5 Dekabr 2025

Cümə, 23:10

AZƏRBAYCANI MİRAS QOYMUŞ CÜMHURİYYƏT

92 il əvvəl azərbaycan özünün azadlıq və müstəqillik haqqını təsdiqlədi

Müəllif:

01.06.2010

1918-ci il mayın 28-i -  Azərbaycan Demokratik Respublikasının (ADR) qurulduğu gün tariximizin yeni səhifəsi yazıldı. Onun fenomeni yalnız Azərbaycanın müsəlman Şərqində ilk respublika olmasında deyil, həm də bu dövlətin yaranışı ilə Azərbaycan xalqının azadlıq və müstəqillik haqqını təsdiqləməsində idi.

ADR boş yerdən meydana çıxmamışdı. Onun yaranmasında həqiqətən də dahi maarifçilər Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə kimi  ziyalılarımızın, fikir adamlarımızın ruhlandırıcı fəaliyyəti böyük rol oynamışdı. Onlar bütünlükdə xalqda milli özünüdərkin yaranmasına təsir göstərmiş, azərbaycanlıların elə nəslini, sözün əsl mənasında, tərbiyə etmişdilər ki, bu nəsil üçün xalq hakimiyyəti, ədalət, insan ləyaqətinə hörmət prinsipləri əsasında müstəqil Azərbaycanın yaradılması həyatın məqsədi idi.

ADR-in mövcud olduğu dövr Azərbaycan xalqında siyasi və mədəni sıçrayış, azadlığa çıxış dövrü oldu. Demokratik Respublikanın qurucuları - Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan Topçubaşov, Nəsib bəy Yusifbəylili, Xəlil bəy Xasməmmədov və digərləri Azərbaycanın fövqəldövlət ənənələrini inkişaf etdirə, hüquqi dövlətin əsasını qoya, vətəndaş cəmiyyətinin qurulması üçün şərait yarada bilmişdilər.

ADR çox qısa - cəmi 23 ay mövcud olsa da, özündən sonra ən müxtəlif sahələrdə nəhəng nailiyyətlər qoydu. Buraya həm siyasi, həm iqtisadi, həm hərbi quruculuq, eləcə də mədəniyyət sahələri daxildir. Azərbaycan dilinin dövlət dili elan olunması, Bakı Dövlət Universitetinin yaradılması,  Milli Ordu və digər güc institutlarının qurulması, Azərbaycanın müstəqil siyasi və iqtisadi kursunun müəyyənləşdirilməsi kimi faktları sadalamaq yetərlidir. Bugünün reallıqlarından keçmişə boylananda anlayırsan ki,  Azərbaycanın qorunub-saxlanması naminə, müstəqil respublikadan imtina qərarını ADR liderləri nə qədər çətinliklə qəbul ediblər. 1920-ci ilin aprelində onlar öz xalqının tələfatına, nəhəng bir qüvvə qarşısında məhv olmasına yol verməmək üçün, bolşeviklərin ultimatumunu qəbul etməyi məqbul sayıblar.   

Taktiki perspektiv baxımından, ADR-i qurban verən respublika rəhbərliyi siyasi səhnədən strateji əhəmiyyətli missiyasını yerinə yetirmiş qüvvə kimi getdi -  Azərbaycan xalqı və dövlətçiliyi qorunub-saxlandı!

1991-ci ilin oktyabrında müstəqilliyini elan etmiş Azərbaycan Respublikası özünü ADR-in varisi elan edərək, cümhuriyyətin bayraq, herb və himnini qəbul elədi. 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib, orada ölkənin demokratik dəyərlər əsasında inkişafı əksini tapıb, iqtisadi yenidənqurma başlayıb, Qafqaz-Xəzər regionunda nəhəng enerji layihələrinin reallaşdırılmasına start verilib.

Bu gün Azərbaycan Respublikası regional geosiyasətdə aparıcı yerlərdən birini tutur. Amma ADR-i xatırlayan zaman biz vaxtilə ilk respublikanın üzləşdiyi bir sıra bəlaların müasir dövrdə də təkrarlandığını qeyd etməyə bilmərik. Məsələn, XX əsrin əvvəlindən Azərbaycanı təqib edən erməni təcavüzü bir əsr sonra da davam edir.

Respublika Günü münasibətilə keçirilən təntənəli tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev torpaqlarımızın hələ də işğal altında olduğunu bir daha xatırladıb: "İşğal davam edir. Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktivliyi və riyakarlığı göstərir ki, onlar sadəcə vaxtı uzatmağa çalışır. Amma ermənilər vaxtı uzatmaqla heç nəyə nail ola bilməyəcəklər. Çünki vaxt onların xeyrinə işləmir. Şübhəsiz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim siyasətimizdə prioritet yer tutacaq. Biz tezliklə məsələnin beynəlxalq hüquq əsasında ədalətli həllinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq üçün bütün qüvvələrimizi səfərbər etmişik və edirik də. Münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq və diplomatik səylərimizi artırırıq.Amma hərbi gücümüzü də artırmağımız heç kimə sirr deyil. Bu gün Azərbaycanın hərbi potensialı bizə qarşıya qoyulmuş vəzifəni istənilən an qısa müddətdə uğurla yerinə yetirməyə imkan verir".

Azərbaycan prezidenti dəfələrlə xəbərdarlıq edib ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi həlledici mərhələyə qədəm qoyub. Həqiqətən də taleyüklü  bu mərhələyə Azərbaycan özünü tam təmin etmək iqtidarında olan dövlət kimi qədəm qoyub, heç bir xarici təzyiq forması ona təsir edə bilməyib. Azərbaycan beynəlxalq aləmdə öz milli maraqlarını ardıcıl olaraq müdafiə edir.

"Artıq təxminən 20 ildir ki, müstəqil dövlətik. Bu illər ərzidə həm özümüzə, həm də beynəlxalq ictimaiyyətə sübut edə bilmişik ki, Azərbaycan xalqı müstəqil yaşamağı bacarır. Azərbaycan xalqı öz imkanlarına arxalanaraq, yaxşı yaşaya bilir. Mövcud Azərbaycan xalqın əməyi və istedadının nəticəsidir. Bu ölkəni biz - Azərbaycan xalqı qurub. Biz, hər bir vətəndaş gündəlik işində müstəqilliyin möhkəmlənməsinə töhfə vermək, onu əbədi, dönməz etmək, Azərbaycan xalqının əsrlərboyu azad, müstəqil və varlı yaşaması üçün əlindən gələni etməlidir", - deyə İlham Əliyev bildirib.

Həyat göstərir ki, ADR-in varisi olan müasir Azərbaycan dünya ictimaiyyəti arasında, Cümhuriyyətin əsasını qoyanların ən ümdə arzuları olan ideyaları yerinə yetirməklə  sivil xalqlar ailəsində layiqli yerini tutub. Milli lider Heydər Əliyevin də ifadə etdiyi kimi  "Şərq mədəniyyətinin özünəməxsusluğunu  Avropanın demokratik dəyərləri ilə uğurlu şəkildə birləşdirən, yeni nümunəvi dövlət" artıq mövcuddur.



MƏSLƏHƏT GÖR:

627