6 Dekabr 2025

Şənbə, 00:03

HƏR ŞEY ÖZ AXARINA QAYIDIR

Bəşəriyyət inkişaf etdikcə, daha çox əmin olur ki, öz enerji təminatı üçün təbiətdən yaxşı "tərəfdaş" tapa bilməyəcək

Müəllif:

01.06.2010

1890-1910-cu illərdə at qoşqusu  avtomobillərlə, qaz lampaları elektrik  lampaları ilə  əvəz olunanda insanların ağlına belə gəlməzdi ki, bu tərəqqi nə zamansa onların başağrısına çevriləcək. Ancaq vaxt keçdi və bu gün bəşəriyyət yenidən təmiz enerji mənbələrinin axtarışına başlayıb. 

Bu mərhələnin  xüsusiyyəti onun ekoloji yönümündədir. Məqsəd ətraf mühitin çox çirklənməsinin qarşısını almaq, atmosferə karbon və kükürd qazlarının son dərəcə az buraxılmasına nail olmaqdır. Bu isə ekoloji baxımdan təmiz enerji mənbələrindən - külək və günəş energetikasından istifadə yolu ilə mümkündür. Əks təqdirdə, gözlənilən  ekoloji fəlakətlər  planetimizdə həyatın mövcudluğuna son qoya bilər.

 

Neft və qaza alternativ

Energetika iqtisadiyyatın  baza sahəsidir. İstənilən hər bir ölkənin  suverenliyini  onun məxsusi  energetik resursları ilə təchiz olunma dərəcəsi  müəyyənləşdirir. İqtisadi proqnozlar göstərir ki, 21-ci əsrin ortalarında enerji istehlakı bütün 20-ci əsrboyu işlədilmiş enerjidən 15 dəfə çox olacaq. Bu isə planetimizin  mümkün olan duru və bərk yanacaq ehtiyatlarının,  təqribən, 80 faizindən istifadə olunmasını tələb edir.

İstilik-elektrik stansiyalarının intensiv  işlədilməsi  bir sıra arzuolunmaz ekoloji problemlər  meydana çıxarmışdır. Bu problemlər  atmosferə buraxılan karbon qazının kəskin artması və ozon təbəqəsinin qalınlığının azalması  ilə əlaqədardır. Son 100 ildə Yer atmosferində  karbon qazının konsentrasiyası 13% artıb. 

Məlum olduğu kimi, karbon qazı  planetimizin infraqırmızı  şüalanmasını  ləngidir və beləliklə də Yer ilə onu əhatə edən kosmik fəza arasında  istilik tarazlığı pozulur. Yerin orta temperaturunun yüksəlməsi, Arktika və Antarktika buzlarının əriməsi bununla əlaqədardır. Əgər bu prosesin qarşısı alınmasa, buzların tam əriməsi  Dünya okeanı səviyyəsinin 80-90 metr qalxması və planetar fəlakətlər baş verməsi ilə nəticələnə bilər. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə elə bu səbəbdən ekoloji təmiz enerji mənbələrinin - külək və günəş enerjisnin istifadəyə cəlb olunmasına  önəm verilir. 

Ekoloji baxımdan təmiz sayılan külək energetikasının çox qədim tarixi var. 6 min ildən artıqdır ki, külək enerjisi insanların xidmətindədir. Məlum olduğu kimi, qədim yunanlar belə hesab edirdilər ki, əfsanəvi Prometey insanlara oddan faydalanmağı öyrətməklə bərabər, gəmilərə yelkən taxmağın da yolunu göstərmişdi. Yelkənli gəmilərin  dünyada böyük coğrafi kəşflərin edilməsində ciddi  rol oynaması da danılmaz faktdır. 

Buxar maşını ixtira edilməmişdən əvvəl dünyanın bir çox ölkələrində əsas enerji mənbəyi külək enerjisi  idi. Yüz illər ərzində yelkənli ticarət gəmiləri və hərbi  gəmilər  hava cərəyanlarının enerjisi sayəsində  hərəkətə gəlir, taxıl da külək (yel) dəyirmanlarında üyüdülürdü. İlk sadə quruluşlu külək mühərrikləri eramızdan qabaq  ikinci-birinci əsrlərdə qədim Misir və Çində  geniş  tətbiq olunurdu. Eramızın 7-ci əsrində İranda mükəmməl konstruksiyalı pərli yel dəyirmanları tikməyi öyrənmişdilər. Avropada yel dəyirmanları çox sonralar - 8-9-cu əsrlərdə meydana gəlmişdi. 13-cü əsrdən başlayaraq  külək mühərrikləri  Qərbi Avropada, xüsusilə də Hollandiyada, Danimarkada və İngiltərədə  ərsəyə gətirilmişdi. Həmin mühərriklərdən su qaldırmaq, buğda üyütmək və müxtəlif dəzgahları hərəkətə gətirmək üçün istifadə olunurdu. 

16-cı əsrdə Avropa şəhərlərində hidromühərriklərdən istifadə yolu ilə su-nasos stansiyaları və yel dəyirmanları inşa etməyə başlamışdılar. Əkin-biçin üçün torpaq sahələri azlıq edən Hollandiyada dəniz sahillərindəki ərazilərdə dambalar qurur  və  çox sayda  yel  dəyirmanlarının gücü ilə oraları qurudur, dənizdən alınmış torpaqlar kənd təsərrüfatında istifadəyə verilirdi. Ozamankı Avropada Hollandiya enerji təchizatı baxımından ən qüdrətli ölkə sayılırdı. Avropanın quraq ərazilərində tarlaları suvarmaq üçün yel dəyirmanları işlədilirdi. 

Rusiyada külək dəyirmanlarının gücündən, əsasən, un üyüdülməsində istifadə olunurdu. Həmin dövrdə Rusiyada 200 min yel dəyirmanı vardı və ildə 2 milyard puddan artıq buğda üyüdülürdü.

Enerji mənbəyi olan buxar maşını istifadəyə veriləndən sonra, külək energetikasının sonrakı inkişafı ləngiməyə başladı. 20-ci əsrdə böyük sürət alan elmi-texniki tərəqqi dünyanın texnoloji mənzərəsini əsaslı şəkildə dəyişdi. Polad, neft, qaz, digər yeni materiallar  və geniş imkanlar bəşər övladının yüzilliklərin sivilizasiya nailiyyətlərini arxa plana atdı. İnsanlar neft, qaz və kömür yataqlarının istifadəsini genişləndirdilər. Beləliklə, faydalı qazıntıların tükənə biləcəyi ehtimalı reallığa çevrilməyə başladı. Buna görə də  dünyanın bir çox ölkələrində qeyri-ənənəvi (alnertativ) enerji mənbələrinin inkişafına diqqət artırıldı. Alternativ energetika mənbələri həm də ekoloji üstünlüyə malik idi. Beləliklə də  külək enerjisindən istifadə yenidən ön plana çəkildi. 

Hazırda külək energetikası bir energetika sektoru kimi, 50-dən artıq ölkədə  mövcuddur. Dünyada ən güjlü külək energetikası ölkələri Almaniya, İspaniya, ABŞ, Hindistan və Danimarkadır. Digər ölkələrdən İtaliya, Böyük Britaniya, Hollandiya, Çin, Yaponiya və Portuqaliya da  güclü külək energetikası ölkələri sayılır. 

İndiyədək külək energetikası Avropa ölkələrində daha dinamik inkişaf edirdi. 

Hazırda vəziyyət dəyişməyə başlayıb. ABŞ, Kanada, Asiya və Cənubi Amerika ölkələrində  külək energetikasında rekord göstəricilər əldə edilib.

Avropa ölkələri arasında Almaniya, ardınja da İspaniya və Hollandiyada gücü bir milyon kilovatdan artıq olan külək energetikası  qur-ğuları  mövcuddur. 

Küləkdən enerci almaq üçün ən perspektiv yer sahilyanı zonalar hesab edilir. Dənizdə  sahildən 10-12 km, bəzən də daha çox aralı məsafədə offşor fermalar tikilir. Külək generatorlarının qüllələri 30 metrədək  dərinliyə qədər vurulmuş özüllər üzərində qurulur, üzən özüllərdən də istifadə edilir.

Külək enerjisinin üstünlüklərindən biri onun əslində tükənməz olmasıdır. Enerji mənbəyini  hasil etmək və istifadə yerinə çatdırmaq problemi yoxdur. Külək onun yolunda qurulmuş külək mühərrikinə özü gəlib çıxır. Bu,  mərkəzləşdirilmiş enerji hasilatı  rayonlarından uzaqda yerləşən ərazilər üçün çox mühümdür. Külək energetikasının ekoloci təmiz  enerci mənbəyi olmasını və külək qurğularının inşa edildiyi yerlərdə təbiətə ziyan vurmamasını da unutmaq lazım deyildir. 

Küləkdən energetika mənbəyi kimi istifadə olunmasına əngəl törədən səbəb  onun zaman kəsiyində sürətinin sabit olmamasıdır. Çox təəssüflər olsun ki, külək energetikası stansiyalarının ətraflarında  6-7 hs tezlikli təhlükəli infrasəs yaranmaqla vibrasiya törədir. Bundan savayı, külək elektrik stansiyaları  televerilişlərin qəbulunu çətinləşdirir. 

Qərb ölkələrində külək elektrik stansiyalarının işləməsi ilə əlaqədar baş verən  bəzi problemləri aradan qaldırmaq mümkün olub. Yel çarxlarının fırlanma sürətini seçmək və pərlərin profillərini təkmilləşdirmək yolu ilə  səs-küy səviyyəsi və vibrasiyalar azalıb. Bundan savayı, fırlanan pərlərə quş düşməməsi üçün yel çarxları torlu  örtüyə salınıb.

 

Abşeron küləyi əsdi

Azərbaycanda ilk külək elektrik stansiyası Qobustanda inşa olunacaq. Stansiya ümümi gücü 20 meqavat nəzərdə tutulmuş 10 blokdan ibarət olacaq. Həmin stansiyanın ildə 700 milyon kilovat-saatdan  artıq  enerji verəcəyi proqnozlaşdırılır. Gələcəkdə onun gücünün 60 meqavata çatdırılması nəzərdə tutulur.

Sənaye və Energetika Nazirliyinin Neft və Qaz Departamentinin rəisi İdris Rzabəyovun verdiyi məlumata görə, ölkədə alternativ ener-getikanın inkişaf etdirilməsi üçün Pirallahı və Cilov adalarında da külək generatorlarının quraşdırılması planlaşdırılıb. Həmin generatorlar adıçəkilən adaları enerji ilə təmin edəcək. Bu barədə "Fineco" agentliyi xəbər verir. "Bu layihələr müvafiq Dövlət Agentliyinin hazırladığı Alternativ və Bərpaolunan Enerci Mənbələrinin İnkişafı Proqramına daxil ediləcək", - deyə İ. Rzabəyov bildirib. 

Bundan başqa, "AzərTAc" agentliyinin məlumatına görə, Sumqayıt yaxınlığındakı Yeni Yaşma qəsəbəsində də gücü 250 meqavat olan külək turbinlərinin quraşdırılması planlaşdırılıb. 

Milli Məclisin sədr müavini, Energetika, ekologiya və təbii sərvətlər komitəsinin sədri Valeh Ələsgərovun sözlərinə görə, yaxın 50 ildə alternativ energetika ənənəvi mənbələri - neft, qaz, uran və kömürü istehlakdan tam sıxışdırıb çıxara bilməyəjək. "Alternativ ener-getika yalnız artan tələbatın bir hissəsini öz üzərinə götürə bilər. Hərçənd, bu sahənin özündə də təhlükəsizlik baxımından müəyyən problemlər var. Buna baxmayaraq, Avropa Birliyinin yalnız təmiz enerjidən istifadə etməklə Aralıq dənizi ölkələrində vahid Avropa elektrik şəbəkəsinin yaradılması layihəsi kommersiya baxımından məqsədəuyğun sayılsa, Azərbaycan da bu şəbəkəyə qoşula bilər", - deyə V. Ələsgərov bildirib. 

Abşeron yarımadasında külək enerjisinin texniki potensialı 3 min meqavata bərabərdir. Ölkədə alternativ energetikanın inkişafı üzrə tədbirlər çərçivəsində artıq külək kadastrı da yaradılıb. 

Onu da qeyd edək ki, Bakıətrafı kəndlərdə yel dəyirmanlarından əkin sahələrini suvarmaq məqsədilə hələ çox onilliklər bundan əvvəl, elekrik nasoslarının istehsalınadək istifadə olunurdu.

 

Benzin əvəzinə pivə

Ekoloji təmiz digər enerji mənbələri də var. Bunlardan biri dənizdə işləyən mini-elektrik stansiyalarıdır. Həmin stansiyalar,  eyni zamanda, külək  və dalğa enerjisinin hesabına enerji istehsal edə bilir. 1000 belə qurğu 500 kvat-dək elektrik enerjisi istehsal edə bilir. Mini-elektrik stansiyalarının kütləvi istehsalına 2011-ci ildə başlanacaq.

Günəş enercisi, başqa sözlə, helioenergetika dünya energetikasında  getdikcə dayanıqlı mövqe tutur. Günəş energetikasının  diqqəti cəlb etməsinin  bir sıra səbəbləri də var. Günəş energetikası planetimizin hər nöqtəsində əlçatandır. Bütün ölkələrin energetika müstəqilliyi baxımından  maraqlarına  cavab verir.  Günəş enerjisi ekoloji təmiz və milyon illərlə tükənməyəcək enerci mənbəyidir, həmin enerjidən istifadə  ətraf mühitə neqativ təsir göstərmir. Həmin enercini birbaşa elektrik enerjisinə, absorbsiya yolu ilə isə istilik enerjisinə  çevirmək  mümkündür. 

Birləşmiş Ərəb Əmirliklərində  neft satışından əldə edilən gəlirləri yerli şeyxlər təkcə ölkənin mikrostrukturunun təkmilləşdirilməsinə deyil, həm də ekologiyanın təmizlənməsi layihələrinin həyata keçirilməsinə sərf edirlər. Hazırda həmin ölkədə pilotsuz elektrik taksi layihələri işlənib-hazırlanır. Bu sistem tezliklə reallaşacaq və elektrik taksiləri Əbu-Dabi terminalları arasında işləyəjək. Şəxsi sürət nəqliyyatı adlanan bu taksi şaxələnmiş yönəldicilər sistemi  üzrə hərəkət edəjək. Bu sistemin səhrada salınmaqda olan Masdar ekoşəhərində inşa olunacağı gözlənilir. 

Masdar nəhəng ekoloci şəhərdir, innovasiyalar mənbəyidir. Ərəbcə adının mənası "mənbə", "açar" deməkdir. Bu yaşayış məntəqəsinin (şəhərin) planetimizdə karbon tullantılarının və atmosferi çirkləndirən digər tullantıların sıfıra enəjəyi ilk şəhər olacaq. Orijinal arxitektura, maraq doğuran  energetika sistemləri, futuristik nəqliyyat (şəhərdə, ümumiyyətlə, avtomobil yoxdur)  Masdarın gələcək görkəmini  müəyyənləşdirəcək.

Dünya alimləri ekoloji təmiz bioyanajaq hazırlanması sahəsində də tədqiqatlarını davam etdirirlər. Bu yaxınlarda ABŞ-ın  Florida ştatında taxta yonqarından sellüloz etanolu istehsalına başlanılacağı gözlənilir. Həmin istehsal  üsulu  dənli bitkilərdən biodizel yanacağı  hazırlanması xərjlərinə nisbətən ucuz başa gələcək. Floridada tikilmiş yeni  bioyanacaq zavodu ildə 135 milyon litr  etanol istehsal edəcək.

Məlumdur ki, pivəni içir, avtomaşınları  hərəkətə gətirmək üçün istifadə etmirlər. Pivə istehsalı ilə məşğul olan şirkətlərdən biri  bu fikirlə razılaşmadığı üçün etanolun ev şəraitində istehsalı və doldurulması üzrə dünyada ilk  qurğular sistemi əldə edib. Ev şəraitində etanol hazırlanması üçün qəndin, suyun və mayanın olması kifayətdir.

Hazırda Siyera Nevada pivəsi hazırlanandan sonra, qalan,   təqribən, 6 milyon litr maya qaramal üçün  yem əlavə kimi işlədilir.  İstehsalçı Siyerra Nevada  şirkəti bu qalıq mayanın bir hissəsindən avtomobil parkının nəqliyyat vasitələri üçün lazımi etanol istehsalından ötrü istifadə olunmasını planlaşdırır. Bu, bəzilərinə gülməli görünsə də, ağlabatan bir işdir.  Ona görə ki, marağı olan hər  kəs öz  avtomobili üçün yanacaq ala bilir və ailə büdcəsindən  benzin alınmasına xərc çəkmir.

Siyerra Nevada şirkətlərinin birində istehsal olunmuş  günəş batareyaları  böyük bir zavodu elektrik enerjisi ilə təchiz edə bilir.

Son bir neçə ildə bioyanajaq dünyanın energetika sisteminin ayrılmaz hissəsinə çevrilib. Ona görə ki, bioyanajaq ətraf mühiti pisləşdirmir, əksinə, yaxşılaşdırır. 

Ətraf mühitin təmiz  saxlanılmasına görə qabaqcıl mövqedə duran Finlandiyada  ekoloji cəhətdən təmiz enerji mənbələrindən  istifadə, az qala, dövlət siyasətinə çevrilib. Ərazisinin 70%-ni meşələr örtən Finlandiyanın özünün neft və qaz ehtiyatları olmadığına görə, alternativ enerji mənbələrindən istifadəyə önəm verilir. Hazırda bu ölkədə enercinin 35%-i ağac emalı  tullantılarından istehsal olunur. Ağac emalı tullantılarından istifadə  yolu ilə energetikanın həcmi 2015-ci ildə  65%, gələcəkdə isə 80% olacaq. 

Alimlərin proqnozuna görə, bioenergetikada indiki templər saxlansa, yaxın gələcəkdə olmasa da, bir müddət sonra  neft, qaz və kömür  rəqabətə tab gətirməyəcək. 

Avropa İttifaqının 2007-2013-cü illər üçün  büdcəsində  bioenergetikanın inkişafına  iki milyard avroya qədər vəsait xərclənməsi  nəzərdə  tutulub. Avropa ölkələri arasında bioyanacaq istehsalına görə İsveç, Danimarka və Avstriya irəlidə gedir. Sonrakı yerləri Almaniya, Norveç, Finlandiya və İngiltərə tutur.

Fransada çuğundurdan və digər kənd təsərrüfatı bitkilərindən  ekoloci təmiz yanacaq alınması planlaşdırılır. Bəzi Avropa ölkələrində raps, qarğıdalı, günəbaxan yağları alınandan sonra əmələ gəlmiş tullantılardan  dizel mühərrikləri üçün bioyanacaq istehsal edilir. Belçikada  15% benzindən və şəkər çuğunduru, dənli bitkilərdən alınmış məhsuldan ibarət olan yanajaq  satışı məntəqələri fəaliyyət göstərir. 

Yaponiyada zibildaşıyan maşınlar sürücüləri özlərinin topladıqları  tullantılardan aldıqları yağ ilə işləyir.

Beləliklə, son bir neçə ildə dünyanın energetika sisteminin ayrılmaz hissəsinə çevrilən bioyanacaq da ətraf mühitin çirklənməməsinin qarşısını almağa xidmət edir.


MƏSLƏHƏT GÖR:

566