ola bilmədi. İndi doğma Hannoverdə müğənnini təmtəraqla gözləyirlər. Lenanın triumfuna qədər Almaniya  "Eurovision"da yalnız bir dəfə - 1982-ci ildə qələbə çalmışdı.  

Bununla belə, Almaniyanın "Eurovision"da qələbəsi ilə bağlı bir sıra şərhlərdə açıq-aydın şübhə müşahidə edilir. "Novıe izvestiya" qəzeti fanatlardan birinin sözlərinə istinadən aşağıdakıları yazıb: "Bu il Almaniya KİV-in yardımı ilə özünü Avropanın xilaskarı kimi göstərir".  Almanların özləri də qələbəni praqmatik qiymətləndirirlər: "Almaniya bank böhranına görə pul verir, Almaniya yunan borclarını ödəyir, Almaniya kainatda hamının əvəzinə pul verir, indi də istəyirlər ki, Almaniya gələn il Berlində keçiriləcək böyük Avropa qonaqlığı üçün pul ödəsin", - deyə bundes-fanat Vielen Dank hesab edir. 

Bununla belə, qəzetin qeyd etdiyinə görə, nəticələrin saxtalaşdırılması ilə bağlı deyilənlər hələ ki dedi-qodu olaraq qalır. 2000-ci ildə Alsu üçün ikinci yerin, 2008-ci ildə isə Dima Bilan  üçün birinci yerin  "satın alındığı" barədə də çox danışıblar, amma heç kimi  "Eurovision" təşkilatçılarını iş başında tutmayıb. Ancaq hələ keçən il "Eurovision"a çox qalmış "Tatu"nun solisti Yelena Katina and içirdi ki, 2003-cü ildə qrupa birinci yeri satın almağı təkif ediblər, onlarsa bundan imtina ediblər ("Soyuqbaşlı hesab və ağılsız Lena").

Burası da maraqlıdır ki, teleizləyicilərin çoxu Hamburq küçələrində "Eurovision - 2010" səsverməsinin nəticələrini gözləyən insan kütləsinin şahidi olub, camaat nədənsə məhz Hamburqa toplaşmışdı - adama elə gəlirdi ki, artıq Almaniyada qalib olacaqlarını bilirdilər. Başqa ölkələrdə belə fon yox idi. 

Builki müsabiqədə çıxış edən yeganə rok qrup Türkiyə "Manga"sı yerdə qalanlardan keyfiyyətli rok,  ovsunlayıcı melodiya, orijinal nömrə və geyimlərlə fərqlənirdi. Hər şey sadədir - adi  "We could be the same" ("Biz eyni ola bilərdik") mahnısı "Eurovision - 2010"da ikinci yeri tutdu. Amma Türkiyənin "MaNga"sı yetərincə gənc kollektivdir. Bir neçə il qabaq Ankarada gənclər bir yerə yığışıblar və Türkiyə şou-biznesindən pay almaq istəyiblər. Yeri gəlmişkən, qrupun bu cazibədar adı sadəcə onunla bağlıdır ki, müxtəlif xarakterli və musiqi zövqünə malik bu beş iştirakçının yeganə ortaq cəhəti  yapon komikslərinə maraqdır. 

Üçüncü yer isə halal olaraq Rumıniyadan olan gözəl duetə - Paula Sellinq və Oviyə qismət oldu. Parlaq müğənni Paula bir neçə dəfə "Eurovision"a keçirilən milli müsabiqələrə qatılıb, amma heç vaxt qələbə çalmayıb. O, yetərincə təcrübəli müğənnidir. Al Bano ilə duet oxuyub, Maykl Boltonla "söhbəti olub". Bu il Paula Sellinq əvvəllər onun kimi uğursuz şəkildə Milli müsabiqə seçiminə qatılmış başqa bir musiqi  - Oviilə birləşib.  Ovi Rumıniyada anadan olub, indi Norveçdə yaşayır və müxtəlif təxəllüslərlə oxuyur. Rumıniyada onu Çernautyanu kimi, Norveç də isə gah Yakobsen və Martin kimi tanıyırlar. Nəticədə yaranmış duetin "Playing with fire" ("Odla oyun") mahnısına bütün Avropa qiymət verdi. 


MƏSLƏHƏT GÖR:

661